Gürcüstandakı Azərbaycan cəmiyyət və təşkilatları
Bu ölkədə mövcud olan onlarla təşkilatlar soydaşlarımızın hüquqlarının qorunması istiqamətində aktiv fəaliyyət göstərirlər
12 Mart 2013 17:28 DiasporaGürcüstanda yaşayan azərbaycanlıların etnik tərkibini Qarapapaqlar, Qıpçaqlar, Saklar, Gögərlər və digər türkdilli tayfalar təşkil edir. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Kvemo Kartli), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan Muxtar Respublikasında, həmçinin Tbilisi, Rustavi və Aqara şəhərlərində kompakt şəkildə yaşayırlar. 2007-ci ilə olan təxmini hesablamalara əsasən Gürcüstanda 360 min azərbaycanlı yaşayır. Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərzisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların məlumatları mövcud olub. XV-XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdu. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlib və ya böyüyüb. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrıseçkilik kimi xarakterizə edilirdi. Bu gün Gürcüstanın bir çox bölgəsində və iri yaşayış məntəqələrində azərbaycanlılar kompakt şəkildə məskunlaşıblar. Azərbaycanlılar əsasən Borçalı (Kvemo-Kartli) və Kaxeti regionlarında cəmləşiblər. Hazırda Tiflisin Meydan, Ortaçala, Vera, Vaşlıcuvar, Saburtalo, Sanzona və Varketili massivlərində kompakt şəkildə yerləşməkdədirlər.
Gürcüstanda azərbaycanlıların yaşadığı rayonlar Marneuli, Bolnisi, Qardabani, Dmanisi, Tsalka, Tetriçkaro, Saqareco, Kaspi, Kareli, Telavi, Qori, Laqodexi, Siqnaxi və Xaşuri rayonlarıdır. Soydaşlarımızın Gürcüstanda yaşadığı şəhərlər isə Tbilisi, Kutaisi, Rustavi, Batumi və Aqara şəhərləridir. 2002-ci ildə keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Gürcüstan azərbaycanlılarının sayı 284,8 min nəfərdir. Qeyri-rəsmi məlumatlarda isə Gürcüstanda yaşayan soydaşlarımızın sayının 500 min nəfərdən artıq olduğu bildirilir. 1990-cı illərin əvvəllərindən etibarən sosial vəziyyətin çətinliyi üzündən yüksək emiqrasiya və doğum səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq əhalinin sayında azalma müşahidə edilir. Belə ki, 1989-cu ildən ötən illər ərzində Gürcüstan azərbaycanlılarının sayı 7,4 faiz azalıb. Bununla belə azərbaycanlıların emiqrasiyası digər etnik azlıqlarla müqayisədə daha kiçikmiqyaslı olduğundan ölkə əhalisinin cəmi sayında onların xüsusi çəkisi 5,7 faizdən 6,5 faizədək artıb. Son siyahıyaalmanın nəticələrinə görə Gürcüstanın 171 kənd yaşayış məntəqəsində etnik azərbaycanlılar üstünlük təşkil edir. Bu kəndlərin 147-si tarixi Borçalı əyalətində cəmlənib. Hazırda Gürcüstanda yaşayan soydaşlarımızın cəmləşdiyi onlarla təşkilat və cəmiyyət mövcuddur. Onlardan ən aktiv fəaliyyət göstərən və Gürcüstandakı soydaşlarımızın problemləri ilə yaxından maraqlanan təşkilat və cəmiyyətlər aşağıdakılardır.
Acarıstan Gürcü-Azərbaycan Xeyriyyə Cəmiyyəti-Acarıstanda (Batumidə) 2000 nəfərdən çox soydaşımızı cəmləşdirən Acarıstan Gürcü-Azərbaycan Xeyriyyə Cəmiyyəti 1997-ci ildə yaradılıb. Batumi şəhərində təsis edilən bu cəmiyyət adından göründüyü kimi xeyriyyə aksiyaları təşkil edir. Həmçinin cəmiyyət paralel olaraq mədəni tədbirlər də keçirir və təbliğatla məşğul olur.
Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzi-Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzi 2010-cu ildə Tbilisi şəhərində rəsmi qeydiyyatdan keçib. Təşkilatın əsas məqsədi Gürcüstanda Azərbaycan mədəniyyətinin inkişafına təkan vermək, mədəniyyət ocaqlarının fəaliyyətinə və inkişafına yardımçı olmaq, müəyyən tədbirlərin keçirilməsi və milli-mədəni dəyərlərin qeyri-Azərbaycan əhalisi arasında yayılmasını təbliğ etmək, gürcü-Azərbaycan mədəni əlaqələrinin inkişafında və milli-mədəni qurumlar arasında əlaqələndirici rol oynamaqdadır. Azərbaycan Mədəniyyətinin İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Namiq Hacıyevdir.
Azərbaycanlıların Tbilisi Mədəniyyət Mərkəzi-Azərbaycanlıların Tbilisi Mədəniyyət Mərkəzi 1996-cı ildə Tbilisi şəhərində təsis edilib. Bu qurum əsasən mədəni təbliğat işi ilə məşğul olur. Buraya müxtəlif təbəqələrdən olan Gürcüstanda yaşayan soydaşlarımız üzvdürlər.
Azərbaycanlıların Mədəniyyət Mərkəzi-Azərbaycanlıların Mədəniyyət Mərkəzi 2004-cü ildə qeydiyyatdan keçib. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin əsas məqsədi soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, gənclərin təhsilə marağının artırılması, mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı təbliğ edərək özümüzü yaşadığımız cəmiyyətə daha da yaxşı şəkildə təqdim etmək və s. kimi işləri həyata keçirməkdir. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində sistematik və fasiləsiz gürcü dili öyrətmə, həmçinin kompüter kursları fəaliyyət göstərir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyilə iri məktəb və məktəbdən kənar .şagirdlər gürcü dili kurslarına cəlb edilib. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində "Sarvan" folklor rəqs qrupu, "Yazarlar Birliyi" fəaliyyət göstərir. Mərkəzin tərkibində kitabxana da mövcuddur. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində həmçinin Gənclər Şurası fəaliyyət göstərir. Gənclər Şurasının tərkibində futbol komandası, intelektual əl işləri dərnəyi və digər klublar yaradılıb. Şuranın vasitəsilə sərgilər, görüşlər, iclaslar və s. təşkil olunur. İnfomasiya qıtlığını aradan qaldırmaq üçün Azərbaycanlıların Mədəniyyət Mərkəzi qəzet və jurnal nəşriyyatı ilə də məşğuldur. Belə ki, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin xətti ilə "Region press" qəzeti, "Qarapapaqlar" və "Meydan" jurnalları nəşr edilir. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənovdur. Azərbaycanlıların Mədəniyyət Mərkəzi Gürcüstanda həm rəsmi, həm də qeyri-rəsmi qurumlar tərəfindən ciddi bir qrum kimi tanınır. Mərkəzin keçirdiyi bütün tədbirlərdə Gürcüstan rəsmiləri də iştirak edirlər.
"Birlik" Ümumgürcüstan Azəri Türklərinin Cəmiyyəti-"Birlik" Ümumgürcüstan Azəri Türklərinin Cəmiyyəti 1992-ci ildə təsis olunub. Cəmiyyətin 21 nəfərdən ibarət Baş Şura və Ağsaqqallar Şurası da fəaliyyət göstərir. "Birlik" Ümumgürcüstan Azəri Türklərinin Cəmiyyətinin əsas məqsədi Gürcüstanın azərbaycanlı əhalisinin mədəniyyyət, təhsil, dil, kütləvi informasiya vasitələri, professional yaradıcılıq və xalq yaradıcılığı, din və digər sahələrdə mənəvi tələbatlarının ödənilməsi üçün əlverişli şərait yaratmaqdır. Gürcüstanın azərbaycanlı əhalisinin deportasiya olunması, spydaşlarımızın hüquqlarının pozulması hallarının, azərbaycanlılar yaşayan bölgələrdə kadrların milli mənsubiyyətə görə təqib olunması, toponomik adların əsassız gürcüləşdirilməsinin qarşısının alınması istiqamətində "Birlik" Ümumgürcüstan Azəri Türklərinin Cəmiyyəti geniş fəaliyyət göstərir. "Birlik" Ümumgürcüstan Azəri Türklərinin Cəmiyyətinin sədri Süleyman Süleymanovdur.
"Dayaq" Assosiasiyası-Gürcüstanda yaşayan soydaşlarımızı öz ətrafında birləşdirən "Dayaq" Assosiasiyası 1991-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb. Assosiasiya Ümumgürcüstan Rustaveli Cəmiyyətinin nəzdində yaradılıb. Assosiasiyanın fəallarının əsas məqsədi Gürcüstanda yaşayan yurdaşlarımızın ictimai və mənəvi inkişafına, mədəni ənənənlərinin qorunub saxlanılmasına, onların konstitusiya hüquqlarının qorunmasına kömək etməkdir. Gürcüstanda Azərbaycan xalqının tarixini, ədəbiyyatını və mədəniyyətini təbliğ, hər iki respublikanın ictimai təşkilatlarının liderlərinin, elm və mədəniyyət xadimlərinin görüşlərini təşkil edir. Assosiasiyanın əsas fəaliyyət istiqamətlərindən biri də nəşriyyat işini təşkil etmək, tarixi abidələrin bərpası ilə əlaqədar tədbirlər işləyib həyata keçirməkdir.
Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyası- Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyası (GATA) 2009-cu ildən fəaliyyət göstərir. Marneulidə qeydiyyatdan keçən bu tələbə təşkilayı Gürcüstanın dövlət və qeyri-hökumət qurumları ilə yaxından əməkdaşlıq edir, müxtəlif layihələr həyata keçirir. Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyası qrant proqramlarına əsasən azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası üzrə layihələrə maliyyə yardımı ala bilib. Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Samirə İsmayılovadır.
Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqı-Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqı 2010-cu il, mayın 15-də Marneuli şəhərində Gürcüstanın azərbaycanlı gənclərinin birinci qurultayında təsis edilib.Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə keçirilmiş qurultayda Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev, Milli Məclisin deputatları Qənirə Paşayeva, Sabir Hacıyev, Rauf Əliyev, Gürcüstan parlamentinin üzvü Azər Süleymanov, Kvemo-Kartli qubernatorunun müavinləri Hüseyn Yusifov, Koba Kubiaşvili, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqı ətrafında Gürcüstandakı azərbaycanlı gənclərin təsis etdiyi 20-yə yaxın təşkilat toplanıb. Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqının əsas məqsədi bu ölkənin azərbaycanlı gənclərini bir araya gətirmək və onların cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl layihələr həyata keçirməkdir. Nizamnaməyə uyğun olaraq Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqının İdarə Heyəti 13 nəfərdən ibarətdir. Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqının sədri Leyla Məmmədovadır.
Ardı növbəti sayımızda
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir