“Rostovda Azərbaycan diasporunun vəziyyətini yaxşı qiymətləndirmək olar”

Şakir Allahverdiyev: “Bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurlar xaricdə yaşayan hər bir azərbaycanlı kimi bizi də sevindirir”

"Biz Azərbaycan dövlətinin bu günkü inkişafından qürur duyuruq"

Bu gün Azərbaycan diasporunun aktiv şəkildə fəaliyyət göstərdiyi ölkələrdən biri də Rusiya Federasiyasıdır. Hazırda şimal qonşumuzun demək olar ki, bütün subyektlərində Azərbaycan diaspor təşkilatları, cəmiyyət və bilriklər fəaliyyət göstərir. Rostov vilayəti də Azərbaycan diasporunun aktiv olduğu yerlərdən hesab edilir. Sözügedən vilayətdə ÜmumRusiya Azərbaycanlıları Konqresinin Rostov vilayəti üzrə regional təşkilatı  öz fəallığı ilə seçilir. Təşkilatın sədri Şakir Allahverdiyev "OLAYLAR"-a verdiyi müsahibədə yaradılıb Rostovda Azərbaycan diasporunun vəziyyəti, soydaşlarımızın başlıca mışğuliyyəti və digər məsələlər barədə danışıb.

-Şakir müəllim,  bu günlərdə Bakıda Türkdilli Ölkələrin Diaspor Təşkilatları rəhbərlərinin birinci forumu keçirildi. Siz bu forumun nəticələrini necə dəyərləndirirsiniz və bu forumdan sonra türkdilli ölkələrin diaspor təşkilatları arasında əməkdaşlıq bir qədər də inkişaf edəcəkmi?

-Bu günlərdə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu həm Azərbaycan, həm də digər türkdilli respublikalar üçün .mühüm əhəmiyyət kəsb edən hadisə idi.  Forumda 44 ölkədən 500-dən artıq nümayəndənin iştirak etməsi öz-özlüyündə həmin forumun türkdilli ölkələr üçün nə dərəcədə əhəmiyyətli olduğunu təsdiqləyir. Azərbaycan, Türkiyə, Qazaxıstan Qırğızıstanın diaspor təşkilatlarının təmsilçiləri, dövlət və hökumət rəhbərləri, qeyri-hökumət təşkilatları nümayəndələri, elm və mədəniyyət xadimlərinin qatıldığı forumda birlik və bərabərliyimizə xidmət edən önəmli çıxışlar edildi, çağırışlar səsləndirildi. Hamıya bəllidir ki, müstəqillik əldə etdikdən sonra türkdilli dövlətlər arasında əməkdaşlıq bir qədər də güclənməyə başladı. Bu prosesdə isə diaspor təşkilatları aktiv rol oynadılar. Belə ki, türkdilli ölkələrin beynəlxalq səviyyədə tanıdılması, onların problemlərinin həlli istiqamətində diaspor təşkilatları mühüm rol oynadılar. Bu gün isə  bu diaspor təşkilatlarının briləşib ümumi maraqlar naminə birgə mübarizə aparması, koordinasiya edilmiş formada fəaliyyət göstərməsi zərurətə çevrilib. Mən burada bir məqamı da xüsusi qeyd etmək istərdim ki, türk dünyasının, diaspor təşkilatlarının birlik və bərabərliyinə xidmət edən bu kimi tədbirlərin son zamanlar davamlı olaraq Azərbaycanda keçirilməsi ölkəmizin türkdilli ölkələr arasında olan nüfuzunun, yeri və rolunun göstəricisidir. Daha dəqiq desək Azərbaycan getdikcə türk dünyasının mərkəzi funksiyasını yerinə yetirməyə başlayır. Ümumiyyətlə, Azərbaycan hər zaman   Türk dünyasının birliyi ideyasına böyük önəm verib. Ümummilli lider Heydər Əliyevin zamanından başlanan bu siyasət hazırda cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, son illər məhz cənab prezident İlham Əliyevin dəstəyi ilə türk dünyasının birliyi istiqamətində ardıcıl addımların atılmasına başlanılıb. Türkdilli Ölkələrin Diaspor Təşkilatlarının birinci forumuna başda cənab prezident İlham Əliyev olmaqla Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlət başçılarının da təbrik məktubu göndərməsi türk birliyinə dövlətlər səviyyəsində də dəstəyin verildiyini təsdiqləyir. Hesab edirəm ki, bu forum və orada qəbul edilən qərarlar, sənədlər türkdilli ölkələrin  diaspor təşkilatlarının əməkdaşlığıni daha da gücləndirəcək,  türk dünyasının gücünə güc qatacaq. Forumun nəticəsi olaraq qəbul edilən Bakı Bəyannaməsində də bu amil əksini tapıb. Bəyannamədə türk xalqlarının birliyinin möhkəmləndirilməsinin regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanır. Sənəddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diaspor təşkilatlarının doqquz istiqamətdə fəaliyyətinin koordinasiya olunması tövsiyə edilir. Bildirilir ki, Forum iştirakçıları türkdilli ölkələrin diasporlarının təşkilatlanma prosesinə dəstək verilməsi, türkdilli diaspor təşkilatlarının, icma və qurumlarının fəaliyyətinin koordinasiya olunması məqsədilə regional mərkəzlərin yaradılmasını, eləcə də dünya ictimaiyyətinin türk dünyasının tarixi, mədəniyyəti, müasir həyatı barədə ətraflı məlumatlandırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edir.

-Yəqin ki, forumda qəbul edilən sənədlərin icrası istiqamətində diaspor təşkilatı rəhbəri olaraq siz də yaşadığınız ölkədə müvafiq addımlar atacaq, əməkdaşlığı inkişaf etdirəcəksiniz?

-Heç şübhəsiz. Məlumat üçün qeyd edim ki, biz Azərbaycan diasporu olaraq Rostovda digər ölkələrin diaspor təşkilatları, xüsusilə türkdilli ölkələrin diasporları ilə yaxından əməkdaşlıq edirik. Azərbaycan diasporu olaraq keçirdiyimiz əksəriyyət tədbirlərə digər türkdilli ölkələrin diaspor nümayəındələrini də dəvət edirik. Onlar da öz növbəsində bizim keçirdiyimiz tədbirlərdə iştirak edirlər. Eyni zamanda Azərbaycan diasporu olaraq biz də həmin ölkələrin diasporlarının təşkil etdikləri tədbirlrərə dəvət olunur və o tədbirlərdə iştirak edirik. Ümumiyyətlə, Azərbaycan diasporu olaraq bizim Rostovda digər ölkələrin, xüsusilə türkdilli dövlətlərin diaspor təşkilatları ilə yüksək səviyyədə əmıkdaşlığımız, əlaqələrimiz mövcuddur. Hesab edirəm ki, Bakıda keçirilən Türkdilli Ölkələrin Diaspor Təşkilatlarının birinci forumundan sonra bu əməkdaşlıq, qarşılıqlı əlaqələr bir qədər də inkişaf edəcək və münasibətlərimiz yeni bir mərhələyə qədəm qoyacaq. Təbii ki, Bakı forumunda qəbul edilən sənədlərin icrası istiqamətində də müvafiq addımlar atacağıq.

-Azərbaycan diasporunun Rostovdakı vəziyyətini necə qiymətləndirirsiniz?

- Rostovda Azərbaycan diasporunun vəziyyətini yaxşı qiymətləndirmək olar.  Burada yaşayan azərbaycanlılar hər zaman özlərini Rostovda yaxşı hiss edirlər. Say baxımından da soydaşlarımız Rostovda üstünlük təşkil edirlər. Onu da qeyd edim ki, Rostovun rəsmi qurumları tərəfindən də azərbaycanlılara qarşı bir diqqət var. Yəni, soydaşlarımız birada hər hansı səbəblərdən bir çətinliklə üzləşdikdə yerli qurumılar həmin çətinliklər, problemlərin aradan qaldırlması istiqamətində qısa zaman ərzində müvafiq addımlar atırlar. Hər ötən il Rostovda yaşayan azərbaycanlılara qarşı olan xoş münasibət bir qədər də artır. Bir məqamı da qeyd etmək yerinə düşər ki, bu məslədə bir bağlılıq var. Yəni, ikinci dünya müharibəsi zamanı böyük qəhrəmanlıqla vuruşan və alman faşizmi üzərində qələbəni əldə edənlər sırasında bu gün Rostovda yaşayan soydaşlarımızın ata-babaları da olub. Ona görə də, Rostovda yaşayan azərbaycanlılar həmişə alnıaçıq gəzirlər. Bir sözlə soydaşlarımız burada özlərini çox rahat hiss edirlər.

-Bəs Rostovda yaşayan azərbaycanlılar arasında birlik və bərabərlik təmin edilirmi?

-Əlbəttə ki. Rostovda yaşayan azərbaycanlılar əksəriyyət məsələlərdə birlik, həmrəylik nümayiş etdirirlər. ÜmumRusiya Azərbaycanlıları Konqresinin Rostov vilayəti üzrə regional təşkilatı bu istiqamətdə xüsusi fərqlənir. ÜmumRusiya Azərbaycanlıları Konqresinin Rostov vilayəti üzrə regional təşkilatının sədri olaraq  bütün fəaliyyətimi soydaşlarımızın bir araya gəlməsi, birlik, həmrəyliyin əldə olunmasına yönəldirəm. Onu da qeyd edim ki, təşkilat olaraq buna nail ola bilmişik. Bizim keçirdiyimiz əksəriyyət tədbirlərdə soydaşlarımız bir araya gəlir və bəzi prinsipial məsələlərdə yekdil mövqe nümayiş etdirirlər.

-Yəqin ki, ötən ilin may ayında Taqanroq şəhərində memorial abidənin təmirdən sonra baş tutan açılış mərasimi də burada yaşayan soydaşlarımıza qarşı olan xoş münasibəti bir qədər də artırıb?

-Təbii ki,  Yuxarıda qeyd etdiyim kimi Rostovda yaşayan azərbaycanlılar burada özlərini çox yaxşı hiss edirlər. Ancaq  Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə  416-cı və 130-cu diviziyaların əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin təmir olunması və keçən ilin may ayının 9-da, Qələbə Günü abidənin təntənəli şəkildə açılış mərasiminin keçirilməsi Rostovda yaşayan azərbaycanlılara qarşı olan xoş münasibəti bir qədər də artırdı. Həmin tədbirdə Rostov vilayəti qubernatorunun müavini İqor Quskov da iştirak etməsi vilayət rəhbərliyinin burada yaşayan azərbaycanlılara olan xoş münasibətinin göstəricisi sayıla bilərdi. Bu il, may ayının 9-da Rostov vilayəti rəhbərliyi, eləcə də Böyük Vətən Müharibəsi iştirakçıları və onların ailə üzvlərinin həmin məkana gələrək ora əklil qoyması bizdə bir qürur hissi yaradır. Artıq həmin memorial abidəni ziyarət edən hər bir insan bilir ki, sözügedən abidə məhz Azərbaycan tərəfinin maliyyə dəstəyi ilə təmir olunub.

-Hazırda Rostovda təxminən nə qədər azərbaycanlı yaşayır və burada yaşayan soydaşlarımızın başlıca məşğuliyyəti nədən ibarətdir?

-Bu gün Rostovda təxminən 40 mindən artıq  azərbaycanlı yaşayır. Onu da qeyd edim ki, rəsmi rəqəmlərdə belə qeyd edilir. Qeyri-rəsmi rəqəmlərdə isə Rostovda yaşayan azərbaycanlıların sayı çox göstərilir. Azərbaycanlılar burada müxtəlif sahələrdə çalışırlar. Biznes strukturlarından tutmuş, kənd təsərrüfatına qədər, eləcə də rəsmi səviyyələrdə çalışan çoxlu sayda soydaşlarımız var. 

-Bəs Rostovda yaşayan soydaşlarımızın cəmiyyətə inteqrasiya prosesi hansı səviyyədədir? Vilayətin rəsmi qurumlarında çalışan, seçkili orqanlarda təmsil olunan azərbaycanlılar varmı?

-Yuxarıda qeyd etdiyim kimi Rostovda müxtəlif sahələrdə çalışan azərbaycanlılar var. Soydaşlarımız yerli orqanlarda işləməyə maraq göstərirlər. Elə bunun nəticəsidir ki, qubernatorluqda belə işləyən azərbaycanlılar var. Bundan başqa müxtəlif təhsil ocaqları, universitetlər və tibb müəssisələrində də işləyən azərbaycanlılar mövcuddur.

-ÜmumRusiya Azərbaycanlıları Konqresinin Rostov vilayəti üzrə regional təşkilatı olaraq yaşadığınız ölkədə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin təbliği istiqamətində hansı addımlar atır, tədbirlər keçirirsiniz?

-Təşkilat olaraq Azərbaycanın tarixində olan əlamətdar günlər, eləcə də 20 Yanvar, Xocalı faciələrinin ildönümlərini hər zaman qeyd edir, yerli ictimaiyyəti bununla bağlı məlumatlandırırıq. Biz Rostovda yaşayan azərbaycanlılar olaraq əminik ki, Azərbaycan dövləti Ali Baş Komandan, cənab prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan ərazilərini geri qaytaracaq və dövlətimiz daha da inkişaf edəcək.. Bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, Azərbaycanda qeydə alınan sürətli inkişaf xaricdə yaşayan hər bir azərbaycanlı kimi bizi də sevindirir. Biz Azərbaycan dövlətinin bu günkü inkişafından qürur duyuruq

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31