Dünya Azərbaycanlılarının I qurultayında sonra yaranan diaspor təşkilatları
18 Fevral 2013 17:46 DiasporaAzərbaycan diasporunun formalaşması, onun inkişaf etməsi istiqamətində 2000-ci ilin əvvəllərindən başlayaraq atılan addımlar xüsusi əhəmiyyət kəsb edirdi. Xüsusilə, Dünya Azərbaycanlılarının birinci qurultayı və 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra bu istiqamətdə proseslər sürətli xarakter almağa başladı. Qısa müddət ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, icma və birliklərin strukturlarının təkmilləşdirilməsi və onların fəaliyyətlərinin əlaqələndirilməsi işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirildi. 2006-cı ilin yanvar ayında İslandiyada "Azəri" Cəmiyyəti yaradılaraq, rəsmi qeydiyyatdan keçdi. Eyni vaxtda İspaniyanın Barselona vilayətində "Dostluq" cəmiyyəti təsis edildi. Hər iki qurum Azərbaycanın milli maraqlarını müdafiə etməyi, ölkəmizlə bağlı həqiqətləri Avropa ictimaiyyətinin diqqətinə çatdırmağı qarşısına məqsəd qoydu. Yanvar ayının 16-da isə Latviyada Baltikyanı ölkələrin Azərbaycanlılarının Konqresi təsis edildi. Bunun ardınca Riqada "Azəri" Azərbaycanlı Gənclər Mərkəzi yaradıldı. Mərkəzin əsas məqsədlərindən biri Azərbaycan gənclərinin Latviya cəmiyyətinə inteqrasiyasını təmin etmək və Latviya xalqını Azərbaycan mədəniyyəti, dili, tarixi və adət-ənənələri ilə tanış etmək idi. Mart ayında Kanadada yaşayan azərbaycanlılar yeni təşkilat təsis etdilər. Kanadanın Ottava şəhərində yaranan təşkilat Ottava Azərbaycanlıları İcması adlandırıldı. Ottava Azərbaycanlıları İcmasının əsas məqsədi Kanadada yaşayan azərbaycanlı gəncləri diaspor quruculuğu işinə cəlb etmək, onlar arasında əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə nail olmaqdan ibarət idi. Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti isə mart ayında dövlət qeydiyyatına alındı. Qeyd edək ki, bu Yaponiyada qeydiyyata alınan və rəsmi şəkildə fəaliyyət göstərən ilk Azərbaycan diaspor təşkilatı sayılırdı. Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti fəaliyyət göstərdiyi müddətdə Azərbaycan həqiqətlərinin Yaponiya ictimaiyyətinə çatdırılması, ölkələrimiz arasında əlaqələrin inkişafı, xalqımızın qədim və zəngin mədəniyyətinin təbliği məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir.
2006-cı ilin aprel ayında Rusiya Federasiyasının Jeleznovodsk İcra Hakimiyyətində "Araz" Azərbaycan icması Stavropol regional ictimai təşkilatı qeydiyyata alındı. Bununla əlaqədar aprel ayının 6-da təntənəli mərasim keçirildi. "Araz" təşkilatı Stavropol diyarında daimi və müvəqqəti yaşayan azərbaycanlıların hüquq və mənafelərini qorumaq, musiqili-mədəni tədbirlər təşkil etmək, yerli sakinlərlə dostluq əlaqələrinin möhkəmləndirilməsi qurumun fəaliyyətində mühüm istiqamətlər sayılırdı. Yeni dərs ilinin başlanğıcından isə icma Jeleznovodskda Azərbaycan və rus dillərinin öyrədilməsi məqsədilə kurslar açdı.
Aprelin 15-də Berlində Almaniya Azərbaycan Evinin ofisinin açılış mərasimi keçirildi. Ofis Azərbaycanın tarixinə, mədəniyyətinə dair əyani vəsaitlərlə, habelə Azərbaycan dilinin tədrisi məqsədilə dərsliklə təmin edildi. İyun ayının 6-da Antaliyada keçirilən Dünya Azərbaycanlı Ziyalılarının Forumu çərçivəsində Türkiyə Azərbaycan Dərnəklədəri Federasiyasının növbəti toplantısı keçirildi. Toplantıda təşkilatın strukturlarının yaradılması və sədr seçkiləri ilə bağlı məsələlər müzakirə edildi. Müzakirələr zamanı Türkiyədəki Azərbaycan icmalarının fəaliyyətinin təkmilləşdirilməsi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis qurultayının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. TADF üzvləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, bu sahədə əsaslı dönüş yaratmaq və Azərbaycan xalqının məruz qaldığı terror və soyqırım aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün konkret strategiyaya əsaslanan tədbirlər həyata keçirilməlidir. Türkiyənin Antalya şəhərində təşkil olunmuş Dünya Azərbaycanlı Ziyalıları Forumu çərçivəsində İyun ayının 8-də Amerikada fəaliyyət göstərən Azərbaycan icmalarının toplantısı keçirildi. Toplantıda çıxış edənlər qeyd etmişlər ki, bu gün Amerikada fəaliyyət göstərən Azərbaycan icmaları ölkəmizin milli maraqlarının qorunması, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görürlər. Bu icmaların bir araya gətirilməsi və onların fəaliyyətinin koordinasiya edilməsi daha ciddi uğurlar qazanmağa imkan verə bilər. Bildirildi ki, Azərbaycan icmalarının birləşərək Amerika Azərbaycan Assosiasiyaları Assambleyasının yaradılması təşəbbüsü ilə çıxış etməsi təqdirəlayiq haldır. Müzakirələrin nəticəsi olaraq Assambleyanın nizamnaməsini hazırlamaq və təsis konfransının təşkili ilə bağlı məsələləi həll etmək məqsədilə təşkilat komitəsi yaradıldı. İyun ayının 9-da isə Antalyada keçirilən Dünya Azərbaycanlı Ziyalılarının Forumu çərçivəsində Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçirildi. Toplantıda Dünya Azərbaycanlılarının II qurultayından sonra AAK-ın qarşısında duran vəzifələr müzakirə olundu. Çıxış edənlər Dünya Azərbaycanlılarının II Qurultayından sonra Azərbaycan diasporunun tarixində yeni mərhələnin başlandığını söyləyərək AAK-ın bu mərhələdə daha güclü təşkilata çevrilməsinin vacib olduğunu qeyd etdilər. İyun ayının 30-da Buxarest şəhərində Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin növbəti iclası keçirildi. Cəmiyyətin fəaliyyətinin genişləndirilməsi məqsədilə İdarə Heyəti Nizamnaməyə dəyişikliklər etdi və 4 regional nümayəndəliyin (Dobruca bölgəsinin Konstansa, Moldova bölgəsinin Yaşi, Muntenia bölgəsinin Curciu və Transilvaniya bölgəsinin Kluj şəhərlərində) açılmasına dair qərar qəbul edildi. Avqust ayında Niderland Krallığının Haaqa şəhərində fəaliyyət göstərən "Azərbaycan Kültür Dərnəyi"nin yeni seçilmiş İdarə Heyətinin yığıncağı keçirildi. Toplantıda cəmiyyətin keçdiyi yol, gördüyü işlər müzakirə edildi və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirildi. İdarə heyətində aparılan müzakirələr zamanı "Azərbaycan Kültür Dərnəyi"nin Avropadakı bütün Azərbaycan mədəniyyət mərkəzləri və diaspor təşkilatları ilə əlaqələrinin genişləndirilməsi və birgə tədbirlər həyata keçirməsi ilə bağlı layihələrin hazırlandığı vurğulandı.
2006-cı il avqust ayının 27-də Litva Respublikasında "Günəş" Litva Azərbaycanlıları Assosiasiyası təsis edildi. Təşkilat Litvada yaşayan bütün azərbaycanlıları öz ətrafında toplamaq və onların cəmiyyətə inteqrasiyası prosesinə kömək etmək məqsədini qarşısına qoymuşdu. Yeni Zelandiyanın Auckland şəhərində isə "Azəri" Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti təsis edildi. Cəmiyyət Azərbaycan həqiqətlərinin Yeni Zelandiya ictimaiyyətinə çatdırılması, bu ölkə ilə respublikamız arasında münasibətlərin ikişafı istiqamətində qısa vaxt ərzində bir sıra tədbirlərin həyata keçirməsini qaprşısına məqsəd qoymuşdu. Sentyabr ayının 13-də İstanbul şəhərində İstanbul Azərbaycanlılarının Kültür və Dayanışma Dərnəyinin II konfransı keçirildi. Toplantıda qurumun ötən müddət ərzindəki fəaliyyətinə qiymət verildi və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparıldı. Sentyabr aynın 17-də Birləşmiş Statların Kaliforniya ştatının Los Qatos şəhərində Şimali Kaliforniyadakı Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə azərbaycanlıların VIII konfransı keçirildi. 600 nəfərə yaxın soydaşımızın iştirak etdiyi tədbirə San Xose şəhərinin meri vəzifəsinə əsas namizəd Sindi Çavez də qatıldı. Tədbirdə San Xose şəhəri ilə Azərbaycanın bir şəhərinın qardaşlaşması məsələsi ilə bağlı fikir mübadiləsi də aparıldı. Oktyabr ayında Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində yaşayan azərbaycanlıların birgə toplantısı keçirildi. Toplantıda həmin şəhərdə məskunlaşmış soydaşlarımızın yeni diaspor təşkilatı yaratmaq barədə təşəbbüsü ətrafında fikir mübadiləsi aparıldı. Müzakirələr zamanı Mayami Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası (AAMA) adlandırılması nəzərdə tutulmuş yeni təşkilata üzvlüyün açıq olmasının daha faydalı ola biləcəyi qeyd edildi. 2006-cı ilin oktyabr ayında Fransanın Metz şəhərində Fransa Azərbaycanlılarının Diaspor Mərkəzi (FADM) təsis olundu. Metz şəhər məhkəməsi tərəfindən oktyabrın 18-də qeydiyyata alınmış və hüquqi statusa malik olan yeni mərkəzin noyabr ayının 12-də ilk yığıncağı keçirildi. Yığıncaqda mərkəzin nizamnaməsi müzakirə olunaraq qəbul edildi, məqsəd və vəzifələri müəyyənləşdirildi. Noyabr ayının 24-də Kişinev şəhərində Moldova Azərbaycanlıları Konqresinin növbəti hesabat-seçki konfransı keçirildi. Konfransda Dünya Azərbaycanlılarının II Qurultayının nəticələri, Azərbaycan dövlətinin diaspor quruculuğu sahəsinə verdiyi xüsusi önəmi barədə fikir mübadiləsi aparıldı. Çıxış edənlər 2006-cı ildə keçirilmiş Dünya Azərbaycanlı Ziyalıları Forumunun nəticələrini yüksək qiymətləndirdiklərini bildirdilər. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2007-ci ilin birinci yarısında Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuş Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu ilə bağlı fikirlərini bölüşən toplantı iştirakçıları, bu tədbirin bütün Türk dünyasında böyük əks səda doğuracağına inamlarını ifadə etdilər. Konfrans iştirakçıları Moldova Azərbaycanlıları Konqresinin qarşısında duran vəzifələrlə bağlı da geniş fikir mübadiləsi apardılar. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun 2006-cı ilin noyabr ayında Birləşmiş Ştatlara səfəri zamanı bu ölkədə fəaliyyət göstərən Azərbaycan icmaları ilə görüşlər keçirildi. Bu görüşlər zamanı Amerika Azərbaycan Assosiasiyaları Assambleyasının yaradılması perspektivləri ilə bağlı ətraflı müzakirələr aparıldı.
Ardı növbəti sayımızda
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir