“Diaspora təşkilatlarımız Azərbaycanın milli maraqlarının sistemli şəkildə qorunmasında fəal rol oynamalıdırlar”
18 Aprel 2013 16:53 Diasporaİlqar İlkin: "Biz diaspora təşkilatlarımızı sadəcə mitinqlərdə deyil, həm də nüfuzlu qurumlarla birlikdə strateji məsələlərin həllindəki müzakirələrdə görmək istərdik"
"Diaspora təşkilatları yaşadıqları ölkələrdə öz kimliyini, mədəniyyətini tanıtmaqla yanaşı, həm də yeni dünya düzəni və gündəmi ilə də ayaqlaşmağı bacarmalıdırlar.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, Milli Qeyri Hökumət Təşkilatları Forumunun diaspora və lobbiçilik departamentinin müdiri İlqar İlkinin "OLAYLAR"a müsahibəsi
-İlqar bəy, Milli Qeyri Hökumət Təşkilatları Forumunun diaspora və lobbiçilik məsələləri üzrə departamenti diaspora sahəsində hansı işləri görməyi nəzərdə tutur və diaspor təşkilatları ilə əlaqələr hansı səviyyədə qurulacaq?
-Milli Qeyri Hökumət Təşkilatları Forumu Azərbaycanda fəaliyyət göstərən 600-dən çox qeyri-hökumət təşkilatını öz ətrafında birləşdirir. Müxtəlif sahələr üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının ölkə üzrə ən böyük koalisiyası olan Milli Qeyri Hökumət Təşkilatları Forumu neçə illərdir ki, beynəlxalq təşkilatlarla da əməkdaşlıq etməkdədir. Bir ay öncə Milli Qeyri Hökumət Təşkilatları Forumunun işində dinamikliyi daha da artırmaq məqsədilə qurumun İdarə Heyəti tərəfindən bir neçə yeni departament formalaşdırıldı ki, bu departamentlərdən biri də diaspora və lobbiçilik departamentidir. Sözügedən departament yeni struktur kimi fəaliyyətə başladı. Əslində, on ildən artıq fəaliyyəti dönəmində Milli Qeyri Hökumət Təşkilatları Forumu diaspora təşkilatları ilə daim əlaqədə olub. Hətta uzun illər MQF-nin tərkibində Diaspora Mərkəzi də fəaliyyət göstərib.Yəni diaspora təşkilatları ilə iş sistemi bu təşkilatda yeni deyildir, sadəcə olaraq bu əlaqələri günün tələblərinə uyğun yeni bir şəkildə canlandırmaq lazımdır. Uzun illər Türk dünyası və Türk diasporaları ilə çalışdığımı nəzərə alaraq bu departamentə rəhbərlik etməyim məsləhət görüldü. İnanıram ki, yaxın vaxtlarda diaspora təşkilatlarımızla milli maraqlarımıza xidmət edən ortaq layihələri davamlı şəkildə gerçəkləşdirə biləcəyik.
-Departamentin rəhbəri olaraq diaspora və lobbiçilik sahəsində hansı yeniliklər həyata keçirməyi düşünürsünüz?
-Bizim diaspora təşkilatları adlandırdığımız təşkilatlar həm də fəaliyyət göstərdikləri ölkələrdə bir qeyri-hökumət təşkilatı olaraq təsis olunublar. Fikrimcə, onlar bu statuslarından çıxış etməklə yaşadıqları ölkələrin siyasi, ictimai gündəmində olduqca fəal iştirak etməlidirlər. Diaspora təşkilatlarımız Azərbaycanın milli maraqlarının sistemli şəkildə qorunmasında fəal rol oynamalıdırlar. Təbii ki, onlar bu funksyaları daşımaları üçün güclü əlaqələrə sahib olmalıdırlar. Biz diaspora təşkilatlarımızı sadəcə mitinqlərdə deyil, həm də nüfuzlu qurumlarla birlikdə strateji məsələlərin həllindəki müzakirələrdə görmək istərdik.
-Ümumiyyətlə, diaspora sahəsindəki hazırkı vəziyyəti necə qiymətləndirərdiniz?
-Azərbaycan diasporu deyəndə ilk ağıla gələn parçalanmış və dağınıq halda fəaliyyət göstərən bir mənzərə ilə qarşılaşırıq. Təbii ki, bu vəziyyət ürəkaçan deyildir. Bütün qarşılıqlı ittihamlara bir an son vermək lazımdır. Və artıq diaspora təşkilatları da yaşadıqları ölkələrdə öz kimliyini, mədəniyyətini tanıtmaqla yanaşı, həm də yeni dünya düzəni və gündəmi ilə də ayaqlaşmağı bacarmalıdırlar.
-Bu günlərdə Türkiyədə II Dünya Türk Forumu keçirildi. Forumda əsas etibarilə müzakirə edilən məsələlər hansılar idi?
-Türkiyə-Asiya Strateji Araşdırmalar Mərkəzinin İstanbulda düzənlədiyi Dünya Türk Forumu sayca ikinci Forum idi. Birinci Forum 2010-cu ildə keçirilmişdir. Bu il keçirilən Forum "Türk diasporaları və Türk dünyası Vizyon 2023" başlığı altında keçirilirdi. Əsasən Türk dünyasının və türk diasporalarının gələcək strategiyalarının müzakirə olunduğu bu Forumun olduqca effektli və faydalı olduğunu düşünürəm. Çünki Türk dünyasının, eləcə də Avropanın düşüncə mərkəzlərinin qatıldığı bu Forumda Türk dünyasının gələcək strategiyasına yönələn fikir və təkliflər səsləndirildi. Forumda "Türk Dünyası və Türk Şurası 2023 Vizyonu", "Türk Diasporaları 2023 Vizyonu", "Müstəqilliyinin 30-cu ilində Türk dövlətləri Vizyonu", "Yurtdışı türklər və Akraba Topluluklar başkanlığı Vizyon 2023", "Türkiyə və müstəqil Türk Dövlətləri əlaqələrində əksikliklər və yeni arayışlar", "Erməni diasporası - 2015 və Türk Diasporaları - 2023 Vizyonu" başlığı altında keçirilən müzakirələr irəliyə baxış tədbirlərinin əsas qayəsi idi. Mən bu Foruma Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) nümayəndəsi olaraq qatıldım və "Erməni diasporası 2015 və türk Diasporaları 2023 Vizyon" bölümündəki müzakirələrdə türk diasporalarının birlik və bərabərlik içərisində çalışmaları üçün təkliflərlə çıxış etdim. Təbii ki, öz çıxışımda Azərbaycanın işğal olunmuş torpaqlarındakı durumla bağlı nüfuzlu beynəlxalq təşkilatların çıxardığı qərarları gündəmə gətirərək, bu qərarların yerinə yetirilməsi üçün birgə əməkdaşlığın formalarını və istiqamətlərini də qeyd etdim.
-Bu forum türk dünyasının diasporlarının birgə fəaliyyət göstərməsi baxımından nə dərəcədə əhəmiyyət kəsb edir?
-Artıq biz bütün sahələrdə Türk Dünyasının birliyinə yönəlik fəaliyyətləri hiss etməkdəyik. Türk Dünyasının birliyi istiqamətində dövlət rəsmiləri tərəfindən siyasi iradə ortaya qoyulub və hər keçən gün bu məqsədlərə doğru daha aydın addımlar atılmaqdadır. Təbii ki, bu strateji xətt Türk diaspora təşkilatlarının fəaliyyətində də hiss olunmalıdır. Türk Dünyasının ortaq problemləri mövcuddur və bütün Türk diasporaları öz fəaliyyətlərini həm də beynəlxalq aləmdə bu problemlərin həll olunmasına səfərbər etməlidirlər. Təbii ki, biz Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində həmin Türk diasporalarının birgə səmərəli fəaliyyətini daha aydın görmək istəyirik. Forumda müzakirə olunan əsas məsələlərdən biri də məhz bu idi ki, Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsində Türk diasporalarının necə bir xətt yürütmələri faydalı ola bilər. Fikrimcə, biz artıq dünyada fəaliyyət göstərən bütün Türkdilli xalqların diaspora təşkilatlarını vahid mərkəzdən idarə olunan bir koordinasiya şurasını da yaratmalıyıq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir