“Azərbaycan diasporunun güclənməsi gənclərdən asılıdır”

Bu gün Azərbaycan diasporunun güclü olduğu ölkələrdən  Rusiya Federasiyası xüsusi diqqət çəkir. Şimal qonşumuzun təkcə paytaxt şəhəri Moskva və digər iri şəhərlərində deyil, demək olar ki, bütün subyektlərində diaspor təşkilatlarımız, cəmiyyət və birliklərimiz fəaliyyət göstərir. Rusiyada ən böyük Azərbaycan diaspor təşkilatlarında sayılan ÜmumRusiya Azərbaycanlıları Konqresi də demək olar ki, bütün ölkə ərazisini əhatə edir. Hazırda ÜmumRusiya Azərbaycanlıları Konqresinin əksəriyyət vilayətlərdə şöbələri fəaliyyət göstərir ki, bunlardan da biri Murmansk vilayəti şöbəsidir. ÜmumRusiya Azərbaycanlıları Konqresinin Murmanks bölməsinə  dəyərli soydaşımızMurmansk vilayəti İctimai Palatasının üzvü, Murmansk vilayətinin qubernatoru yanında Milli Məsələlər üzrə Məşvərət Şurasının üzvü Arif Hüseynov rəhbərlik edir. İcra etdiyi vəzifələrin Murmanskda yaşayan soydaşlarımızın problemlərini həll etməkdə ona kömək olduğunu deyən Arif Hüseynov bildirib ki, hazırda sözügedən vilayətdə on minə, Murmansk şəhərinin özündə isə altı minə yaxın azərbaycanlı yaşayır: "Murmanskda yaşayan soydaşlarımız bizə ən müxtəlif - qeydiyyat, iş, mənzil, hətta məişət problemləri ilə belə müraciət edirlər. Mən də diaspora rəhbəri olaraq, əlaqələrimdən istifadə edib souydaşlarımıza hər cür yardım göstərməyə çalışıram. Əsasən də gənc nəslə dəstək olmağı özümə borc bilirəm". Soydaşımız onu da qeyd edib ki, Murmanskda Azərbaycan diasporunun güclənməsi gənclərimizin gələcəyindən, onların birliyindən çox asılıdır. Arif Hüseynovun sözlərinə görə, indiki gənclik ağıllı, istedadlı, təhsilli və eyni zamanda çox aktivdir: "Biz çalışırıq ki, onları bir araya toplayaq, bir-birinə daha da yaxınlaşdıraq. Bu istiqamətdə məqsədimizə də yavaş-yavaş nail oluruq. Təxminən on il əvvəl bir-birini tanımayan Murmanskın azərbaycanlı gəncləri aparıdığımız işlərin nəticəsində artıq öz aralarında ünsiyyət yaradıblar. Birlikdə həm əylənirlər, həm də maariflənirlər. Gənclərimizin ayrıca birliyi də fəaliyyət göstərir ki, burada artıq onlar müxtəlif mövzularda forumlar, tədbirlər keçirir, Azərbaycanı təbliğ edirlər". Arif Hüseynov deyib ki, əsasən Azərbaycan üçün əlamətdar olan tarixlər, milli bayramlarımızla əlaqədar vilayətdə müxtəlif tədbirlər təşkil edilir: "Məsələn, hər il mütləq 20 Yanvar, Xocalı, 31 Mart faciələrinin ildönümlərinə həsr olunmuş anım tədbirlərini yüksək səviyyədə keçiririk. Bununla dərdimizi həm yerli əhaliyə çatdırır, təbliğ edirik, həm də azərbaycanlı gənclərin milli faciələrimizdən xəbərdar olması, bu tarixləri unutmaması üçün müəyyən işlər görmüş oluruq. Hesab edirəm ki, Azərbaycan tarixinin bu səhifələrini vətəndən kənarda böyüməkdə olan gənc nəslimizin yaddaşına həkk etmək lazımdır ki, sabah onlar təbliğat apara bilsinlər. Biz milli bayramlarımızın keçirilməsinə də xüsusi önəm veririk. Harada yaşamağımızdan asılı olmayaraq milli adət-ənənələrimizi yaşatmaq bizim borcumuzdur. Bütün bu tədbirlərimizə - istər anım mərasimi olsun, istər bayram şənliyi - biz Murmanskda yaşayan digər millətlərin, eləcə də ictimaiyyətin nümayəndələrini dəvət edirik. Hazırda vilayətdə altmışa yaxın millətin nümayəndəsi yaşayır. Qeyd edim ki, üzvü olduğum Murmansk vilayəti İctimai Palatasında da paralel olaraq təbliğat işləri görürük". Arif Hüseynov  Murmanskda yaşayan azərbaycanlıların Rusiya cəmiyyətinə, siyasi elitasına inteqrasiyası məsələsi barədə danışıb. Bildirib ki, tədricən bu proses gedir: "Mən özüm həm bizneslə məşğulam, həm də dövlət qurumunda çalışıram və istəyirəm ki, bu, bir və ya bir neçə adamla məhdudlaşmasın. Orada yaşayan gənclərimizə göstərdiyim xüsusi dəstəyin əsas səbəbi də məhz budur ki, onlar tədricən vilayətin ictimi-siyasi həyatında öz yerini tuta bilsin. Bu, onların gələcəkdə hətta siyasətdə yer ala biləcəyinə böyük zəmin yaradır. Sizə maraqlı bir fakt deyim. Şəhərin beş il əvvəlki qubernatoruna dedik ki, ruslar kütləvi şəkildə Murmanskı tərk edir, azərbaycanlıların sayı isə çoxalır. Qubernator isə belə cavab verdi. Belə davam etsə, şəhəri sizə saxlayıb buradan getməli olacağıq. Əlbəttə, bu, qubernatorla aramızda bir zarafat idi. Amma mən bu barədə ciddi düşünürəm və bütün səylərimi də bu istiqamətə yönəltmişəm. Orada yaşayan hər bir təhsilli gəncimizi şəhərin ən yuxarı qurumlarına, vilayət dumasına və s. inteqrasiya etdirmək fikrindəyəm. Biz də yeni fəaliyyətə başlamışıq, ictimai birliyimiz 2008-ci ildə yaradılıb. Bu az müddətdə qeyd etdiyim kimi kifayət qədər işlər görmüşük. Mənim niyyətim odur ki, Murmanskda yaşayan hər bir azərbaycanlı, xüsusən də gənclərimiz özünü vətəndən uzaqda yox, elə Azərbaycandakı kimi hiss etsin. Əvvəllər gənclərimiz rus dilini o qədər də yaxşı bilmirdilər, ünsiyyətdə çətinlik çəkirdilər. Amma artıq bu məsələni demək olar həll etmisik, dili öyrəniblər, ünsiyyət problemi geridə qalıb. Müqayisə edəndə indi vəziyyət daha yaxşıdır".Arif Hüseynov Murmanskıdakı digər diaspor təşkilatları ilə də normal əməkdaşlıq mühitinin yaradıldığını vurğulayıb: "Əlbəttə. Bu yaxınlarda Murmanskda millətlərarası forum keçirdik. Məncə bu tədbir özü digər diaspor təşkilatları ilə isti əlaqələrimizin bariz nümunəsidir. Amma Murmanskdakı digər millətlərin nümayəndələri etiraf edir ki, hər hansı problem ortaya çıxanda və ya bir məlumat almaq lazım gəldikdə azərbaycanlılara müraciət edir, onlardan öyrənirik. Ümumiyyətlə, biz işimizi layiqli görməyə çalışırıq".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31