“Millət üçün xidmət etmək bizim üçün bir qürur, şərəf işidir”
Ayhan Dəmirçi: “Belçika-Azərbaycan Dostluq Cəmiyyəti olaraq hər zaman çalışırıq ki, birlik və bərabərliyimiz daimi olsun”
3 İyul 2013 16:27 DiasporaBelçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçinin "OLAYLAR"-a müsahibə verib. Cəmiyyət sədri müsahibədə Belçikadakı Azərbaycan diasporunun vəziyyəti, qarşıda duran vəzifələr, eləcə də mövcud problemlər barədə danışıb. Əsas problemlərdən birinin diaspor təşkilatları, eləcə də özünün rəhbərlik etdiyi Belçika-Azərbaycan Dostluq Cəmiyyətinə istənilən dəstəyin verməməsi olduğunu deyən Ayhan Dəmirçi bu səbəbdən Azərbaycanla bağlı bir neçə layihəni reallaşdıra bilmədiyini vurğulayıb.
-Ayhan bəy, Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları daxilində birlik və həmrəylik varmı?
-Diaspor təşkilatları arasında fərqli mövqelər, siyasi baxışlar təbii ki, var. Ancaq biz birlik və bərabərlik üçün çalışdığımıza görə bu amillər daha qüvvətlidir. Hesab edirəm ki, hər kəs bu birlik və bərabərlik üçün çalışmalıdır. Belçika-Azərbaycan Dostluq Cəmiyyəti olaraq hər zaman çalışırıq ki, birlik və bərabərliyimiz daimi olsun. Cəmiyyət rəhbəri olaraq dövlət qurumlarından da rica edirəm ki, soydaşlarımız, diaspor təşkilatları arasında ayrıseçkilik etməsinlər. Nə üçün ayrıseçkilik edilir bilmirəm. Əksinə onların bizim birlikdə mücadilə etməyimiz, fəaliyyət göstərməyimiz və güclü olmağımız üçün dəstək vermələri lazımdır. Bununla bağlı mən hər zaman fikirlərimi ifadə edirəm. Hətta Diasporla İş üzrə Dövlət Komitəsinə də bu mövqeyimi çatdırmışam. Eləcə də yazılarımda, müsahibələimdə hər zaman bunu vurğulamışam. Belçikada fəaliyyət göstərən səfirlyimiz daxil olmaqla müvafiq qurumlar istədiyimiz zaman bizə dəstək olmurlar. Bunlar bir gerçəklikdir. Artıq açıq danışmaq lazımdır. Biz millət və dövlət üçün çalışmalıyıq. Millət üçün xidmət etmək bizim üçün bir qürur, şərəf işidir. Bu qüruru hər zaman biz daşıyırıq. Bundan sonra fəaliyyətimizdə məhz yuxarıda qeyd etdiyim nüansları əsas götürəcəyik. Buna heç kimin şübhəsi olmamalıdır.
-Ümumiyyətlə, Belçikada Azərbaycan diasporunun fəaliyyəti necədir?
-Avropanın digər ölkələrindən fərqli Belçikada yaşayan soydaşlarımızın sayı azdır. Amma onlar öz adət-ənənələrinə sadiqdirlər. Əlavə edim ki, bütün ölkələrdə olduğu kimi, Belçikadakı soydaşlarımız da fəaldırlar və Azərbaycan həqiqətlərinin Belçika ictimaiyyətinə çatdırmağa çalışırlar. Milli adətlərimizin atributları olan bayramlarımızdan tutmuş, Dağlıq Qarabağ problemi, Xocalı faciəsinə kimi Azərbaycana aidiyyəti olan və xaricdə təbliği vacib bütün məsələləri diqqətdə saxlayırlar. Hər il Xocalı soyqırımının il dönümü ilə bağlı Belçikada fəaliyyət göstərən beynəlxalq təşkilatların önündə aksiyalar keçirilir.
-Əvvəlki illərlə müqayisədə müsbət istiqamətə doğru dəyişiklik varmı vəhazırda Belçikada Azərbaycanı necə tanıyırlar?
-Təbii ki, ildən-ilə Belçikada ölkəmiz haqqında poziviv informasiya artmaqdadır və yerli qəzetlər Azərbaycanla bağlı məqalərlə çıxış edirlər. Bunu görməmək mümkün deyil. Amma fəaliyyətimiz daha da genişləndirmək olar.
-Belçikanın ictimai-siyasi dairələrində ölkəmizə maraq necədir?
-Məsələyə Belçika-Azərbaycan əlaqələri inkişafı kontekstində yanaşsaq, ölkəmizə maraq böyükdür. Bütün beynəlxalq təşkilatların mərkəzi ofisi Belçikada yerləşdiyindən Azərbaycan Belçika ilə bağlı siyasətini uğurlu xətt üzərində qurub. Bu yaxınlarda Belçikalı parlamentarilərin Azərbaycana səfəri və ölkəmizlə bağlı maraqlı açıqlamalar vermələri buna işarədir. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan enerji ölkəsi olduğu üçün ölkəmizə maraq güclüdür və hələ bundan sonra da Azərbaycan daim diqqət mərkəzində olacaq.
-Dağlıq Qarabağ məsələsinin beynəlxalq ictimaiyyətə çatdırıması ilə məşğul olan bir şəxs kimi, sizcə, münaqişənin həllinin uzanması bu gün Avropanı narahat edirmi?
-Biz keçən illərdə Belçikada Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovla birgə Avropa parlamentində Azərbaycanla bağlı konfrans təşkil etdik. Tədbirdə Azərbaycandan gələn nümayəndələr də iştirak edirdilər. Çıxışçılar arasında Belçika və Almaniyalı parlamentariləri da var idi.
Onlar çıxışlarında münaqişənin uzanması və həllinin tapmamasının Cənubi Qafqaz üçün hansı problemlər yaradacağını açıq-aydın söyləyirdilər. Əsasən də bunun Avropa maraqlarına cavab vermədiyini qeyd edirdilər.
Məsələn, Belçika parlamentinin üzvü çıxışında qeyd etdi ki, münaqişənin həll olunmaması onları narahat edir və bu, bölgədə vəziyyəti risk altına qoyur. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçəvində həll olunmasını bildirmələri bizim uğurlu çalışmalarımızdan xəbər verir. Hesab edirəm ki, Avropanı Azərbaycanın ərazi bütövlüyünün pozulması faktı narahat etməyə başlayıb.
-Azərbaycan-Belçika Dostluq Cəmiyyəti olaraq yaxın vaxtlarda yaşadığınız ölkədə Azərbaycanla bağlı hansı tədbirləri keçirməyi nəzərdə tutursunuz?
-Azərbaycan-Belçika Dostluq Cəmiyyəti olaraq bizim Azərbaycanla bağlı 3 önəmli layihəmiz vardı. Təssüflər olsun ki, Azərbaycanın müvafiq qurumlarının diqqətsizliyi və dəstək verməməsi səbəbindən biz həmin layihələri həyata keçirə bilmədik. Bunlardan biri Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı görüşlərin, müzakirələrin keçirilməsi idi. Lakin istədiyimiz dəstəyi ala bilmədiyimiz üçün həmin layihə reallaşmadı. Açıq demək lazımdır ki, bu bizim üçün bir mənfi haldır və hər birimizə bundan pay düşür. Digər layihəmiz Belçikada yaşayan digər xarici ölkə vətəndaşlarına, eləcə də belçikalılara Azərbaycanı daha yaxından tanıtmaq üçün olan Novruz bayramı proqramı idi. Biz bunu bir türk bayramı kimi təqdim etmək üçün geniş bir tədbir keçirmək istəyirdik. Təssüflər olsun ki, həmin tədbirin keçirilməsi üçün də heç bir dəstək görmədim. Müraciət etdiyim heç bir dövlət qurumundan dəstək ala bilmədik. Bu olduqca acınacaqlıdır.
-Bir müddət əvvəl Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin diaspor təşkilatları rəhbərlərinin toplantısı keçirildi. Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri olaraq həmin toplantıdan gözləntiləriniz nədən ibarətdir?
-Ümid edirəm ki, bu türk dünyası, türk toplumu üçün xeyirli bir toplantı olar. Nəticədə türk xalqları bir araya gələr və birlik, bərabərlik mesajları verərlər. Bugünkü günümz üçün belə bir toplatının keçirilməsi çox önəmli idi. Hesab edirəm ki, türk dünyasının bir araya gəlməsinə çox böyük bir ehtiyac vardır. Onu da qeyd etmək lazımdır ki, zaman-zaman buna bənzər toplantılar da keçirilib. Bir sıra qeyri-hökumət təşkilatları, ayrı-ayrı qurumlar tərəfindən bir çox hallarda belə toplantılar keçirilib. Ancaq önəmlisi odur ki, bu cür toplantılar daha tez-tez və geniş əhatə olunmuş şəkildə keçirilsin. Heç şübhəsiz ki, müəyyən çatışmayan cəhətlər də mövcuddur. Ancaq bunu qəbahət kimi qəbul etmək doğru olmazdı. Hər zaman bu cür hallar ola bilər. Hətta kiçik bir kənd səviyyəsində keçirilən toplatılarda da hansısa çatışmayan cəhətlər ortaya çıxır.
-Belçikada Azərbaycan diasporu ilə digər türkdilli ölkələrin diaspor təşkilatları arasında əlaqələr hansı səviyyədədir?
-Belçika-Azərbaycan Dostluq Cəmiyyəti olaraq fəaliyyət göstərdiyimiz ölkələrdə mövcdu olan digər təşkilatlarla yaxından əməkdaşlıq edirik. Əlimizdən gəldiyi qədər gözəl işlər etməyə, millətimizə, dövlətimizə xeyir gətirə biləcək addımlar atmağa çalışırıq. Ancaq buna nə qədər nail oluruq və uğur əldə edirik açıq deyə bilərəm. Etiraf etmək lazımdır ki, bu sahədə çox da uğurlar əldə edə bilmirik. Bunun da bəzi səbəbləri var. Müəyyən imkansızlıqlar, maddi vəziyyət və digər bu kimi amillər istədiyimiz uğururn əldə edilməsinə mane olur. Bütün bunlara baxmayaraq əlimizdən gələni etməyə çalışırıq ki, millətə, dövlətə xeyir verək. Ancaq edə bildiyimiz, həyata keçirdiyimiz işlərdə isə hər zaman nailiyyət qazanırıq. Keçirdiyimiz hər bir tədbirimiz zamanı digə təşkilatların da dəstəyini qazanırıq. Məlumat üçün onu da qeyd edim ki, Belçikada yeni bir təşkilat yaratmışıq. Həmin təşkilatda təzminən 10-a yaxın cəmiyyət və qurum təmsil olunur. Dünya Türkləri Avropa Platforması adlanan təşkilatın mərkəzi Belçikada fəaliyyət göstərəcək. Artıq təşkilat ilk tədbirini keçirib. Dünya Türkləri Avropa Platforması olaraq Belçikadakı Azərbaycan və Türkiyə başda olmaqla digər türkdilli respublikaların səfirliklərini ziyarət etdik, fəaliyyət istiqamətlərimizi onlara anlatdıq. Sevindrici hal ondan ibarətdir ki, bütün səfirliklərdən böyük dəstək aldıq. Biz də bu prosesi davam etdirərək daha böyük işlər görməyə çalışacağıq.
-Sözügedən təşkilatın türkdilli respublikalarda ofislərinin açılması nəzərdə tutulurmu?
-Qarşıda belə bir məqsədimiz var. Ancaq ilk növbədə biz təşkilatlanma işləri ilə məşğuluq. Onu da deyim ki, Azərbaycana səfər etmədən əvvəl təşkilat olaraq növbəti iclasımızı keçirdik və həmin iclasda görəcəyimiz işləri müzakirə etdik. Hazırda Avropada istirahət zamanı olduğu üçün sentyabr ayından etibarən bir sıra tədbirlərə start verəcəyik. Bundan başqa Dünya Türkləri Platforması olaraq bir sıra önəmli layihələrimiz də var. Hələlik təşkilatımız yeni qurulub. Ona görə də ilk növbədə bu təşkilatı Avropa məkanında tanıtmaq lazımdır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir