Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyi

Niderlandda Azərbaycan və türk diasporunu layiqli təmsilçisi

Azərbaycan diasporunun geniş yayıldığı və uğurlu fəaliyyət göstərdiyi Avropa ölkələrindən biri də Niderland Krallığıdır. Sözügedən ölkədə fəaliyyət göstərən çoxsaylı diaspor təşkilatlarından biri də Hollandiya-Azərbaycan Türk Mədəniyyət  Dərnəyidir. 1993-cü ildən fəaliyyət  göstərən Hollandiya-Azərbaycan Türk Mədəniyyyət Mərkəzinin başlıca fəaliyyət istiqamətləri və qarşısına qoyduğu hədəflər Hollandiyada yasayan Türkiyə və Azərbaycan turklərinin birliyi, bərabərliyi istiqamətində  çalışmaqdır.  Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinə ürəyi daim Azərbaycanla döyünən, Azərbaycanın haqq işi uğrunda yorulmadan fəaliyyət göstərən dəyərli soydaşımız İlhan Aşkın rəhbərlik edir. Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyi İlhan Aşkının rəhbərliyi ilə fəaliyyəti dövründə diqqət yetirdiyi əsas məsələlərdən biri də Azərbaycan və Türkiyənin üzləşdiyi problemlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin zaman-zaman türklərə qarşı həyata keçirdikləri soyqırımlar, eləcə də 1992-ci ilin fevral ayında Xocalıda törədilən vəhşiliklərin Hollandiya, eyni zamanda dünya ictimaiyyətinə çatdırılmasıdır. Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyi bu günlərdə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırlması prosesində aktiv fəaliyyət göstərir. Belə ki, Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyi bu ölkədə etiraz aksiyası təşkil edib.  Azərbaycan-Hollandiya Ana Vətən Cəmiyyəti, Hollandiya-Azərbaycan Gəncləri Təşkilatı və Güney Azərbaycan İstiqlal Partiyasının da dəstəyi ilə baş tutan aksiya  Hollandiyanın Lahey şəhərində baş tutub.  Laheydə Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə başlayan aksiyada Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Mirhəmzə Əfəndiyev də iştirak edib.  Təxminən 350-ə qədər insanın iştirak etdiyi aksiyada Niderland Krallığında yaşayan soydaşlarımızla yanaşı, türklər, Türkiyənin Hollandiyadakı diplomatik nümayəndəliyinin əməkdaşları yaxından dəstək verib. Aksiyada çıxış edən Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri Ilhan Aşkın ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə iştirakçılara məlumat verib. Bildirib ki, 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə ermənilər rusların 366-cəı alayının köməyi ilə Xocalıya daxil olaraq orada insanlığa sığmayan cinayətlər törədiblər. Nəticədə 613 nəfər qətlə yetirilib, minlərlə insan xəsarət alıb.  

İlhan Aşkının rəhbərlik etdiyi Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyi Niderland Krallığında erməni yalanlarının ifşa edilməsi, antiAzərbaycan və antitürk təbliğatının qarşısının alınması istiqamətində də uğurlu addımlar atır. Məlumat üçün qeyd edək ki, bir neçə il əvvəl Niderland Krallığında fəaliyyət göstərən erməni lobbisi Hollandiyanın Lahey şəhərində saxta erməni soyqırımına abidə qoymaq üçün geniş təbliğat həyata keçirib. Ermənilərin başlamış olduğu antiAzərbaycan təbliğata cavab olaraq bu ölkədə fəaliyyət göstərən Hollandiya- Azərbaycan Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə imzatoplama kampaniyası həyata keçirilib. Həmin ərəfədə Niderland Krallığında yaşayan ermənilər Hollandiya hökümətinə ciddi təzyiqlər ediblər ki, saxta erməni soyqırımına Lahey şəhərində abidə qoyulması üçün icazə verilsin. Erməni diasporunun bu addımına cavab olaraq Hollandiyada fəaliyyət göstərən türk diaspor qurumları bir araya gəliblər. Hollandiya Azərbaycan Türk Mədəniyyət Mərkəzi və Bauvlust Türk Dərnəyinin təşkilatçılığı ilə birgə konfrans təşkil edilib, erməni yalanları ifşa olunub.

Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyi bir neçə il əvvəl Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, eləcə də iki ölkə arasında sərhədlərin aşılması istiqamətində başladılan fəaliyyətə də öz ciddi etirazını bildirib. İstər Ankara-İrəvan münaqsibətlərinin normallaşması istiqamətində xarici işlər nazirləri səviyyəsində  Cenevrədə keçirilən görüş, istər Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyə-Ermənistan futbol qarşılamasını isləmək üçün Türkiyəyə səfər etməsi, istərsə də Türkiyə prezidenti Abdulla Gülün növbəti futbol oyununu izləmək üçün Ermənistana dəvət edilməsi Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyi tərəfindən hiddətlə qarşılanıb. Hətta Abdulla Gülün Ermənistana səfər etməməsi üçün Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyi Türkiyə Cümhuriyyətinin prezidentinə etiraz məktubu göndərib. Məktubda qeyd olunurdu ki,  yaxın tariximizdə Azərbaycan torpagi olan, Qarabağın işğal edilməsində və orada yasayan türk xalqinin yaşlı, gənc, uşaq, hamilə qadın demədən olumundə, qətlə yetirilməsində aktiv ,rol iynayan Ermənistan prezidenti Serj Sərkisyanın Sizi Turkiyə-Ermənistan futbol qarşılaşmasına dəvət etməsi səmimi bir dəvət deyildir. Bu dəvətin arxasınd Ermənistanın çirkin planları dayanır: "Cənab prezident biz Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyi olaraq bu dəvətin terrorist Sərkisyan tərəfindən edilməsi və o dəvəti həyata keçirməyin düşünülməsinə belə qarşıyıq. Bu iki qardaş xalq, Azərbaycan və Türkiyə arasında problem və etibarsızlıq yaradacaq.

Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyi bu ölkədə yaşayan soydaşlarımıza bir sıra hüquqi yardımlar da göstərməkdədir. Belə ki, dərnək Hollandiyaya yeni gələn və bu ölkə qanunlarını kifayət qədər bilməyən soydaşlarımıza hüquqi yardımlar edir, işsiz vətəndaşlara iş tapmaq üçün köməklik göstərir. Dərnək eyni zamanda azərbaycanlı uşaqlar üçün hollan dili kirsları təşkil edir. Azərbaycanın milli günləri, Novruz bayramı və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il bu ölkədə Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərrnəyi tərəfindən geniş və təntənəli şəkildə qeyd olunur. Guney məsələsi də Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin diqqətdə saxladığı məsələlərdəndir. Güneydəki soydaşlarımızın haqq və hüquqlarının pozulmasını hər zaman diqqətdə saxlayan dərnək mütəmadi olaraq bu problemi müvafiq beynəlxalq strukturların  diqqətinə çatdırır. Eyni zamanda mütəmadi olaraq İran dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi təxribat xarakterli əməllərinə öz kəskin etirazını nümayiş etdirir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31