Azərbaycan diaspor təşkilatları Amerika qitəsində
24 May 2013 17:59 DiasporaTarixin müxtəlif dövrlərində Azərbaycanı könüllü və ya məcburi qaydada tərk edən soydaşlarımız dünyanın bir sıra regionları kimi Amerika qitəsində də məskunlaşmışlar. Azərbaycanlıların Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşması prosesi müşahidə edilib. Soydaşlarımızın Birləşmiş Ştatlarda sayı 1 milyona, Argentinada 12, Braziliyada 75, Kanadada 170, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrindən olan Qonduras, Qvatemala, Peru və digərlərində də azərbaycanlılar məskunlaşıblar. Hazırda onların sayının dəqiqləşdirilməsi istiqamətində də iş aparılır. .Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş insanlardır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qism soydaşlarımızın bu qitəyə axını diasporun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.
Bu qitədə soydaşlarımızın ən sıx və çox sayda məskunlaşdığı ölkə Birləşmiş Ştatlardır. Bu ölkədə yaşayan 1 milyona yaxın azərbaycanlı müxtəlif diaspor təşkilatları ətrafında birləşib. Belə təşkilatlardan biri də ABŞ Azərbaycanlıları Şəbəkəsidir. ABŞ Azərbaycanlıları Şəbəkəsi bütün ABŞ-ın Azərbaycan, türk və digər diaspor və icma təşkilatlarını, qruplar, cəmiyyəti, koalisiyalar, şəbəkələr, assosiasiyalar və klubları bir arada cəmləşdirir. ABŞ Azərbaycanlıları Şəbəkəsi Azərbaycan- Amerika potensial seçiçilərinin bir araya gətirilməsinə cəhd edir. USAN seçiçiləri səsvermə və seçici qeydiyyatı ilə bağlı maarifləndirmək, Amerika siyasi debatında onların iştirakını təmin etmək, səsvermədə iştirakı fəallaşdırmaq və aktiv seçiçi potensialına çevrilmək imkanlarının artırılmasına çalışır. Şəbəkə Azərbaycan-Amerika seçicilərinin Vaşinqton və ABŞ ştatlarında güclü qüvvəyə çevrilməsini, geniş nüfuza sahib olmasını,səsinin eşidilməsini qarşıya məqsəd qoyub. Xüsusən də enerji təhlükəsizliyi, dini dözümlülük, irqcilik, NATO, Aİ və UTT-yə siyasi, humanitar yardım və strateji müttəfiqlik, xalqlara vergi, sosial təminat, səhiyyə, texniki yardıma aid məsələlərdə həlledici rol oynamaq əzmindədir. Şəbəkə ABŞ siyasətinə Azərbaycan-Amerika, Türk-Amerika ictimaiyyətini, İran azərbaycanlıları icmalarını, eləcə də yəhudi diasporunu ətrafında cəmləşdirərək yeni bir seçici qüvvəsi kimi nüfuz etmək niyyətindədir. Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) icracı direktoru Adil Bağırovdur.
Azərbaycan Amerika Alyansı-Azərbaycan Amerika Alyansı qeyri-hökümət təşkilatıdır. Onun missiyası Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət atmosferinə yardım etməkdən ibarətdir. Onun həyata keçirdiyi ən irimiqyaslı tədbirlədən biri 2012-ci ilin fevralında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirdiyi kampaniyadır.
Amerika Azərbaycanlıları Cəmiyyəti-Amerikada ilk Azərbaycan diaspor təşkilatı 1956-cı ildə ABŞ-ın Nyu-Cersi ştatında yaradılmış Amerika Azərbaycanlıları Cəmiyyətidir. Amerika Azərbaycanlıları Cəmiyyəti yarandığı gündən indiyədək Azərbaycanla bağlı həqiqətləri Amerika ictimaiyyətinə catdırmaq məqsədi ilə aktiv fəaliyyət göstərir. Ənənəvi olaraq cəmiyyət Azərbaycanın milli və dövlət bayramları (Müstəqillik günü, Respublika günü, Novruz bayramı), Azərbaycan torpaqlarının erməni separatçıları tərəfindən işğal olunan günləri, 20 Yanvar, Xocalı faciəsi kimi digər matəm günlərini hər il qeyd edir.
Amerika-Azərbaycan Ticarət Palatası-1995-ci ildə yaradılan Amerika-Azərbaycan Ticarət Palatası Azərbaycan ilə uzunmüddətli işgüzar əlaqələrin yaradılmasını axtaran Amerika şirkətləri üçün mühüm mənbə olub. "Washington Post" qəzetinin qeyd etdiyi kimi, USACC Amerika investorlarının Azərbaycanda ən güclü müdafiəçisidir. Bu təşkilat iki ölkə arasında işgüzar əlaqələrin inkişafında mühüm rol oynayır. USACC dünyanın ən strateji və iddialı regional enerji layihələri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrdə əsas hərəkətverici qüvvədir. USACC Azərbaycan və Amerika Birləşmiş Ştatlarının hokumət və qeyri-hokumət təşkilatları, biznes təşkilatları arasında etibarlı informasiya və şəbəkə xidmətləri gostərmək, əməkdaşlıq və məlumat mubadiləsinin inkişafını təmin edir.
Amerika-Azərbaycan Şurası-1994-cu ildən Vaşinqtonda fəaliyyət göstərir. Təşkilat indiyədək muxtəlif siyasi lobbiçilik fəaliyyəti ilə məşğul olmaqla yanaşı, mədəniyyətlə bağlı silsilə tədbirlər, sərgilər, araşdırma mərkəzlərində Azərbaycanla bağlı seminarlar təşkil edib. Təşkilatın üzvləri Xocalı, 31 Mart Soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında, müxtəlif məsələlərlə bağlı məktublar, bəyanatlar hazırlayaraq Amerika prezidentindən tutmuş bütün dövlət nümayəndələrinə, senatorlara, konqresmenlərə, eyni zamanda, mətbuata göndərirlər.
Azərbaycan Mədəniyyət Ocağı-1992-ci ildə ermənilərin ən sıx məskunlaşdığı ştatlardan birində, şimali Kaliforniyada təsis edilmiş Azərbaycan Mədəniyyət Ocağı bütün Amerika cəmiyyətinə vətənimizin məruz qaldığı erməni qanicən xisləti, xalqımızın humanizmi ilə bağlı həqiqətləri çatdırır. Erməni diasporunun gerçəkliyi təhrif edən hiyləgər təcrübəsi həqiqətlərin yayılmasına mane olmağa çalışsa da, azərbaycanlıların vətənlə, milli dövlətlə, Türk diaspor qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi qarşıya qoyulan məqsədləri təmin edir.
Kanada-Azərbaycan diasporunun mövcud olduğu ölkələrdən biri də Kanadadır. Kanada da onlarla Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Bunlardan da biri Alberta Azərbaycan Mədəniyyət Mərkəzidir. Alberta Azərbaycan Mədəniyyət Mərkəzi Kanada Azərbaycan Təşkilatları Assambleyasının üzvüdür. Mərkəz 2006-cı ildə təsis edilib. Mərkəzin məqsədi Kanada və Azərbaycan icmaları arasında körpü rolunu oynamaq, bu ölkədə Azərbaycan mədəniyyəti, tarixi və ənənələrini yaşadaraq təbliğ etmək, eyni zamanda, Kanada mədəniyyəti, ənənələr və həyat tərzini öyrənməkdir. Bu baxımdan Mərkəz tərəfindən müxtəlif araşdırmalar aparılır və müvafiq layihələr həyata keçirilir. Mərkəz müxtəlif yerli təşkilatlarla, insan haqları, ekoloji təşkilatlarla sıx əməkdaşlıq edir.
Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası-Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası 2007-ci ilin yanvarında bir sıra diaspor təşkilatları tərəfindən təsis edilib. Assosiasiyada Kanadanın müxtəlif yerlərində fəaliyyət göstərən 10 diaspor təşkilatı təmsil olunur. Assosiasiya fəaliyyətini Kanadada Azərbaycan həqiqətlərinin yayılması, respublikamız barədə dolğun təsəvvürün formalaşdırılması istiqamətində qurub. Assosiasiya, həmçinin, Azərbaycan cəmiyyətlərinin fəaliyyətlərini koordinasiya edir. Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası bundan başqa Kanadada təhsil alan azərbaycanlı tələbələrə də xüsusi diqqət ayırır. Burada isə məqsəd soydaşlarımıza kömək etmək, istedadlı gəncləri üzə çıxarmaq, həmin gənclərin ictimai işlərdə yaxından iştirakını təmin etməkdən ibarətdir. Kanadada Azərbaycan həqiqətlərinin yayılması məqsədilə Assosiasiya tərəfindən bu ölkənin universitetlərində konfranslar keçirilir, tələbə cəmiyyətlərinin təşkilatcılığı ilə aksiyalar təşkil olunur. Hazırda assosiasiyanın fəaliyyəti müsbət nəticələr verməkdədir. Dünyanın tanınmış ictimai-siyasi, elm xadimlərinin təşkilatın Kanadada keçirdiyi tədbirlərə qatılması ilə bir sıra uğurlar əldə edilmişdir.
Meksika-Bu ölkədə həm soydaşlarımızın, həm də diaspor təşkilatlarının sayı arzuedilən səviyyədə deyil. Bu ölkədə mövcud olan diaspor təşkilatı yalnız Latın Amerikası Azərbaycanlıları Assosiyasiyasıdır. Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində Latın Amerikası Azərbaycanlıları Assosiasiyası rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başlayıb. Assosiasiyanın əsas məqsədi Latın Amerikası ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirmək, Quzey Azərbaycan Respublikasını və azərbaycançılıq ideologiyasını yüksək səviyyədə təmsil etməkdən ibarətdir. Bu, Latın Amerikası ölkələrində yaradılan ilk Azərbaycan diaspor təşkilatıdır. Təşkilatın sədri Natiq Məmməd oğlu Atakişiyevdir. O, 1939-cu ildə ildə Azərbaycanda anadan olub, fizika-riyaziyyat üzrə professordur. 1994-cü ilədək Milli Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib. 1996-cı ildən isə akademik elmi dərəcəsi almaq uçun Milli Meksika Universitetində işə başlayıb. Həmin vaxtdan Meksikada yaşayan Natiq Atakişiyev bu ölkənin elmi dairələrində yüksək nüfuza malikdir. Fəaliyyəti dövründə assosiasiya bir sıra tədbirlər həyata keçirib, müvafiq addımlar atıb. Belə ki, LAAA Heydər Əliyevin Mexiko şəhərində ucaldılmış abidəsinin əleyhinə Meksika mətbuatında davam edən kampaniya ilə əlaqədar Meksika-Azərbaycan Dostluq Parkında Meksikada yaşayan Azərbaycan və türk icmaları nümayəndələrinin iştirakı ilə kütləvi etiraz aksiyası təşkil olunub. Aksiya Latın Amerikası Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkilatçılığı ilə keçirilib. Aksiya iştirakçıları və mətbuat nümayəndələri qarşısında çıxış edən professor Natiq Atakişiyev Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, onun Azərbaycan tarixində, həmçinin beynəlxalq əməkdaşlıq üçün böyük xidmətlər göstərdiyini bildirib, xatirəsinə hörmət və ehtiramla yanaşmağın vacibliyini söyləyib. Kütləvi aksiyanın sonunda N.Atakişiyev Latın Amerikası Azərbaycanlıları Assosiasiyası və Azərbaycan icması adından Mexiko şəhərinin meri Marselo Ebrarda ünvanlandığı açıq məktubu oxuyub və mətbuat nümayəndələrinə təqdim edib. Fəaliyyəti dövründə Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının yeni internet saytı da yaradılıb. Sayt ispan və ingilis dillərində təqdim edilən www.azerbaijani-association.org saytında Azərbaycan haqqında ümumi məlumatlar, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi, mətbəxi barədə ətraflı bilgilər, digər mühüm mühüm xəbərlər yerləşdirilib. Yeni internet səhifəsində Azərbaycan musiqi korifeylərinin əsərləri ilə də tanış olmaq mümkündür. Bundan başqa Azərbaycan dilini öyrənmək istəyənlər üçün sayta müvafiq lüğətlər yerləşdirilib. İnternet səhifəsinin rəsmi təqdimat mərasimi də keçirilib. Tədbirdə Meksikadakı azərbaycanlı imcasının üzvləri, Azərbaycan səfilriyinin əməkdaşları, eləcə də Meksikada fəaliyyət göstərən Ukrayna Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir