Diaspor təşkilatları Heydər Əliyevin 90 illik yubileyini qeyd edir
2 May 2013 18:03 DiasporaÜmummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi Azərbayvanla yanaşı, ölkədən kənarda da geniş şəkildə qeyd ediləcək. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycanın fövqəladə və səlahiyyətli səfirlikləri, eləcə də diaspor təşkilatlarımızın birgə keçirəcəyi tədbirlərdə ümummilli lider ehtiramla yad ediləcək, onun Azərbaycanın müstəqilliyi uğrunda yorulmaz fəaliyyətindən bəhs olunacaq. Birləşmiş Ştatlardan tutmuş Avropaya, Türkiyədən tutmuş Orta Asiya respublikalarına qədər hər bir ölkədə Azərbaycan diaspor təşkilatları ümummilli lider Heydər Əliyevin 90 illiyini geniş şəkildə qeyd edəcəklər. Bununla bağlı hər bir diaspor təşkilatı xüsusi tədbirlər planı hazırlayıb və həmin tədbirlər planına uyğun olaraq müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulub. Artıq bir sıra ölkələrdəki diaspor təşkilatlarımız ümummilli liderlə bağlı yubiley tədbirlərinə start verib. Belə ki, Türkiyə Cümhuriyyətinin Əskişəhr şəhərində fəaliyyət göstərən Türkiyə Azərbaycan Kardeşlik Platformu Topluluğu Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfirliyinin dəstəyi ilə Əskişəhər Osmanqazi Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar inşa müsabiqəsinə start verib. Yarışma qısa müddətdə universitet tələbələrinin böyük marağına səbəb olub və artıq təşkilatçılara onlarla yazı təqdim edilib. Bundan başqa, Türkiyə Azərbaycan Kardeşlik Platformu Topluluğu Azərbaycan və Türk gəncliyinin uşaqlara sevgisini, qayğısını göstərmək, Azərbaycanın daim Türkiyə Cümhuriyyətinin yanında olduğunu isbat etmək məqsədilə aprelin 27-də "Gələcək çocuklarla gələcək!" adlı xeyriyyə şənliyi keçirilib. Əskişəhərdəki kimsəsiz uşaqlar evində yaşayan bütün balacalar universitetə dəvət edilib, onlar üçün müxtəlif oyunlar, əyləncəli yarışlar təşkil olunub, Azərbaycana aid hədiyyələr təqdim edilib.
Aprelin 24-də isə Litvanın Kaunas şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə münasibətilə "Heydər Əliyev gecəsi" təşkil olunub. Litva-Azərbaycan əlaqələri çərçivəsində həyata keçirilən tədbirdə Azərbaycan diaspor nümayəndələri və gənc fəallar çıxış edib. Tədbirdə həmçinin ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş fotosərgi və qısametrajlı sənədli film nümayiş olunub. Tədbirdə moderator kimi Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü Fərhad Vəliyev çıxış edib. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə Litvanın ictimai xadimləri, Litva, Latviya, Estoniyada təhsil alan azərbaycanlı və xarici tələbələr də iştirak edib.
Almaniyada "Heydər Əliyev kuboku-2013" beynəlxalq mini futbol turniri çərçivəsində ölkə üzrə milli seçim turlarına yekun vurulub. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnir çərçivəsində keçirilən Almaniya yarışında müxtəlif şəhərlərdə yaşayan azərbaycanlılardan ibarət həvəskar komandalar güclərini sınayıblar. Gərgin mübarizə şəraitində keçən oyunlarda Hamburq şəhərinin "İnternational Bund" komandası qalib gələrək, turnirin ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində Bakıda keçiriləcək "Böyük Final" mərhələsinə vəsiqə qazanıb. İlk 3 yeri tutan komandalara ("İnternational Bund", "Makkabi" və "Atlantik") medallar, qalib komandaya "Heydər Əliyev Kuboku" təqdim olunub. Mükafatları qaliblərə "Verein Yugens Arbeit in Bergedorf" cəmiyyətinin prezidenti Aleks Gaal təqdim edib. Məlumat üçün qeyd edək ki, "Heydər Əliyev kuboku-2013" beynəlxalq mini futbol turnirinin Almaniya üzrə seçim turlarını "Buta" cəmiyyəti həyata keçirib. Turnir 8 ölkədə - Böyük Britaniya, Almaniya, Avstriya, Cexiya, Rumıniya, Litva, Ukrayna və Rusiyada keçirilir. Hər bir ölkədə 8 komanda öz aralarında yarışır və qalib komanda Bakıya gələrək "Böyük Final" oyununda iştirak hüququ qazanır. "Böyük Final"ın mayın ikinci yarısı keçirilməsi nəzərdə tutulur. Artıq 6-cı ildir keçirilən beynəlxalq turnir Azərbaycan Gənclər və İdman nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Böyük Britaniya Odlar Yurdu Təşkilatının dəstəyi ilə təşkil edilir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Almaniyanın Maqdeburq şəhərində yaşayan azərbaycanlılar xüsusi aksiya keçiriblər. Aprelin 28-də ölkənin Zahsen-Anhalt əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti "Sağlamlığa və Oksigenə diqqət!" şüarı ilə təmizlik və adablıq aksiyası təşkil edib. Dörd saat davam edən aksiya çərçivəsində Maqdeburq şəhərində ağaclar əkilib, küçə və həyətlərdə təmizlik işləri görülüb, ətraf ərazilər abadlaşdırılıb. Aksiyada Maqdeburq şəhərində yaşayan azərbaycanlılarla yanaşı, almanlar da fəal iştirak ediblər. Ulu öndərin 90 illik yubileyi ilə əlaqədar Maqdeburqda, həmçinin Almaniyanın digər şəhərlərində də müxtəlif aksiyaların keçirilməsi planlaşdırılıb.
Qardaş Türkiyə Cümhuriyyətində isə Türkiyə-Azərbaycan Dərnəkləri, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyəti, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və bu kimi digər diaspor təşkilatlarınınn təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək. Qardaş ölkədə keçiriıləcək yubiley tədbirlərində Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edəcək. Yaxın günlərdə bu məqsədlə Azərbaycan nümayəndə heyətinin Türkiyə Cümhuriyyətinə səfər edəcəyi nəzərdə tutulur.
Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri və bu ölkənin müxtəlif subyektlərində də ümummilli liderin anadan olmasının 90 illik yubileyi qeyd olunacaq. Heydər Əliyev Fondunun Rusiya nümayəındələri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və ÜmumRusiya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə Rusiya rəsmiləri, Dövlət Dumasının üzvləri də iştirak edəcək.
Belarusda isə Beynəlxalq Diaspor Mərkəzinin bu ölkədəki nümayəndəliyi və Belarus Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Yubiley tədbirlərində iştirak etmək üçün artıq Azərbaycandan Beynəlxalq Diaspora Mərkəzinin rəhbərliyinin də daxil olduğu nümayəndə heyəti Belarusa səfər edib. Yubiley tədbirləri çərçivəsində iştirakçılara Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda yorulmaz fəaliyyəti barədə məlumat veriləcək. Həmçinin tədbirlərdə ümummilli liderin həyatından bəhs edən sənədli film nmayiş olunacaq.
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" layihəsi çərçivəsində çap olunur.