Mərkəzi Avropanın əksər ölkələrində Azərbaycan diasporu o qədər də aktiv deyil
2 İyul 2013 17:27 DiasporaƏvvəli ötən sayımızda
Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarından biri də Azərbaycan diasporunun Almaniyadaki Mərkəzi Şurasidır. Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası 2007-ci ilin yanvar ayından fəaliyyət göstərir. Mərkəzi Şuranın məqsədi Almaniyanın bütün həyat əhatəsində yardıma ehtiyacı olan Azərbaycan Diasporuna kömək göstərilməsi, onların bərabər hüquqa olmalarının təmin edilməsi, xüsusilə praktiki yolla həyat üçün gərəkli olan yardımın göstərilməsi, hüquqi məsləhətlərin verilməsi və göstərilməsi, vətəndaşlarımızın maraqlarını bütün ictimai səviyyələrdə təmsil edilməsi və həmçinin Almaniya Federativ Respublikasında yaşayan əhalinin Azərbaycan mədəniyyəti, musiqisi, tarixi və siyasəti ilə tanış etmək, digər dövlət və qeyri dövlət idarələrilə Azərbaycan Respublikasıarasında sıx əlaqələrin yaradılmasıdır. Mərkəzi Şuranın prezidenti həmyerlimiz cənab Tengis Sade Baron zu Romkerhalldır.
Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti Almaniyanın Frankfurt şəhərində 1991-ci ildə yaradılıb. Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti bir sıra mədəni tədbirlərin keçirilməsini təşkil edib. Cəmiyyət soydaşlarımızın Azərbaycanla əlaqələrinin genişlənməsinə çalışır. 1991-ci ildən etibarən Mərkəz "Dağyeli Ferlaq" nəşriyyatının sahibi İldırım Dağyeli ilə birlikdə Azərbaycan ədəbiyyatının ən maraqlı nümunələrinin alman dilinə tərcümə olunub nəşr edilməsində xeyli iş görüb. Xüsusilə "Azərbaycan Ədəbiyyatı" seriyası adı altında nəşr olunan kitabların müasir Azərbaycan nəsrinin Almaniyada yayılması və təbliği işində əhəmiyyəti böyükdür. Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətin onun əsasını qoyan Firudin Pərvizniya rəhbərlik edir. Azərbaycan Kültür Ocağı- Avropa ölkələrində geniş və ardıcıl fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərimizdən biri Almaniyanın Bonn şəhərindəki Azərbaycan Kültür Ocağıdır. Cəmiyyət 1984-cu ildən "Ana dili" adlı qəzet nəşr edir. Azərbaycan Kültür Ocağının çoxsahəli fəaliyyəti mədəniyyətimizin, ədəbiyyatımızın təkcə Almaniyada deyil, Avropanın bir sıra digər ölkələrində də yayılmasına, təbliğinə kömək göstərməkdədir. Artıq bir necə ildir ki, Bonn şəhərində Azərbaycan dilində xüsusi məktəb açılıb. Bu məktəbin xərcləri cəmiyyət üzvlərinin şəxsi vəsaitləri hesabına ödənilir. Azərbaycan Kültür Ocağı xeyli milli ədəbiyyat nümunələri nəşr etdirib, Azərbaycan musiqisinin ən yaxşı nümunələrinin Almaniyada yaşayan soydaşlarımız arasında kasetlər, vallar şəklində çox aldıb yayılmasına nail olub. 1993-cu ilin sonlarında cəmiyyət üzvləri Bonnda Azərbaycan və alman dillərində"Azərbaycan" adlı bütöv Azərbaycan xəritəsini nəşr etdirib. Təşkilatın sədri N.Qərəvi 1994-cü ilin yanvarında Almaniyada yaşayan bir qrup soydaşlarımızla Bakıya gələrək"Azərbaycan" xəritəsini ümummilli lider Heydər Əliyevə təqdim edib. Azərbaycan Kültür Ocağının sədri N.Qərəvidir. Azərbaycan-Almaniya Kültür Dərnəyi- 1988-ci ilin əvvəllərində yaranmış Berlin şəhərindəki Azərbaycan-Almaniya Kültür Dərnəyi Almaniyada Azərbaycana olan marağın artdığı bir şəraitdə geniş ictimaiyyəti xalqımızın milli dirçəliş prosesi, onun mədəniyyəti, iqtisadiyyatı və incəsənəti ilə tanış edir. Cəmiyyət soydaşlarımız, eləcə də Mərkəzi Asiya dövlətlərinin Almaniyada yaşayan vətəndaşları arasında öz səmərəli fəaliyyəti ilə tanınıb. Cəmiyyət üzvləri tərəfindən Azərbaycana yardım üçün xüsusi fond yaradılıb. Cəmiyyətin yaxından iştirakı ilə Azərbaycanla həmrəylik mitinqləri təşkil edilir. 1990-cı il 20 Yanvar və Xocalı faciələrinin, Şuşa, Kəlbəcər və ermənilər tərəfindən işğal olunmuş şəhərlərin işğal günlərində hər il kecirilən mitinqlər bu qəbildəndir. Azərbaycan-Almaniya Kültür Dərnəyinin sədri İbrahim Alevdir.
Azərbaycan-Frankfurt Cəmiyyəti-Azərbaycan-Frankfurt Cəmiyyəti 2006-cı ildə Almaniyanın Frankfurt şəhərində yaradılıb. Cəmiyyətin məqsədi Azərbaycan həqiqətlərini Avropaya yaymaq və zəngin mədəniyyətimizi tanıtmaqdır. Azərbaycan-Frankfurt Cəmiyyətinin sədri Kəmalə İsgəndərovadır.
Azİz-Almaniya Beynəlxalq Assosiasiyası-Azİz-Almaniya Beynəlxalq Assosiasiyası adlı Azərbaycan diaspor təşkilatı Berlin şəhərində yaradılıb. Təşkilatın əsas məqsədi Almaniyada yaşayan on minlərlə azərbaycanlını bir araya gətirmək, onların fəaliyyətini koordinasiya etmək, Azərbaycan və Almaniya arasında mədəni, elmi və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yardım göstərməkdir. Azİz-Almaniya Beynəlxalq Assosiasiyasının sədri Yael Frankfurtdur.
Berlin Azərbaycan Kültür Ocağı Cəmiyyəti-Cənubi Azərbaycandan mühacir etmiş azərbaycanlılar tərəfindən 1988-ci ildə təsis edilmiş Berlin Azərbaycan Kültür Ocağı Cəmiyyəti üzvləri Azərbaycanda gedən prosesləri izləyir və hər bir hadisə ilə bağlı öz mövqelərini nümayiş etdirirlər. Bu təşkilatın əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin geniş şəkildə təbliğinə nail olmaqdır. Cəmiyyətin nəzdində Azərbaycan yazıçılarının əsərlərindən ibarət böyük kitabxana var.
"Mayns" Azərbaycan-Türk-Alman Mədəniyyət və Dostluq Cəmiyyəti-"Mayns" Azərbaycan-Türk-Alman Mədəniyyət və Dostluq Cəmiyyəti 1993-cü ildə Mayns şəhərində təsis edilib. Cəmiyyətin əsas məqsədi Azərbaycan həqiqətlərini alman cəmiyyətinə və dünya ictimaiyyətinə çatdırmaqdır. "Mayns" Azərbaycan-Türk-Alman Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Başar Kömürdür.
"Ocaq" Cəmiyyəti-Hazırda Almaniyada fəaliyyət göstərən ilk Azərbaycan qurumlarından biri Berlindəki Ocaq Cəmiyyətidir. Cəmiyyət 1982-ci ildə yaradılıb. 1988-ci ildə isə qeydiyyatdan keçib. Cəmiyyət üzvlərinin əksəriyyəti İran azərbaycanlılarıdır. Təşkilatın əsas məqsədi xaricdəki Azərbaycan gənclərinin Azərbaycan mədəniyyəti ilə tanış olmasını təmin etməkdir. "Ocaq" Cəmiyyətinin sədri Hafiz Məhindir.
Mərkəzi Avropa ölkələrindən olan Polşada da Azərbaycan diasporu fəaliyyət göstərir. Düzdür, Almaniyadan fərqli olaraq Polşada diasporumuz o qədər də fəal deyil. Ancaq bu ölkədə də ayrı-ayrı Azərbaycan cəmiyyətləri, təşkilat və dərnəklər var. Belə təşkilatlardan biri də Azərbaycan-Polşa Birlik Cəmiyyətidir. Azərbaycan-Polşa Birlik Cəmiyyəti 2009-cu ildə yaradılıb. Birlik Cəmiyyəti əsasən Varşava və ətraf şəhərlərdə yaşayan həmyerlilərimizi ozundə cəmləşdirir. Cəmiyyət yeni yaranmasına rəğmən Polşada yerli ictimaiyyətə uğurla inteqrasiya olunur, mövqeyimizi bilavasitə yerli idarəetmə strukturlarına çatdırır. Azərbaycan reallıqlarından, tariximizdən, mədəniyyətimizdən Polşa ictimaiyyətinin xəbər tutması istiqamətində də işlər görülür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ munaqişəsi, onun ağrılı nəticələri, ərazilərimizin hələ də 20 faizinin erməni işğalı altında olmasına dair həqiqətlərin Polşa xalqına çatdırılmasında xeyli nailiyyətlər əldə edilib. Cəmiyyətin belə nailiyyətlərindən biri də Avropa Parlamentinə üzv olan polşalı deputat, "Qanun və Ədalət" Partiyasının üzvü Tomas Porebanın 2010-cu ilin dekabrında Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan getməsinin tənqidi və bununla bağlı protest aksiyalarıdır. Tomas Porebanın məxsus olduğu partiyanın rəhbərliyinə, onun özünə və müxtəlif şəhərlərdə olan bürolarına Azərbaycan- Polşa Birlik Cəmiyyəti öz etirazını bildirib. Bununla bağlı başqa partiyalara da bu cür hərəkətlərin beynəlxalq qanunlara və Polşa dövlətinin xarici siyasətinə zidd olduğu çatdırılıb. Azərbaycan-Polşa Birlik Cəmiyyətinin sədri Nəbi İbadovdur.
"Qafqaz Evi"-Polşada "Qafqaz Evi" 2007-ci ildən fəaliyyət gostərir. Cəmiyyət Qafqaz xalqları arasında anlaşma və əməkdaşlığa yardım üçün birləşmiş fiziki şəxslərin istəyi əsasında qurulub. Cəmiyyətin məqsədi Qafqaz regionuna məxsus tarix, ənənə, mədəniyyət, iqtisadiyyat haqqında biliklərin və aktuallıq kəsb edən ictimai-siyasi vəziyyətin yayılması, regionda inkişaf-təbliğ proqramların dəstəklənməsidir. Cəmiyyətin fəaliyyəti Polşa və Qafqaz xalqları arasında, xüsusən Gürcüstan və Azərbaycanla birgə elmi, elmi-texniki, mədəni, təhsil, ictimai və siyasi əməkdaşlığın yaradılmasına yönəldilib. "Qafqaz Evi"nin sədri Hicran Əliyevadır.
Mərkəzi Avropa regionuna daxil olan İsveçrə Konfederasiyasi da Azərbaycan diaspor təşkilatlarının məhdudluğu ilə seçilir. Bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarından biri Azərbaycan-İsveçrə Türk Cəmiyyətidir. İsveçrədə fəaliyyət göstərən Azərbaycanİsvecrə Türk Cəmiyyəti 1992-ci ildə təsis edilib. Bu Federasiya İsvecrədə yaradılan ilk Azərbaycan diaspor təşkilatıdır. Federasiyanın əsas məqsədi azəri türklərinin birliyini gucləndirməkdir. Federasiyanın xətti ilə onlar orada müxtəlif işlərdə çalışır, azərbaycanlılar və türklər birləşərək müxtəlif cür tədbirlər kecirirlər. Hazırda Əkbər Gəncə İsvecrədə fəaliyyət göstərən Azərbaycan-İsvecrə Türk Cəmiyyətinin prezidentidir.
Şərq-Qərb Demokratiya, İnkişaf və Dialoq Akademiyası-Şərq-Qərb Demokratiya, İnkişaf və Dialoq Akademiyası 2008-ci ildə təsis edilib. Akademiyanın məqsədi mədəniyyət, din və sosial azlıqlar, ekologiya, terrorizm və təhlükəsizlik, inteqrasiya, qloballaşma, səhiyyə, miqrasiya, sosial problemlər kimi hüquqi, siyasi və sosial-iqtisadi məsələlərin təhlili və sintezini təşkil etməkdir. "West & East" Democracy, Development, Dialog Academy Coşqun Feyzullazadənin rəhbərliyi altında fəaliyyət göstərir.
Çexiyada isə yalnız bir diaspor təşkilatı "Azəri-Çex" Cəmiyyəti fəaliyyət göstərir. "Azəri-Çex " Cəmiyyəti 28 may 2003-cu ildə Çex Respublikasının paytaxtı Praqada 30-dan çox həmyerlimizin təşəbbüsü və iştirakı ilə demokratik prinsiplər əsasında yaradılıb. Cəmiyyətin əsas məqsədi Azərbaycan xalqının mənafeyinə uyğun fəaliyyətlə məşğul olmaq və Çex Respublikasında yaşayan həmyerlilərimizə mədəni və sosial qayğı göstərməkdir. Bundan başqa, təşkilat Çex Respublikasının müxtəlif ərazilərində mədəni proqramlar, sərgilər, Azərbaycan gecələri təşkil edir. Bu tədbirlər həm yer lilərimizin asudə vaxtının səmərəli keçməsilə yanaşı, həm də yerli vətəndaşlara və ümumilikdə "Azəri-Cex" Cəmiyyətinə Vətənimizi layiqincə tanıdır."Azəri-Çex Cəmiyyətinin təsisçisi və sədri Elşən Nəzərovdur.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir