Diaaspor təşkilatları Xocalı soyqırımının ildönümünü qeyd edəcək

Bu məqsədlə dünyanın müxtəlif ölkələrində anım tədbirləri keçiriləcək

Xocalı soyqırımının 21-ci ildönümü Azərbaycanla yanaşı ölkəmizdən kınarda da qeyd ediləcək. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları bu məqsədlə həmin ölkələrdə anım tədbirləri, elmi-praktik konfrans və etiraz aksiyaları keçirməyi nəzərdə tutublar. Azərbaycan diasporunun Xocalı soyqırımının ildönümü ilə bağlı keçirəcəyi tədbirlərə həmin ölkələrdə fəaliyyət göstərən türk diaspor təşkilatları da dəstək verəcəklər.

Bu il Amerika Birləşmiş Ştatları, Kanada, Latın Amerikası ölkələri, Avstraliya və yeni Zelandiya da daxil olmaqla dünyanın 30-dan çox ölkəsində  Xocalı faciəsinin qurbanları yad ediləcək. ABŞ-ın Los Anceles şəhərindəki təhsil ocaqlarında fevralın 19-dan Xocalını anım həftəsi başlayıb. XX əsrin insanlıqdan uzaq cinayəti - Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri Birləşmiş Ştatların  Vaşinqton, Hyuston, Mayami, San-Fransisko, San- Xose, Los-Anceles kimi şəhərlərində təşkil olunacaq. Fevralın 26-da isə Nyu-Yorkda BMT-nin mənzil-qərargahı qarşısında etiraz aksiyası planlaşdırılır. Həmin gün, həmçinin, Nyu-Yorkda "Pax Turcica" sistemi vasitəsi ilə  Türk və Azərbaycan icma üzvləri tərəfindən müfaviq yerli və federal orqanlara  Xocalı soyqırımının tanınması məqsədi ilə  məktubların göndərilməsi nəzərdə tutulub.

Fevralın 21-dən başlayaraq Türkiyənin İzmir, İstanbul, Əskişəhər, Adana, Yalova kimi şəhərlərində Xocalı mövzusunda konfranslar, fotosərgi və yürüş təşkil olunacaq. Fevralın 26-da Ankarada Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı  Əskişehir Azərbaycanlılar Dərnəyinin beş nəfərlik nümayəndə heyətinin Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının nümayəndə  heyəti ilə birlikdə  Türkiyə Böyük Millət Məclisi nümayəndələri ilə görüşü olacaq. 

Fevralın 24-də Almaniyanın Hamburq şəhərində Hamburqdakı Azərbaycan və türk diasporasının nümayəndələri Xocalı faciəsinin qurbanlarının xatirəsi gecəsinə toplaşacaqlar. "Buta" cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad ediləcək. Daha sonra isə Vahid Mustafayevin qətliama həsr edilmiş və faktlar əsasında çəkilmiş "Xoca" filmi nümayiş olunacaq. Fevralın 25-də isə Almaniyanın paytaxtı Berlində Kete Kollvitsə muzeyində "Qarabağ - itirilmiş vətən haqqında hekayələr" adlı ədəbi gecə keçiriləcək. Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutuacaq gecədə yazıçı-publisisti Günel Anarqızının alman dilinə tərcümə olunmuş "Qarabağ hekayələri" kitabının təqdimatı nəzərdə tutulub. Kitabda Qarabağ faciəsini içindən keçirmiş Günelin bu doğma və eyni zamanda uzaq diyarla bağlı acılı-şirinli xatirələri toplanıb. Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova, Azərbaycanın Almaniyadakı səfiri cənab Pərviz Şahbazov, Potsdam Universitetinin professoru Vilfrid Furmanın iştirakı nəzərdə tutulub. Gecədə alman dramaturq Ronald Qranz kitabdan seçilmiş hekayələr oxuyacaq. Sonunda "Qarabağ hekayələri"nin azərbaycanca audio formatının yazılmasında iştirak etmiş Nərgiz Cəlilova və Emin Musəvi ilə müzakirələr təşkil olunacaq.  Almaniya Azərbaycan Dostluq Cəmiyyəti isə Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə (Alm.Az) Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş aksiya keçirəcək. Fevral ayının 24-dən etibarən 3 gün ərzində şəhər ətrafı və şəhər içi 89 ədəd sərnişin nəqliyyatının monitorlarında "Azərbaycan Xocalı faciəsi qurbanlarının xatirəsini hər zaman böyük ehtiram hissi ilə yad edir"; "Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliam" ifadələri səhər saat 06:00-dan gecə saat 00:00-dək davamlı olaraq sərnişinlərə nümayiş olunacaq.

Monitorlarda yayımlanan ifadələri orta hesabla 450-500 min sərnişinin izləməsi gözlənilir.

Fevralın 23-də Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Danimarkanın paytaxtı Kopenhaqenin mərkəzi meydanı "Radhuspladsda" icazəli etiraz mitinqi keçiriləcək. Saat 12.00-dən 14.30 qədər davam edəcək mitinqdə azərbaycanlılara dəstək olaraq türk və türkmən cəmiyyətləri də iştirak edəcəklər. 

Mitinqdə danimarkalılara və şəhərin qonaqlarına Xocalı soyqırımını əks etdirən kitablar, vərəqələr, bukletlər və broşürlər təqdim olunacaq. Finlandiya Azərbaycanlıları Assosiasiyası fevralın 26-da  Helsinki "Caisa" Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş "XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı" adlı konfrans keçirəcək.

Konfrans zamanı tədbir iştirakçılarına erməni silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qətliam - Xocalı soyqırımı haqqında geniş məlumat veriləcək.

Qeyd edək ki, konfransda Helsinki Parlamentinə Xocalı soyqırımının tanınması haqqında müraciətin qəbul edilməsi nəzərdə tutulub. 

Xocalı Soyqırımının 21-ci ildönümü ilə əlaqədar Niderland Krallığında  fəaliyyət göstərən Azərbaycanın Hollandiyalı Dostları, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi, Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyi, Güney Azərbaycanlılar İstiqlal Partiyası və Niderland Azərbaycanlı Gənclər Cəmiyyəti tərəfindən birgə anım mərasimi keçiriləcək.

Anım mərasiminin fevral ayının 24-də saat 11:00-da Haaqa şəhərində ucadılmış Xocalı abidəsinin önündə, Hollandiya və türk mətbuatının, həmçinin dövlət və hökümət nümayəndələrinin iştirakı ilə keçiriləcəyi gözlənilir. Həmçinin, fevralın 26-da saat 13:00-da Haaqada yerləşən Ədalət Məhkəməsinin-Sülh Sarayının önündən Ermənistan səfirliyinin önünə yürüş təşkil ediləcək. Mərasimlərdən öncə və mərasim zamanı yerli əhaliyə Xocalı Faciəsi haqqında kitabçalar paylanacaq.

Beynəlxalq Diaspor Mərkəzinin ( Avropa təmsilçiliyi və Dünya Azərbaycanlıları Konqresi  tərəfindən Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı 23-26 fevral tarixlərində "Xocalıya ədalət" kampaniyası çərçivəsində Çex Respublikasında silsilə tədbirlər təşkil olunacaq. Belə ki, Çexiyanın Praqa və Brno şəhərlərində fəaliyyət göstərən Avropanın tanınmış universitetlərindən olan G.T. Massarik adına Universitet və Brno Texniki Universitetində Xocalı dinləmələri keçiriləcək. Silsilə tədbirlərin məqsədi 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım faktını dünya ictimaiyyətinə çatdırmaq, erməni vəhşiliyinin nəticələri haqqında beynəlxalq aləmi məlumatlandırmaq və azərbaycanlılara qarşı törədilmiş soyqırım faktlarını xarici kütləvi informaisya vasitələrində işıqlandırmaqdır. Tədbirlərdə universitetlərin professor, müəllim və tələbə heyəti ilə yanaşı, Azərbaycan və Çex diaspor təşkilatları, qeyri-hökumət təşkilatları sektorunun təmsilçiləri və mətbuat nümayəndələri də iştirak edəcək.

Ukraynanın paytaxtı Kiyevdə isə fevralın 18-dən soyqırımla əlaqədar qanvermə aksiyası başlayıb. Aksiya fevralın 22-dək davam edəcək. Fevralın 25-də isə Ukrayna paytaxtında BMT və ATƏT nümayəndəliyi önündə mitinq keçirilməsi nəzərdə tutulur. Ölkənin Odessa, Dnepropetrovsk, Poltava, Luqansk, Nikolayev, Vinnick, Donetsk, Lvov,  Sevastapol şəhərlərində də fevralın 26-dək Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı dəyirmi masa, anım mərasimi, konfransların təşkil olunacaq. 

Gürcüstanda "Xocalı ayı" çərçivəsində fevralın 26-dək ölkənin  Kvemo-Kartli bölgəsində və paytaxt Tbilisidə Xocalı qətliamına həsr olunmuş kitablar, foto-audio materiallar, sənədli və bədii filmlər nümayiş etdiriləcək. Fevralın 26-da Tbilisinin mərkəzi küçələrində yürüş təşkil olunacaq.

Məlumat üçün onu da qeyd edək ki, Xocalı soyqırımının dünyaya çatdırılması və onun tanıdılması istiqamətində aparılan məqsədyönlü işlər nəticəsində ölkəmiz bu günlərdə bir neçə uğura imza atıb. Belə ki, uğurlu fəaliyyət nəticəsində Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olub.

Fevralın 7-də ölkənin ali qanunvericilik orqanının Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi 21 il əvvəl "erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə" Ermənistanı pisləyən qətnaməni yekdilliklə qəbul edib. Qəbul edilmiş sənəddə qeyd olunur ki, "bu qırğın haqqında dünyanın bir çox kütləvi informasiya vasitələri məlumat yaymış və bu hadisə "Human Rights Watch/Helsinski" təşkilatı tərəfindən erməni hərbi qoşunlarının münaqişə zonalarında dinc əhaliyə münasibətdə beynəlxalq hüququn adi normalarının pozulması kimi bəyan edilmişdir".  Qətnamənin sonuncu paraqrafında deyilir ki, Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş etnik təmizləməni, qırğın və soyqırımı hallarını törədilmə vaxtından və yerindən asılı olmayaraq pisləyir. Beləliklə, Çexiya parlamenti Avropa İttifaqında Ermənistanı Xocalıda bəşəriyyət əleyhinə törətdiyi cinayətlərə görə pisləyən ilk qanunverici orqan olub.

Fevralın 8-də isə  Birləşmiş Ştatların Arkanzas Ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyıb. Qurum Xocalı hadisəsini soyqırım kimi tanınması barədə qətnamə qəbul edib. Sözü gedən qətnamə layihəsi Jonathan Barnett və Karen Hopper tərəfindən Nümayəndələr palatasının gündəliyinə təqdim olunub. Sənəddə qeyd olunub ki,1992-ci ilin 25-26 fevralinda Ermənistan silahlı qüvvələri və rus qoşunları Dağlıq Qarabağda Xocalı şəhərinə hücum edib. Bu vaxt Azərbaycan əhalisi kütləvi qırğına məruz qalıb və mindən çox insan öldürülüb. Qətlə yetirilənlərin əksəriyyətinin isə qadın və uşaqların olduğu bildirilir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31