Estoniyadakı Azərbaycan diaspor təşkilatları

Əvvəli ötən sayımızda

Baltik ölkələrdən olan Estoniyada da Azərbaycan diasporu fəaliyyət göstərməkdədir. Azərbaycanlıların Estoniyaya nə zaman gəldiyi barədə dəqiq məlumat yoxdur. Hələ XIX əsrin sonlarında Estoniya kitabxanaları və mahal müəssisələrində Azərbaycanın tanınmış şair və ədiblərindən Mirzə Şəfi Vazeh, Molla Pənah Vaqif və Mirzə Fətəli Axundovun alman dillərinə tərcumə edilən kitabları barədə  məlumat verilir. 1851-ci ildən etibarən Yuxan Kiyv, Qustav Vulf və Anna Haov dahi Vazehin əsərlərini alman dilindən eston dilinə tərcümə etmişlər. 1978- ci ildə Molla Pənah Vaqifin tanınmış eston yazıçısı F.R.Kreysvald tərəfindən eston dilinə tərcümə olunmuş müxəmməsləri "Skala" qəzetində dərc olunmuşdur. Azərbaycan ədəbiyyatına artan maraq bu dövrdə Estoniyanın böyük universitetlərindən biri olan Tartu Universitetində təhsil alan soydaşlarımız tərəfindən Azərbaycan Tələbələri Birliyinin yaradılması ilə nəticələnir. Birliyin əsas işi ədəbiyyat klubunda Azərbaycan dahilərinin əsərlərini eston dilinə tərcümə edərək yaymaq idi. 

"Bakı Eston Cəmiyyəti"-XX əsrin əvvəllərində təsis olunan "Bakı Eston Cəmiyyəti"nin əsas məqsədi isə məhz Azərbaycan ədəbiyyatını təbliğ etməkdən ibarət olmuşdur. 1991-ci il Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra xaricdə yaşayan soydaşlarımızdan Estoniyada yaşayanlar qısa zaman ərzində fəal diaspor formalaşdıraraq, ətrafında burada yaşayanları toplaya biliblər. Estoniya azərbaycanlıları əsasən ticarətlə məşğul olurlar. Lakin burada ziyalı təbəqəsi də azlıq təşkil etmir. Əsasən, Tartu, Tallin, Narva şəhərlərində məskunlaşan azərbaycanlıların ictimai fəaliyyəti diqqətəlayiqdir. Hüquq, ədəbiyyat, texnika, ticarət və digər sahələr üzrə çalışan azərbaycanlılar içərisində dövlət vəzifələrində çalışanlar da var. Təqribi sayı iki minə qədər olan azərbaycanlılar Estoniyanın ictimai, iqtisadi, siyasi, mədəni həyatında mühum rol oynayır. Eston dövlət və ictimai xadimlərilə isti münasibətləri olan soydaşlarımız bu ölkəyə gələn hər bir azərbaycanlıya kömək əlini sevə-sevə uzadır. Estoniyada ana dili qorunur. Azərbaycanlı uşaqlar eston və ingilis dilində tədris alırlar ki, bu da onların gələcəkdə hakimiyyət orqanlarında təmsil olunmasına şərait yaradır. Artıq Estoniyada Azərbaycan məktəbləri fəaliyyət göstərir. Estoniyadakı fəal soydaşımız, azərbaycanlı Eldar Əfəndiyev bu ölkə parlamentinin üzvüdür. O, eyni zamanda, Azərbaycan-Estoniya-Türkiyə qrupunun da rəhbəridir. 

Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti-Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti 2004-cu il dekabrın 15-də Estoniya hökumətinin qərarı ilə Tallin şəhərində  təsis olunub. Universitet Tallində fəaliyyət göstərən bir çox assosiasiyaların təşəbbüsü ilə yaradılıb. Təhsil ocağının fəaliyyətinin bir qismini Estoniya hökuməti maliyyələşdirəcək. Universitetin əsas vəzifələri Estoniyada yaşayan bütün xalqları türkdilli və Qafqaz xalqlarının mədəniyyəti, dili və tarixi ilə tanış etmək, müxtəlif millətlər arasında tolerant multimədəni əlaqələr formalaşdırmaq, turkdilli və Qafqaz xalqlarını Estoniyanın mədəniyyəti və tarixi ilə tanış etmək, bu xalqların yerli cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Təhsil ocağında ilkin olaraq filologiya, tarix, mədəniyyətşunaslıq, iqtisadiyyat və hüquq fakültələrinin açılması nəzərdə tutulur. Estoniyada Azərbaycan diasporuna məxsus bir sıra ictimai təşkilatlar və kütləvi informasiya vasitələri var. Hazırda Estoniyadakı Azərbaycan diasporu yaxın zamanlarda burada məscid tikməyi planlaşdırıb. Eyni zamanda, burada fəaliyyət göstərən "Bakı klubu" iki dovlət və xalq arasında əlaqələrin möhkəmlənməsinə təkan verir. Soydaşlarımızın informasiya təbliğatı işi də fəal sayıla bilər. www.az.ee,  www.azeri.ee, www.irs.ee, www.islam.pri.ee, www.fidan.ee saytlarını yaradan azərbaycanlılar dövlətimiz və diaspor işi haqqında ətraflı məlumatları yerli ictimaiyyətə təqdim edirlər.

"Aydan" Azərbaycan Mədəniyyət Mərkəzi-"Aydan" Azərbaycan Mədəniyyət Mərkəzi Estoniyada ilk Azərbaycan diaspor cəmiyyəti olaraq 1988-ci ildə yaradılmışdır. Təşkilat yaradılarkən onun adı "Ocaq" Eston Azərbaycan Mədəniyyət Cəmiyyəti olaraq seçilmişdi. Sonradan isə təşkilatın adı dəyişdirilmişdir.."Ocaq" Eston Azərbaycan Mədəniyyət Cəmiyyəti kecmiş sovet respublikaları ərazisində azərbaycanlıların yaratdıqları ilk mədəni cəmiyyətlərdən biridir. Cəmiyyətin əsas məqsədi Azərbaycan və Estoniya xalqları arasında mədəni, iqtisadi və sosial sahədə korpu yaratmaq, estonların və azərbaycanlıların bir-birini yaxından tanımasına, dostlaşmasına kömək etməkdir. Cəmiyyətin ilk mətbu orqanı olan "Ocaq" qəzeti 1989-cu ilin dekabrında ayda bir dəfə olmaqla nəşr olunmuşdur. "Ocaq" qəzetinin əsas məqsədi Cəmiyyətin əsas funksiya və istiqamətlərini, gorduyu işləri işıqlandırmaq, soydaşlarımız arasında maarifləndirmə və təbliğat işlərinin aparılması idi. 1988-ci ildən fəaliyyət göstərən "Ocaq" Cəmiyyəti 1996-cı ildə ad dəyişikliyi edərək yenidən "Aydan" Azərbaycan Mədəniyyət Mərkəzi adı altında qeydiyyatdan kecirilmişdir. Hazırda Cəmiyyət çox aktiv fəaliyyət göstərir. Cəmiyyətin nəzdində "Bazar gunu" məktəbi, "İrs" Gənclər Təşkilatı, "Fidan" Uşaq və Gənclər Mərkəzi, "Azərbaycan" rəqs ansamblı, eyni zamanda, CəmiyyətinTallin şəhərində yerləşən ofisində Azərbaycan dili məktəbi fəaliyyət göstərir. Cəmiyyət Estoniyada həyata keçirdiyi mədəni və ictimai layihələri ilə eston icması və Estoniyada fəaliyyət göstərən  icmalar arasında böyük  nüfuza malikdir."Aydan" Azərbaycan Mədəniyyət Mərkəzinin  sədri Niyazi Hacıyevdir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31