“İsveçdə güclü Azərbaycan diasporu var”
Səməd Fərtaş: “Diaspor təşkilatları arasında birlik getdikcə daha da möhkəmlənir”
28 İyun 2013 18:50 DiasporaGüney Azərbaycan İstiqlal Partiyasının İsveç üzrə təmsilçisi Səməd Fərtaşın "OLAYLAR"-a müsahibəsi
- Səməd bəy, İsveçdə Azərbaycan diasporunun vəziyyəti hansı səviyyədədir?
-İsveçdə çox güclü Azərbaycan diasporu var. Artıq 21 ildir ki, mən İsveçdə yaşayıram və bu illər ərzində bunun şahidi olmuşam. Həmçinin diaspor təşkilatlarımız daxilində çox güclü kadrlarımız da var. Hesab edirəm ki, onlara sahib çıxmaq lazımdır.
-İsveçdəki Azərbaycan diaspor təşkilatları arasında birlik və bərabərlik varmı?
-Əlbəttə ki, var. Onu da qeyd edim ki, diaspor təşkilatları arasında birlik getdikcə daha da möhkəmlənir. Əgər yaxın keçmişdə rəhbərlikdə təmsil olunmaq, həmçinin siyasi yönümlü ixtilaflar vardısa, hazırda həmin ixtilaflar azalır və birliyə doğru gedirik.
-Bir sıra ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında siyasi anlamda ayrıseçkiliyin olduğu, bu səbəbdən birlik və bərabərliyin çətin əldə edildiyi vurğulanır. İsveçdə də bu kimi problemlər varmı?
-Bəli, İsveçdə yaşayan azərbaycanlılar arasında da müəyyən fikir ayrılıqları vardı. Bu fakir ayrılıqları əsasən Güney Azərbaycan məsələsi ilə bağlıdır. Eyni zamanda Kuzey Azərbaycandan olan azərbaycanlılar arasında isə iqtidar-müxalifət problemi var. Ancaq ümummilli məsələlərdə hər kəs eyni mövqedən çıxış etməyi bacarır.
-Bəzən iddia edilir ki, İsveçdəki güneyli soydaşlarımız bu ölkənin ictimai-siyasi həyatında aktivlik nümayiş etdirmir, İsveç cəmiyyətinə inteqrasiya olunmurlar. Bu iddialar nə dərəcədə doğrudur?
-Mən bu fikirlərlə razılaşmazdım. Əksinə İsveçdəki güneyli soydaşlarımız bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
-İsveçdə əsas etibarilə hansı istiqamətlərdə fəaliyyət göstərirsiniz?
-Güney Azərbaycan İstiqlal Partiyası olaraq İsveçdə əsas etibarilə Güneylə bağlı fəaliyyət göstəririk. Bundan başqa diaspora sahəsində də fəaliyyətlərimiz olur və İsveçdəki diaspor təşkilatları ilə birgə əməkdaşlıq edirik. Onu da nəzərinizə çatdırım ki, bu ölkədə yeni bir televiziya kanalı fəaliyyətə başlayıb və biz də Güney Azərbaycan İstiqlal Partiyası olaraq öz kadrlarımızla onlara köməklik edirik.
-Həmin televiziyanın adı necədir?
-İsveçdə fəaliyyətə başlayan yeni televiziya kanalı Bütöv Azərbaycan Televiziyası adlanır.
-Bəs televiziya kanalının açılmasına maliyyə yardımını kim edib?
-Bütöv Azərbaycan Televiziyasının açılmasına Hacı Mirəşrəf Fətiyev maliyyə yardımı edib. Biz də öz növbəmizdə həmin televiziya kanalının uğurlu fəaliyyət göstərməsi üçün köməkliyimizi əsirgəməyəcəyik.
-Bəs telekanalın yayımı hansı formada həyata keçiriləcək?
-Bütöv Azərbaycan Televiziyası gün ərzində 24 saat yayımlanacaq. Hələlik isə televiziya internet üzərindən yayımlanır.
-Televiziyada əsas hansı xəbərlər və verilişlərə üstünlük veriləcək?
-Televiziyada həm Güney, həm də Kuzey Azərbaycanla əlaqədar verilişlər, xəbərlər yayımlanacaq. Eyni zamanda Dağlıq Qarabağ problemi və ermənilərin təcavüzkarlıq siyasəti barədə də telekanalda müntəzəm olaraq məlumatlar əksini tapacaq.
-Bu günlərdə Bakıda türkdilli ölkələrin diaspor təşkilatları rəhbərlərinin forumu keçirildi. Həmin forumu necə qiymətləndirisiniz?
-Belə bir forumun keçirilməsi yaxşı haldır. Ancaq əsas məsələ ondan ibarətdir ki, forumda qəbul edilən sənədlərə əməl olunsun. Bir yerə toplanıb danışmaqla iş bitmir. Hesab edirəm ki, danışılan, müzakirə edilən məsələlər də icra edilməlidir. Bir sözlə dildə dediyimiz türk birliyi əməldə də olmalıdır.
-Sizcə buna əməl etmək üçün səmimiyyət varmı?
-Hesab edirəm ki, əməkdaşlıq üçün bir səmimiyyət var. Əgər səmimiyyət olmasaydı türkdilli ölkələr bir yerə toplana bilməzdi. Düzdür, Türkmənistan və Özbəkistan Bakı forumuna qatılmadı. İnanıram ki, yaxın vaxtlarda bu problem də aradan qalxacaq.
-Yəqin ki, bu forumdan sonra siz də bir təşkilat olaraq İsveçdəki digər türkdilli ölkələrin diaspor təşkilatları ilə malik olduğunuz əlaqələri bir qədər də inkişaf etdirəcəksiniz?
-Əlbəttə. Ümumiyyətlə, hər bir təşkilat kimi biz də Azərbaycan uğrunda çalışırıq. Bu baxımdan bizim təşkilat Azərbaycan uğrunda çalışan hər bir qurumla yaxından əməkdaşlıq etməyə hazırdır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir