Mərkəzi Avropa ölkələrində Azərbaycan diasporu

Azərbaycan diasporunun coğrafi baxımdan o qədər də geniş yayılmadılğı regionlardan biri Mərkəzi Avropa sayılır. Mərkəzi Avropanın əksər ölkələrində azərbaycanlılar məskunlaşsa da, lakin bəzi Mərkəzi Avropa dövlətlərində Azərbaycan diasporu demək olar ki, yox dərəcəsindədir. Müəyyən qism ölkələrdə diasporumuz mövcud olsa da, lakin həmin təşkilatların da fəaliyyəti nəzərəçarpacaq dərəcədə deyil.

Mərkəzi Avropa ölkələrində Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri Avstriyadır. Avstriyada fəaliyyət göstərən diaspor təşkilatı Azərbaycan Akademik Birliyi adlanır. Azərbaycan Akademik Birliyi Avstriyada 2002-ci ilin oktyabrında yaradılıb. Cəmiyyət Azərbaycan Respublikasının dovlət strukturları, ictimai təşkilatları ilə sıx əməkdaşlıq edir. Azərbaycan Akademik Birliyinin sədri Baxış Əliyevdir.
Azər-ATA (Azərbaycan-Türkiyə-Avstriya) Dostluq Cəmiyyəti-Avstriyadakı daha bir Azərbaycan diaspor təşkilatı Azər-ATA (Azərbaycan-Türkiyə- Avstriya) Dostluq Cəmiyyətidir. Azər-ATA Cəmiyyəti Vyana şəhərində yerləşir. Cəmiyyət 2004-cü ildən etibarən fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi Azərbaycan həqiqətlərini təbliğ etməkdir.
Macarıstanda da Azərbaycan diasporunun fəaliyyətini o qədər uğurlu saymaq olmaz. Bu ölkədə yalnız bir diaspor təşkilatı Macar-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Macar-Azərbaycan Dostluq Cəmiyyəti 1994-cu ildən Macarıstanın paytaxtı Budapeştdə fəaliyyət göstərir. Cəmiyyət üzvlərinin 90 faizi macarlardan ibarətdir. Macar-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın tarixi və bu günü, qədim adət- ənənələri, milli bayramları, dövlətimizin qazandığı nailiyyətlər barədə informasiya yaymağı qarşısına məqsəd qoyub. Cəmiyyət Macarıstanda fəaliyyət göstərən yeganə diaspor təşkilatıdır. 2010-cu ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə macar dilində çapdan çıxmış üçcildlik topluda Macarıstanda tanınan gənc Azərbaycan müəlliflərinin qələminə məxsus, onların keçmiş və gələcəklə bağlı mülahizələrini, Vətənin ağrılı-acılı və şad günlərini əks etdirən hekayə, povest və esselər, habelə qədim Azərbaycan diyarı olan Qarabağın zəngin mədəniyyəti barədə sənədli materiallar yer alıb. Bu cəmiyyət Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyiilə öz üzvləri arasında görüşlər keçirirək iki ölkə arasında yaxınlığa öz töhfəsini verir. Cəmiyyət, həmcinin, Macarıstanda yaşayan azərbaycanlıların ölkəmizin mədəniyyəti, tarixi və s. barədə məlumat yaymasına dəstək verir. Məsələn, Macar-Azərbaycan Dostluq Cəmiyyəti 2011-ci ilin yanvarında Mərkəzi Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycanın da tələbələr tərəfindən təmsil olunmasına dəstək verib. Təşkilat Azərbaycanın milli bayramları zamanı həm azərbaycanlı, həm də macar üzvləri ilə birlikdə bayram süfrəsi açır. Təşkilat, həmçinin, Azərbaycanın problemləri, Dağlıq Qarabağ münaqişəsi barədə macarlara məlumat verir, matəm günlərində (20 Yanvar, 31 Mart, 26 Fevral) dünyasını dəyişmiş azərbaycanlıların xatirəsi anılır. Cəmiyyət, həmçinin, hər il ənənəvi olaraq Azərbaycan və macar dillərində görkəmli azərbaycanlılara həsr olunmuş təqvimlər hazırlayır. 2011-ci ilin təqvimi Tahir Salahova, 2012-ci ilin təqvimi isə Toğrul Nərimanbəyova həsr olunub. Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayevadır.
Mərkəzi Avropada Azərbaycan diasporunun ən güclü olduğu ölkələrdən biri Almaniyadır. Almaniyada çoxsaylı diaspor təşkilatımız mövcuddur. Bunlardan biri də Almaniya-Azərbaycan Koordinasiya Mərkəzidir. Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi 2008-ci ildə Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən Berlində təsis edilib. Mərkəzdə Almaniyadakı 40-a qədər Azərbaycan cəmiyyəti təmsil olunur. Koordinasiya Mərkəzinin məqsədi bu təşkilatları birləşdirmək, birlikdə layihələr hazırlamaq, illik planlar tərtib etməkdir.Hazırda Almaniya-Azərbaycan Koordinasiya Mərkəzinin rəhbəri Samira Patzer-İsmailovadır.
Almaniyadakı Türk-Azərbaycan Birliyi-Almaniyadakı Türk-Azərbaycan Birliyi 2011-ci ildə təsis edilib. Birliyin yaradılmasının əsas məqsədi Almaniyadakı Azərbaycan diasporu və türk icmaları arasındakı əlaqələrin möhkəmlənməsi, hər iki xalqın dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir. Almaniyadakı Türk-Azərbaycan Birliyinin sədri Almaniya Bundestaqının sabiq üzvü Haqqı Kəskindir. Sədrin müavinləri isə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icracı direktoru Samira Patzer-İsmailova və Avropa Azərbaycanlılar Konqresinin fəxri prezidenti Bahəttin Kayadır.
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti-Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti Almaniyanın Magdeburg şəhərində Saxhsen-Anhalt vilayətində fəaliyyət göstərir. Cəmiyyət 2010-cu ilin martından fəaliyyət göstərir. Qısa müddətdə Cəmiyyət Saxhsen-Anhalt vilayətində fəaliyyət göstərən Xarici Vətəndaşlar İttifaqına uzv secilib və bir sıra tədbirlər təşkil edib. Buna nümunə olaraq 2010-cu ilin mayında ümummilli lider Heydər Əliyevin 87-ci ildönümə həsr edilmiş boks turnirini, 2011-ci ilin yanvarında Magdeburg şəhərinin mərkəzi küçəsində on mindən artıq insanların iştirakı ilə 20 Yanvar faciəsinin anma mərasimini, 2011-ci ilin fevralında isə Xocalı faciəsinə həsr edilmiş kik-boks yarışını göstərmək olar. Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyevdir.
Alman-Azərbaycan Cəmiyyəti-Alman-Azərbaycan Cəmiyyəti Azərbaycan diasporunun Düsseldorf şəhərində yaşayan bir sıra tanınmış nümayəndələrinin təşəbbusu ilə 1991-ci ilin sentyabr ayında yaradılıb. Alman-Azərbaycan Cəmiyyətinin yaradılmasında və fəaliyyətində Düsseldorfda yaşayan azərbaycanlı həkim Ağabəy Azərbaycani və onun həyat yoldaşı Kristina Azərbaycaninin böyük rolu olub. Həm Almaniyada, həm də Azərbaycan Respublikasında bir necə istiqamətdə iş aparan Alman-Azərbaycan Cəmiyyəti, eyni zamanda, Almaniyada Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etməklə məşğuldur. Alman-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Düsseldorflu həkimlər dəfələrlə Azərbaycana gəlib, humanitar yardımlar gətiriblər. Professor Ağabəy Azərbaycaninin təşəbbusu və yaxından iştirakı ilə Almaniyadan müasir tibb avadanlığı və dərman preparatları ölkəmizə gətirilib, tanınmış cərrahlar respublikamıza dəvət olunaraq Qarabağ əlillərini müalicə ediblər. Qeyd edək ki, cəmiyyətin xətti ilə 160 Qarabağ əlili İranda müalicə olunub. Alman-Azərbaycan Cəmiyyətinin sədri dünya miqyasında tanınmış cərrah, professor doktor Harmen Fon Lissendir. Bu cəmiyyətin həm də Bakıda nümayəndəliyi vardır. Cəmiyyətin Bakıdakı nümayəndəliyin başcısı Cingiz Abdullayevdir.
Alman-Azərbaycan Qadınlar Birliyi-1996-cı ildə Bonnda alman və azərbaycanlı ziyalı qadınlardan ibarət yeni qurum - Alman-Azərbaycan Qadınlar Birliyi yaradılıb. Birliyin əsas məqsədi azərbaycanlı uşaq və yeniyetmələrə komək etməkdir. Almaniya-Azərbaycan Qadınlar Birliyi Azərbaycana dəfələrlə humanitar yardım gətiribdir. Almaniya-Azərbaycan Qadınlar Birliyinə Rəfiqə Sadıqova rəhbərlik edir.
Almaniya-Azərbaycan Cəmiyyətləri Federasiyası (AAF)- 1996-cı ilin iyul ayının əvvəllərində Berlində Almaniya-Azərbaycan Cəmiyyətləri Federasiyası (AAF) təsis olunub. Federasiyanı yaratmaqda əsas məqsəd Avropada Azərbaycan cəmiyyətlərinin fəaliyyətini koordinasiya etmək olub. Federasiya Azərbaycan haqqında obyektiv informasiyanın Avropa ölkələrində yayılmasını həmişə diqqət mərkəzində saxlayır. Bütünlükdə Almaniyadakı Azərbaycan diasporunun işini mərkəzləşdirmək və qüvvələri birləşdirmək sahəsində Almaniya-Azərbaycan Cəmiyyətləri Federasiyası ötən illər ərzində faydalı işlər görmüşdür.
Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Məşvərət Şurası-Məşvərət Şurasının yaradılmasının əsas məqsədi Azərbaycanın Avropaya inteqrasiya siyasətini dəstəkləmək, Azərbaycan həqiqətlərinin, o cümlədən xalqımızın məruz qaldığı terror və soyqırım aktları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri barədə məlumatların Almaniya və bütün Avropa ictimaiyyətinə çatdırılmasına yardım etmək, Almaniyada və digər Avropa ölkələrində Azərbaycan xalqının qədim tarixi, zəngin mədəni irsinin təbliği ilə məşğul olmaq, Almaniyadakı Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi üçün səyləri birləşdirməkdir. Məşvərət Şurası Almaniyadakı Azərbaycan icmalarının fəaliyyətini əlaqələndirmək üçün onların könüllü şəkildə iştirak etdikləri məşvərətci orqandır. Bu əlaqələndirmə missiyasını həyata keçirmək məqsədilə Berlində işci qrup fəaliyyət göstərir. Şura 6 aydan az olmamaq şərtilə toplanır və üzv təşkilatların növbəti toplantıya qədərki dövr ərzində həyata keçirəcəyi tədbirləri müzakirə edir. Quruma sədrlik ratasiya qaydası ilə həyata keçirilir. Sədr Məşvərət Şurasına üzv təşkilatların adlarına uyğun olaraq Azərbaycan əlifba sırası ilə onların rəhbərləri arasından 6 ay müddətinə seçilir.
Avropa Azərbaycanlıları Konqresi- Avropa Azərbaycanlıları Konqresinin təsis konfransı 2004-cu ilin aprel ayının 17-də Berlin şəhərində keçirilib. Avropa Azərbaycanlıları Konqresinin yüksək səviyyədə keçirilmiş təsis konfransında dünyanın 28 ölkəsində fəaliyyət göstərən 50-dən artıq diaspor təşkilatından 264 nümayəndə qatılıb. Konfransda Rusiya Federasiyası, Ukrayna, Belarus, İsvec, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belcika, Finlandiya, Polşa, Estoniya və Almaniyadakı Azərbaycan icmalarının nümayəndələri, Türkiyə Böyük Millət Məclisinin, Almaniya Bundestaqının üzvləri, eyni zamanda, Azərbaycan nümayəndə heyəti iştirak edib. Avropa Azərbaycanlıları Konqresinin başlıca məqsədi Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan icmalarının vahid təşkilatda birləşdirilməsinə xidmət etməkdir. Regionda məskunlaşmış azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, sosial və siyasi-hüquqi maraqlarını təmin etmək konqresin əsas vəzifələrindən biri kimi təsbit edilib. Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələr, məruz qaldığı soyqırım aktları, Qarabağ münaqişəsinin səbəbləri, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və digər faktların Avropa ictimaiyyətinə, burada fəaliyyət göstərən müx təlif təşkilatlara obyektiv şəkildə çatdırılması Avropa Azərbaycanlıları Konqresinin prioritetləri sırasında dayanır. 2012-ci ilin aprelində Berlində keçirilən Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayında AAK-ın I vitse-prezidentləri və vitse-prezidentləri seçilib. AAK iki nəfər I vitse-prezidenti olaraq Beniluks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və 5 nəfər vitse- prezidenti - Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Azərbaycan Federasiyası İsveçin sədri Səttar Sevgin, Estoniya parlamentinin deputatı,"Bakı" klubunun həmsədri Eldar Əfəndiyev, UmumRusiya Azərbaycanlıları Konqresinin Moskva şəhər Təşkilatının sədri İlqar Hacıyev seçiliblər. Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmailova Avropa Azərbaycanlıları Konqresinin prezidenti seçilib.

Ardı növbəti sayımızda
 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31