Azərbaycan diasporunun görkəmli nmayəndələrindən Sadıqbəy Ağabəyzadə

Azərbaycan diaspor tarixində müstəsna xidmətləri olan şəxsiyyətlərdən biri də Sadıqbəy İsmayıloğlu Ağabəyzadədir. Tarixiə məşhur Azərbaycan generalı və şərqşünas alim kimi düşən Sadıqbəy İsmayıloğlu Ağabəyzadə 1865-ci ildə Göyçayda anadan olmuşdur. O, orta təhsilini Bakıda realnı məktəbdə almış,1886-cı ildə isə Konstantinovski hərbi məktəbini bitirmişdir. Sonra isə o, Mixaylovski artilleriya məktəbində oxumuş, oranı bitirdikdən sonra ilk hərbi rütbəsini almışdır.Hərbi xidmətdən sonra Sadıqbəy Ağabəyzadə 1899-cu ildə Sankt-Peterburqda Şərq dilləri üzrə hərbi institutu bitirmişdir. Sadıqbəy Ağabəyzadə 1899-1913-cü illərdə Aşqabad qarnizonunda xidmət etmişdir. Tanınmış mütəfəkkir hərbi işlə yanaşı, elmi yaradıcılıqla məşğul olmuşdur. Onun ədəbiyyatşünaslıqla bağlı yazdığı bir sıra məqalələr dövrünün nüfuzlu jurnallarında işıq üzü görmüşdür. Sadıqbəy Ağabəyzadə rus dilində hazırladığı "Türkmən danışıq kitabçası"nı çap etdirmişdir. 1913-cü ildə general-mayor rütbəsində hərbi xidmətdən ehtiyata çıxan Sadıqbəy Ağabəyzadə Göyçaya qayıtmışdır. Lakin rus-alman müharibəsi başladığı üçün 1914-cü ildə o, yenidən orduya çağırılmışdır. 1918-ci ilə kimi hərbi xidmətdə olan Sadıqbəy yenidən Göyçaya gəlmişdir. 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinın daxili işlər nazirinin müavini vəzifəsində işə başlamışdır. 1920-ci ildə Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra Sadıqbəy Ağabəyzadə mühacirət etmək məcburiyyətində qalmışdır. O, əvvəlcə Türkiyəyə, bir neçə ay sonra isə Fransaya köçmüş və burada müəllimliklə məşğul olmağa başlamışdır. 1927-ci ildə Sadıqbəy Ağabəyzadə Polşaya Lvov univesitetində işləməyə dəvət olunmuşdur. Şərq dilləri fakültəsinin professoru kimi fəaliyyət göstərən Sadıq bəy burada ərəb və fars dillərindən mühazirələr oxumuşdur. Xatırladaq ki, Sadıqbəy Ağabəyzadə ərəb, fars, polyak, fransız, rus və türk dillərini mükəmməl bilmişdir. O, 17 il Lvov universitetində müəllimlik etmişdir. İstər Türkiyə, istər Fransa, istərsə də Polşada yaşadığı müddət ərzində Sadıqbəy Ağabəyzadə bu ölkələrdə Azərbaycanın tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərmişdir.

Sadıqbəy Ağabəyzadə 1944-cü ildə 79 yaşında Lvov şəhərində vəfat etmiş və burada da dəfn olunmuşdur. Hazırda Ukraynanın Lvov şəhərinin mərkəzi küçələrindən biri Sadıqbəy Ağabəyzadənin adını daşıyır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31