“Kıbrısda bir diaspora fəaliyyəti ilə də məşğuluq” - MÜSAHİBƏ
Orxan Həsənoğlu: “Ancaq diaspora fəaliyyətimiz Kuzey Kıbrıs Türk Cümhuriyyəti, türk xalqına hədəflənməyib”
3 Aprel 2013 01:02 Diaspora" Çünki eyni milli kökə, eyni dilə və dinə sahib olan ölkədə diaspora fəaliyyətindən bəhs etmək doğru olmazdı"
Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun "OLAYLAR"-a müsahibəsi
-Orxan bəy, Azərbaycan-Kibris Dostluq Cəmiyyəti olaraq əsas etibarilə hansı istiqamətdə fəaliyyət göstərirsiniz?
-Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti olaraq bizim əsas istiqamətimiz təşkilatımızın adından da göründüyü kimi iki qardaş ölkə arasında əlaqələrin qarşılıqlı inkişafına çalışmaqdır və bu istiqamətdə də fəaliyyət göstəririk. Bu sahədə müxtəlif istiqamətlərdə iş aparırıq. İki ölkə arasında işbirliyi, xalqlarımız arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi ilə yanaşı, eyni zamanda Kıbrısda bir diaspora fəaliyyəti ilə də məşğuluq. Ancaq əlbəttə ki, diaspora fəaliyyətimiz Kuzey Kıbrıs Türk Cümhuriyyəti, türk xalqına hədəflənməyib. Çünki eyni milli kökə, eyni dilə və dinə sahib olan ölkədə diaspora fəaliyyətindən bəhs etmək doğru olmazdı. Müxtəlif problemlər olsa da biz iki xalq və tək millət olaraq bir-birimizi yaxından tanıyırıq. Əsas hədəfimiz bu adada təhsil alan 98 müxtəlif dövlətdən gəlmiş xarici ölkə vətəndaşlarına yönəlib. Bildiyiniz kimi Kıbrıs Ağ Dənizdə yerləşən bir ali təhsil ocağıdır. Burada böyük universitetlər fəaliyyət göstərir. Universitetlərdə xarici tələbələrlə yanaşı 40-a yaxın ölkədən gələn təcrübəli və tanınmış professor-müəllim heyəti də mövcuddur. Biz də məhz bu gənc beyinlərdə Azərbaycanımız haqqında böyük fikir formalaşdırmağa çalışırıq. Çox zaman səsləndirlilən bir fikir var ki, Kıbrıs balaca bir ölkədir və orada diasporaya nə ehtiyac var. Bu Kıbrısı tanımayanların və bu ada haqqında geniş məlumatı olmayan insanların fikridir. Dünyada ikinci belə bir ada yoxdur ki bu qədər əcnəbi tələbəni birləşdirsin. Bunun üçün də bura bizim üçün bir arenadır. Biz bu fürsətdən yaxşı yararlanmaq məcburiyyətindəyik. Bunun üçün mövcud olan bütün problemləri aşmağa, ölkəmizin həqiqətlərini, xüsusislə acı gerçəklərini tanıtmağa çalışırıq. Bu günə qədər çox səmərəli tədbirləri geridə qoyduq. Bir neçə beynəlxalq konfrans, form, toplantı ve sərgi keçirdik. Ölkəmizin tanıdılması yolunda təmənnasız fəaliyyət göstərdik. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin hər bir üzvünə, hər bir tərəfdaş təşkilatlara, hökümət və qeyri hökümət təşkilatlarına bizə verdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti hər zaman milli mənəvi dəyərlərimizin, dövlətçiliyimizin, xalqımızın inkişafı yolunda çalışacaq. Biz hər zaman dövlətimizin yanındayıq. Bizim hər bir üzvümüz xalqımıza sadiq olub və bu hər zaman bu cür də davam edəcək. Bundan sonrakı fəaliyyətimiz də Azərbaycanın təbliği və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə yönələcək.
-Cəmiyyətiniz Azərbaycanla Kuzey Kıbrıs arasında əlaqələrin inkişafına hansı töhfələri verir?
-İki ölkə arasında əlaqələr müxtəlif istiqamətlərə yönəlsə də, əsas etibarı ilə daha çox təhsil sahəsində əməkdaşlıq mövcuddur. Real və aktiv olaraq ali təhsil sahəsinde iş birliyi həyata keçirilməkdədir. Bir çox ictimai tədbirlərimiz daha çox ali təhsil ocaqlarında baş tutur. Bu sahədə davamlı iş aparırıq. Ölkəmizdəki müxtəlif universitetlərlə buradakı ali təhsil ocaqları arasında əlaqələr yaradırıq. Xüsusilə son bir ildə daha çox Azərbaycanın bölgələrindəki universitetlərlə əlaqələrin qurulmasına çalışırıq. Bu işin uğurlu alındığını da tam səmimiyyətlə söyləyə bilərəm. Belə ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnsitututu ilə əlaqələr yaratdıq. Hər iki universitetin müəllimlərinin Kıbrısa səfərini təşkil edərək onlar üçün burada ixtisas artırma kursları təşkil etdik. Naxçıvan Dövlət Universitetinin rektoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təhsil komissiyasının sədri və millət vəkili Oruc Həsənlinin buraya səfərini təşkil etdik. Oradakı universitetlərlə qarşılıqlı işbirliyinə dair memorandumlar imzalandı. Nəticə etibarilə real əməkdaşlığa başladıq. Həmçinin Doğu Akdeniz Üniversiteti professorlarından ikisinin Naxçıvanda beynəlxalq treyninqini gerçəkləşdirdik. Naxçıvanda tələbələr bu kurslara qatıldı. Bu il sonuna qədər də müxtəlif proqramlarımız davam edəcək. Eyni zamanda ikinci böyük şəhərimiz olan Gəncəyə rəsmi səfər təşkil etdik. Ümumiyyətlə, son 6 ayda 3 rəsmi səfər təşkil olunub. Orada da universitetlərlə real iş aparırıq. Həmçinin bizim yay ingilis dili kurslarına tələbələr gəldi. Eyni zamanda rektorluq səviyyəsində Kıbrısa səfər gerçəkləşdi. Paytaxtımızda fəaliyyət göstərən onlarca universitetin Kıbrısın ali təhsil ocaqları ilə əlaqələrini qururuq. Artıq bu istiqamətdə bir neçə müqavilələr imzalanıb. Bu gün biz öz fəaliyyətimizlə uğurlu əməkdaşlıqlara ev sahibliyi və liderlik edirik. Əlbəttə bu təhsil sahəsində gördüyümüz işlərin sadəcə bir qismidir. Artıq Kıbrısda mindən çox azərbaycanlı gənc təhsil alır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir