Azərbaycan və türk diasporunun birgə lobbi fəaliyyəti

Dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış siyasət adamları, ictimai xadimlər, ziyalılarla əlaqələrin inkişaf etdirilməsinə, Azərbaycana dost münasibət bəsləyən insanlarla əməkdaşlığın genişləndirilməsi və nəticə etibarilə güclü Azərbaycan lobbisinin formalaşdırılması diasporumuzun hər zaman diqqət yetirdiyi məsələlərdən olub. Azərbaycan diasporunun lobbiçilik sahəsində fəaliyyəti xüsusilə Dünya Azərbaycanlılarının ikinci qurultayından sonra sürətli xarakter daşımağa başladı. Təsadüfi deyil ki,  Dünya Azərbaycanlılarının II Qurultayında iştirak etmək üçün ölkəmizə gələn Türkiyə nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşlərdə də Azərbaycan və Türk icmaları arasında əməkdaşlığın perspektivləri və bu sahədə vahid konsepsiyanın yaraıdlması zərurəti barədə müzakirələr aparılmışdı.

2006-cı il, aprel ayının 14-dən 18-dək İsveç Azərbaycan Akademik Birliyinin təşəbbüsü ilə vaxtı ilə Azərbaycanda fəaliyyət göstərmiş "Nobel Qardaşları" neft şirkətinin isveçli əməkdaşlarının  ailə üzvlərindən ibarət  18 nəfərlik nümayəndə heyətinin Bakıya səfəri baş tutmuşdu. Səfər zamanı İsveçdə yaşayan yazıçı-jurnalist Brita Asbrinkin "Nobel imperiyası" adlı kitabının Dövlət Komitəsində təqdimetmə mərasimi keçirilmişdir. Kitabda neft şirkətində çalışanların Azərbaycan haqqında təəssüratları və həmin dövrdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr ətraflı əks etdirilmişdir. Səfərin təşkilində məqsəd xalqımızın keçmişi və müasir həyatı ilə bağlı həqiqətlərin bu ölkənin ictimaiyyətinə çatdırılmasına nail olmaqdan ibarət olmuşdur. Bakıda olarkən Azərbaycanla yaxından tanış olan, xalqımızın milli adət-ənənələri, tarixi və mədəniyyəti haqqında ətraflı məlumat toplayan Nobel qardaşlarının ölkəmizin neft sənayesinin inkişafındakı roluna dair geniş məlumat topladıqdan sonra o bu barədə kitab yazmışdır. Xanım Brita Asbirinqin Azərbaycana növbəti səfərini təşkil edən Dövlət Komitəsi onun kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlərinin keçirilməsinə, respublikamız haqqında daha ətraflı məlumat toplamasına  şərait yaratmışdır. Xanım Brita Asbirinq Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrinə müsahibələr vermiş, ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf proqramları ilə yaxından tanış olmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri barədə ətraflı məlumat əldə etmişdir.

Diaspor təşkilatlarının lobbiçilik sahəsində atdığı ən mühüm addımlardan biri Azərbaycan və Türk diaspor təşkilatları arasında birgə fəaliyyət strategiyasının hazırlanmasına dair protokolun imzalanması olmuşdur. Belə ki, Türkiyə Respublikasının Antalya  şəhərində Azərbaycan və türk icmalarının birgə fəaliyyət strategiyasının hazırlanmasına həsr olunmuş konfrans keçirilmişdir. Konfransda   dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən  Azərbaycan və Türk  diaspor təşkilatı rəhbərləri, Azərbaycanın  aparıcı qəzet,  televiziya   şirkətlərinin rəhbər və nümayəndələri iştirak etmişlər. Bundan başqa, konfransa xaricdə yaşayan tanınmış azərbaycanlı ziyalılar, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət və hökumət nümayəndələri, Azərbaycan və Türkiyə parlamentinin üzvləri,  hər iki ölkədə fəaliyyət göstərən ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət edilmişdir. 2006-cı ilin sentyabr ayının 18-20-də Türkiyə Respublikasının Antalya vilayətində X Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq  Qurultayı keçirilmişdir. Qurultayda bir sıra məsələlər müzakirə edilmişdir. Qurultayın əsas mövzusu "Türk dünyasında gənclik problemləri" olmuşdur. Qurultayın sonunda komissiyaların hər birinin ayrı-ayrılıqda yekun hesabatları dinlənilmişdir. Komissiyalar Türk dövlət və cəmiyyətlərinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının inkişaf etdirilməsi, ölkələrinin  iqtisadi inkişafının və sosial rifahının təmin olunması istiqamətində səylərinin artırılması, Türkdilli xalqlar arasında mədəni əlaqələrin dərinləşdirilməsi, mədəniyyət, iqtisadiyyat və digər sahələrlə bağlı ortaq layihələrin həyata keçirilməsi prosesinin intensivləşdirilməsi ilə bağlı tövsiyələrlə çıxış etmişdir. Komissiyaların təqdim etdiyi hesabatlar əsasında X Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının yekun bəyannaməsi qəbul edilmişdir. Sənəddə  Türkdilli ölkələr arasında siyasi, mədəni, iqtisadi, diplomatik əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan bir sıra müddəalar öz əksini tapmışdır. Yekun bəyannamədə dünyada baş verən qlobal və regional münaqişələrlə əlaqədar olaraq Türk dünyasının tarixi və coğrafi amillərdən qaynaqlanan potensialından istifadə edərək sülhün və təhlükəsizlliyin təmin olunması istiqamətində birgə səylərin intensivləşdirilməsinin zəruriliyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin X Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayındakı nitqində öz əksini tapmış Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun keçirilməsi ilə bağlı tövsiyəsi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və Türk icmalarının fəaliyyətinin koordinasiya edilməsi, onların mövcud potensialının xalqlarımızın tarixi maraqlarının qorunması, habelə ölkələrimizin milli mənafelərinin müdafiəsi prosesinə cəlb edilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb etmişdir.  Türkiyə Respublikasının müvafiq dövlət orqanları ilə aparılmış müzakirələr zamanı müəyyən edilmişdir ki, qardaş ölkə Forumun keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirir və tədbirin təşkili üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazır olduğunu bildirmişdir.  Cari ilin oktyabr ayında Dövlət Komitəsinin əməkdaşları Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin xarici ölkələrdə yaşayan türklərlə iş üzrə Baş idarəsi, Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Fondu (TUDEV), habelə  Türkiyə İqtisadiyyat və Tərəqqi Agentliyi (TİKA) ilə görüşlər keçirilmişlər. Aparılmış məsləhətləşmələr zamanı müəyyən edilmişdir ki, Türkiyə tərəfi Forumun Azərbaycan və türk diaspor təşkilatlarının əməkdaşlığı tarixində yeni bir səhifə açacağına, ölkələrimizin milli maraqlarının müdafiəsi işində diasporun potensialından daha səmərəli istifadə edilməsi və lobbi imkanlarının səfərbər olması üçün şərait yaradacağına inanır. 2006-cı il oktyabr ayının 12-də isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanda səfərdə olan Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin üzvləri ilə görüşmüşdür. Görüşdə qeyd olunmuşdur ki, dövlətlərimizin etibarlı və sınanılmış  strateji tərəfdaşlıq əlaqələri Azərbaycan və Türk diaspor təşkilatları arasında əməkdaşlığın daha da fəallaşmasını, müasir tələblər səviyyəsinə yüksəlməsini tarixi zərurətə çevirmişdir. Görüşdə bildirilmişdir ki, bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı və türk yaşayır. Bu böyük qüvvənin xalqlarımızın və dövlətlərimizin ümumi maraqlarının  müdafiəsinə istiqamətləndirilməsi, Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsində, ermənilərin sözdə "erməni soyqırım" təbliğatının qarşısının alınmasında  onun intellektual imkanlarından istifadə edilməsi iki ölkənin milli maraqları baxımından mühüm əhəmiyyətə malikdir.  Ümumiyyətlə, Azərbaycan diasporu tərəfindən hər zaman türkdilli xalqların diaspor təşkilatları ilə əlaqələrə də xüsusi diqqət yetirilmişdir. Belə ki, Dövlət Komitəsinin əməkdaşları, Türkiyə Respublikasında, Qırğızıstan Respublikasında, Avropa ölkələrində və digər regionlarda fəaliyyət göstərən Axısqa və Kərkük türklərinin diaspor təşkilatlarının nümayəndələri ilə görüşmüş, Azərbaycan icmaları ilə bu qurumlar arasında əməkdaşlığın perspektivlərini müzakirə etmişlər. Dünya Azərbaycanlıları Konqresinin  Ankarada keçirdiyi bir sıra görüşlərdə və təşkilatın İdarə Heyətinin iclasında xarici ölkələrdə yaşayan soydaşlarımızın fəaliyyətinin ölkəmizin mənafeyi baxımından əsas istiqamətləri, qardaş ölkənin dövlət və ictimai təşkilatları ilə əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur. Təşkilatın nümayəndələrinin Türkiyə Milli Təhlükəsizlik Strategiyaları Araşdırma Mərkəzi, Qlobal Strategiya İnstitutu və Türkiyə Xarici İşlər Nazirliyində görüşləri, azərbaycanlı tələbələr, Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçəli, Böyük Birlik Partiyası sədrinin müavini Ərtoğrul Oqan, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Haluk İpəklə danışıqları ölkələrimizin diasporları və ictimai-siyasi təşkilatları arasında əlaqələrin gücləndirilməsi baxımından səmərəli olmuşdur. DAK nümayəndələri İstanbulda da bir sıra mühüm tədbirlərdə iştirak edərək, Azərbaycan dərnəklərinin rəhbərləri ilə görüşlər keçirmişlər.

2006-cı ilin iyun ayında Amerika Türk Assosiasiyaları Assambleyasının Prezidenti Çengiz Vuralın rəhbərliyi ilə qurumun üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir. Səfərin əsas məqsədi Azərbaycanla daha yaxından tanış olmaq, ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf proqramlarının nəicələri, xalqımızın qədim və zəngin mədəniyyəti haqqında məlumat toplamaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı informasiya əldə etməkdən ibarət olmuşdur. Qeyd edək ki, Amerika-Türk Assosiasiyaları Assambleyası rəhbərliyinin bu cür səfərləri ənənəvi xarakter daşıyır. Qurumun rəhbərliyi hər il Türk dövlətlərinə bu səpkidə səfərlər təşkil edir.

Bolqarıstanda ezamiyyətdə olmuş  Dövlət Komitəsinin əməkdaşları  Bolqarıstanda yaşayan soydaşlarımızla  yanaşı bu  ölkədə yaşayan, cəmiyyət və dərnəklərdə  təmsil olunan türklərlə görüşərək türk dərnək və cəmiyyətlərinin fəaliyyəti, onların iş strukturu, Türkiyə Cümhuriyyəti ilə əlaqələri və erməni diasporunun bu  ölkədə fəaliyyəti barədə məlumat toplamışlar. Səfər zamanı Türkiyənin Bolqarıstandakı  fövqəladə və səlahiyyətli səfiri Mehmet Cocuk, Bolqarıstan Haqq və Azadlıq  Partiyasının üzvləri,  Bolqarıstan Parlamentinin  türk əsilli  millət  vəkilləri ilə görüşlərdə 2007-ci  ildə  keçirilməsi nəzərdə tutulan  Azərbaycan və türk  diaspor  təşkilatları rəhbərlərinin Forumu barədə də müzakirələr keçirilmişdir. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31