Diaspor təşkilatları 31 mart soyqırımını qeyd edib

1918-ci ilin mart-aprel aylarında ermənilərin Azərbaycanın bir çox şəhər və bölgəsində törətdiyi soyqırımın qurbanlarının xatirəsi dünyanın bir çox ölkəsində anılıb. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirlikləri və diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən elmi praktik konfrans, dəyirmi masa və bu kimi digər tədbirlərdə ermənilərin XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımlardan bəhs edilib.  Rusiya Federasiyası, Ukrayna, Belarus və Moldovoda ermənilər tərəfindən qətlə yetirilən on minlərlə insanın ruhu müxtəlif tədbirlərlə yad edilib.   Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk, Vladivostok və digər şəhərlərində 31 mart Soyqırımına həsr olunmuş dəyirmi masa və konfranslar keçirilib, faciəli hadisələri əks etdirən fotosərgilər təşkil olunub və sənədli filmlər nümayiş etdirilib. Martın 30-da Moskvanın "Xudojestvennıy" kinoteatrında tarixçi-ekspertlər, diplomatlar, alimlər, hüquqşünaslar, jurnalistlər, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin və Rusiya ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə  "Xoca" filmi nümayiş etdirilib. Martın 31-də isə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunda xatirə gecəsi təşkil edilib. Tədbir Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğu və diaspor təşkilatlarının dəstəyi ilə keçirilib.31 Mart Soyqırımının qurbanları Ukraynanın paytaxtı Kiyevdə də anılıb. Ukrayna Azərbaycanlıları Konqresinin  ofisində keçirilən anım mərasimində Ukrayna ictimaiyyətinin təmsilçiləri, Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin əməkdaşları, Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri iştirak edıb. Krım Azərbaycan İcması,  Ukrayna Azərbaycanlıları Konqresinin Odessa, Dnepropetrovsk, Nikolayev regional bölmələri də 31 Mart şəhidlərinin xatirəsinə həsr olunmuş mərasimlər keçiriblər. Martın 31-də  Belarus Respublikasının paytaxtı  Minskdə Azərbaycan Respublikasının Belarusdakı Səfirliyi və Belarus Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə xatirə gecəsi keçirilib. Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində baş tutan tədbirə Belarus ictimaiyyətinin, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri dəvət olunub. Martın 31-də Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi və Moldova Azərbaycanlıları Konqresi də ölkənin paytaxtında analoji anım mərasimi təşkil edib. Türkiyədə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü yerli kütləvi informasiya vasitələrində işıqlandırılıb. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası faciənin anım günü Koceli şəhərində aparıcı yerli kütləvi informasiya vasitələri üçün mətbuat konfransı təşkil edib. Mətbuat konfransında 1918-ci ilin 31 mart və 1-2 aprel tarixlərində  erməni əsgərlərinin Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə dinc əhaliyə amansızlıqla divan tutması haqqında  məlumat verilib. Həmin hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndinin xarabalığa çevrilməsi, 700 minədək soydaşımızın öldürülməsi və digər tarixi faktlar  kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılıb. Bundan başqa, martın 30-31-də Koceli, Yalova, İzmir, Əskişəhır, İstanbul şəhərlərində də 31 Mart Soyqırımına həsr olunmuş anım mərasimləri, fotosərgilər, film nümayişləri təşkil olubnub. Şimali Kipr Türk Respublikasındakı  Azərbaycanlı Tələbələr Birliyi Lefkoşa şəhərindəki Heydər Əliyev prospektində 31 Mart faciəsinin ildönümü ilə əlaqədar yürüş təşkil ediblər..Gürcüstan, Misir və Qazaxıstanda fəaliyyət göstərən diaspor təşkilatlarımız da Azərbaycanlıların Soyqırımı ilə bağlı tədbirlər keçiriblər. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dünyanın bir sıra ölkələri ilə yanaşı, okeanın o tayında da Azərbaycan diasporunun təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirilib. Birləşmiş Ştatlar və Kanadanın bir çox şəhərlərində soyqırım qurbanlarının xatirəsini anmaq, Azərbaycanın üzləşdiyi haqsızlıqları, erməni vəhşiliyini yerli ictimaiyyətə çatdırmaq üçün martın 30-31-nə müxtəlif tədbirlər keçirilib. Martın 30-da Amerika-Azərbaycan Şurası Los Anceles şəhərində "31 Mart qırğınından 95 il ötür" mövzusunda dəyirmi masa, Hyustonda isə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası "31 Mart Soyqırımı və erməni vəhşiliyi" adlı konfrans təşkil edilib. Həmin gün Nyu-Yorkdakı Azərbaycan cəmiyyətləri də 31 Mart Soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri keçiriblər. Martın 31-də isə Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda Azərbaycan diaspor təşkilatları 1918-ci ilin mart-aprel aylarında baş verənlərə dair dəyirmi masa, konfranslar və anım mərasimləri təşkil ediblər. Soyqırım günü Hyustonda, Kaliforniya ştatının Los Anceles, San Fransisko, San Xose şəhərlərində də konfrans və anım mərasimləri keçirilib. 1918-ci ildə ermənilərin Bakıda törətdiyi hadisələrin ildönümü Kanada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri tərəfindən də geniş qeyd olunub. Kanadadakı Azərbaycan diaspor təşkilatları martın 30-da Hamilton və Toronto şəhərlərində 31 Mart Soyqırımına həsr olunmuş konfrans, Montreal şəhərində ədəbi-bədii gecə təşkil edilib. Martın 31-də isə bu ölkənin Edmunton, Toronto, London, Montreal, North York və Vankuver şəhərlərində 31 Mart mövzusunda rəsm sərgisi, xatirə gecəsi, müzakirələr, elmi konfranslar və anım mərasimləri keçirilib. 1918-ci il 31 Mart Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş konfranslar Meksika, Estoniya və Rumıniyanın mərkəzi şəhərlərində də təşkil olunub. Litvanın nüfuzlu qəzetlərində və internet portallarında isə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü haqqında litva və rus dillərində məqalələr, tarixi icmallar və analitik materiallar, müsahibə və görüntülər yerləşdirilib. Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri və Azərbaycan Diasporu hər il olduğu kimi bu il də 1918-ci il martın 31-də baş vermiş faciəni müxtəlif aksiya və tədbirlərlə yad edib. Berlindəki Azərbaycan evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Gənclər Assosiasiyası  birgə etiraz nümayişi keçiriblər.  Etiraz aksiyası martın 31-də Berlinin mərkəzi Brandenburq darvazaları önündə təşkil olunub. Nümayişdən sonra Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlindəki Azərbaycan Evində anım mərasimi keçirilib. Avropa Azərbaycanlıları Konqresi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Almaniya Bundestaqının spikeri- pofessor Norbert Lammertə ünvanlanmış bəyanat qəbul edib. Bəyanatda deyilir ki, 31 mart tarixində erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımdan 95 il ötür. 1918-ci ilin mart-aprel aylarında baş verən kütləvi qırğın zamanı silahlı erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetirib. Bakı, Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədilib. Bəyanatda həmçinin, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutduğu və onların vəhşiliyi nəticəsində 613 nəfərin şəhid, 487 nəfərin əlil olduğu, 1275 nəfər dinc sakinin- qocalar, uşaqlar və qadınların əsir götürələrək ağlasığmaz zülmə və təhqirlərə məruz qaldığı da vurğulanıb. Almaniya Azərbaycanlıları Konqresi Almaniya Bundestaqını nüfuzlu beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, soyqırımı dövlət siyasətinin tərkib hissəsinə çevirmiş Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpasına çağırıb. Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası da 31 Mart soyqırımı ilə əlaqədar Almaniya Bundestaqının spikeri, professor Norbert Lammertə ünvanlanmış bəyanat qəbul edib. Bəyanatda 1918-ci ilin mart-aprel aylarında ermənilərin Azərbaycanın bir çox şəhərlərində törətdiyi qırğınlar, kütləvi və amansız qətllər, 700 mindən çox insanın öldürülməsi haqqında məlumat verilir, ermənilərin azərbaycanlılara qarşı bir əsrdir həyata keçirdiyi soyqırım və deportasiya siyasəti pislənilir. Bəyanatda deyilir ki, 31 mart soyqırımı insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunur və Almaniya dövləti, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləməli, insanlığa qarşı törədilən bu qatı cinayət genosid aktı kimi tezliklə beynəlxalq hüquqi qiymətini almalı və cinayətkarlar cəzasız qalmamalıdırlar. 

 

Birləşmiş Ştatlarının Nyu-Cersi ştatının Assambleyası martın 31-ni Azərbaycanlıların soyqırımı qurbanlarının xatirə günü kimi tanıyan qətnamə qəbul edib. Sənəddə deyilir ki, silahlı erməni daşnak-bolşevik dəstələri 1918-ci ilin martında Bakı, Quba və Şamaxıda, habelə Bakı quberniyasının digər yaşayış məntəqələrində dinc azərbaycanlılara qarşı divan tutub. Təkcə Bakı şəhərində 12 mindən çox azərbaycanlı qətlə yetirilib. Assambleyanın sədri Şeyla Oliver tərəfindən imzalanmış qətnamə Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəriyə təqdim edilib. Qətnamədə deyilir ki, 1918-ci ilin mart hadisələri zamanı 20 mindən çox azərbaycanlı qətlə yetirilib. Azərbaycanlıların soyqırımını "dünya tarixində ən çox qınanan qanlı azğınlıqlardan biri" adlandıran Nyu-Cersi parlamentinin deputatları Azərbaycanın şəhər və kəndlərində misli görünməmiş vəhşiliklər törətmiş silahlı daşnak-bolşevik dəstələrinin hərəkətlərini pisləyiblər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31