Orta Asiyada Azərbaycan diaspor təşkilatları
5 Mart 2013 15:21 DiasporaDünyanın əksər bölgələrində olduğu kimi Orta Asiya regionunda da Azərbaycan diasporu fəaliyyət göstərir. Hazırda bu regiona daxil olan hər bir respublikada çoxsaylı Azərbaycan diaspor təşkilatları mövcuddur ki, bu təşkilatlar ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı Azərbaycan həqiqətlərinin Orta Asiya regionuna çatdırılması prosesində də aktiv rol oynayırlar. Paralel olaraq Azərbaycan mədəniyyəti də həmin təşkilatlar tərəfindən Orta Asiyada geniş təbliğ edilir.
Qazaxıstan Respublikası- Bu ölkədə Qazaxıstan Azərbaycanlıları Assosiasiyası və Qazaxıstan Azərbaycanlılarının Mədəni Mərkəzləri İttifaqı fəaliyyət göstərir.
Qazaxıstan Azərbaycanlıları Assosiasiyası-Qazaxıstan Azərbaycanlıları Assosiasiyası 1992-ci ildə Almatı şəhərində keçirilən qurultay əsasında təsis edilib. Assosiasiya Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin əlaqələndirilməsi məqsədilə qurulub. Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedovdur.
Qazaxıstan Azərbaycanlılarının Mədəni Mərkəzləri İttifaqı-Qazaxıstan Azərbaycanlılarının Mədəni Mərkəzləri İttifaqı böyük bir qurumdur. Bu ittifaq demək olar ki, bir koordinasiya mərkəzidir. Qazaxıstan Azərbaycanlılarının Mədəni Mərkəzləri İttifaqında 12 Azərbaycan diaspor təşkilatı birləşib. Rəsmi məlumatlara görə hazırda Qazaxıstanda yüz min, qeyri-rəsmi məlumatlara görə üç yüz min azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, kiçik, orta biznes və digər sahələrdə çalışırlar. Eyni zamanda onlar Qazaxıstan Respublikasının ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlət orqanlarında təmsil olunurlar.
Özbəkistan Respublikası-Özbəkistanda Azərbaycan-Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzi, Azərbaycanlıların Milli-Mədəni Mərkəzləri Assosiasiyası və "Qardaşlıq" Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.
Azərbaycan-Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzi 1992-ci il, aprel ayında Səmərqənd şəhərində təsis edilib. Mərkəzin əsas vəzifəsi Azərbaycan-Özbəkistan mədəni və iqtisadi əlaqələrinin inkişafına köməklik göstərmək, Özbəkistanda yaşayan həmvətənlərimizə xalqımızın adət-ənənələrini yaşatmaqda yardım etməkdir. Dili, dini və adət-ənənələri eyni olan özbək xalqı ilə azərbaycanlıların əlaqələrinin möhkəmlənməsi Azərbaycan-Ğzbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzinin qarşısında duran əsas vəzifələrdəndir. Azərbaycan-Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzinin sədri Səxavət Ovçeyevdir.
Azərbaycanlıların Milli-Mədəni Mərkəzləri Assosiasiyası- Özbəkistanda Azərbaycanlıların Milli-Mədəni Mərkəzlər Assosiasiyası 2002-ci il, noyabr ayının 24-də yaradılıb. Azərbaycanlıların Milli-Mədəni Mərkəzləri Assosiasiyasının Özbəkistanın 6 vilayətində yerli təşkilatı fəaliyyət göstərir. Bu təşkilat Özbəkistanda yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə yaratmasında, "Azərbaycançılıq" ideyasını soydaşlarımız arasında təbliğ etməsində, onların tarixi vətənlə əlaqələrinin gücləndirilməsində, Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin tanıdılmasında mühüm rol oynayır.
"Qardaşlıq" Azərbaycan Mədəniyyət Mərkəzi-"Qardaşlıq" Azərbaycan Mədəniyyət Mərkəzi 1989-cu ilin sentyabr ayında paytaxt Daşkənddə yaradılıb. Mərkəzin əsas məqsədi Özbəkistanda yaşayan soydaşlarımız arasında sıx əlaqələr yaratmaq, onları Azərbaycanda baş verən hadisələrlə yaxından tanış etmək, milli-mədəni dəyərlərin qorunub saxlanılmasına çalışmaq, Azərbaycan və Özbəkistan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirməkdir. "Qardaşlıq" Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətində Azərbaycana qarşı erməni təcavüzkarlarının apardıqları işğalçılıq siyasəti haqqında əsl həqiqəti açıb göstərmək, soydaşlarımıza və Özbəkistanda yaşayan xalqlara bu hadisələrin mahiyyətini izah etmək mühüm yer tutur. Mərkəzdə keçirilən tədbirlərdə və toplantılarda Azərbaycanda gedən hadisələr təhlil olunur, erməni təcavüzkarlarına qarşı müharibə aparmağa məcbur olan Azərbaycana maddi və mənəvi kömək göstərilməsi təşkil edilir. "Qardaşlıq" Azərbaycan Mədəniyyət Mərkəzində tez-tez xalqımızın tarixindən, adət-ənənələrindən söhbətlər aparılır. Mərkəz Özbəkistanın, Azərbaycanın və digər respublikaların mədəniyyət və elm dairələri ilə əlaqələr yaratmaqdır. "Qardaşlıq" Azərbaycan Mədəniyyət Mərkəzində teatr, musiqi, folklor-etnoqrafiya kollektivləri, bədii studiyalar və dərnəklər təşkil edilir. Mərkəzin təşkil etdiyi tədbirlərdə digər millətlərin nümayəndələri də iştirak edirlər. Birgə mədəni və siyasi tədbirlər keçirilir, dəyirmi stol arxasında söhbətlər təşkil edilir, ümumi problemlərdən və qayğılardan danışılır. Belə tədbirlərdə Azərbaycan mədəniyyətini, xalq sənətini təbliğ etmək məsələlərinə xüsusi diqqət yetirilir. "Qardaşlıq" Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın peşəkar incəsənət ustaları və özfəaliyyət kollektivləri ilə müntəzəm əlaqələr saxlayır. "Qardaşlıq" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədovdur.
Hazırda Özbəkistanda 60 mindən artıq azərbaycanlının yaşadığı bildirilir.
Qırğızıstan Respublikası-Qırğızıstan Respublikasında 5 diaspor təşkilatı fəaliyyət göstərir. Bu sıraya "Azəri" İctimai Birliyi, "Azəri" Mədəniyyət Mərkəzi, "Azərbaycançılar" Assosiasiyası, "Xəzər" Mədəniyyət Mərkəzi və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu daxildir.
"Azəri" İctimai Birliyi- Qırğızıstanda Azərbaycan diasporunun ictimai birlikləri azlıq təşkil etsə də, ətrafında burada yaşayan soydaşlarımızın müəyyən hissəsini birləşdiriblər. Bu baxımdan "Azəri" İctimai Birliyi daha çox öz fəallığı ilə seçilir. Təşkilat fəaliyyəti müddətində, 1937-ci ildə SSRİ rəhbərliyi tərəfindən Qırğızıstana sürgün edilmiş azərbaycanlıların, onların övladlarının statuslarının müəyyənləşdirilməsi təklifi ilə çıxış etmişdir. "Azəri" İctimai Birliyinin nəzdində Azərbaycan məktəbi ansanblı fəaliyyət göstərir, milli-mənəvi, mədəni, dini dəyərlərimiz qorunub saxlanılır. "Azəri" İctimai Birliyinin sədri Akif Alllahverdiyevdir.
"Azəri" Mədəniyyət Mərkəzi-Qırğızıstanın paytaxtı Bişkek şəhərində yaradılmış "Azəri" Mədəniyyət Mərkəzi 1992-ci ilin sonlarında fəaliyyətə başlayıb. Mərkəz Qırğızıstanda, xüsusən paytaxt Bişkekdə yaşayan soydaşlarımıza kömək edir. Təşkilat Azərbaycanın iqtisadi, ictimai-siyasi və mədəni həyatı barədə müntəzəm məlumat verir, Azərbaycan və qırğız xalqlar arasında dostluq əlaqələrini, əməkdaşlığı möhkəmləndirir. "Azəri" Mədəniyyət Mərkəzinin sədri A.Xəlilovdur.
