Azərbaycan icma və cəmiyyətlərindən federasiya və konqreslərə doğru
Diaspor təşkilatlarının formalaşması yeni müstəvidə
20 Fevral 2013 16:16 DiasporaƏvvəli ötən sayımızda
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız 2000-ci ilin əvvəllərində icma və cəmiyyətlər şəklində birləşərək Azərbaycan diasporunu təmsil etdikləri halda, artıq bir neçə il sonra daha geniş formatlı qurumlar, konqres və federasiyalar, assambleyalar təsis etməyə başladılar. Bu istiqamətdə yaradılmış qurumlardan biri Benilüks Azərbaycanlıları Konqresidir. Belə ki, Benilüks ölkələrində - Niderland, Belçika və Lüksemburqda fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin təsis konfransını keçirdilər. Benilüks Azərbaycanlıları Konqresinin təsis edilməsində məqsəd Benilüks ölkələrindəki Azərbaycan və türkdilli cəmiyyət və dərnəkləri bir araya gətirməkdən, onların fəaliyyətini əlaqələndirməkdən ibarət idi. Benilüks ölkələrində məskunlaşmış soydaşlarımızın tarixi vətənləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, türkdilli xalqlar arasında birliyin və həmrəyliyin təmin olunması, milli mənəvi dəyərlərin birgə qorunması və Avropa ölkələrində təbliği Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyət platformasının əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdi. Benilüks ölkələrində fəaliyyət göstərən və beş təşkilatı özündə birləşdirən İraq Türkmənlərinin Məclisi də konqresin tərkibinə daxil oldu. Konfransda Benilüks Azərbaycanlıları Konqresinın nizamnaməsi, bayrağı, idarə heyəti, sədri təsdiq edildi. Niderland-Azərbaycan Cəmiyyətinin təsisçisi Sahil Qasımov konfransda Benilüks Azərbaycanlıları Konqresinın sədri seçildi. Təsis konfransında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahomiv da iştirak etmişdi. Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
2006-cı ilin noyabrında Birləşmiş Ştatlarda Amerika Azərbaycan Tədqiqatçılar İnstitutu təsis edildi. Amerika Azərbaycan İnstitutunun yaradılmasının əsas məqsədi Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlərin inkişafına dəstək vermək, Amerika ictimaiyyətini Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və müasir ictimai-siyasi həyatı barədə məlumatlandırmaqdan ibarət idi. Tədqiqatlar İnstitutu həmçinin Amerika və Azərbaycan şəhərlərinin qardaşlaşması layihəsini həyata keçirəcək, tələbə mübadiləsi aparacaq, Vaşinqton və Bakı şəhərlərində tədbirlər keçirəcək, ölkələr arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil edəcəkdi. İnstitut Azərbaycanın turizm, iqtisadiyyat sahələrinə də töhfə verməyi nəzərdə tutur. İnistitutun ilk tədbirinin "Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsi"nə həsr edilməsi və toplantının Birləşmiş Ştatlar Konqresində keçirilməsi planlaşdırılmışdı.
Noyabr ayında Almaniyada Avropa Azərbaycan Strateji Araşdırmalar Mərkəzi yaradıldı. Avropa Azərbaycan Strateji Araşdırmalar Mərkəzi Avropa ictimaiyyətini Azərbaycan haqqında zəruri informasiyalarla təmin etməyi, habelə müasir texnologiya vasitələrindən istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri Avropa ölkələrinə çatdırmağı qarşısına əsas məqsəd kimi qoymuşdu. Bundan başqa mərkəz Azərbaycanda gedən sosial-iqtisadi inkişaf prosesləri, ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlər barədə də Avropa ictimaiyyətini məlumatlandıracaqdı. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın Avropaya inteqrasiya siyasətinə dəstək vermək idi. Avropa Azərbaycan Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Avropaya inteqrasiya siyasətinin məqsədi barədə Avropa ölkələrinin ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşmasını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirəcəkdi. Mərkəz Avropa ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması, onlar arasında birliyin təmin olunması istiqamətində də Azərbaycan icmalarına yaxından kömək göstərəcəkdi.
2006-cı ilin noyabr ayında Türkiyədə təsis edilmiş Türkiyə-Azərbaycan Strateji Araşıdrmalar Mərkəzi də öz fəaliyyətində məhz yuxarıda qeyd olunan prinsipləri əsas götürmüşdü. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri də "erməni soyqırım" iddiaları ilə bağlı elmi-praktik konfranslar təşkil elmək, bu iddiaların reallıqdan tamamilə uzaq olduğunu sübut edən elmi araşdırmaların nəticələri barədə dünya ictimaiyyətini məlumatlandırmaqdan ibarət olacaqdı. Mərkəzin nəzdində ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən bölmələrin qurulması da nəzərdə tutulurdu. Mərkəz Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişafına da töhfə verməyə çalışacaq, iki qardaş ölkənin dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə xidmət edən tədbirlər təşkil edəcəkdi. Dekabr ayında isə Türkiyənin İzmit şəhərində bu ölkənin 14 vilayətində fəaliyyət göstərən Azərbaycan Evi Dərnəklərinin toplantısı keçirildi. Tədbirin keçirilməsində məqsəd bu dərnəklərin Azərbaycan Evi Mədəniyyət Dərnəkləri Federasiyası (AEMDF) adı altında birləşməsini təşkil etmək idi. Toplantı iştirakçıları bu təşəbbüsü dəstəklədiklərini yekdilliklə bildirmiş və qurumun təsis olunmasını məqsədəuyğun hesab etmişlər.
2006-cı ilin dekabr ayında Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukraynadakı nümayəndəliyi bu ölkənin Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alındı. Dünya Azərbaycanlıları Konqresinın Ukrayna nümayəndəliyinin yaradılmasında əsas məqsəd Birləşmiş Millətlər Təşkilatının nizamnaməsini, Ümumdünya İnsan Haqları bəyannaməsini, Ukrayna qanunvericiliyini rəhbər prinsip kimi qəbul edərək soydaşlarımızın professional, sosial və digər hüquqi mənafeyini qorumaqdan ibarət idi. Dünya Azərbaycanlıları Konqresinın Ukrayna nümayəndəliyi soydaşlarımızın hüquqlarını beynəlxalq səviyyədə qorumaqla yanaşı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında da fəal iştirak etməyi bir vəzifə kimi qarşısına məqsəd qoymuşdu.. Dekabrın 17-də Toronto şəhərində Ontario və Kvebek vilayətlərində fəaliyyət göstərən 8 təşkilatın - Kvebek Azərbaycanlıları Assosiasiyası, Kanada Azərbaycan Dostluq Assosiasiyası, Ontario Azərbaycanlıları İcması, Kanada Azərbaycan Əməkdaşlığı Assosiasiyası, Kanada Azərbaycan Ticarət Mərkəzi, Kanadada Azərbaycan Tələbələri Cəmiyyəti, Kanada Azərbaycan Qadınları Assosiasiyası və Kanada Azərbaycan Gənclər Assosiasiyasının təşəbbüsü ilə geniş toplantı keçirildi. Toplantı iştirakçıları Azərbaycan həqiqətlərinin, o cümlədən Vətənimizə qarşı erməni təcavüzünün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin mövqeyinin və dövlətimizin xarici siyasətinin beynəlxalq qurumlar səviyyəsində dəstəklənməsi, azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin gücləndirilməsi və Kanadanın ictimai-siyasi həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Kanada Azərbaycan Assosiasiyaları Assambleyasını (KAAA) təsis etdilər. Assambleyanın nizamnaməsinin hazırlanması, onun dovlət qeydiyyatına alınması və 2007-ci ilin yanvarında ilk qurultayının keçirilməsi ilə əlaqədar işçi qrupu yaradıldı.
Bu illərdə təşkilatlanma prosesi xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər arasında da geniş vüsət almışdı. Belə ki, 2006-cı ilin avqust ayında Benilüks Azərbaycanlı Gənclərinin Koordinasiya Şurası yaradılmışdı. Benilüks Azərbaycanlı Gənclərinin Koordinasiya Şurasının əsas məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatırmaq, Qarabağ probleminə dair Avropada obyektiv rəy formalaşdırmaq və beynəlxalq təşkilatların diqqətini Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktına yönəltməkdən ibarət idi. Qurum gələcəkdə digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatları ilə əməkdaşlıq etmək niyyətini də açıq şəkildə ortaya qoymuşdu. Sentyabr ayında Sankt-Peterburqda Ümumrusiya Azərbaycan Konqresinin Mərkəzi Şurasının üçüncü iclası keçirildi. Konqresin 5-ci ildönümü ərəfəsində keçirilmiş toplantıda ötən müddət ərzində UmumRusiya Azərbaycanlıları Konqresinın Rusiya azərbaycanlılarının nüfuzlu təşkilatı kimi təşəkkül tapması, ölkənin ictimai həyatında layiqli yer tutduğu vurğulandı. Qeyd olundu ki, ÜmumRusiya Azərbaycanlıları Konqresi öz fəaliyyət coğrafiyasını genişləndirməkdədi və təşkilatın yeni regional bölmələrinin yaradılması üçün intensiv iş aparılır, federal dairələrin fəaliyyəti müzakirə olunur, təşkilati və mədəni-maarif işlərinin təcrübəsi, gənclərin ÜmumRusiya Azərbaycanlıları Konqresinın fəaliyyətinə daha geniş cəlb olunması məsələsi diqqət mərkəzində saxlanılır. İclasda gənclərin diasporun həyatına cəlb olunması işinin fəallaşdırılması, tələbələrin Rusiya ali məktəblərinə qəbulu praktikasının davam etdirilməsi və Rusiya Elmlər Akademiyasının elmi bölmələri ilə əməkdaşlıq məsələləri müzakirə mövzusu olmuşdu.
Oktyabr ayında isə Kaliforniya Amerika Azərbaycanlıları Şurası Birləşmiş Ştatlarda yaşayan azərbaycanlı gənclərin ilk forumunu keçirdi. Kaliforniyanın Los-Anceles Universitetində təşkil edilən forumda ölkəmizi Birləşmiş Ştatlarda daha da geniş tanıtmanın yollarını müzakirə ediblər. Forumda çıxış edənlər diasporun təşkilatlanması, Birləşmiş Ştatların qanunverici orqanları ilə əlaqələrin möhkəmləndirilməsi, habelə Azərbaycanın regionda rolu və mövcud iqtisadi durumu, təhsil sistemində vəziyyət kimi mühüm mövzulara diqqət yetirmişlər. Amerikanın müxtəlif ştatlarından gələn forum iştirakçıları yerlərdə həyata keçirdikləri layihələr barədə fikir mübadiləsi aparmışlar. "Hyuston-Bakı" Qardaşlaşmış Şəhərlər Assosiasiyasının Texas ştatında uğurlu fəaliyyəti nümunə kimi göstərilmişdi.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir