“Diasporanın birgə əlaqəli fəaliyyəti bizim gündəlik gerçəkliyimizdir”

Samira Patzer İsmailova: “Etiraf edim ki, bir diaspor kimi biz hələ, necə deyərlər, “əks təbliğatla” məşğuluq”

" Yəni illərlə ermənilərin yaydıqları yalan və iftiralara qarşı mübarizə aparırıq"

Dünyanın əksər ölkələrində olduğu kimi Almaniyada da Azərbaycan və türk diaspor təşkilatları arasında normal əməkdaşlıq mühiti yaradılıb və bu əlaqələr hər ötən il daha da inkişaf edir. Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin sədri Samira Patzer-İsmailova deyir ki, Almaniyadakı Azərbaycan diasporu türk diasporu ilə sıx əməkdaşlıq,  əlaqəli şəkildə çalışır: "Almaniyada 400-ə qədər türk cəmiyyəti fəaliyyətdə olsa da biz  iki il öncə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə  Türk Azərbaycan Birliyi təsis etdik və bu gün cəmiyyət keçmiş Bundestaq üzvü  Hakki Kəskinin rəhbərliyi ilə geniş fəaliyyətdədir. Türklərin milyonlarla məskunlaşdığı Almaniyada hər iki diasporanın birgə əlaqəli fəaliyyəti bizim gündəlik gerçəkliyimizdir. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin fəaliyyəti də  bilavasitə türk diasporasının nümayəndələri ilə məşvərətdə həyata keşirilir. Məsələn, Avropa və Almaniya üzrə Xocalı faciəsini Azərbaycan cəmiyyətləri ilə yanaşı çoxsaylı türk və türk - Azərbaycan cəmiyyətləri birlikdə qeyd edirlər. Türk xalqı ilə belə bir faciəni birlikdə anmaq çox dəyərlidir. Türk-Azərbaycan Birliyinin yaradılmasını təşəbbüs edərkən, bu birliyin diaspora içərisində mühümlüyünü və gələcəyini də nəzərdə tuturduq". Konqres prezidenti qeyd edib ki,  Xocalı soyqırımının matəm günü kimi keçirilməsi türk - Azərbaycan qardaşlığının matəm və mübarizə ənənəsinə çevrilib: "Hamıya məlumdur ki, erməni vandalizminin ən son izləri 20 il bundan əvvəl Xocalı şəhərində qaldığı halda, Avropa ölkələri 100 il bundan öncə olan qondarma "erməni soyqırımı"nı gündəmə gətirir və müzakirəyə qoyur.  Belə olan halda Xocalı haqqında xüsusilə ucadan danışılmalıdır və ermənilərin Avropada  "qondarma qurban" imicini  ifşa edərək, onların həqiqətdə olan "cinayətkar, cəsus" sifətini göstərməliyik". Samira Patzer-İsmailova vurğulayıb ki, Azərbaycan Respublikası "Bir millət, iki dövlət" siyasətini bu gün də davam etdirir: "Xalqlarımız bu ortaqlığı, birliyi fədakarlıqla qoruyur. Biz bir daha bunun şahidi oluruq ki, Azərbaycan xalqının həm kədəri, həm sevinci  türk xalqı ilə  ortaqdır.  Və bu proses getdikcə bütün türkdilli xalqların diasporu ilə əlaqələrinə təlqin edilə bilər. Bu münasibətlər canlı, dinamik çəkildə inkişaf edir. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi türkmən, qazax, qırğız diasporlarının tədbirlərində nəinki işturak edir, həm də onlarla yaxından əməkdaşlıq edir. Xüsusilə də ortaq Novruz bayramı bütün türkdilli dövlətləri və xalqları milli-mənəvi birliyini dəstəkləyir və qoruyur". Avropa Azərbaycanlıları Konqresinin prezidenti Azərbaycan diasporunun ölkəmizin üzləşdiyi problemlər, Dağlıq Qarabağ probleminin Avropa ictimaiyyətinə çatdırması istiqamətində gördüyü işlər barədə də məlumat verib. Bildirib ki, hələlik Azərbaycan diasporu əks-təbliğatla məşğuldur: "Etiraf edim ki, bir diaspor kimi biz hələ, necə deyərlər,  "əks təbliğatla" məşğuluq.  Yəni illərlə ermənilərin yaydıqları yalan və iftiralara qarşı mübarizə aparırıq. Azərbaycan diasporu gündəlik fəaliyyətində erməni təxribatı ilə və Azərbaycana qarşı ikili standartlarla üzləşir". Samira Patzer-İsmailova qeyd edib ki, son illər ərzində Azərbaycan problemlərinə qarşı olan əvvəlki sükut pozulub: "Artıq erməni iftiraları şübhə altina alınır ki, nəticədə Dağlıq Qarabağ və Xocalı faciəsinə dair Azərbaycan həqiqətlərinə yol açılır.  Son on il ərzində Azərbaycan Dağlıq Qarabağ məsələsinə dair də dünya ictimaiyyətinin fikri Azərbaycana tərəf dəyişə bilib. 

Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakıda diplomatik akademiyanın açılışındakı parlaq çıxışında qeyd etdiyi bir məqamı yada salmaq istərdim. O, öz çıxışında qeyd etdi ki,  erməni təbliğatı yüz illərlə öz "qondarma xülyalarının" tanınmasına nail ola bilmir, amma Azərbaycan həqiqətləri on il ərzində ictimai fikri döndərə bilib". Konqres prezidentinin sözlərinə görə,  məhz bu istiqamətdə iş davam etməli, fəaliyyət yeni mərhələlərə keçməlidir: "Avropada "təbliğat" çox mənfi bir mənalı məhfumdur. Mən istərdim, bir zaman gəlsin ki, biz cavab olaraq "əks təbliğatla" yox, erməniləri ifşa edən araşdırmaların "təşəbbüsü" ilə çıxış edək. Artıq belə nümunələr də vardır: Məsələn Azərbaycan diasporunun işğalçı Sarkisyanın  Parisə gəlməyi ilə əlaqədar etiraz aksiyası, Avropa Parlamentinə, müxtəlif ölkələrin parlamentlərinə yazılan Xocalı soyqırımının tanınması haqqında tələb petisiyaları və s". AAK prezidenti Almaniyada yaşayan azərbaycanlıların üzləşdiyi  problemlər və həmin problemlərin həllində rəhbərlik etdiyi qurumun soydaşlarımıza etdiyi köməkliklər barədə də məlumat verib: "Həmvətənlərimiz əlbəttə emiqrasiyaya məxsus müxtəlif problemlərlə üzləşirlər və bizə müraciət edirlər. Bu həm diaspora tədbirlərinin təşkil edilməsi, inteqrasiya məsələləri, həm də ictimai məsələlər çevrəsidir. Eyni zamanda Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinə etibar o dərəcədə artıb ki, insanlar hətta şəxsi, ailə  problemlərini də bizə etibar edirlər. Biz əlimizdən gələni edir və əlbəttə ki, yaşadığımız ölkənin qanunvericiliyi daxilində hər zaman yardım göstərməyə çalışırıq. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi bu məqsəd ilə hətta müəyyən tərcüməçi, hüquqşünas. qadın və ailə mövzusunda məsləhət tədbirləri  təşkil edir. Həmçinin bu sahələrin mütəxəssisləri ilə əlaqələndirməni həyata keçirir".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31