"Dünya Azərbaycanlıları Konqresi böyük bir diaspor hərəkatıdr"

Samir Adıgözəlli: “Diaspor təşkilatlarımız arasında ayırıcı və bölücü məqamlar mövcuddur”

Bütün bu ayrılıqlara son qoyaraq, "Tək Vətən, Tək bayraq" şüarı beyinlərə yerləşməlidir" 

Dünya Azərbaycanlıları Konqresinin İcra Aparatının rəhbəri Samir Adıgözəllinin "OLAYLAR"-a müsahibəsi

-Samir bəy, bu günlərdə Dünya Azərbaycanlıları Konqresinn İcra Aparatının rəhbəri təyin olundunuz. Necə düşünürsünüz, bundan sonra DAK-ın diaspora sahəsində fəaliyyətində canlanma yaratmaq üçün yeniliyə ehtiyac varmı? Bunu hansı formada görürsünüz?

-Dünya Azərbaycanlıları Konqresi dünyada yaşayan 60 milyon Azərbaycan türklərinin yeganə ən böyük beynəlxaq təşkilatıdır. DAK yarandığı gündən həm Azərbaycan diasporunun təşkilatlanmasında, həm də Azərbaycanın ümummilli problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında bir çox tədbirlər həyata keçirmiş və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Dünya Azərbaycanlıları Konqresinin rəhbərliyində və onun fəaliyyətində dünyada tanınmış Azərbaycan ziyalıları iştirak edir. Həmçinin qeyd etmək istərdim ki, Dünya Azərbaycanlıları Konqresinin  rəhbərliyində Beynəlxaq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, İraq türkmənlərinin liderlərindən olan, bu ölkənin millət vəkili Əkrəm Fövzi, Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Kaya təmsil olunurlar. Dünya Azərbaycanlıları Konqresinin Məşvərət Məclisinin sədri isə Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Mahmudəli bəy Çöhrəqanlıdır. Dünya Azərbaycanlıları Konqresinin digər diaspor təşkilatlarından önəmli fərqi ondan ibarətdir ki, burada iqtidar müxalifət, Türkiyə, İran azərbaycanlıları demədən hamı bir yerdədir, konqresdə məzhəb və digər ayırıcı fikirlərə yer yoxdur.  Dünya Azərbaycanlıları Konqresində hər kəs xalqımızın milli maraqları çatısı altında birləşmişdir. Məhz yuxarıda qeyd etdiyim ayırıcı, parçalayıcı fikirlərin aradan götürülməsi istiqamətində Dünya Azərbaycanlıları Konqresi sabit xətt yürüdür. Belə hesab edirəm ki, dünya azərbaycanlıları ilə iş istiqamətində bir çox ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarıyla əlaqələrdə konqres bu baxımdan fəaliyyətini daha da aktivləşdirməlidir. DAK Almaniya, İsveç Rusiya, Ukrayna və başqa ölkələrdə qeydiyyatdan keçmiş beynəlxaq təşkilatdır. Fəaliyyətimiz heç bir ölkənin qanunlarıyla ziddiyət daşımır. Bu baxımdan xalqımızın milli problemləri ilə bağlı istənilən məsələ Dünya Azərbaycanlıları Konqresi tərəfindən istənilən ölkədə və beynəlxaq təşkilatlar qarşısında qaldırılır. Məhz dünyanın istənilən yerində milli məsələlərimizin gündəmə gətirilməsi baxımından DAK-a bütün qapıların üzü açıqdır.

-Ümumiyyətlə, Dünya Azərbaycanlıları Konqresinin diaspora sahəsindəki fəaliyyətini necə qiymətləndirirsiniz, konqres bu sahəyə yetərincə diqqət ayırırmı?

-Əslində Dünya Azərbaycanlıları Konqresinin özü böyük bir diaspor hərəkatıdır. Xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında Dünya Azərbaycanlıları Konqresi yarandığı gündən fəal iştirak etməkdədir. Bilmək lazımdır ki, DAK-ın üzərinə götürdüyü həm şərəfli, həm də ağır bir missiya 60 milyonluq Azərbaycan türklərinin milli problemlərini dünya gündəminə gətirmək, parçalanmış vətənin birliyinə nail olmaqdır. Bu yolda hədəflərinə çatmaq üçün konqres durmadan yola davam edir. Təkcə, DAK-ın sonuncu qurultayından bu günə kimi konqresin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı, eyni zamanda təşkilatın digər həmsədri Firudin Pərvizniya müxtəlif ölkələrə onlarla səfərlər etmişlər, bir sıra mühüm görüşlər keçirmişlər. Eyni zamanda Dünya Azərbaycanlıları Konqresi İdarə Heyəti davamlı olaraq toplantılar keçirmiş, bir sıra əhəmiyyətli qərarlar qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, Dünya Azərbaycanlıları Konqresi rəhbərliyi tərəfindən keçirilmiş görüşlərin böyük əksəriyyəti xarici ölkələrin parlamentariləri və beynəlxalq təşkilatların təmsilçiləri ilə olmuşdur.

-Etiraf etmək lazımdır ki, diaspor sahəsində ziddiyətlər yaradanlar, diasporumuzu parçalamağa cəhd göstərənlər vaxtıilə Dünya Azərbaycanlıları Konqresinin  şinelindən çıxan şəxslərdir. Cavad Derəxti, Mirəşrəf Fətiyevin timsalında bunu görmək olar. Səhf etmirəmsə Söyün Sadıqovun da zamanında DAK-la əlaqələri olub. Bu amili ümumilikdə DAK-ə nə dərəcədə şamil etmək olar?

-Yuxarıda qeyd etdiyim kimi, Dünya Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarının ən böyük beynəlxalq təşkilatıdır. Və təbii ki, burada zaman-zaman fərqli şəxslər təmsil olunublar. Təəssüf ki, onlardan bəziləri ya DAK-dan şəxsi maraqları üçün istifadə etməyə çalışmışlar, ya da özlərinin dar düşüncəsi ilə DAK-ı öz xəttindən saptırmağa səy göstərmişlər. Bir də təəssüflər olsun ki, DAK-ı məhv etmək üçün gecə-gündüz çalışan İran-fars rejiminin bilərəkdən və ya bilməyərəkdən xidmətçisinə çevrilmişlər. Belə şəxsləri və onların əməllərini bu gün Dünya Azərbaycanlıları  Konqresinə  heç cürə şamil etmək olmaz. O ki, qaldı Söyün Sadıqova, Kreml tərəfindən danışdırılan bu şəxs, elə Kreml tərəfindən də bu ilin payızından sonra susdurulacaq. Bu cür tiplər müəyyən ölkələrin xüsusi xidmət orqanları tərəfindən istifadə edilir, daha sonra kənara atılır. Bu baxımdan Söyün Sadıqovun da gündəmi prezident seçkilərinə qədərdir. İran rejimi isə çox gözəl başa düşür ki, özünün təxribat əməlləri ilə Dünya Azərbaycanlıları Konqresinin mübarək davasının qarşısını ala bilməyəcək. Bu ölkınin konqresin həmsədri Sabir Rüstəmxanlıya və digər mənsublarına qarşı zaman-zaman planladığı oyunlar fiaskoya uğrayacaq. İran rejimi bir həqiqəti başa düşməlidir ki, çox qısa zamanda Azərbaycan türkünün bayrağı Təbriz qalasında dalğalanacaq.

-Bu gün Dünya Azərbaycanlıları Konqresinin güclü olduğu ölkələrdən biri də Ukraynadır. Ancaq Ukraynada da diasporumuzun vəziyyəti yaxşı deyil. Bu mənada DAK Ukraynadakı Azərbaycan diasporunun birgə fəaliyyət göstərməsinə hansı müsbət təsiri göstərə bilər?

-Əlbəttə Dünya Azərbaycanlıları Konqresi bir sıra ölkələrlə yanaşı Ukraynada da güclü nüfuza malikdir. Bu baxımdan da Dünya Azərbaycanlıları Konqresinin sonuncu qurultayı Ukraynanın Donetsk şəhərində keçirilmişdir. Belə bir qurultayın Ukraynada keçirilməsi burada yaşayan soydaşlarımızda yüksək əhval-ruhiyyə yaratmışdır. Eyni zamanda Ukrayna ictimaiyyətində bir daha Azərbaycanla bağlı müsbət təəssüratlar artmışdır. Konqres Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarımız arasında sıx əlaqələrin qurulmasına hər zaman meyl göstərmiş və burada da mövcud olan küskünlüklərin aradan qaldırılması istiqamətində vaxtaşırı bir sıra diaspor təşkilatlarımızın liderləriylə görüşlər keçirilmişdir. Bundan öncə qeyd etdiyim kimi, təəssüflər olsun ki, diaspor təşkilatlarımız arasında ayırıcı və bölücü məqamlar mövcuddur. Bütün bu ayrılıqlara son qoyaraq, "Tək Vətən, Tək bayraq" şüarı beyinlərə yerləşməlidir. 200 ildən artıq rus və fars imperiyalarının həyata keçirdikləri soyqırımlar, deportasiyalarla yanaşı millətimizin içərisinə bir sıra nifaq toxumu da səpiblər. Təbii ki, rahatca əlimizi yanımıza salıb güclənməyimizə düşmənlərimiz imkan verməyəcək. Başımızı qatmaq üçün istənilən nifaqı salacaqlar. Amma biz nə etməliyik? Bu gün də, sabah da bizi içəridən bir-birimizə qarşı qoyan düşməni göstərib, onun hiyləsinə uymamalıyıq. Bax, sizin verdiyiniz suala cavab olaraq diaspor təşkilatlarımız arasında baş verən halların səbəbləri bunlardır. Bir də ki, biriləri mövcud olan diaspor təşkilatlarından ayrılıb başqa bir diaspor təşkilatı qururlar. Məqsəd Azərbaycan dövləti tərəfindən, Diasporla İş üzrə Dövlət Komitəsindən diaspor təşkilatlarına ayrılan maliyyə vəsaitinin alınmasına nail olmaqdır. Belə hərəkətlər yolverilməzdir. Azərbaycan dövlətinin ayırdığı maliyyə yardımından milli maraqlarımız üçün məqsədli şəkildə istifadə edilməlidir.

-Dünya Azərbaycanlıları Konqresinin İcra Aparatının rəhbəri olaraq əsas hansı istiqamətləri prioritet götürəcəksiniz və DAK-a hansı yenilikləri gətirməyi düşünürsünüz?

-Mən 2006-cı ildən Dünya Azərbaycanlıları Konqresinin üzvüyəm və ard-arda iki qurultayda konqresin Nəzarət Təftiş Komissiyasının üzvü seçilmişəm. İnanıram ki, Dünya Azərbaycanlıları Konqresinin İcra Aparatının rəhbəri kimi fəaliyyətimdə də həm öz işimin öhdəsindən gələcəm, həm də apardığımız ümummilli mübarizəyə öz töhvəmi verəcəyəm. DAK İcra Aparatı qurultayda qəbul olunmuş sənədlərin, eyni zamanda İdarə Heyətinin qəbul etdiyi qərarların icrasını həyata keçirir. Eyni zamanda konqresin  nümayəndəlikləri və digər strukturları arasında mobilliyin təşkili istiqamətində lazımi tədbirlər görür. Bu istiqamətdə texnologiyanın ən üstün vasitələrindən istifadə edəcəyik. Gündən-günə möhkəmlənməkdə olan Dünya Azərbaycanlıları Konqresinin fəaliyyətinin operativliyinin təmin edilməsi istiqamətində icra aparatının fəaliyyət proqramı hazırlanmaqdadır və qısa zamanda günün tələblərinə cavab verəcək yeniliklərlə hər kəs tanış olacaqdır. Dünya Azərbaycanlıları Konqresinin hal-hazırda iki internet səhifəsi və Bakı-Təbriz dərgisi fəaliyyət göstərməkdədir. Önümüzdəki yaxın bir-iki ayda isə internet televiziyası fəaliyyətə başlayacaqdır.

-Yaxın vaxtlar üçün Dünya Azərbaycanlıları Konqresinin istər Azərbaycan, istərsə də ondan kənarda hansısa tədbirləri nəzərdə tutulurmu?

-Dünyada və yaşadığımız regionda baş verən geopolitik hadisələr Dünya Azərbaycanlıları Konqresini yeni bir mərhələyə daşımaqdadır. Artıq bununla bağlı bir sıra tədbirlər planı hazırlanıb. Yaxın zamanlarda Dünya Azərbaycanlıları Konqresi rəhbərliyinin əhəmiyyətli xarici səfərləri başlayacaq. Yalnız, sizi ona əmin edirəm ki, hər bir keçirilən tədbir və görüş milli düşmənlərimizi daha da təşvişə salacaqdır. Hələlik məsləhətdir ki, bu haqda qısa danışaq. Keçiriləcək tədbirlər haqqında ictimaiyyət tezliklə məlumatlandırılacaq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31