Rusiyada Azərbaycan diaspor təşkilatları
27 Fevral 2013 17:09 DiasporaBu gün Azərbaycan diasporunun geniş yayıldığı və uğurlu fəaliyyət göstərdiyi ölkələrdən biri də Rusiya Federasiyasıdır. Günümüzdə şimal qonşumuz olan Rusiya Federasiyası ərazisində çoxsaylı diaspor təşkilatları fəaliyyət göstərir ki, həmin təşkilatlar da Rusiyada Azərbaycanı layiqincə təmsil edir, ölkəmizin həqiqətlərini Rusiya ictimaiyyətinə çatdırırlar. Rusiya Federasiyası ərazisində uğurlu fəaliyyət göstərən diaspor təşkilatları sırasına bunları aid etmək olar.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR)-Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı 2009-cu il, aprelin 18-də Moskva şəhərində təsis olunub. Bu təşkilat Azərbaycan həqiqətlərinin Rusiya və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi fəaliyyət göstərir. Təşkilatın məqsədi Azərbaycan mədəni irsinin, ölkəmizin milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, təhsil təşəbbüsləri, Azərbaycan gənclərinin dəstəklənməsi, Azərbaycan gənclərinin ninkişafının təbliği, Rusiya cəmiyyətinin mədəni həyatında Azərbaycan gənclərinin daha yaxşı inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, ailə və cəmiyyətin mənəvi və əxlaqı əsasları qorumaq və möhkəmləndirmək, dostluq, etimad və xalqlar arasında anlaşmanın təşviqidir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının mərkəzi ofisi Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşir. Bundan başqa təşkilatın bir neçə regional bölmələri-Şimal-qərb, Volqa ətrafı, Şimali Qafqaz, Cənub, Uzaq Şərq və Sibir bölmələri fəaliyyət göstərir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevadır. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal təbliğat işi qurmağa nail olub. Təşkilatın sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlamış "Xocalıya ədalət" beynəlxalq təbliğat kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər təşkil olunub, bu soyqırım aktının nəticələri barədə məlumatlar verilib, müxtəlif ölkələrdə filmlər nümayiş etdirilib. Ümumiyyətlə, təşkilat qısa vaxt ərzində böyük işlər görə bilib. Rusiya Federasiyasında yaşayan bütün azərbaycanlı gəncləri öz ətrafında birləşdirməyə müvəffəq olub. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı hazırda dünyada ən nüfuzlu Azərbaycan diaspor təşkilatlarından biri hesab olunur.
AZERROS-Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti- Rusiya Federasiyasında fəaliyyət göstərən digər nüfuzlu Azərbaycan diaspor təşkilatı 1999-cu ildən fəaliyyətə başlamış AZERROS-dur. Rusiyada Azərbaycanlıların Federaı Milli-Mədəni Muxtariyyəti Rusiya hökuməti və Dövlət Duması yanında Məsləhət Şurasının üzvüdür. Bununla Dövlət Dumasında daimilik qaydasında səs hüququ əldə edən AZERROS-ekstremizm, cinayətkarlıq, milli məsələlər və s. kimim problemlərin müzakirəsi zamanı əlavələr və düzəlişlər etmək üçün yeni təkliflərlə çıxış etmək hüququna malikdir. Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin məqsədi şimal qonşumuzda Azərbaycan mədəniyyətini təbliğ etmək, Rusiya azərbaycanlıları arasında həmrəyliyə nail olmaq, bu ölkədə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi, Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafı və Rusiyada informasiya işi qurulması və lobbiçilikdir. Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti hazırda "AZERROS-Azerbaydjansı-Rosii" qəzetini, www.evraziaFM.ru adlı internet radio, www.4pupils.ru məktəb portalı, www.zerros.ru, www.fnkaa.ru adlı informasiya saytlarını, həmçinin Moskvada Beynəlxalq Uşaq Yaradıcılıq Akademiyasının fəaliyyətini himayə edir.
Rusiya Federasiyaslnın Dövlət Dumasında səs hüququ əldə edən AZERROS yeni layihələr təqdim etmək təşəbbüsü ilə çıxış etmək hüququna malikdir. Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti təsis edilərkən qarşısına qoyduğu əsas məqsəd və vəzifələrdən biri də bu ölkədə Azərbaycan mədəniyyətini təbliğ etmək, azərbaycanlılar arasında həmrəyliyə nail olmaq, Rusiya azərbaycanlılarının hüquqlarını müdafiə etmək, ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına nail olmaq və nəhayət Rusiyada informasiya işini qurmaq və lobbiçilik fəaliyyəti ilə məşğul olmaq dayanırdı ki, təşkilat fəaliyyət göstədiyi müddət ərzində demək olar ki, qarşıslna qoyduğu məqsəd və vəzifələrə nail olub.
"Ocaq" Azərbaycan Mədəniyyət Cəmiyyəti- "Ocaq" Azərbaycan Mədəniyyət Cəmiyyəti Moskvada yaşayan azərbaycanlıların yaratdıqları ilk təşkilatlardandır. "Ocaq" Azərbaycan Mədəniyyət Cəmiyyəti 1989-cu ilin oktyabr ayında rəsmi qeydiyyatdan keçib. Cəmiyyət həmin ilin dekabr ayından fəaliyyətə başlayıb. Bakıda 1990-cı il, faciəli Yanvar hadisələri günlərində yenincə fəaliyyətə başlamış "Ocaq" Azərbaycan Mədəniyyət Cəmiyyəti informasiya qıtlığına baxmayaraq geniş təbliğat işi apararaq Moskva ictimaiyyəti arasında əsl həqiqəti yaymağa çalışmışdır. 1990-cı ilin aprel ayının 13-də "Ocaq" Azərbaycan Mədəniyyət Cəmiyyəti özünün "Ziya" adlı müstəqil qəzetinin ilk nömrəsini buraxdı. Həmin dövrdə qəzet ziyalıların köməyi ilə Gəncə şəhərində nəşr edilmişdi. "Ocaq" Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Tofiq Məliklidir.
Sankt-Peterburqun Azərbaycan İcması İctimai Təşkilatı- Sənkt-Peterburqun Azərbaycan İcması Təşkilatı 2011-ci il, sentyabr ayının 24-də təsis edilib. Sankt-Peterburqun Azərbaycan İcması İctimai Təşkilatının məqsədi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqları arasında dostluğu möhkəmləndirmək üçün hər iki ölkənin özünü azərbaycanlı hesab edən vətəndaşlarını könüllü surətdə birləşdirməkdir. Sankt-Peterburqun Azərbaycan İcması İctimai Təşkilatının fəalları dövlət əlaqələrinin, siyasi, iqtisadi və mədəni əlaqələrin hər vasitə ilə inkişafına, gənc azərbaycanlıların Rusiya Federasiyasının cəmiyyətinə inteqrasiyasına kömək göstərir, Sankt-Peterburqun həyatının bütün sahələrində, o cümlədən Dövlət Dumasına seçkilərdə iştirak edirlər. Sankt-Peterburqun Azərbaycan İcması İctimai Təşkilatının sədri akademik Heydər İmnaovdur. Sankt-Peterburqun Azərbaycan İcması İctimai Təşkilatı fəaliyyəti dövründə daha çox mədəni kütləvi tədbirlərə üstünlük verib, Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğində bir sıra layihələr, tədbirlər keçirib. İctimai Təşkilat Nizami Gəncəvinin 870 illiyi ilə bağlı Sankt-Peterburqda geniş tədbir təşkil edib, ölməz sənətkar Müslüm Maqomayevin xatirə gecəsini keçirib. Təşkilat həmçinin Azərbaycanın milli bayram günlərini də qeyd edərək bu əlamətdar günlər vasitəsilə Azərbaycan mətbəxini Sankt-Peterburq, həmçinin bu şəhərdə yaşayan xarici ölkə vətəndaşlarına təqdim edib.
ÜmumRusiya Azərbaycan Konqresi-ÜmumRusiya Azərbaycan Konqresi Rusiya və Azərbaycan prezidentləri, Vladimir Putin və Heydər Əliyevin dəstəyi ilə 2001-ci il, martın 5-də Moskva şəhərində yaradılıb. Rusiya Federasiyasında Azərbaycan diasporu tərəfindən yaradılan ÜmumRusiya Azərbaycan Konqresinin məqsədi buradakı soydaşlarımıza milli, mədəni, sosial maraqların həyata keçirilməsində yardım etməkdir. ÜmumRusiya Azərbaycan Konqresinin əsas məqsədlərndən biri də Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əlaqələrin, həmçinin vətəndaş cəmiyyətinin inkişafının möhkəmləndirilməsidir. Mədəniyyət, dil və adət-ənənələrin qorunması ÜmumRusiya Azərbaycan Konqresinin daim diqqət mərkəzində olan məsələlərdəndir. Rusiya Federasiyasındakı diaspor təşkilatları ilə əməkdaşlıq, bu fəaliyyətin koordinasiya edilməsi ÜmumRusiya Azərbaycan Konqresinin qarşısına qoyduğu prioritet vəzifələrdəndir. ÜmumRusiya Azərbaycan Konqresi 10 ildən artıq bir müddətdəki fəaliyyəti dövründə Rusiya Federasiyasının nüfuzlu ictimai təşkilatları sırasına daxil olub və Rusiya cəmiyyətində Azərbaycan diasporunun mənafelərini təmsil edən əsas təşkilat kimi tanınıb. Buna sübut kimi ÜmumRusiya Azərbaycan Konqresinin Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Dövlət Dumasında Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq hökumətlərarası komissiyasının daimi üzvü seçilməsidir. Təsadüfi deyil ki, Rusiya ərazisində yaşayan azərbaycanlıların bir çox görkəmli nümayəndəsi də məhz ÜmumRusiya Azərbaycanlıları Konqresinin işinə cəlb edilib: Həmçinin bu ölkədə fəaliyyət göstərən digər milli cəmiyyət və icmalar da ÜmumRusiya Azərbaycanlıları Konqresinın kollektiv üzvləridir: "Ocaq" Mədəniyyət Mərkəzi, "Azərbaycan" Cəmiyyəti, "Nizami" Cəmiyyəti, "Azəri-Dərbənd", "Odlar Yurdu" cəmiyyətləri və s. buna misal göstərməkm olar. Konqresin mərkəzi strukturuna "İqtisadi İnkişaf Fondu", "Hüquqi Müdafiə Mərkəzi", "Азербайджанский Конгресс" qəzeti də daxildir. Rusiya ərazisində azərbaycanlıların ilk teleradio şirkəti, bu ölkədə verilişlərini milli dildə yayımlayan "İnter-Azərbaycan" şirkəti, "Millətin səsi", "Asudə vaxt" qəzetləri, "İrs" elmi-publisistik jurnalı, "Azərbaycan" kommersiya-sərgi mərkəzi də ÜmumRusiya Azərbaycan Konqresinın yardımı ilə fəaliyyət göstərir. 2003-2004-cü illər ÜmumRusiya Azərbaycan Konqresinin formalaşma dövrü kimi xarakterizə oluna bilər. Çünki bu dövrdə Rusiyadakı diaspor təşkilatları ÜmumRusiya Azərbaycan Konqresi ətrafında birləşməyə başladılar. Eyni zamanda ÜmumRusiya Azərbaycan Konqresinin işinin genişləndirilməsi məqsədilə konqresin regional bölmələri yaradılıb. Hazırda ÜmumRusiya Azərbaycan Konqresinin 83 regional bölməsi fəaliyyət göstərir. ÜmumRusiya Azərbaycan Konqresinin prezidenti Məmmədbağır Əliyev, qurumun baş katibi isə Mikayıl Rəcəbovdur.
Məlumat üçün qeyd edək ki, hazırda qeyri-rəsmi statistikaya görə, Rusiya Federasiyasında 2,5 milyondan artıq azərbaycanlı yaşayır ki, onlar da bu ölkənin 89 subyektində məskunlaşıblar.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir