Azərbaycan diasporunun siyasi və ictimai əlaqələrinin inkişafı

Dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış siyasət adamları, ictimai xadimlər, ziyalılarla əlaqələrin inkişaf etdirilməsi hər zaman Azərbaycan diasporu və bu sahəyə məsul olan dövlət strukturlarının diqqət mərkəzində saxlanılıb. Zaman-zaman Azərbaycana dost münasibət bəsləyən insanlarla əməkdaşlığın genişləndirilməsi, nəticə etibarilə güclü Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Ötən müddət ərzində ayrı-ayrı ölkələrdə Azərbaycan diaspor nümayəndələrinin keçirdiyi görüşlər bu istiqamətdə mühüm əhəmiyyət kəsb edib. Sevindrici hal ondan ibarətdir ki, bu əlaqələr hər il yüksələn xətlə inkişaf edir və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur.
Hələ bir neçə il əvvəl Litva Respublikasının baş naziri Gediminas Kirkilas Litva hökümətinin nəzdində fəaliyyət göstərən Milli İcmalar Şurasının üzvləri ilə görüşüb. Görüş zamanı Litva-Azərbaycan mədəniyyətlərarası dialoqunun genişləndirilməsi məsələlərinə toxunulub və xalqlar arasında bu cür dialoqun aparılmasında, hər iki ölkədə fəaliyyət göstərən qeyri hökümət təşkilatlarının, o cümlədən diaspor qurumlarının əhəmiyyətli rolu olduğunu vurğulayıb. Mayns Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə isə Almaniya Federativ Respublikası Maynz şəhər bələdiyyəsinin başçısı Yens Boytelin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Qonaqların bir sıra dövlət qurumlarında - Sənaye və Energetika Nazirliyində, Mədəniyyət və Turizm Nazirliyində, eləcə də Ticarət Sənaye Palatasında, Yəhudi məbədində, Pravoslav kilsəsində görüşləri keçirilib. Həmçinin nümayəndə heyəti Azərbaycanın bir sıra rayonlarında məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanış olublar. Həmçinin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də nümayəndə heyətini qəbul edib.
İstanbul şəhərində isə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşəbbüsü ilə Avrasiya ölkələri X İqtisadi Zirvəsi keçirilib. Avrasiya İqtisadi Əməkdaşlıq Sammitində 27 ölkədən 400-dən yuxarı nümayəndə iştirak edib. Müzakirələr zamanı bir sıra məsələlər, o cümlədən qloballaşma prosesində diasporların iştirakı, lobbi quruculuğu işinin mahiyyəti ilə bağlı müzakirələr aparılıb. Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə Almaniyaya səfəri zamanı Mayns şəhər bələdiyyəsinin başçısı Yens Boytellə görüşüb. Görüş zamanı Y.Boytel 2007-ci ilin may ayında Azərbaycanda səfərdə olduğu müddətdə ölkəmiz haqqında çox zəngin məlumatlar əldə etdiyini bildirib. Y.Boytel 147 min nəfər Almaniya vətəndaşına "Azərbaycan haradadır!" sərlövhəli açıq məktubla müraciət etdiyini bildirərək söyləyib ki, həmin məktubda ölkəmiz haqqında bütün təəssüratlarını əks etdirib, Ermənistanın təcavüzkar siyasəti barədə məlumat verib.
Nyu-York şəhərində ənənəvi Türk yürüşü təşkil edilib. Yürüşdə Türk icmaları ilə yanaşı Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri də fəal iştirak ediblər. Azərbaycan Respublikasının dövlət rəsmilərinin qatıldığı aksiyada türk xalqlarının problemləri qabardılıb, xalqlarımızın məruz qaldıqları haqsızlıqlaq diqqətə çatdırılıb. Yürüş başa çatdıqdan sonra Azərbaycan incəsənət ustaları konsert proqrammı ilə çıxış ediblər. Birləşmiş Ştatlara səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov yəhudi diasporunun nümayəndələri ilə bir sıra önəmli görüşlər keçirib. Nazim İbrahimov Nyu-Yorkda fəaliyyət göstərən Əsas Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının mərkəzi ofisində bu təşkilatın nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycan və Yəhudi icmaları ilə əməkdaşlığın inkişaf perpektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Kanadanın Liberal Partiyasindan olan millət vəkili Ken Dreydenin 2007-ci ilin may ayının 4-də Federasiyanın qərargahında Azərbaycan və türk icmalarının fəalları ilə görüşü keçirilib. Görüşdə hər iki icmanı maraqlandıran məsələlər müzakirə edilib. Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının Azərbaycanla Kanada arasında əməkdaşlığın, dostluğun və qarşılıqlı anlaşmanın inkişafına dair layihəsi Kanada dövləti tərəfindən müsbət qarşılanıb. Hər iki ölkənin iqtisadi və siyasi maraqlarına uyğun olan bu layihənin həyata keçirilməsi üçün Kanada Fondundan maliyyə yardımı ayrılıb. Kanada Azərbaycan Təskilatları Federasiyasının rəhbərliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar təşkilatın hazırladığı tədbirlər planı çərçivəsində Ontario Əyalət Məclisinin deputatı David Zimmerlə görüşüb. Görüşdə deputata Azərbaycan haqqında məlumat verilib, ölkəmizlə bağlı həqiqətləri əks etdirən materiallar, federasiyanın "20 Yanvar", "Xocalı" və "31 Mart" soyqırımları ilə bağlı nəşr etdirdiyi açıqçalar təqdim edilib. Kanada Azərbaycan Təşkilatlaeı Federasiyası həmçinin Kanadanın baş nazirinə, dövlət, hökumət və parlament üzvlərinə də müraciətlər göndərib. 1982-ci ildə Türkiyə səfirliyinin hərbi attaşesi polkovnik Atilla Altıkatın erməni terrorçuları tərəfindən öldürülməsinin ildönümü ilə əlaqədar Ottava şəhərində onun qətlə yetirildiyi yerdə Kanada Türk Assosiasiyaları Federasiyası mitinq keçirib. Mitinqdə Ottava, Toronto və Montreal şəhərlərində yaşayan türk və Azərbaycan icmalarının, Kanada parlamentinin, mətbuatın, yerli ictimaiyyətin, Azərbaycan və Türkiyə səfirliklərinin nümayəndələri iştirak ediblər.
Fransanın Qrenobl şəhərində fəaliyyət göstərən "Təhsil və Tədqiqatların İnkişafı Üzrə Fransa - Azərbaycan Tələbə Assosiasiyası" Pyer Mendes Fransa Universitetinin dəstəyi ilə Azərbaycanın Avropaya inteqrasiyası mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirib. Almaniyanın paytaxtı Berlində isə ənənəvi "Türk-Avropa Mədəniyyəti Günü" şənliyi keçirilib. Türk Camaatı Cəmiyyətininin "Biz Berlində görüşürük" devizi altında keçirdiyi sayca 6-cı izdihamlı dostluq şənliyində türk və türkdilli xalqların minlərlə nümayəndəsi iştirak edib. Tədbiri türk və Azərbaycan diaspor təşkilatları birgə təşkil ediblər. Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Azərbaycan-Türk Dostluq və Əməkdaşlıq cəmiyyətləri fəallarının qatıldığı mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak ediblər. Tədbirdə məqsəd Almaniyada yaşayan iki milyona qədər türk ilə alman xalqı arasında qarşılıqlı etibar və inama söykənərək, dostluq şəraitində birgəyaşayışın, tolerantlığın daha da inkişafına yeni töhfələr verməkdir. Berlində, şəhər parlamentinin binasında Alman-Azərbaycan Forumunun fəxri idarə heyətinin ilk iclası keçirilib. Toplantıda Bundestaqın bir neçə üzvü, müxtəlif alman şirkətlərinin nümayəndələri, elm, mədəniyyət xadimləri, Azərbaycan diasporasının fəalları iştirak ediblər.
İclasda yeni sədr, idarə heyətinin üzvləri seçilib. Qurumun məqsədi iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar sahədə münasibətlərin inkişafına töhfə verməkdir.
2007-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Israil baş nazirinin müavini, Strateji planlaşdırma naziri, "Israil bizim evimizdir" partiyasının sədri Aviqdor Liberman Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində nazir müavini Aviqdor Liberman Yəhudi Mədəniyyət Mərkəzinin açılışına qatılıb və Qubanın Qırmızı qəsəbəsindəki yəhudi icması ilə görüşüb. Aviqdor Libermanı Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının baş naziri və Milli Məclis sədri qəbul ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov "Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu" adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələn Latviya Seyminin vitse-spikeri Karina Petersone ilə görüşüb. Görüşdə Latviyadakı Azərbaycan diasporununun fəaliyyəti, diaspor quruculuğu sahəsində iki ölkə arasıqda təcrübə mübadiləsinin aparılması ilə bağlı məsələlər müzakirə edilib.
Strasburqdakı "Azərbaycan evi" fəaliyyətini genişləndirmək məqsədi ilə 1990-cı ildən bu şəhərdə yaradılmış Strasburqda Yaşayan Xaricilərin Koordinasiya Təşkilatına (CARES) üzv olub. Təşkilat dünyanın altı qitəsinin müxtəlif ölkələrindən 35 qurumu öz ətrafında birləşdirir. Alzas bölgəsində xarici qurumlar arasında əlaqələri genişləndirmək məqsədi ilə şəhər bələdiyyə idarəsi nəzdində yaradılmış Strasburqda Yaşayan Xaricilərin Koordinasiya Təşkilatı musiqi bayramlarında xüsusi yeri və yerli radioda həftəlik proqramı olan yeganə təşkilatdır. Buna görə də təşkilata üzv olmuş "Azərbaycan evi" həftədə iki dəfə radio verilişləri ilə efirə çıxmaq imkanı əldə edib. Strasburqda Yaşayan Xaricilərin Koordinasiya Təşkilatı yığıncaqlarının "Azərbaycan evi"ndə keçirilməsi qərara alııb. Bu isə, öz növbəsində, Azərbaycan həqiqətlərinin təşkilatın üzvlərinə çatdırılmasına şərait yaradır. "Azərbaycan evi" Fransada sürətlə yayılmaqda olan FREE (internet+telefon+televiziya) şirkətinə Azərbaycan televiziya kanallarının bu ölkədə yayımlanması ilə bağlı müraciət edib.
Niderland Krallığının Amsterdam şəhərində "Avropa Qeyri Hökumət Təşkilatlarının Hüquqi Şərtləri və Perspektivləri" mövzusunda I Qurultay keçirilib. Qurultaya Avropanın 12 dövlətinin təmsilçiləri qatılıb. Tədbirdə Avropa Azərbaycanlıları Konqresi və "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin nümayəndələri iştirak ediblər. Avropada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının dövlətin demokratik sistemindəki rolu barədə də müzakirələrin aparıldığı qurultayda Vətəndaşlıq Cəmiyyətlərinin Avropa Kontekstinin sədri, professor Tymen J. van der Ploeg, Avropa Komissiyasının nümayəndəsi L.Legris, Avropa Surasının nümayəndəsi Sophie Meudal-Leenders ve Avropanın başqa tanınmış alimlərinin çıxışları dinlənilib. Qurultayda qərara alınıb ki, Amsterdam Universitetinin almləri Azərbaycan diaspor təşkilatları ilə birlikdə Qafqaza aid I Beynəlxalq Konfrans keçirilsin.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31