“Əgər biz bir yerə yığılıb hər hansı bir məsələni azərbaycançılıq naminə həll edə bilmiriksə,…”

Arif Quliyev: “Deməli burada mütləq düşmən barmağı var”

Çox təssüf ki, soydaşlarımız hələ də bazar psixologiyasından uzaqlaşmayıblar"

Soydaşlarımızın daha çox məskunlaşdığı ölkələrdən biri olan Ukrayna Azərbaycan diaspor təşkilatlarının say baxımından geniş yayıldığı postsovet respublikalarından hesab edilir. Rusiya Federasiyasından sonra ikinci yeri tutan Ukraynada hazırda onlarla Azərbaycan diaspor təşkilatları mövcuddur ki, həmin təşkilatlarda təmsil olunan soydaşlarımızın əksəriyyəti də Ukrayna cəmiyyətində, bu ölkənin rəsmi dairələrində kifayət qədər tanınırlar. Belə şəxslərdən biri də Ukrayna Azərbaycanlıları Konqresinin üzvü, Ukrayna Milli Aviasiya İnstitutunun beynəlxalq hüquq fakultəsinin professoru Arif Quıliyevdir. Bu müddət ərzində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfirliyində də çalışan Arif Quliyev bir diplomat kimi də daim soydaşlarımızın qulluğunda durub, onlara üzləşdikləri problemlərin həllinə yardımçı olmağa çalışıb. Hazırda elmi fəaliyyətlə məşğul olan Arif Quliyev bir neçə kitabların da müəllifidir. Bu günlərdə doğma Vətənə gələn Arif Quliyevlə görüşüb Ukraynadakı Azərbaycan diasporunun durumu, soydaşlarımızın bu ölkədə üzləşdikləri problemlər və digər bu kimi məsələlər ətrafında söhbətləşdik.

-Arif müəlllim, təxminən neçə ildir ki, Ukraynada yaşayırsınız və bu ölkədə əsas fəaliyyətiniz nədən ibarətdir?

-Artıq 15 ildir ki, Ukraynada yaşayıram. Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında elmi iş müdafiə etmişəm. Ukraynada yaşadığım illər ərzində bir müddət Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfirliyində çalışmışam. Səfirlikdən sonra isə Ukraynanın Milli Aviasiya İnstitunun beynəlxalq hüquq kafedrasının professoru kimi fəaliyyət göstərirəm.

-Bu günlərdə Bakıda təqdimatı keçirilən  "Beynəlxalq terrorizmlə mübarizədə Prezidentlik İnstititu- Azərbaycan və Ukrayna təcrübəsinin hüquqi müstəvidə təhlili"kitabı sizin qələmə aldığınız ilk kitabdır?

-Xeyr  "Beynəlxalq terrorizmlə mübarizədə Prezidentlik İnstititu- Azərbaycan və Ukrayna təcrübəsinin hüquqi müstəvidə təhlili"kitabından əvvəl də mənim bir neçə kitabım işıq üzü görüb. Bu sıraya "Diplomatiya və konsul xidməti" kitabımı, monoqrafiyamı aid etmək olar.

-Müəllifi olduğunuz kitablarda  Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probloemi barədə də Ukrayna ictimaiyyətini məlumatlandırırsınızmı?

-Əlbəttə. Mən müəllifi olduğum kitabların əksəriyyətində qeyd etdiyiniz problemlər barədə ukraynalıları məlumatlandırmışam. Ukraynanın müxtəlif mətbuat orqanlarında mənim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar faciəsi, Sumqayıt hadisələri, Xocalı soyqırımı barədə yazılarım, məqalə və şərhlərin çap edilib. Həmin mətbu orqanlarda çap edilən yazılarda ermənilərin Xocalıda törətdikləri vəhşiliklər, insanlıq əleyhinə törədilən cinayət barədə ukraynalılara geniş və ətraflı məlumat verilib. Həmçinin Sumqayıt hadisələri ilə bağlı dərc edilən məqaləmdə ermənilərdən ibarət əvvəlcədən xüsusi plan əsasında hazırlanmış dəstələrin Sumqayıtda törətdikləri təxribatlar, onların şəhərdə törətdikləri vəhşiliklər barədə faktlar öz əksini tapıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qələmə aldığım yazılarda isə ermənilərin işğalçılıq siyasəti, 20 faizə yaxın ərazilərimizin işğala məruz qalması,  1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, həmçinin işğal altında olan ərazilərdəki tarixi-mədəni abidələrimizin ermənilər tərəfindən yandırılaraq məhv edilməsi faktlarla qeyd olunub. Ancaq bir faktı da etiraf etmək lazımdır. Çox təssüflər olsun ki, sözügedən məsələlər barədə biz hələ də kifayət qədər Ukrayna cəmiyyətində məlumat formalaşdıra bilməmişik.

-Ukrayna say baxımından azərbaycanlıların daha çox məskunlaşdığı ölkələrdən biri hesab edilir. Uzun müddət Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfirliyində çalışan biri kimi deyə bilərsinizmi ki, bu ölkədəki soydaşlarımızın əsas üzləşdiyi problemlər hansılardır?

-Ukraynada yaşayan azərbaycanlıların üzləşdiyi bəzi problemlər var. Ən başlıca problemlərdən biri ondan ibarətdir ki, Ukraynada yaşayan soydaşlarımız yekdil fikrə gələ bilmirlər. Çox təssüflər olsun ki, bu ölkədə məskunlaşmış azərbaycanlılar yekdil fikrə gəlib diaspora şəklində təşkilatlana bilmirlər.  Düzdür, əvvəlki illərdə Ukraynadakı diasporamız arasında yekdillik vardı. Ancaq son vaxtlar diasporamız arasındakı yekdillik pozulub. Hesab edirəm ki, bu problemi dövlət səviyyəsində aradan qaldırmaq mümkündür. Məlumat üçün qeyd edim ki, bir müddət əvvəl bu məqsədlə yeni bir qurum yaradılıb və ümid edirik ki, həmin qurum diasporumuzun yekdil fikrə gəlməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərəcək. Biz də öz növbəsində çalışırıq ki, həmin qurumun rəhbərliyinə köməklik göstərək.

-Azərbaycan diasporunun yekdil fikrə gələ bilməməsi özünü əsasən nədə göstərir?

-Təkcə bir faktı qeyd etmək kifayət edər. Belə ki, bizim düşmənlərimiz olan ermənilərin Ukrayna parlamentində 4 deputatı olduğu halda, azərbaycanlılar ora yaxın belə düşə bilmirlər.

-Azərbaycanlıların siyasi proseslərdə aktiv olmaması soydaşlarımıza olan mənfi münasibətlə əlaqədardı, yoxsa soydaşlarımız əsasən biznes fəaliyyətinə üstünlük verirlər? Ümumiyyətlə, Ukraynada yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatında rolu, iştirakı hiss edilirmi?

-Hər iki amil təsir göstərir. Eyni zamanda soydaşlarımızı gözü götürməyən dairələr də var. Bir məqamı da qeyd etmək yerinə düşər. Mən dəfələrlə bildirmişəm ki,  bizdə hələ də elm yolu ilə irəliyə getmək məsələsi tam mənada formalaşmayıb. Çox təssüf ki, soydaşlarımız hələ də bazar psixologiyasından uzaqlaşmayıblar.

-Bəs sadə ukraynalıların soydaşlarımıza olan münasibəti hansı səviyyədədir?

-Etiraf etmək lazımdır ki, ukraynalıların azərbaycanlılara çox böyük məhəbbəti, hörməti var. Xüsusilə, ümummilli lider Heydər Əliyevin adına Ukraynada çox böyük məhəbbət var. Bu da öz növbəsində azərbaycanlılara ukraynalılar tərəfindən xoş mnasibətin bəslənməsinə müsbət təsir edən amillərdəndir.  Eyni zamanda hazırkı dövlət başçımız cənab prezident İlham Əliyevə də Ukraynada böyük hörmət var. Ümumiyyətlə, ağılı-başı olan, nizam-intizamla hərəkət edən azərbaycanlılar Ukraynada nəyəsə nail ola bilirlər.

-Ukraynada yaşayan fəal diaspor nümayəndəsi kimi Azərbaycanla Ukrayna arasında mövcud olan əlaqələri necə qiymətləndirirsiniz? İki ölkə arasında mövcud olan əlaqələr Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətinə hansı təsiri göstərir?

-Azərbaycanla Ukrayna arasında çox gözəl əməkdaşlıq mühiti formalaşıb. Hər iki ölkə arasında mövcud olan əlaqələr getdikcə daha da inkişaf edir. Ümummilli lider Heydər Əliyevin zamanında qurulan Azərbaycan-Ukrayna əlaqələri bu gün də özünün inkişaf dövrünü yaşayır. Günümüzdə Azərbaycan və Ukrayna prezidentləri-İlham Əliyev və Viktor Yanukoviçin Kiyevlə Bakı arasında münasibətlərin inkişaf etdirilməsinə yönəlik fəaliyyətləri öz müsbət nəticələri verir. Eyni zamanda hər iki ölkənin parlamentləri, iş adamları, qeyri-hökumət təşkilatları arasında normal əməkdaşlıq mühiti mövcuddur. Azərbaycanla Ukrayna arasında əlaqələrin, iktərəfli münasibətlərin hər ötən gün yeni bir məcraya qədəm qoyması və inkişaf etməsi bu ölkədə yaşayan soydaşlarımıza, eləcə də Azərbaycan diasporunun fəaliyyətinə də öz müsbət təsirini göstərir.

-Siz həm də bir diaspor nümayəndəsi hesab edilirsiniz. Ümumilikdə, Azərbaycan diasporunun hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?

-Əvvəla onu qeyd etmək yerinə düşər ki, Azərbaycan diasporunun yaşı çox gəncdir və cəmi 20 illik bir dövrü əhatə edir. Ona görə də 20 yaşlı uşaqdan nə gözləmək olar? Ancaq ümumən götürəndə nəsə əldə etmək olar. Hesab edirəm ki, yaxın gələcəkdə biz daha böyük uğurlara imza ata bilərik.

-Hazırda Ukrayna Azərbaycanlıları Konqresi bir neçə yerə parçalanmış şəkildə fəaliyyət göstərir. Bəzən belə bir fikir səsləndirilir ki, Ukrayna Azərbaycanlıları Konqresinin parçalanmasında müəyyən xarici dairələrin  əli var. Siz belə bir xarici təsiri hiss edirsinizmi?

-Əslində düzgün qiymətləndirirsiniz. Əgər biz bir yerə yığılıb hər hansı bir məsələni azərbaycançılıq naminə həll edə bilmiriksə, deməli burada mütləq düşmən barmağı var. Hamıya məlumdur ki, bizim də bir düşmənimiz var, o da ermənilərdir.

-Siz özünüz hansısa diaspor təşkilatının tərkibində təmsil olunursunuzmu?

-Mənim təşkilati fəaliyyətim də var və Ukrayna Azərbaycanlıları Konqresində təmsil olunmuşam. Ancaq hazırda Ukrayna Azərbaycanlıları Konqresi parçalanmış bir vəziyyətdədir. Rəhbəri olmayan bir təşkilatın isə perspektivli fəaliyyət göstərməsi qeyri-mümkündür. 2010-cu ildə onu leqallaşdırdıq və yeni sədr seçdik. Lakin sonradan sədr özünü  apara bilmədi və istefa verdi ki, işləyə bilmirəm. Açıq-aşkar gördü ki, onun başının yeri deyil. O elə bilirdi ki, konqresdə nəsə paylayırlar. Ancaq sonradan gördü ki, belə bir şey yoxdur.  Ona görə də Ukrayna Azərbaycanlıları Konqresindən kənarlaşdı. Hazırda parçalanmış şəkildə  fəaliyyət göstərən digər konqreslər isə Ukrayna qanunlarına əsasən qeydiyyatdan keçməyib və buna maraq da göstərmirlər. Hər kəs istəyir ki, diaspor rəhbəri olsun, özünü reklam etdirsin. Ümumiyyətlə, bir ziyalı kimi bu proseslərdə laqeydlik göstərməyi özümə bağışlaya bilmərəm.

-Bəs erməni diasporunun fəaliyyəti Ukraynada hansı səviyyədədir?

-Ukraynada erməni diasporu çox güclü və fəaldır. Bu gün Ukraynadakı erməni diasporunun rəhbəri bu ölkə parlamentinin deputatıdır. Həm də Ukrayna prezidentinin rəhbərlik etdiyi partiyanın siyahası əsasında deputat seçilib. Elə bu amil hər şeyi deyir. Bizim də imkanımız var ki, oxşar nəticələri əldə edək. Ancaq təssüflər olsun ki, biz formalaşıb təşkilatlanıa bilmirik.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31