Alman cəmiyyətinə inteqrasiya edən diaspor təşkilatları
4 Aprel 2013 17:52 DiasporaƏvvəli ötən sayımızda
Almaniyada fəaliyyət göstərən ən güclü Azərbaycan diaspor təşkilatlarından biri də Avropa Azərbaycanlıları Konqresidir. Avropa Azərbaycanlıları Konqresinin təsis konfransı 2004-cu ilin aprel ayının 17-də Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmişdir. Avropa Azərbaycanlıları Konqresinin yüksək səviyyədə keçirilmiş təsis konfransında dünyanın 28 ölkəsində fəaliyyət göstərən 50-dən artıq diaspor təşkilatından 264 nümayəndə qatılmışdır. Konfransda Rusiya Federasiyası, Ukrayna, Belarus, İsvec, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belcika, Finlandiya, Polşa, Estoniya və Almaniyadakı Azərbaycan icmalarının nümayəndələri, Türkiyə Böyük Millət Məclisinin, Almaniya Bundestaqının üzvləri, eyni zamanda, Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Avropa Azərbaycanlıları Konqresinın başlıca məqsədi Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan icmalarının vahid təşkilatda birləşdirilməsinə xidmət etməkdir. Regionda məskunlaşmış azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, sosial və siyasi-hüquqi maraqlarını təmin etmək konqresin əsas vəzifələrindən biri kimi təsbit edilmişdir. Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələr, məruz qaldığı soyqırım aktları, Qarabağ münaqişəsinin səbəbləri, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və digər faktların Avropa ictimaiyyətinə, burada fəaliyyət göstərən müxtəlif təşkilatlara obyektiv şəkildə çatdırılması Avropa Azərbaycanlıları Konqresinın prioritetləri sırasında dayanır. 2012-ci ilin aprelində Berlində keçirilən Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayında konqresin I vitse-prezidentləri və vitse-prezidentləri seçilmişdir. Avropa Azərbaycanlıları Konqresi iki nəfər I vitse-prezidenti olaraq Beniluks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və 5 nəfər vitse- prezidenti - Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Azərbaycan Federasiyası İsveçin sədri Səttar Sevgin, Estoniya parlamentinin deputatı,"Bakı" klubunun həmsədri Eldar Əfəndiyev, UmumRusiya Azərbaycanlıları Konqresinın Moskva şəhər Təşkilatının sədri İlqar Hacıyev- seçilmişlər. Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzeri İsmailova Avropa Azərbaycanlıları Konqresinin prezidenti seçilmişdir.
Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti Almaniyanın Frankfurt şəhərində 1991-ci ildə yaradılmışdır. Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti bir sıra mədəni tədbirlərin keçirilməsini təşkil etmişdir. Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti soydaşlarımızın Azərbaycanla əlaqələrinin genişlənməsinə çalışır. 1991-ci ildən etibarən Mərkəz "Dağyeli Ferlaq" nəşriyyatının sahibi İldırım Dağyeli ilə birlikdə Azərbaycan ədəbiyyatının ən maraqlı nümunələrinin alman dilinə tərcümə olunub nəşr edilməsində xeyli iş görmüşdür. Xüsusilə "Azərbaycan Ədəbiyyatı" seriyası adı altında nəşr olunan kitabların müasir Azərbaycan nəsrinin Almaniyada yayılması və təbliği işində əhəmiyyəti böyükdür. Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinə onun əsasını qoyan Firudin Pərvizniya rəhbərlik edir.
Azərbaycan Kültür Ocağı- Avropa ölkələrində geniş və ardıcıl fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərimizdən biri Almaniyanın Bonn şəhərindəki Azərbaycan Kültür Ocağıdır. Cəmiyyət 1984-cu ildən "Ana dili" adlı qəzet nəşr edir. Azərbaycan Kültür Ocağının çoxsahəli fəaliyyəti mədəniyyətimizin, ədəbiyyatımızın təkcə Almaniyada deyil, Avropanın bir sıra digər ölkələrində də yayılmasına, təbliğinə kömək göstərməkdədir. Artıq bir necə ildir ki, Bonn şəhərində Azərbaycan dilində xüsusi məktəb açılmışdır. Bu məktəbin xərcləri Azərbaycan Kültür Ocağının üzvlərinin şəxsi vəsaitləri hesabına ödənilir. Azərbaycan Kültür Ocağı xeyli milli ədəbiyyat nümunələri nəşr etdirmiş, Azərbaycan musiqisinin ən yaxşı nümunələrinin Almaniyada yaşayan soydaşlarımız arasında kasetlər, vallar şəklində çox aldıb yayılmasına nail olmuşdur. 1993-cu ilin sonlarında cəmiyyət üzvləri Bonnda Azərbaycan və alman dillərində"Azərbaycan" adlı bütöv Azərbaycan xəritəsini nəşr etdirmişdir. Təşkilatın sədri N.Qərəvi 1994-cü ilin yanvarında Almaniyada yaşayan bir qrup soydaşlarımızla Bakıya gələrək"Azərbaycan" xəritəsini ümummilli lider Heydər Əliyevə təqdim etmişdir. Azərbaycan Kültür Ocağının sədri N.Qərəvidir.
Azərbaycan-Almaniya Kültür Dərnəyi-1988-ci ilin əvvəllərində yaranmış Berlin şəhərindəki Azərbaycan-Almaniya Kültür Dərnəyi Almaniyada Azərbaycana olan marağın artdığı bir şəraitdə geniş ictimaiyyəti xalqımızın milli dirçəliş prosesi, onun mədəniyyəti, iqtisadiyyatı və incəsənəti ilə tanış edir. Azərbaycan-Almaniya Kültür Dərnəyi soydaşlarımız, eləcə də Mərkəzi Asiya dövlətlərinin Almaniyada yaşayan vətəndaşları arasında öz səmərəli fəaliyyəti ilə tanınmışdır. Azərbaycan-Almaniya Kültür Dərnəyi üzvləri tərəfindən Azərbaycana yardım üçün xüsusi fond yaradılmışdır. Cəmiyyətin yaxından iştirakı ilə Azərbaycanla həmrəylik mitinqləri təşkil edilir. 1990-cı il 20 Yanvar və Xocalı faciələrinin, Şuşa, Kəlbəcər və ermənilər tərəfindən işğal olunmuş şəhərlərin işğal günlərində hər il kecirilən mitinqlər bu qəbildəndir. Azərbaycan-Almaniya Kültür Dərnəyinin sədri İbrahim Alevdir.
Azərbaycan diasporunun Almaniyadaki Mərkəzi Şurasi-Azərbaycan diasporunun Almaniyadakı Mərkəzi Şurası 2007-ci ilin yanvar ayından fəaliyyət göstərir. Mərkəzi Şuranın məqsədi Almaniyanın bütün həyat əhatəsində yardıma ehtiyacı olan Azərbaycan diasporuna kömək göstərilməsi, onların bərabər hüquqda olmalarının təmin edilməsi, xüsusilə praktiki yolla həyat üçün gərəkli olan yardımın göstərilməsi, hüquqi məsləhətlərin verilməsi və göstərilməsi, vətəndaşlarımızın maraqlarının bütün ictimai səviyyələrdə təmsil edilməsi və həmçinin Almaniya Federativ Respublikasında yaşayan əhalinin Azərbaycan mədəniyyəti, musiqisi, tarixi və siyasəti ilə tanış etmək, digər dövlət və qeyri dövlət idarələrilə Azərbaycan Respublikası arasında sıx əlaqələrin yaradılmasıdır. Azərbaycan diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti həmyerlimiz cənab Tengis Sade Baron zu Romkerhalldır.
Berlin Azərbaycan Kültür Ocağı Cəmiyyəti-Cənubi Azərbaycandan mühacir etmiş azərbaycanlılar tərəfindən 1988-ci ildə təsis edilmiş Berlin Azərbaycan Kültür Ocağı Cəmiyyəti üzvləri Azərbaycanda gedən prosesləri izləyir və hər bir hadisə ilə bağlı öz mövqelərini nümayiş etdirirlər. Bu təşkilatın əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin geniş şəkildə təbliğinə nail olmaqdır. Cəmiyyətin nəzdində Azərbaycan yazıçılarının əsərlərindən ibarət böyük kitabxana vardır. "Mayns" Azərbaycan-Türk-Alman Mədəniyyət və Dostluq Cəmiyyəti-"Mayns" Azərbaycan-Türk-Alman Mədəniyyət və Dostluq Cəmiyyəti 1993-cü ildə Mayns şəhərində təsis edilmişdir. Cəmiyyətin əsas məqsədi Azərbaycan həqiqətlərini alman cəmiyyətinə və dünya ictimaiyyətinə çatdırmaqdır. "Mayns" Azərbaycan-Türk-Alman Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Başar Kömürdür.
"Ocaq" Cəmiyyəti-Hazırda Almaniyada fəaliyyət göstərən ilk Azərbaycan qurumlarından biri Berlindəki Ocaq Cəmiyyətidir. Cəmiyyət 1982-ci ildə yaradılmış, 1988-ci ildə isə qeydiyyatdan keçmişdir. Cəmiyyət üzvlərinin əksəriyyəti İran azərbaycanlılarıdır. Təşkilatın əsas məqsədi xaricdəki Azərbaycan gənclərinin Azərbaycan mədəniyyəti ilə tanış olmasını təmin etməkdir. "Ocaq" Cəmiyyətinin sədri Hafiz Məhindir.
Məlumat üçün qeyd edək ki, azərbaycanlıların Almaniyaya mühacirəti tarixin müxtəlif zaman kəsimində baş versə də, azərbaycanlıların diaspor kimi formalaşması əsasən XX əsrin 80-90-cı illərinə təsadüf edir. 1988-ci ildən etibarən Almaniyada fasilələrlə onlarla cəmiyyət fəaliyyət göstərib ki, onların əksəriyyəti bu gün də işini davam etdirir. Müxtəlif illərdə Almaniyada azərbaycanlılar tərəfindən "Savalan", "Ocaq" Cəmiyyəti, "Odlar Yurdu" Mədəniyyət və Təhsil Cəmiyyəti yaradıldı. Müsbət məqamlardan biri ondan ibarət idi ki, soydaşlarımızın təsis etdiyi cəmiyət və birliklər yalnız paytaxt Berlin üçün xarakterik deyildi, Almaniyanın digər iri şəhərlərində də Azərbaycan cəmiyyətləri, müxtəlif birlik və təşkilatlar yaradılırdı. Bütün bu təşkilat və birliklər Azərbaycan Respublikası ilə Almaniya arasında ictimai-mədəni və iqtisadi əlaqələrin inkişafında yaxından iştirak edirdilər. Almaniya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində "Almaniya-Azərbaycan Cəmiyyətləri Federasiyası"nın fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Regionda azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, sosial və siyasi-hüquqi maraqlarmı təmin etmək Almaniyadakı diaspor təşkilatlarımızın əsas vəzifələrindən sayılır. Bu ölkədəki diaspor təöşkilatlarımızın fəaliyyət sahələrindən biri də Azərbaycan, Qafqaz və Xəzər bölgələri ilə əlaqəli elmi-tədqiqat işlərini dəstəkləmək, fondlar, tədqiqat institutları, kitabxanalar və arxivlər təsis etməkdi. Almaniyadakı Azərbaycan diaspor təşkilatları Avropada, Müstəqil Dövlətlər Birliyində və digər regionlarda fəaliyyət göstərən diaspor qurumları ilə də yaxından əməkdaşlıq edir, hətta birgə tədbirlər də keçirirlər. Eyni zamanda Almaniyadakı Azərbaycan diaspor təşkilatları türk diaspor təşkilatları ilə də yaxından əməkdaşlıq edir, hər iki ölkənin ümummilli maraqlarında eyni mövqeni nümayiş etdirirlər. Azərbaycan diasporunun keçirdiyi tədbirlərdə türk diasporu, türk diasporunun keçirdiyi tədbirlərdə isə soydaşlarımız yaxından iştirak edirlər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir