Parisdəki “Azərbaycan Evi”

Azərbaycan diasporunun Fransadakı qabaqcıl təşkilatı

Hazırda Azərbaycan diasporu ermənilərin ikinci vətəni sayılan Fransada da aktiv şəkildə fəaliyyət göstərir. Rəsmi statistikaya görə, bu gün Fransada ona yaxın Azərbaycan diaspor təşkilatı, cəmiyyət və birliklər mövcuddur ki, bu təşkilatlar da qeyd olunan ölkədə Azərbaycan həqiqətlərinin fəal şəkildə təbliği, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş vermə səbəbləri, ermənilərin işğalçılıq siyasəti, həmçinin tarixən azəbaycanlılara qarşı həyata keçirilən deportasiya və soyqırım siyasətinin fransızlara çatdırılması istiqamətində aktiv rol oynayırlar. Fransada uğurlu diaspora fəaliyyəti ilə məşğul olan təşkilatlardan biri də Parisdəki "Azərbaycan Evi"dir. Parisdəki "Azərbaycan Evi"nin əsası 1993-cü ildə qoyulmuşdur. Belə ki, keçmiş SSRİ-nin süqutundan sonra Azərbaycan və onun ətrafında baş verən hadisələri olduğu kimi fransız xalqına çatdırmaq məqsədilə Parisdə "Azərbaycan Evi" yaradılıb. 1992-ci ildə Parisdə yaşayan soydaşlarımızdan Timurçin Hacıbəyli, Ramiz Abutalıbov, Vəfa Mustafayev və Huşəng Azərmərd tərəfindən bu istiqamətdə ilk addım atılıb, Nəticədə Fransada qeydiyyatdan keçən ilk Azərbaycan təşkilatı kimi Parisdəki "Azərbaycan Evi" yaradılıb. Təşkilatın yaradıcıları həmin dövürdə Azərbaycanla bağlı bir neçə tədbirin həyata keçirilməsinə müvəffəq olublar. Parisdəki "Azərbaycan Evi"nin o zamankı əsas heyəti Səid İsmayılov, Patrik Desmont, Səməd İsmayılovdan ibarət idi. Parisdəki "Azərbaycan Evi"nin ən görkəmli üzvləri sırasında isə Andre Qadaud, Jean-Pierre Quinhut, Fransa- Qafqaz Cəmiyyətinin prezidenti Ambroise Dupont, fəxri senator Jean Boyer, Aralıq dəniz Avropası prosesinin səlahiyyətli nümayəndəsi, keçmiş səfir Francois Qouyette və keçmiş səfir Roland Blatmanın adları qeyd edilir.. Lakin Parisdəki "Azərbaycan Evi"nin fəaliyyəti o qədər də uzun sürməyib. Belə ki, Parisdəki "Azərbaycan Evi" nin o zamankı sədri Timurçin Hacıbəylinin vəfatı və daha sonra sədr müavini Ramiz Abutalıbovun vətənə qayıtması nəticəsində təşkilat fəaliyyətini dayandırmağa məcbur olub. Lakin sonrakı dövrlərdə Fransada Azərbaycan diasporunun fəaliyyəti tam strukturlaşmadığından və güclü erməni diasporunun ölkəmizə qarşı apardığı böhtan kampaniyalarına ləyaqətli cavab vermək üçün Parisdə "Azərbaycan Evi" nin fəaliyyətini bərpa etməyin vacibliyi ortaya çıxdı. Nəticədə yerli diaspor nümayəndələrindən ibarət yeni İdarə Heyətinin rəhbərliyi ilə Parisdəki "Azərbaycan Evi"nə yeni bir nəfəs verildi.

Parisdəki "Azərbaycan Evi" Azərbaycan mədəniyyətinin Fransadakı fəal təbliğatçısı kimi xarakterizə edilə bilər. Sözügedən təşkilatın qarşısına qoyduğu başlıca məqsəd Azərbaycan və Fransa arasında mədəni əlaqələrin inkişaf etdirilməsidir. Təşkilatın fəaliyyəti yenidən bərpa olunarkən də onun nizamnaməsində qeyd edilirdi ki, Azərbaycan dili və mədəniyyətinin tanıdılması Parisdəki Azərbaycan Evinin həyata keçirəcəyi layihələrin əsasını təşkil edəcək. Buna müvafıq olaraq Parisdəki Azərbaycan Evi fəaliyyəti müddətində azərbaycanca-fransızca lüğət nəşr edib. Paralel olaraq Parisdəki Azərbaycan Evi 10 illik fəaliyyəti dövründə fransızlar üçün ilk Azərbaycan dili dərsliyinin hazirlanmasında fəal iştirak edib. Həmin vəsaitlərin nəşr edilməsi prosesinin əsas təşkilatçısı isə uzun müddət Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış Jean-Pierre Quinhut olmuşdur. Bununla yanaşı Parosdəki "Azərbaycan Evi" Azərbaycanın uzun illər mədəniyyət naziri vəzifəsində çalışmış Polad Bülbüloğlu ilə sıx əməkdaşlıq şəraitində, UNESCO-nun təşkil etdiyi mədəni tədbirlərdə də fəal iştirak etmişdir. Hələ Parisdəki "Azərbaycan Evi" fəaliyyətini bərpa edərkən bu mərkəzə sədr seçilmiş Mirvari Fətəliyeva öz çıxışında bildirmişdi ki, fəaliyyətləri dövründə əsas etibarilə Azərbaycanı fransızlara yaxından tanıtmağa çalışacaqlar. Bu məqsədlə Parisdəki "Azərbaycan Evi" ötən müddət ərzində Parisdə və Fransanın digər şəhərlərində rəsm və fotolardan ibarət sərgilərin, folklor ansambllarının çıxışlarının, Azərbaycan mətbəxinə dair ustad dərslərinin keçirilməsini qarşısına məqsəd qoyub və həmin tədbirləri zaman-zaman həyata keçirib. Bununla yanaşı Parisdəki "Azərbaycan Evi" qarşıdakı illərdə Fransada yaşayan soydaşlarımızın uşaqları üçün "Ana dili" kurslarının açılmasını da planlaşdırır. Bir sözlə, Parosdəki "Azərbaycan Evi" ölkəmizi fransız xalqına yaxından tanıtmaq üçün bütün imkanlardan istifadə edir.

Parisdəki "Azərbaycan Evi" Fransada Azərbaycanın haqq işi uğrunda aktiv mübarizə aparan, ölkəmizin həqiqətlərini fransızlara çatdıran aktiv Azərbaycan diaspor təşkilatlarından birir hesab edilir. Təşkilat hər il öz ənənəsinə sadiq qalaraq Azərbaycan tarixinə qara hərflərlə yazılmış günləri qeyd edir, həmin hadisələr barədə Fransa ictimaiyyəti, həmçinin bu ölkədə yaşayan digər xalqların nümayəndələrini məlumatıandırır. Bir müddət əvvəl isə Ermənistan prezidenti Serj Sarkisyanın Fransa səfərinə etiraz olaraq Parisdəki "Azərbaycan Evi"nin də iştirakçılığı ilə işğalçı dövlətin Parisdəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə baş tutan etiraz aksiyasıda təxminən 1500-ə yaxın azərbaycanlı və türk iştirak edib. Aksiyanın məqsədi Azərbaycan torpaqlarının işğalında fəal şəkildə iştirak etmiş, Xocalı soyqırımının təşkilatçılarından olan Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya səfərinə Azərbaycan diasporunun etirazını çatdırmaq olub. Aksiyada "Qarabağ bizimdir bizim olacaq"! "Yelisey Sarkisyanı Xocalı qatili elan etməkdən imtina edir!", "Fransa, öz gucünü BMT qətnamələrinin yerinə yetirilməsinə və Azərbaycana qarşı erməni təcavüzünü dayandırmağa yönəlt!", "Bir milyon azərbaycanlı qaçqınının hüqularını tapdayan cinayətkar Sarkisyan!", "Nanəcib qatil Sarkisyan, Xocalıda günahsız 613 azərbaycanlını öldürdüyünə görə cavab ver!", "Qatil Sarkisyan, sənin yerin Haaqa Tribunalıdır" və digər şüarlar səsləndirilib.

Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayan aksiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan azərbaycanlı şəhidlərin xatirəsi yad edilib. Aksiya iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin regionda sülhə və təhlükəsizliyə təhdid olduğunu, dünya birliyinin münaqişəyə ədalətli qiymət verməsini tələb edən şüarlar səsləndiriblər. Aksiyada "Koroğlu" uvertürası və qədim Azərbaycan xalq mahnısı olan "Sarı gəlin" musiqisinin sədaları altında çıxış edən Azərbaycan diasporunun fəalları, tanınmış ictimai xadimlər Ermənistanın təcavüzkar siyasətinə öz etirazlarını bildiriblər. Fransa Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva, Milli Məclisin deputatı Rəfael Hüseynov, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov, Dünya Azərbaycanlıları Konqresinin sədri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova, Köln Türk Universitetləri Təşkilatının sədri Ləvənt Daşqıran, Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşqın, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və digərləri beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə baxmayaraq Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlanılmasının beynəlxalq hüquqa etinasızlığının təzahürü kimi qiymətləndiriblər. Çıxış edənlər Xocalı soyqırımı kimi dəhşətli bir cinayətin ssenari müəlliflərindən olan Sarkisyanın ədalət məhkəməsi qarşısında cavab verməli olduğunu vurğulayıblar. Aksiyada Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları, o cümlədən Avropa Azərbaycanlıları Konqresi, Fransa Azərbaycan Evi, Azərbaycan Fransız Gənclik Assosiasiyası, İsveçrə Azərbaycanın Dostları Dərnəyi, İspaniya Azərbaycanlıları Cəmiyyəti, Köln Türk Universitetləri Təşkilatı, Fransa Azərbaycanın Dostları Təşkilatı, Belçika Azərbaycanlıları Assosiasiyası, Hollandiya-Azərbaycan-Türk Kültür dərnəyi, Dünya Azərbaycanlıları Konqresi, Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi, Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Almaniya Türk Federasyonu, Fransa Türk Tələbələr Birliyi, Köln Türk Federasiyası, Strasburq Azərbaycan Tələbələr Birliyi və digər təşkilatlar iştirak edib.

Parisdəki "Azərbaycan Evi" Azərbaycan uğrunda daha fədakarlığı Xocalı soyqırımının ildönümü ərəfəsində nümayiş etdirib. Belə ki, cari ilin 26 fevral tarixində isə Fransa Milli Assambleyasının binasında erməni diaspor təşkilatlarının keçirdiyi tədbir çərçivəsində həmin toplantı salonuna daxil olan Parisdəki "Azərbaycan Evi"nin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdikləri soyqırım faktlarını qorxmadan onların üzünü deyib və erməni təbliğatını ifşa etməyə çalışıblar. Lakin haqlı tənqid və iradlara dözümsüzlük nümayiş etdirən Parisdəki "Azərbaycan Evi"-nin rəhbəri Mirvari Fətəliyeva və bu ölkədə təhsil alan azərbaycanlı tələbə Vüsal Hüseynov erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülmüşdür. Fransa Milli Assambleyasının üzvlərinin gözləri qarşısında baş vermiş hadisəyə onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. Xaricdəki erməni lobbisi və onların havadarları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı zorakılığa yol verilməsi bir daha təsdiqləyir ki, Azərbaycan tərəfinin münaqişə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırması istiqamətindəki fəaliyyəti, eləcə də diasporumuzun ikinci erməni dövləti sayılan Fransadakı aktivliyi ermənilərdə dərin narahatlıq doğurur. Bu kimi zorakılıq hallarına baxmayaraq, Azərbaycanın xaricdəki diplomatik missiyaları və diaspor təşkilatları, Ermənistan tərəfindən xalqımıza qarşı törədilmiş faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31