Amerikadakı Azərbaycan diaspor təşkilatları

Azərbaycan diasporunun bu gün mövcud olduğu ölkələrdən biri də Birləşmiş Ştatlardır. Tarix baxımından soydaşlarımızın okeanın o tayında məskunlaşması XIX əsrin əvvəllərinə, daha dəqiq desək Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından sonrakı dövrə təsadüf edir. Düzdür, həmin dövrə qədər də azərbaycanlıların Birləşmiş Ştatlara səfərləri və ya mühacirəti olub. Lakin bu çox qabarıq şəkildə özünü göstərməyib. Ancaq Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından sonra soydaşlarımızın Birləşmiş Ştatlara mühacirəti intensivləşib. O zaman bolşevik və daşnakların təzyiqlərindən yaxa qurtarmaq üçün AXC fəallarının üz tutduğu ölkələrdən biri də məhz Birləşmiş Ştatlar idi. Sonrakı illərdə də azərbaycanlıların Amerikaya mühacirəti prosesi baş verib. Tədricən bu ölkənin cəmiyyətinə uyğunlaşan və inteqrasiya edən azərbaycanlılar zaman keçdikcə okeanın o tayında cəmiyyət və dərnəklər, təşkilatlar təsis etməyə başlayıblar. Ötən illər ərzində soydaşlarımızın Birləşmiş Ştatlarda təsis etdikləri cəmiyyət və dərnəklər illər keçdikcə böyüyüb inkişaf etmiş və Azərbaycan diasporu rolunu oynamışlar. Məhz bunun nəticəsidir ki, hazırda okeanın o tayında fəaliyyət göstərən onlarla bu kimi təşkilatlar bu gün Azərbaycan diasporunu təmsil edirlər. Günümüzdə Birləşmiş Ştatlarda Azərbaycanı layiqincə təmsil edən, ölkəmizin həqqiqətlərini Amerika ictimaiyyətinə çatdıran, o cümlədən zəngin tarixi-mədəni irsimizi təbliğ edən diaspor təşkilatlarımız bunlardır.

ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN)- ABŞ Azərbaycanlıları Şəbəkəsi (US Azeris Network - USAN) bütün ABŞ-ın Azərbaycan, türk və digər diaspor və icma təşkilatlarını, qruplar, cəmiyyəti, koalisiyalar, şəbəkələr, assosiasiyalar və klubları bir arada cəmləşdirir. ABŞ Azərbaycanlıları Şəbəkəsi Azərbaycan- Amerika potensial seçiçilərinin bir araya gətirilməsinə cəhd edir. USAN seçiçiləri səsvermə və seçici qeydiyyatı ilə bağlı maarifləndirmək, Amerika siyasi debatında onların iştirakını təmin etmək, səsvermədə iştirakı fəallaşdırmaq və aktiv seçiçi potensialına çevrilmək imkanlarının artırılmasına çalışır. Şəbəkə Azərbaycan-Amerika seçicilərinin Vaşinqton və ABŞ ştatlarında güclü qüvvəyə çevrilməsini, geniş nüfuza sahib olmasını, səsinin eşidilməsini qarşıya məqsəd qoymuşdur. Xüsusən də enerji təhlükəsizliyi, dini dözümlülük, irqcilik, NATO, Avropa İttifaqı və Ümumdünya Ticarət Təşkilatına siyasi, humanitar yardım və strateji müttəfiqlik, xalqlara vergi, sosial təminat, səhiyyə, texniki yardıma aid məsələlərdə həlledici rol oynamaq əzmindədir. Şəbəkə Birləşmiş Ştatlar siyasətinə Azərbaycan-Amerika, Türk-Amerika ictimaiyyətini, İran azərbaycanlıları icmalarını, eləcə də yəhudi diasporunu ətrafında cəmləşdirərək yeni bir seçici qüvvəsi kimi nüfuz etmək niyyətindədir. Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) icracı direktoru Adil Bağırovdur.

Azərbaycan Amerika Alyansı-Azərbaycan Amerika Alyansı (AAA) qeyri-hökümət təşkilatıdır. Onun missiyası Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət atmosferinə yardım etməkdən ibarətdir. Onun həyata keçirdiyi ən irimiqyaslı tədbirlədən biri 2012-ci ilin fevralında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirdiyi kampaniyadır. Azərbaycan Amerika Alyansının Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya yüz milyonlarla insanı əhatə etmişdir və ümumilikdə silsilə tədbirlərdən ibarət olmuşdur. Kampaniya çərcivəsində Nyu-York və Vaşinqtonun mərkəzi küçə, vağzal və metro stansiyalarında poster və bannerlərdən tutmuş ABŞ konqresmenlərinin bəyanatları, Xocalı soyqırımına həsr olunmuş film və digər təbliğat tədbirləri həyata keçirilmişdir. "Washington Post", "New-York Times" qəzetlərində 26 fevral sayının bütöv bir səhifəsi Xocalı soyqırımına həsr olunmuş, həmçinin "Washington Post", "New-York Times" və "Politico" dərgilərinin internet səhifələrində həftə müddətində Xocalı soyqırımı ilə bağlı pop-up yerləşdirilmişdir. Təkcə bu pop-up vasitəsilə bu saytları ziyarət edən 10 milyona yaxın insana Xocalı həqiqətləri çatdırılmışdır.

Fevralın 23-dən etibarən Azərbaycan-Amerika Alyansı küçə, poster və digər aksiyalar vasitəsilə azərbaycanlılara qarşı yönəlmiş cinayət haqqında dünyanın iqtisadi mərkəzi olan Nyu-York və siyasi mərkəzlərindən biri olan Vaşinqton sakinlərini məlumatlandırmışdır. Nyu-York şəhərinin ən böyük dəmiryolu vağzalı olan "Penn Station"da, vağzalın giriş və cıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilmiş, avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılmışdır. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında,"Capitol Hill"ə gedən avtobuslarda posterlər yerləşdirilmişdir. Həmçinin Xocalı soyqırımını daha böyük müstəviyə, Birləşmiş Ştatların xarici siyasətində prioritet məsələlər dairəsinə çıxarmaq üçün Azərbaycan-Amerika Alyansının saytında xüsusi bölmə yaradılmışdır. Saytda Xocalı hadisələri ilə bağlı geniş məlumatlar öz əksini tapmışdır. Azərbaycan Amerika Alyansının təsisçisi və rəhbəri Anar Məmmədovdur.

Amerika Azərbaycanlıları Cəmiyyəti-Amerikada ilk Azərbaycan diaspor təşkilatı 1956-cı ildə Birləşmiş Ştatların Nyu-Cersi ştatında yaradılmış Amerika Azərbaycanlıları Cəmiyyətidir. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələri olan Nağı bəy Şeyxzamanlı tərəfindən təsis edilmiş bu cəmiyyət Amerikada Azərbaycan həqiqətlərini təbliğ etmiş, respublikanın Sovetlər tərəfindən işğal olunduğunu bəyan etmişdir. Amerika Azərbaycanlıları Cəmiyyətinin aparıcı üzvləri Azərbaycan Demokratik Respublikasının "Hec bir yerdə məskən salmayın, bizim gözəl olkəmiz var. Nə vaxtsa bir gün hamımız geri dönüb, orada yaşayacağıq" arzuları ilə sələflərinə vəsiyyət edən Nağı Şeyxzamanlı kimi banilərin nəvə və nəticələridir. Amerika Azərbaycanlıları Cəmiyyəti azərbaycanlıları öz ətrafında toplayaraq xalqımızın qədim tarixi və zəngin mədəniyyəti barədə Amerika ictimaiyyətini məlumatlandırır. Otən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın ərazi butovluyunə təcavuzu və Dağlıq Qarabağ ətrafında baş verən hadisələrə etirazla əlaqədar Amerika Azərbaycanlıları Cəmiyyətinın fəaliyyətində müşahidə edilən dircəliş nəticəsində cəmiyyət Birləşmiş Ştatlardakı ən fəal Azərbaycan diaspor təşkilatlarından birinə çevrilmişdir. Amerika Azərbaycanlıları Cəmiyyəti yarandığı gündən indiyədək Azərbaycanla bağlı həqiqətləri Amerika ictimaiyyətinə catdırmaq məqsədi ilə aktiv fəaliyyət göstərir. Ənənəvi olaraq cəmiyyət Azərbaycanın milli və dövlət bayramları-Müstəqillik günü, Respublika günü, Novruz bayramı- Azərbaycan torpaqlarının erməni separatçıları tərəfindən işğal olunan günləri, 20 Yanvar, Xocalı faciəsi kimi digər matəm günlərini hər il qeyd edir. Amerika Azərbaycanlıları Cəmiyyətinin hazırda sədri Tomris Azəridir. Tomris Azəri Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası sədrinin müavinidir. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Amerika-Azərbaycan Ticarət Palatası (USACC)-1995-ci ildə yaradılan Amerika-Azərbaycan Ticarət Palatası (USACC) Azərbaycan ilə uzunmüddətli işgüzar əlaqələrin yaradılmasını axtaran Amerika şirkətləri üçün mühüm mənbə olmuşdur. "Washington Post" qəzetinin qeyd etdiyi kimi, Amerika-Azərbaycan Ticarət Palatası Amerika investorlarının Azərbaycanda ən güclü müdafiəçisidir. Bu təşkilat iki ölkə arasında işgüzar əlaqələrin inkişafında mühüm rol oynayır. Amerika-Azərbaycan Ticarət Palatası dünyanın ən strateji və iddialı regional enerji layihələri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrdə əsas hərəkətverici qüvvədir. Palata Azərbaycan və Amerika Birləşmiş Ştatlarının hokumət və qeyri-hokumət təşkilatları, biznes təşkilatları arasında etibarlı informasiya və şəbəkə xidmətləri gostərmək, əməkdaşlıq və məlumat mubadiləsinin inkişafını təmin edir. Amerika Azərbaycan Ticarət Palatasının icraçı direktoru vəzifəsini Mahir İskəndərli həyata keçirir.

Amerika-Azərbaycan Şurası-1994-cu ildən Vaşinqtonda fəaliyyət göstərir. Təşkilat indiyədək muxtəlif siyasi lobbiçilik fəaliyyəti ilə məşğul olmaqla yanaşı, mədəniyyətlə bağlı silsilə tədbirlər, sərgilər, araşdırma mərkəzlərində Azərbaycanla bağlı seminarlar təşkil etmişdir. Təşkilatın üzvləri Xocalı, 31 Mart Soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında, müxtəlif məsələlərlə bağlı məktublar, bəyanatlar hazırlayaraq Amerika prezidentindən tutmuş bütün dövlət nümayəndələrinə, senatorlara, konqresmenlərə, eyni zamanda, mətbuata göndərirlər. Amerika-Azərbaycan Şurası 2006-cı ildə qeyri-hökümət təşkilatı kimi qeydiyyatdan keçmişdir. Hazırda təşkilatın İdarə Heyətində 7 nəfər təmsil olunur. Şura Kaliforniya ştatında fəaliyyət göstərən ən böyük Azərbaycan təşkilatıdır. Şuranın məqsədi azərbaycançılıq ideyalarını bir araya gətirmək, bu fikirləri tədris və mədəni proqramlar vasitəsilə ortaya qoymaqdır. Bu rakursda Amerika-Azərbaycan Şurası tərəfindən mütəmadi olaraq forumlar keçirilir. Kaliforniyada təhsil alan azərbaycanlı tələbələr və Azərbaycanla bağlı araşdırmalar aparan insanlar foruma dəvət edilir, iqtisadi, siyasi və texnoloji problemlər ətrafında müzakirələr aparılır. Amerika-Azərbaycan Şurasının Texas ştatında da nümayəndəliyi fəaliyyət göstərir. Amerika-Azərbaycan Şurası Azərbaycan mədəniyyətinin Birləşmiş Ştatlarda yaxından təbliğ edilməsi prosesində də fəal iştirak edir. Ümumi məqsəd ideoloji məsələlər üzərində qurulmuşdur. Amerika-Azərbaycan Şurasının prezidenti Cavid Hüseynovdur.
 

Ardı növbəti sayımızda
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31