Türkdilli ölkələrin diasporları arasında əlaqələrin inkişafına zəmin yaradan təşkilat
Türkdilli Ölkələrin Parlament Assambleyası
25 Fevral 2013 16:10 DiasporaHazırda dünya ölkələrində geniş yayılmış və uğurlu inkişaf yolu keçmiş Azərbaycan diasporunun türkdilli respublikalar, eləcə də digər türk topluluq və qurumlarla əlaqələrinin inkişaf etdirilməsində Türkdilli Ölkələrin Parlament Assambleyasinın da xüsusi yeri var. 2008-ci il, noyabrın 21-də Türkiyə Respublikasının İstandul şəhərinin "Dolmabaxça Sarayı"nda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzalamış olduğu sazişlə təsis olunmuş Türkdilli Ölkələrin Parlament Assambleyası fəaliyyət göstərdəyi 5 il müddətində parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması, türkdilli ölkələr və digər region ölkələr arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərməklə yanaşı türkdilli ölkələrin diasporları atasında əməkdaşlığın inkişaf etdirilməsi, bu ölkələrin diasporları arasında birlik və bərabərliyin təmin olunması istiqamətində müəyyən fəaliyyətlərdə olub.
Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənov deyir ki, ümumilikdə dövlətlərin xarici ölkələrdəki fəaliyyətləri, xarici siyasət prioritetləri istiqamətləri içərisində diaspora və lobbi fəaliyyəti çox önəmli bir yer tutur. Assambleyanın baş katibinin sözlərinə görə, türkdilli ölkələr arasında da bu belə olmalıdır və belədir də: "Çünki belə olmadığı halda qardaş dövlətlərin xarici ölkələrdəki diaspora sahəsindəki fəaliyyətində hər zaman başlıca problemlər ortaya çıxa bilər. Bizim əsas məqsədimiz ondan ibarət olmalıdır ki, türkdilli dövlətlərin diaspor fəaliyyətlərini koordinasiya edək. Türkdilli Ölkələrin Parlament Assambleyası da bu fəaliyyəti hər zaman dəstəkləməyi özünə borc bilir. Çünki bu bizim hamımızın ortaq hədəfidir. Əgər biz dövlətlərin güclü olmasını, XXI yüzildə türkdilli ölkələrin texnoloji və şüurlu şəkildə irəlidə getməsini arzu ediriksə, o zaman diasporların da ortaq fəaliyyətdən başqa bir yolu yoxdur. Unutmamaq lazımdır ki, bizim ortaq fəaliyyətimiz yalnız və yalnız türkdilli ölkələrin xeyrinə olacaq". Ramil Həsənov hesab edir ki, türk dövlətlərini təmsil edən xalqlar heç bir zaman radikal xalqlar olmayıblar: "Biz türk milləti olaraq hər zaman könlümüz böyük mərhəmət hissi ilə dolu olan xalqlarıq. Tarixlər böyu bu belə olub. Ona görə də bizim diaspora sahəsindəki ortaq fəaliyyətimizin başqa bir dövlətə heç bir zərəri yoxdur. Əgər biz bərabər fəaliyyət göstərsək XV-XVI əsrlərdə silah gücünə bir çox yerləri tutmuş imperatorlarımızın işini bu günkü dövrdə ağıl və zəka ilə davam etdirə bilərik". Assambleyanın baş katibi Azərbaycan dövlətinin diaspora siyasətini də yüksək dəyərləndirir. Baş katib qeyd edir ki, Azərbaycan dövlətinin diaspora sahəsinə diqqət və qayğısı hər zaman yüksək səviyyədə olub: "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi də türkdilli ölkələr arasında ilk dəfə yaradılan bir dövlət qurumudur. Daha sonra digər qardaş ölkələrimiz bu prosesə qoşularaq bu işi davam etdiriblər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir