“Diaspora fəaliyyətimizi daha da gücləndirməliyik”

Azərbaycan diasporunun güclü və mütəşəkkil olduğu ölkələrdən biri də qardaş Türkiyə cümhuriyyətidir. Bu ölkədə fəaliyyət göstərən onlarla Azərbaycan cəmiyyət və təşkilatları ilə yanaşı fərdi qaydada da bu sahədə fəaliyyət göstərən və diaspor hərəkatına dəstək verən insanlar var. Belə insanlardan biri də qardaş ölkədə yaşayan soydaşımız Vurğun Həsənlidir. Həmyerlimiz qardaş ölkədəki Azərbaycan diasporunun vəziyyəti barədə danışıb. Bildirib ki, Türkiyə bizim ikinci vətənimiz və dayaq nöqtəmiz olduğu üçün qardaş ölkədəki diaspor anlayışı ilə digər ölkələrdəki diaspor anlayışı eyni olmamalıdır: "Çünki beynəlxalq müstəvidə qarşılıqsız bir-birini dəstəkləyən ikinci bir nümunə yoxdur.  Ancaq təəsüflə etiraf etməliyik ki, Türkiyədəki bir ovuc erməni bizdən daha güclüdür. Millətimizin, dinimizin, irqimizin, mədəniyyətimizin eyni olduğu və 3 milyona yaxın Azəri-Türkünün yaşadığı bir ölkədə bir ovuc erməninin bizdən güclü olmamasının dayaq nöqtələrini axtarıb tapmalıyıq. İlkin görünən səbəb kimi, bizim Türkiyədə birlik təşkil edə bilməməyimiz, diaspor təşkilatlarının cılız məsələlərlə məşğul olmaları, bu təşkilatlar arasında mənasız intriqaların və anlamsız "rəqabətin" davam etməsini göstərə bilərik. Ancaq bu problemlərin aradan qaldırılması mümkündür. Ən azı burada gənc və enerjili, həvəsli potensialımız gün-gündən artmaqdadır". Soydaşımız qeyd edir ki, əsas məsələ təmərküzləşmək və mütəxəssislərin fikirlərinin alınmasıdır: "Azərbaycan həqiqətlərindən çox özlərini təbliğ edən diaspora nümayəndələri zərərsizləşdirilməlidir. Bu mənada Türkiyədə təhsil alan gənclərimiz böyük potensialdır. Bizlər bunu görməli və dəyərini anlamalıyıq. Gənclərimiz koordinasiya edilməlidir. Mənim şəxsi fikrimə görə, biz Türkiyədə sadəcə gənclərimizdən yaxşı mənada faydalana bilsək, heç bir iş görmədən öz reklamı ilə məşğul olan, diaspora təşkilatlarımıza ehtiyac qalmaz. Sadəcə burada iş məqsədyönlü, koordinasiyalı olmalı,  düşüncəsindən-ideologiyasından asılı olmayaraq hər kəs diaspora işinə cəlb edilməlidir. Birlik yaratdıqda, problemin həll olunacağına inanıram və Türkiyə cəmiyyətində, ictimaiyyətində söz sahibi ola biləcəyik. Amma Türkiyədə güclü olmamağımızdan həqiqətən utanmalıyıq. Digər bir məqama da diqqət çəkmək lazımdır ki, bizim diaspor mədəniyyətimiz və ya keçmişimiz olduqca yaxın tarixə təsadüf edir: "Ona görə, yenicə yaranmış "gənc" diaspor anlayışımız var. Düzdür, diasporumuz formalaşma mərhələsindədir, amma olduqca həvəsli və əzmkar diaspora təşkilatlarımız çoxluq təşkil edir. Həmçinin qısa tarix ərzində ölkəmizin təbliğatında böyük uğurlar qazanılmasında, diaspora təşkilatlarımızın da böyük rolu olduğunu qeyd etməliyik. Ancaq, bir həqiqəti də unutmamalıyıq ki, hələlik dünyada təsir gücünə malik diasporlar səviyyəsinə gəlib çıxmamışıq. Məsələn, yəhudi diaspor təşkilatları səviyyəsinə çatmağımız üçün önümüzdə uzun yolun olduğunu düşünürəm. Bütün halda isə istədikdən sonra yəhudi lobbiləri səviyyəsinə çata və hətta onu ötə də bilərik".  Vurğun Həsənlinin sözlərinə görə, Ilk növbədə diaspor sahəsinin mahiyyətini dərk etmək lazımdır: "Biz bir çox ölkədə özümüzü reklam etmək, ictimailəşdirmək üçün diaspora təşkilatı qururuq. Bu yanlışdır və belə şəxslər yeri gəldikdə təcrübəsizliyinin ucbatından ölkəmizin imicinə zərər verə bilir. Ona görə, belə şəxslərin diaspora fəaliyyətindən uzaqlaşdırılması üçün təşəbbüs göstərməliyik". Soydaşımızın sözlərinə görə, ilməyən şəxsin burada diaspora işi ilə məşğul olması ya gülünc doğurar, ya da qeyri-ciddi görsənər: "Bu sahə çətin sahədir. Ona görə mütəxəssislər iş başına gətirilməlidir. Eyni zamanda, fəaliyyət göstərilən ölkədə vahid koordinasiya mərkəzi olmalıdır". Türkiyədə Azərbaycan və türk diasporunun birgə fəaliyyətinə gəlincə Vurğun Həsənli deyib ki, bəzən ortaya çıxan soyuqluqlara baxmayaraq Azərbaycan-Türkiyə əlaqələri yüksələn xətlə inkişaf edir və bu əlaqələr diaspora sahəsində əməkdaşlıqda da özünü göstərir: "İstər iki ölkənin beynəlxalq səviyyədə əməkdaşlığı, istər regional problemlərə qarşı birgə mövqe sərgilənməsi, istərəsə də beynəlxalq təşkilatlarda ortaq əməkdaşlıq mexanizmini mənimsəmələri təqdirəlayiq haldır. Həmçinin iqtisadi və ticarət sahələrdə eyni mövqelərdən çıxış etmələri iki ölkənin güclərini birləşdirməyə rəvac verir və hər iki ölkənin nüfuzunun artmasına güclü təsir göstərir. Bu da ötən illərdə bir neçə uğurlu nəticənin alınmasına gətirib çıxarıb. Uğurlu nəticələrdən biri xarici ölkələrdə fəaliyyət göstərən diaspora fəaliyyətinin birgə təşkili məsələsidir. Uzun zamandan bəri gözlədiyimiz addım axır ki, yaxın keçmişdə atıldı. Lakin gələcəkdəki əməkdaşlıq baxımından fəaliyyətlərimizi daha da gücləndirməliyik. Xüsusilə Azərbaycan və Türkiyə həqiqətlərini dünyaya çatdırmaq üçün vaxtaşırı birgə beynəlxalq konfranslar, müzakirə platformları təşkil olunmalı, münasibətlərin genişləndirilməsi üçün birgə fəaliyyət planları tərtib edilməli, əməkdaşlığın çərçivəsi genişləndirilməlidir. Bunun üçünsə təbii ki, çox işləmək lazımdır".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31