"Azərbaycançılar" Assosiasiyası- Paytaxt Bişkeki şəhərində yaradılmiş və rəsmi qeydiyyatdan keçmiş "Azərbaycançılar" Assosiasiyası 1992-ci ildə fəaliyyətə başlayıb. Asoosiasiyanın rəhbərliyinə daxil olan soydaşlarımız ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayırlar. "Azərbaycançılar" Assosiasiyası Qırğızıstanda yaşayan azərbaycanlıların fəallığının artırılması, Azərbaycanla Qırğızıstan arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi sahəsində fəaliyyətini təkmilləşdirir.
"Xəzər" Mədəniyyət Mərkəzi-1994-cü ildə Qırğızıstanda yeni bir mədəniyyət mərkəzi "Xəzər" təşkilatı yaradılıb. Qırğızıstanda yaşayan bütün tanınmış azərbaycanlılar "Xəzər" Mədəniyyət Mərkəzinin üzvləridir. Mərkəz yarandığı vaxtdan ölkədə yaşayan soydaşlarımızın vəziyyəti ilə yaxından maraqlanıb, mövcud problemləri aradan qaldırmaq, öz dilinə, adət-ənənələrinə, mədəniyyətinə hörmət və məhəbbət hissini aşılamaq, soydaşlarımızın maariflənməsinə çalışmaq kimi məsələləri əsas məqsəd və vəzifə olaraq qəbul edib. Həmçinin mərkəz Qırğızıstandakı gənclərimizin təlim-tərbiyyəsinə, təhsil almasına kömək üçün bütün imkanlarından istifadə edir. "Xəzər" Mədəniyyət Mərkəzinin sədri Əsəd Həsənovdur.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu-Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu 2005-ci ildə paytaxt Bişkekdə rəsmi şəkildə fəaliyyətə başlayıb. Fondun fəaliyyətinin əsas istiqaməti türkdilli dövlətlərin liderlərinin müxtəlif ölkələrdə geniş şəkildə təbliğatını təşkil etmək, xalqlarımız arasında birlik və əlaqələrin formalaşmasında dahi siyasətçilərin rolunu daha geniş auditoriyaya çatdırmaqdır. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu bu günə qədər gerçəkləşdirdiyi tədbirlər həm rəsmi, həm də ictimai dairələrdə böyük maraqla qarşılanıb. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun həmçinin Azərbaycanda da filialı fəaliyyət göstərir. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədovdur.
Qeyri-rəsmi məlumatlara əsasən bu gün Qırğızıstanda 20 minə yaxın soydaşımız yaşayır.
Tacikistan Respublikası- Bu ölkədə Tacikistan Azərbaycanlılarının Dostluq və Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Tacikistan Azərbaycanlılarının Dostluq və Mədəniyyət Mərkəzi bir qrup azərbaycanlının təşəbbüsü ilə 2001-ci ilin iyun ayında Düşənbə şəhərində yaradılıb. Mərkəzin başlıca məqsədi Tacikistanda Azərbaycan mədəniyyəti, dili, tarixi dəyərləri, ənənələri, adətlərinin bərpası və qorunması, millətlərarası münasibətlərin, iki xalq arasında dostluğun möhkəmləndirilməsinə çalışmaqdır. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ermənilərin işğalçılıq siyasəti, problemin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın təşəbbüsləri, ölkəmizdə aparılan sosial-iqtisadi inkişaf, hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu istiqamətində görülən işlər istiqamətində Tacikistan ictimaiyyətinə düzgün və reallıqları əks etdirən məlumatların çatdırılması Tacikistan Azərbaycanlılarının Dostluq və Mədəniyyət Mərkəzinin fəaliyyətinin önəmli hissəsini təşkil edir. Tacikistan Azərbaycanlılarının Dostluq və Mədəniyyət Mərkəzinin nəzdində Heydər Əliyev Muzeyi, "Bazar günü" məktəbi, müxtəlif dərnəklərin və veb saytın yaradılması da nəzərdə tutulub. Tacikistan Azərbaycanlılarının Dostluq və Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Əsədovdur.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir