Fransa mətbuatı Azərbaycan diasporuna olan təzyiqləri pisləyir
6 Mart 2013 16:03 DiasporaFransız mətbuatı fevralın 26-da Milli Assambleyada iki azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə döyülməsini işıqlandırmaqda davam edir. Parisdə gündəlik nəşr olunan nüfuzlu "Le Parisien" qəzeti Milli Assambleyada iki azərbaycanlının ermənilər tərəfindən qəddarlıqla döyülməsi ilə bağlı hadisəni "Milli Assambleyada yumruq davasından sonra şikayətlər" başlığı altında dərc edib. Məqalədə bildirilir ki, fevralın 26-da fransız qanunlarının qəbul olunduğu Milli Assambleyada erməni məsələsi üzrə Fransa bürosunun keçirdiyi yığıncaqda ermənilərlə iki azərbaycanlı arasında yumruq davası baş verıb. Fransa Xarici İşlər Nazirliyinin ermənilərin iki azərbaycanlını döymələri hadisəsini pislədiyi, bununla bağlı nazirliyə saysız-hesabsız şikayət ərizələrinin daxil olması məqalədə yer alıb.
"Direct Matin " qəzetində isə Milli Assambleyada baş verən hadisə ilə bağlı dərc olunan məqalədə fevralın 26-da Milli Assambleyada iki azərbaycanlı gəncin ermənilərin hücumuna məruz qalmaları, ölkəmizin Fransadakı səfirliyinə istinadən "iki azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə döyüldüyü" qeyd olunur. Səfir Elçin Əmirbəyovun dərhal hadisə yerinə gəldiyi və xəsarət alanlara yardım göstərildiyi barədə qısa məlumat verilir.
"Courrier İnternational" da dərc olunan " Milli Assambleyada gənc azərbaycanlı qadına vəhşicəsinə divan tutulma cəhdi" başlıqlı yazıda onlarla kişinin köməksiz qadına əl qaldırması Fransa Respublikasının demokratik prinsiplərinə tamamilə zidd olduğu vurğulanır. Məqalədə bildirilir ki, 1970-1980-cı illərdə fəallaşan ermənilərin ASALA terror təşkilatı onlarla türk diplomatını, türk mənşəli fransız vətəndaşlarına qarşı terror aktları həyata keçirərək onları qətlə yetiriblər. Erməni ekstremistlərinə qarşı ictimaiyyətin, xüsusilə kütləvi informasiya vasitələrinin seyrçi münasibətləri bağışlanılmaz haldır. Fransa demokratiyasının simvolu olan Milli Assambleyada baş verən hadisə qanun çərçivəsində həll edilməli, günahakarlar layiqli cəzalarını almalıdırlar.
Milli Assambleyada iki azərbaycanlının erməni vəhşiliyinə məruz qalması "TF-1 NEWS" saytında yer alıb. "Milli Assambleyada ermənilərlə iki azərbaycanlı arasında toqquşma" sərlövhəli yazıda ermənilərin iki azərbaycanlıya qarşı hərəkətləri pislənir, deputat və senatorların hadisə ilə bağlı fikirlərinə yer verilir.
Fransada fəaliyyət göstərən "Vətəndaş sayıqlığı və informasiya kollektivi" təşkilatının orqanında Milli Assambleyada azərbaycanlılara qarşı qəbuledilməz təcavüzü qətiyyətlə pislənilib. Ermənistan səfirliyi və Erməni Milli Sosialist Partiyası tərəfindən Milli Assambleyada təşkil olunan konfransda iki azərbaycanlının- Mirvari Fətəliyeva və Vüsal Hüseynovun erməni millətçilərinin zorakı hücumlarına məruz qalmalarından, gənc qadının möhkəm döyülməsi və gənc oğlanın qabırğasının sınmasından ətraflı bəhs olunub, onların yığıncaq gedən başqa bir zalda sığınacaq tapdıqları və onlara yardım göstərildiyi yazıda yer alıb. Məqalədə həmçinin Ermənistanın Azərbaycan ərazilərini 20 ildən artıq müddətdə işğal altında saxladığı, bu işğalçılıq hərəkəti ilə bağlı BMT kimi beynəlxalq təşkilatın bir neçə qətnamə qəbul etdiyi, işğal edilən ərazilərdə dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməkdə ermənilərin günahkar olmaları xüsusi vurğulanıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir