“Bakıda türksoylu ölkələrin diaspor təşkilatlarının forumunun keçirilməsi ümumi işə xeyir gətirəcək” - MÜSAHİBƏ
13 İyun 2013 17:23 DiasporaƏkbər Qoşalı: "Arzu edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatına mümkün olduqca daha geniş, daha dərindən nüfuz edə bilsinlər"
"Mədəniyyət istiqamətində həyata keçirilən layihələr diaspor işində yetərincə cəlbedici, təsiredici bir vasitə, sahədir"
Yaxın günlərdə Azərbaycan türk dünyası ilə bağlı daha bir mötəbər tədbirə evsahibliyi edəcək. Xəbərlərdən də məlum olduğu kimi, iyunun 21-də Bakıda türkdilli ölkələrin diaspor təşkilatlarının forumu keçiriləcək. Türkdilli ölkələr və türk topluluqların nümayəndələrinin iştirak etdiyi forumda iştirakçı ölkələr üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlərin müzakirə ediləcəyi və müvafiq qərarların qəbul olunacağı gözlənilir. Bəs görəsən, bu forum türk dünyası üçün nə vəd edir? Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü Əkbər Qoşali "Olaylar"a müsahibəsində sözügedən forumun əhəmiyyəti, bu forumdan gözlənilən nəticələr barədə danışıb. Əkbər Qoşalı türkdilli ölkələrin diaspor təşkilatlarının Bakı forumunu mühüm əhəmiyyətli hadisə kimi dəyərləndirib.
-Əkbər bəy, iyunun 21-də Bakıda türkdilli ölkələrin diaspor təşkilatlarının forumu keçiriləcək. Dünya Gənc Türk Yazarlar Birliyi olaraq bu forumdan gözləntiləriniz nədir?
-Bakıda türksoylu ölkələrin diaspor təşkilatlarının forumunun keçirilməsi, bir vətəndaş, bir yazar olaraq, vətəndaş cəmiyyəti quruculuğunda iştirak edən bir şəxs olaraq, məni məmnun edən hadisədir. Arzu edirəm, hamılıqla, doğrudan-doğruya bu forumu hadisəyə çevirə bilək. Ümidvaram, Diasporla İş üzrə Dövlət Komitəsi əlaqədar qurumlarla birgə yaxşı bir proqram tərtib edib. Forum iştirakçıları ilə görüş, onlarla Azərbaycan qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri təmsilçilərinin, diaspor mövzusunu uzunmüddət işləyən, araşdıran alimlərimizin fikir mübadiləsi aparmaq imkanları olsa, bu ümumi işə xeyr gətirəcəkdir. Yəni forum yalnız ümumi toplantılardan ibarət olmayıb, daha spektral və çoxfunksiyalı xarakter daşıya bilər, deyə düşünürəm.
-Azərbaycanın belə bir mötəbər tədbirə evsahiblik etməsi ölkəmizin türk dünyasındakı yeri və rolunu nə dərəcədə artırır?
-Əlbəttə ki, Azərbaycanın belə yüksək səviyyəli, genişmiqyaslı tədbirə evsahibliyi etməsi qeyd olunmalı, vurğu edilməli haldır. Məmnunluqla deməliyik ki, respublikamız bu miqyasda tədbirlərə evsahibliyi etməyin, necə deyərlər, ən yaxın dövrdə zəngin təcrübəsinə malikdir. Türk Dünyasına xitab edən neçə-neçə toplantı, simpozium, festival və digər müxtəlif tədbirlərdə dəfələrlə iştirak etdiyimdən, habelə belə tədbirləi təşkil etdiyimdən, qardaş ölkələrin, topluluqların Azərbaycandan, Bakıdan gözləntilərinin nədən ibarət olduğunu az-çox bilirəm. Misal olaraq istəklərdən biri, azsaylı türk topluluqlarından olan gənclərə Azərbaycan ali məktəblərində, güzəştli, yaxud xərci tam qarşılanan təhsil haqqının tanınması ola bilər. Yaxud ikitərəfli, çoxtərəfli mədəniyyət, elm, gənclik, turizm həftəliklərinin təşkil olunması; Azərbaycan türkcəsində müxtəlif xarakterli tanıtma, etnoqrafik kitabların nəşri və s. bu sıraya aid etmək mümkündür. Mən mədəniyyət istiqamətli istəklərdən qısa söz açdım. Təbii, istəklər daha artıq, daha çoxşaxəlidir. Deməliyik ki, bizim də qardaş ölkə və topluluqlardan öz istəklərimiz, gözləntilərimiz var. İlk sırada, bu istək Azərbaycan həqiqətlərinin tanınması, tanıdılması, konkret olaraq, ərazi bütövlüyümüzün bərpası ilə bağlı taleyüklü məsələdə onların bizim yanımızda olmaları, daha təsirli dəstək göstərmələridir. Unutmaq olmaz ki, həm məhz türksoylu olmağımız, həm də İslam dininin daşıyıcısı omağımız Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsində, necə deyərlər, az paya sahib deyil. Uzun sözün qısası, Qarabağ probleminin ədalətli həlli bütün Türk dünyasının üfüqünü genişləndirəcəkdir Demək, qardaşlarımız bizim problemlərimizə yalnız mənəvi baxımdan deyil, biləvasitə öz problemləri kimi baxmalıdırlar...
-Bu gün türkdilli ölkələrin diasporları arasındakı əməkdaşlıq, əlaqələr qaneedici hesab oluna bilərmi?
-Ümidvaram, bu sualın cavabı, haqqında danışdığımız forumun gündəliyindən, orada səsləndiriləcək hesabat məruzəsindən, Forumda ediləcək çıxışlardan daha anlaşıqlı şəkildə bəlli olacaq.
Mənim baxışım belədir ki, sözügedən istiqamətdə müəyyən addımlar mövcuddur. Ancaq daha çox iş görməyə ehtiyac var.
-Mütəmadi olaraq Siz türkdilli ölkələrə səfərlər edirsiniz. Həmin ölkələrdə Azərbaycan diasporunun durumu hansı vəziyyətdədir?
-Mənim son səfərim Qırğızıstan Respublikasına oldu. Bu ölkənin paytaxtı Bişkəkdə hörmətli səfirimiz Hidayət Orucovla, Manas Universitetində oxuyan tələbələrimizlə görüşdük. Onu da qeyd edim ki, Qırğızıstandakı tanınmış diaspor təmsilçimiz bizim iştirak etdiyimiz festival keçirilən məkana gəlmişdi. Görüşlərdən, söhbətlərdən belə başa düşdüm ki, Qırğızıstan Respublikasında Azərbaycanla bağlı son illər xeyli önəmli kitablar nəşr olunub, yaddaqalan tədbirlər keçirilib. Həmçinin neçə-neçə tanınmış qırğız yazarı, mədəniyyət xadimi Azərbaycanı tanıdan layihələrə cəlb olunub. Bütün bunlar sevindiricidir. Bununla belə, istər Qırğızıstan Respublikası olsun, istər digər qardaş ölkə və topluluqlarda, gərək bizim diaspor təşkilatlarımız birlik nümayiş etdirsinlər. Həmin ölkədə Azərbaycan səfirliyi, konsulluğu varsa, onlarla sıx əməkdaşlıq etsinlər. Bu elə bir məsələdir ki, burada Azərbaycanın maraqları şəxsi maraqlardan üstün tutulmalıdır. Arzu edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatına mümkün olduqca daha geniş, daha dərindən nüfuz edə bilsinlər. Burada mədəni layihələr xüsusilə fərqləndirilməlidir. Düşünürəm ki, mədəniyyət istiqamətində həyata keçirilən layihələr diaspor işində yetərincə cəlbedici, təsiredici bir vasitə, sahədir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir