Diaspor rəhbərləri dövlət başçısının diqqət və qayğısında
19 Mart 2013 16:10 DiasporaƏvvəli ötən sayımızda
Azərbaycan dövləti və onun preezidenti tərəfindən təltif edilən diaspor nümayəndələrindən biri də Cingiz Sadıxovdur. Çingiz Sadıxov 1929-cü il, aprelin 5-də Bakıda anadan olub. 1953-1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971-1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981-1990-cı illərdə "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, 1973-1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və muəllimi, 1983-1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991-1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərib. 1994-cu ildən ABŞ-da San-Fransisko şəhərində yaşayır. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunub. Azərbaycanın tanınmış musiqicisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıxova təbrik məktubu göndərib.. 1959-cu ildə Azərbaycanın "Əməkdar artisti", 1987-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2009-cu ildə oktyabrın 28-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Eldar Əfəndiyev- 1954-cu il, mayın 29- da Estoniya Respublikasının Narva şəhərində anadan olub. 1971-1972-ci illərdə Narvanın "Baltikalı" zavodunda tokar işləyib. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakultəsinə daxil olan Eldar Əfəndiyev burada iki il oxuduqdan sonra öz təhsilini A.İ.Gertsen adına Leninqrad Dovlət Pedaqoji İnstitutunda davam etdirib. Ali təhsilini başa vurduqdan sonra Estoniyaya qayıdan Eldar Əfəndiyev Narva Dövlət Muzeyində elmi əməkdaş, sonralar isə 20 ildən artıq muddət ərzində (1979-1999 və 2001-2002-ci illərdə) direktor vəzifəsində çalışıb. 1990-cı illərdə Eldar Əfəndiyev Narva Muzeyinin YUNESKO-nun nəzdində Beynəlxalq Muzeylər Təşkilatı, 1992-ci ildə isə həmin muzeyin Baltik dənizi olkələrinin beynəlxalq qala-muzey təşkilatına daxil edilməsinin təşkilatçısı olub. 1997-ci ildə Estoniyada aparıcı partiyalardan olan Mərkəzcilər Partiyasına daxil olub. Həmin illərdə o, eyni zamanda İda-Virumaa qəzasının yerli özünüidarəetmə ittifaqının sədr müavini vəzifəsində işləyib. 1999-2000-ci illərdə Narva şəhərinin meri olub. 2002-ci ildə Eldar Əfəndiyev Estoniya Respublikasının milli münasibətlər və məskunlaşma naziri təyin edilir. Estoniya Parlamentinin X və XI çağırışlarının deputatıdır. Estoniya Azərbaycan Parlamentlərarası işçi qrupunun rəhbəridir. 2004-cu ildə Tallin şəhərində fəaliyyətə başlayan "Bakılı" Klubunun təsiscilərindən biridir. Narva Humanitar Gimnaziyasının Qəyyumlar Şurasının üzvü, Pro Narva Mərkəzi İdarəsi Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti, Dunya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü, "Aleksandr kilsəsi"nin Şura üzvüdür. 1986-cı ildə Narva qalasında muzey proyektinə görə müəllif mükafatına, 1987-ci ildə Estoniya Mədəniyyət Fondunun birinci mükafatına, 1989-cu ildə D.Soros Fondunun qrantına layiq görülüb, Estoniyanın 4-cu dərəcəli "Dövlət Gerbi" ordeni, sərhədyanı əməkdaşlıqda xidmətlərinə görə III dərəcəli "Xacla", Azərbaycan Respublikasının "Birlik" ordeni, "Dostluq" ordeni və digər medallarla təltif olunub. 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Eldar Vəliyev- 1951-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. 1973-cu ildə Azərbaycan Dövlət Universitetini nəzəriyyə fizikası ixtisası üzrə bitirib. Həmin ildən bu günədək Ukrayna Milli Akademiyasının Radiofizika və Elektronika İnstitutunda çalışır. Xarkov şəhəri Xətai adına Azərbaycan Mədəniyyət Mərkəzinin təsiscisi olub və 1991- 1992-ci illərdə mərkəzə rəhbərlik edib. 1992-ci ildən tətbiqi elektrodinamika üzrə beynəlxalq monoqrafiya silsilələrinin nəşr komitəsinin üzvüdür. 1997-ci ildə ABŞ-ın Bioqrafiq İnstitutu tərəfindən "İlin adamı" seçilib. 1999-cu ildən Xarkov şəhəri Tətbiqi Radioelektronika Elmləri Akademiyasının akademikidir. 1990-2002-ci illərdə Türkiyədə Adana Cukurova Universiteti, Yaponiyada Cuo Universiteti, Osaka Elektro-Kommunikasiya Universiteti, Pensilvaniya Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrində professor vəzifəsində çalışıb: "Elektromaqnit nəzəriyyəsində riyazi üsulları" Beynəlxalq konfransının təşkilatçısı və dəyişilməz sədridir. Fizika-riyaziyyat elmləri üzrə 5 elmlər namizədi hazırlayıb. 2000-ci ildən "Dostluq" Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin İdarə Heyətinin üzvü, həmçinin "Elektromaqnit dalğaları və elektron sistemləri" jurnalının redaksiya şurasının üzvüdür. 2003-cu ildən Xarkov vilayətinin Ukrayna Sahibkarlar və Sənayecilər İttifaqının xarici iqtisadi əlaqələr üzrə vitse-prezidentidir. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə elm sahəsindəki nailiyyətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
Erix Fayql- 1931-ci il sentyabrın 24-də Vyanada anadan olub. Erix Fayql Türk tarixini, mədəniyyətini tədqiq edən tanınmış alimdir. 60-dan çox sənədli filmin və 20-dən çox kitabın muəllifidir. Erix Fayql Türk xalqlarının tarixini, mədəniyyətini özündə əks etdirən "Doğu Turkistan" və ya "Min bir hakimiyyət", Osmanlı İmperiyasının yarandığı andan süqutuna kimi bir dövrü əhatə edən "Türklərin gəldikləri yerlər və türklərin getdikləri yerlər", ermənilərin tarix boyu türklərin başına açdığı müsibətlərdən danışan "Erməni terrorizmi"ni əks etdirən bir sıra sənədli filmlərin müəlliflərindən biridir. Onun fundamental əsərlərindən biri hesab olunan "Bir Terrorun Əfsanəsi" 5 dildə - alman, ingilis, fransız, türk və rus dillərində nəşr edilib. Erix Fayql mütəmadi olaraq Avropa ölkələrində -Türkiyə, Almaniya, Avstriyada erməni probleminə həsr edilmiş elmi praktiki konfranslarda, seminarlarda iştirak edib. 2005-ci ildə "Qondarma Erməni soyqırımının 90 illiyi" münasibətilə Avstriyada "Tərs Təpki" adlı kitab dərc etdirib. 2000-ci ildə ümummilli lider Heydər Əliyev Avstriya Respublikasına rəsmi səfəri zamanı professor Erix Fayqlla görüşüb. 2001-ci ildə Erix Fayql Dünya azərbaycanlılarının I qurultayında iştirak edib. 2005-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıya səfər edib və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşüb. Bu səfər zamanı ona Azərbaycan İqtisadiyyat Universitetinin fəxri doktoru adı verilib. 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub. Erix Fayql 2007-ci ildə vəfat edib.
Ədalət Hüseynov- 1947-ci ildə martın 13-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1969-1972-ci illərdə kənd məktəbində müəllim, 1972-1974-cu illərdə Masallı LKSM-in katibi, 1974-1992-ci illərdə Milli Təhlükəsizlik Orqanlarında çalışıb. 1996-cı ildə Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan Regional Şöbəsinin sədri olub. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının "Tərəqqi" medalı, həmçinin 2012-ci il martın 6-da isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı dostluq əlaqələrinin inkişafı sahəsindəki xidmətlərinə görə III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Əlzaman Rəhimov- 1958-ci il oktyabrın 22-də Saatlı rayonunda anadan olub. İqtisad elmləri namizədidir. 1981-1985-ci illərdə Saatlı rayonu Varxankənd məktəbində biologiya və coğrafiya mü əllimi kimi fəaliyyət göstərib. 1985-1989-cu illərdə Moskva vilayətində Domodedovo şəhər zavodunda fəhlə kimi çalışıb. 1990 -1991ci illərdə Moskvada "Sevpuxovskaya rastava", "Nərgiz" kooperativlərinin sahibkarı olub. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif edilib.
Əşrəf Heybətov- 1951-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Dövlət İncəsənət İnstitutunu bitirib. Azərbaycanın Əməkdar rəssamı, RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Almaniyada "Bakı" Mədəniyyət Cəmiyyətinin sədridir. Rusiya Federasiyası Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamıdır. 1991-ci ildən YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti" Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, Rusiya Federasiyası Rəssamlar İttifaqının və Rusiya Şərqşünaslıq Cəmiyyətinin üzvüdür. Əşrəf Heybətov eyni zamanda "Azərbaycan-Almaniya" Dostluq Cəmiyyəti İdarə Heyətində təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə Kuratoru, Almaniya Rəssamlar Birliyi, Beynəlxalq PDA ("Platforma, Dialoq, Avrasiya") təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür. Onun işlərinin əsas mövzusu Azərbaycan və bu diyarın xalqıdır. Əslən icərişəhərli olan Əşrəf Heybətov öz əsərlərinin çoxunda Bakının bu qədim hissəsindəki doğma dar küçələri təsvir etmişdir. Lakin son vaxtlar ümumtürk miqyaslı mövzular onu daha cox maraqlandırır. Əşrəf Heybətov hazırda Almaniyanın Koblents şəhərində yaşayır. 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.
Fazil Həsənov- 1956-cı ildə martın 11-də Gürcüstanın Marneuli şəhərində anadan olub.Bakı Lenin adına Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini, Tbilisi Sosial Universitetin hüquq fakültəsini bitirib. Fazil Həsənov Tbilisi Biznes və Huquq Universitetinin fəxri doktorudur. 1973-1976-cı illərdə Marneuli şəhər 8 illik məktəbində katib-müəllim, 1978-1980- ci illərdə Marneuli Sovet SMT raykom əsaslı komsomol komitəsində katib, 1980-1982-ci illərdə Marneuli sovet SMT azad Partiya komitəsində katib, 1983-1985-ci illərdə Marneuli şəhər Partiya komitəsində təlimatçı, 1985-1989-cu illərdə Marneuli şəhər Partiya komitəsində partiya komissiyasının sədri, 1989-1991-ci illərdə Marneuli şəhər Partiya komitəsində təşkilat komitəsinin mudiri vəzifəsində çalışıb. 1992-1996-cı illərdə "EXO" korporasiyası Marneuli filialında direktor, 1996-1998- ci illərdə "İntertreyd" Alman-Gurcu birgə müəssisəsində baş direktor, 1998-1999-cu illərdə Marneuli rayon İcra Hakimiyyətində icra başçısının I müavini, 2000-2003-cü illərdə "Evrika" Azərbaycan-Gürcü birgə müəssisəsində baş direktor, 2004-cü ildə isə Azərbaycanlılar Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri olub. "Qobustan", "Qızıl Buta", Tbilisi Biznes və Hüquq Universitetinin fəxri doktoru adına layiq görülüb. 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir