Türkdilli ölkələrin diasporları Bakıda toplandı
21 İyun 2013 15:36 DiasporaDünən Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilib. Forumdan əvvəl iştirakçılar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin diaspor təşkilatları rəhbərləri Fəxri Xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə əklil qoymuşlar.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı qarşısına əklil qoyulmuşdur.
Sonra forum iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, "Əbədi məşəl" abidəsinin qarşısına əklil qoymuşlar. Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtını seyr edən qonaqlara Şəhidlər Xiyabanının tarixi və şəhərdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verilmişdir. Nümayəndə heyəti 1918-ci ildə Bakının bolşeviklərdən və daşnaklardan azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş cəsur türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin qarşısına əklil qoymuşdur. "Gülüstan" sarayında öz işinə başlayan forumda əvvəlcə türkdilli ölkələrin əməkdaşlığından bəhs edən film nümayiş etdirilib. Daha sonra forum iştirakçılarının sayı barədə məlumat verilib. Bildirilib ki, Foruma dünyanın 44 ölkəsindən 500-ə yaxın nümayəndə dəvət edilib. Onların əksəriyyəti Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləridir. Forumda diaspor nümayəndələri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikalarının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, mədəniyyət və digər yaradıcı qurumlarından nümayəndələr qonaq qismində iştirak edir. Onların arasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Ümumdünya Qazaxlar Assosiasiyasının İdarə Heyəti sədrinin birinci müavini Talqat Mamaşov, Qırğızıstan Respublikasının Əmək, Miqrasiya və Gənclər naziri Alisbek Alımkulov, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə yaşayan Türklər və Əqraba İcmaları Departamentinin sədri Kemal Yurtnaç və digərləri var. Forumu giriş sözü ilə açan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı Forumun təşkilinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə dərin minnətdarlığını bildirib. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı deyib ki, Sovet İttifaqı dağılandan sonra türkdilli dövlətlər əməkdaşlığı inkişaf etdirib: "Bu forum türk tarixində bir ilkdir. Düzdür, müxtəlif illərdə bu tipli toplantılar təşkil edilsə də, lakin bu forum dövlət səviyyəsində dəstək verilib təşkilatçılıq edilən ilk toplantıdır. Xaricdə yaşayan vətəndaşlarımızın öz vətənləri ilə əlaqə qurmasında belə forumların keçirilməsinin böyük rolu var". Onun sözlərinə görə, türkdilli ölkələrin beynəlxalq səviyyədə tanıdılması, problemlərin həlli istiqamətində diaspor təşkilatları mühüm rol oynayır. Halil Akıncı toplantıda 556 nümayəndənin iştirak etdiyini açıqlayıb: "Onların əksəriyyəti Azərbaycan, Türkiyə, qazax və qırğız diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləridir. Forumda diaspor nümayəndələri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, mədəniyyət və digər yaradıcı qurumlarının nümayəndələri qonaq qismində iştirak edirlər". Halil Akıncı rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə də məlumat verib. Natiq qeyd edib ki, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısı zamanı imzalanmış "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişinin nəticəsində qurulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının məqsədi türkdilli ölkələr arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsinə və inteqrasiyaya nail olmaqdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən ibarət 4 üzvü olan Şura əvvəlcə iqtisadi, təhsil və mədəniyyət sahəsində inteqrasiya məsələlərinə önəm verir". Halil Akıncı bildirib ki, artıq diasporları da bir araya gətirmək lazımdır: "Qərara gəldik ki, diasporları bir araya gətirək. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin bu il mayın 14-də Ankarada keçirilən II toplantısında "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası" imzalandı. Bu strategiyada nələr var? Deyək ki, biz məntəqələr üzrə toplanacağıq. Məsələn, Almaniyada Türkiyə, Azərbaycan, Qazaxıstanın diasporları var. Bunlar toplanıb bir araya gələndə ortaq strategiya müəyyən edəcəklər. Sonra dövlətin nə iş görəcəyi dəqiqləşdiriləcək. Dövlətin məqsədi budur ki, həmin insanların ana vətənləri ilə bağlantıları qopmasın. Bunun üçün ilk növbədə gənclərin üzərində dayanmaq lazımdır. Xaricdə məktəblər açılacaq. Gənclərin təhsili, ana dilini unutmamaları çox önəmlidir. İndi bu işi qeyri-hökumət təsisatlarına da ötürməyin zamanı gəlib çatıb". Onun sözlərinə görə, Bakı Forumu türk diasporlarının siyasi cəhətdən də yaxınlaşmasında xüsusi rol oynayacaq və çox böyük gücə çevriləcək: "Bizim xaricdə siyasi baxımdan gücümüz yoxdur. Bizdən də az sayda olan diasporların nümayəndələrinin müxtəlif ölkələrdə nazir və millət vəkilləri var. Bizdə isə belələri çox azdır. Lakin əgər gücümüzü birləşdirsək, türk diasporları çox böyük gücə çevriləcək. Bunun şüarı belədir: "Birlikdən qüvvət doğar". Dörd dövlət, dörd xalq birləşsə, daha da güclü olar və daha çox şeyə nail olar. Məsələn, deyək ki, Avropanın hansısa bir ölkəsində seçki keçiriləcək. Seçkidə bütün türk diasporları birləşib qazax namizədi dəstəkləyəcək. Bundan əlavə, gənclər arasında əlaqələrin sıxlaşması təmin ediləcək. Gənclərin bir-birini tanıması çox önəmlidir. Bu, məsələnin açarıdırÇünki valideynlərindən fərqli olaraq, gənclərin mədəni olaraq vətəndən əlaqələrinin qopması ehtimalı çox böyükdür. Onlar ana vətənlərində yaşıdları ilə görüşəcəklər, dillərini öyrənəcək və ona bağlı olacaqlar. Bunları etməklə yanaşı, yaşadıqları ölkələrin sadiq vətəndaşları olacaqlar. Həmin ölkələrin maraqlarına zidd getməyəcəklər. Yəni onlar yaşadıqları ölkə ilə ana vətənləri arasında körpü olacaqlar. Təəssüf ki, digər 2 türkdilli dövlət - Türkmənistan və Özbəkistan bu işdən kənarda qalıblar. Amma gələcəkdə Özbəkistan və Türkmənistanın da bu Şuraya qatılacağı istisna deyil". Baş katibin sözlərinə görə, türkdilli dövlətlərin birliyinə nail olmaq üçün iqtisadi əməkdaşlığın genişləndirilməsi, bunun qarşısında duran əngəllərin aradan qaldırılması istiqamətində işlər aparılır: "Çünki iqtisadi əməkdaşlıq olduğu zaman hər kəs bunun nəticəsini görəcək. Bundan əlavə, mədəni əlaqələrin qurulması da inteqrasiyanı sürətləndirəcək". Halil Akıncı bildirib ki, vahid türk diasporunun olması türkdilli dövlətlərin haqq səsinin dünyaya çatdırılmasında da böyük rol oynayacaq: Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə çıxışında deyib ki, türk ideyası birliyi yüz illərdir ki, təşəkkül tapıb: "Bu gün türk dünyası anlayışı daha ciddi tezis kimi qəbul edilməlidir. Azərbaycan həmişə türk dünyası ideyasına böyük önəm verib. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyev mütəmadi olaraq türk dünyasına xidmət edən təşəbbüslərlə çıxış edib. 2010-ci ildə Türkiyədə keçirilən Türkdilli dövlətlər başçılarının zirvə toplantısı və burada imzalanan bəyannamələr xüsusi təqdirəlayiq bir hal kimi dəyərləndirilməlidir. Bu gün türk dünyası qarşısında böyük perspektivlər açılıb. Prezident İlham Əliyevin də söylədiyi kimi "bizim gücümüz bizim birliyimizdir". Dövlət Komitəsinin sədri türkdilli ölkələrin siyasi və mədəni birliyi istiqamətində indiyədək həyata keçirilmiş tədbirlər, görülən işlər barədə məlumat verib: "Bu gün dünyanın müxtəlif ölkələrində türkdilli xalqların sayı milyonlarla olan diasporu fəaliyyət göstərir. Bu, kifayət qədər ciddi qüvvədir və bizə qüvvələrimizi birləşdirib, xalqlarımızın maraqları naminə birgə fəaliyyət göstərmək imkanı verir".
Daha sonra iştirakçı ölkələrin dövlət başçılarının foruma ünvanladığı təbrik məktubu oxunub. Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çatdırıb. Məktubda deyilir ki, fərqli coğrafi məkandan məskunlaşmış keşməkieşli inkişaf yolu qət etmiş türkdilli xalqlar bəşəriyyətin çoxəsrlik və kamil prosesində daim mühüm rol oynamış, öz zəngin mədəni ənənələri ilə dünyanın tarix səhnəsində öncül yerlərini qoruyub saxlamışlar: "Türkdilli xalqlar və onları təmsil edən dövlətlər bu gün də dünyada sülhün və təhlükəsizlyin təmin olunması, sivilizasiyalararası dialoqun dərinləşməsi, beynəlxalq istisadi, siyasi və mədəni əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfələr verirlər. Qloballaşan dünyanın diktə etdiyi hazırki reallıqlar türkdilli ölkələrin xalqlarını və hökumətlərini sıx əməkdaşlığa, qarşılıqlı əlaqələri daha da gücləndirməyə, xarici siyasət fəaliyyətini uyğunlaşdırmağa və birgə taktika müəyyənləşdirməyə sövq edir. Bu istiqamətdə xalqlarımızın diaspor təşkilatları arasında əməkdaşlıq münasibətlərinin qurulması və inkişafına yönəlmiş təşəbbüslər təqdirəlayiqdir. Türkdilli dövlətlər arasında əlaqələrin inkişafında, ortaq mənafelərimizin etibarlı qorunmasında, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rolu xüsusi əhəməiyyətə malikdir. Azərbaycan hər zaman həmin təşəbbüsləri dəstəkləmiş və gələcəkdə də bu siyasəti davam etdirmək əzmindədir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumunun keçirilməsi dünyanın hansı ölkəsində yaşaçmasından asılı olmayaraq, soykökünə, milli-mənəvi dəyərlərinə ehtiram, doğma vətənin maraqlarına bağlılıq nümayiş etdirən diasporanın formalaşmasının bariz nümunəsidir. Düşünürəm ki, biz bu potensiala güvənərək siyasi çoxqütblük, iqtisadi, mədəni və informasiya proseslərinin qlobal inkişafı şəraitində xalqlarımızın mənafeyinin müdafisəi, regionda sülhün möhkəmləndirməsi təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verə bilərik. Bir daha forum çərçivəsində müzakirələrin və qəbul ediləcək qərarların dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə daim inamını ifadə edir və hər birinizə bu yolda uğurlar diləyirəm."
Daha sonra Türkiyə, Qazaxıstan, Qırğızıstan prezidentləri və baş nazir Rəcəb Tayyib Ərdoğanın forum iştirakçılarına təbrik məktubu oxunub. Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Ümumdünya Qazaxlar Assosiasiyasının İdarə Heyəti sədrinin birinci müavini Talqat Mamaşov, Qırğızıstan Respublikasının Əmək, Miqrasiya və Gənclər naziri Alisbek Alımkulov, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə yaşayan Türklər və Əqraba İcmaları Departamentinin sədri Kemal Yurtnaç, TürkPA-nın baş katibi Ramil Həsənov və digərləri forumun əhəmiyyətindən və bu forumun türk dünyasının birliyinə verəcəyi töhfələrdən söhbət açıblar. Forumda türkdilli ölkələrin diaspor təşkilatları arasında əməkdaşlığın istiqamətləri, türk dünyasının problemlərinin həlli sahəsində birgə fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin bu il mayın 14-də Ankarada imzalanmış "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası"nın həyata keçirilməsi məsələləri müzakirə edilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu Bakı Bəyannaməsi və strategiyanın qəbulu ilə yekunlaşıb. Həmçinin forumda türkdilli ölkələrin prezidentlərinə müraciət ünvanlanıb, diaspor təşkilatlarının fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir