Gürcüstanda Azərbaycanın zəngin tarixi-mədəni irsinin fəal təbliğatçıları

Əvvəli ötən sayımızda

Gürcüstanda fəaliyyət göstərən çoxsaylı təşkilat və cəmiyyətlərdən biri də Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyidir. Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyi üzvlərinin sayı etibarilə iri cəmiyyətlərdən biridir. Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyi 2001-ci ildə  paytaxt Tbilisi şəhərində təsis edilib.  Birlik respublika üzrə ziyalıların əksər qismini, müəllimləri, şair-nasirləri, başqa peşə sahiblərini öz ətrafında toplamağa nail olub. Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyi rəsmi və ictimai dairələrdə Azərbaycan naminə təbliğat işi aparmaqla Gürcüstan-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsinə çalışır.

"Gürcüstan Mənim Vətənimdir" Təşkilatı- "Gürcüstan Mənim Vətənimdir" Təşkilatı 2003-cü ildə təsis edilib.  Təşkilat son illər Gürcüstan Azərbaycanlıları Konqresinin tərkibində təmsil olunur.  Təşkilatın məqsədi Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin cəmiyyətinə niteqrasiya etməsidir. Bu məqsədlə təşkilatın fəaliyyəti dövründə bir çox layihələr reallaşdırılıb, kitablar nəşr edilib, qəzetlər buraxılıb və bir çox humanitar aksiyalar həyata keçirilib. "Gürcüstan Mənim Vətənimdir" Təşkilatının 2009-cu ildən fəaliyyətə başlayan mətbu orqanı "Gürcüstan azərbaycanlıları" adlı qəzeti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə nəşr olunur və Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini işıqlandırır. Qəzet zaman-zaman öz səhifələrində oxuculara Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, tarixdə iz qoymuş şəxsiyyətləri barədə maraqlı yazılar təqdim edir. "Gürcüstan Mənim Vətənimdir" Təşkilatının sədri Əli Babayevdir.

"Qeyrət" Xalq Hərəkatı-Gürcüstanda yaşayan azərbaycanlıları öz ətrafında birləşdirən təşkilatlardan biri də "Qeyrət" Xalq Hərəkatıdır. "Qeyrət" Xalq Hərəkatı 1990-cı ildə Marneuli şəhərində yaradılıb. Hərəkat Gürcüstan azərbaycanlılarının hüquqları və milli-mənəvi dəyərlərinin qorunması istiqamətində fəaliyyət göstərir. "Qeyrət" Xalq Hərəkatı Gürcüstanda yaşayan yarım milyonluq azərbaycanlı əhalinin iqtisadi, siyasi, mədəni inkişafı, onların üzləşdiyi problemlərin həlli istiqamətində müntəzəm iş aparır. Təşkilat Gürcüstandakı həmvətənlərimizin hüquqlarının tapdalanmasına qarşı qətiyyətlə çıxış edir. "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərovdur.

Marneuli Gənclər Mərkəzi-Marneuli Gənclər Mərkəzi bir qrup gənc tərəfindən 2005-ci ildə təsis edilib.  Mərkəzin missiyası Kvemo-Kartlidə gənclərin savadlı, məsuliyyətli, fəal inteqrasiya olunmuş vətəndaş olmaları, bu bölgənin, həmçinin, digər bölgələrin ictimai həyatında iştirak etmələri üçün onların təhsil və idman sahəsində inkişafına dəstək olmaqdır. Marneuli Gənclər Mərkəzinin məqsədi gənclərin inkişafı və inteqrasiyası, gənclərin işlə təmin olunması, bölgənin ictimai həyatında və qərarların qəbul olunmasında iştirakçılığa cəlb olunmasıdır. Marneuli Gənclər Mərkəzi Marneulidə və kəndlərdə müxtəlif tədbirlər, sərgilər, aksiyalar, idman və intelektual yarışlar həyata keçirir. Marneuli Gənclər Mərkəzinin dəstəyi ilə bir neçə kənddə (Baydar, Faxralı, Aşağı Saral) gənclər təşkilatları yaradılıb. Marneuli Gənclər Mərkəzinin sədri  Rəna Məmmədovadır.

Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi-Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi 2002-ci il, may ayının 16-da Azərbaycan ziyalıları tərəfindən yaradılıb. Mərkəzin əsas məqsədi ondan ibarətdir ki, Rustavidə yaşayan 73 min əhalinin 15 minini təşkil edən azərbaycanlılar öz soy-kökləri üzərində dayansın, öz mədəniyyətini, dilini itirməsin. Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin maliyyə yardımı vasitəsilə "Ədəbi Gürcüstan toplusu" kitabı işıq üzü görüb. Bundan başqa mərkəzin təsisçiliyi ilə 2008-ci ildən  başlayaraq ayda bir dəfə "Ədəbi Gürcüstan" adlı 16 səhifəlik beynəlxalq qəzet, "Sözün işığı" adlı ictimai-mədəni mətbu orqan nəşr olunur. "Ürəklərdən gələn söz ürəklərə yol tapar" devizi altında ayda bir dəfə oxucuların görüşünə gələn bu qəzetdə Gürcüstanda və dünyada baş verən ictimai-siyasi proseslərə toxunulur. Bununla yanaşı, Borçalı şair və yazıçılarının həyatı, kitabları, şer və əsərləri Borçalıda keçirilən müxtəlif tədbirlər, baş verən olaylar Azərbaycan Respublikası ilə bağlı xəbərlər, torpaqlarımıza erməni təcavüzü və separatizm, əbədi-bədii, dini yazılar, maraqlı məlumatlar, idman xəbərləri verilir. Eyni zamanda mətbu orqanlarda türk dünyasında baş verən hadisələr də işıqlandırılır. Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri Xaləddin Yolçuyevdir.

"Varlıq" Mədəniyyət Mərkəzi-"Varlıq" Mədəniyyət Mərkəzi 2008-ci ildə Tbilisidə təsis edilib. Mərkəz Gürcüstandakı Azərbaycan səfirliyinin dəstəyi ilə yaradılıb. "Varlıq" Mədəniyyət Mərkəzinin xətti ilə "Varlıq" adlı qəzet də dərc olunur. Mərkəzin işi təkcə bu qəzetin çapı ilə məhdudlaşmır. Eyni zamanda "Varlıq" Mədəniyyət Mərkəzi müxtəlif səviyyəli tədbirlər keçirir  Bu tədbirlər çərçivəsində elm və mədəniyyət xadimləri ilə görüşlər, yubileylər, milli və dövlət bayramları qeyd edilir.  "Varlıq" Mədəniyyət Mərkəzi əsasən öz ətrafında elm adamlarını toplayıb. "Varlıq" Mədəniyyət Mərkəzinin sədri Rafiq Hümmətdir.

"Tolerans" İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyi-"Tolerans" İnsan Hüquqları Müdafiəsi İctimai Birliyi 2005-ci ildə, Qardabanı şəhərində təsis edilib.  Birlik Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası istiqamətində müxtəlif tədbirlər həyata keçirir. İctimai Birliyin bir sıra layihələri Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənib və uğurla həyata keçirilib. Belə ki, "Gürcüstan azərbaycanlıları üçün pulsuz beynəlxalq hüquqi yardım", "İnsan hüquqları üzrə Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatı sistemində beynəlxalq müdafiə mexanizmləri" adlı kitablar hazırlanaraq çap edilib. "Tolerans" İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Elbrus Məmmədovdur.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31