Xarici ölkələrdə Azərbaycan mədəniyyəti geniş təbliğ edilir
Bu prosesdə diasporumuz xüsusi fəallıq göstərir
15 Fevral 2013 16:32 DiasporaXarici ölkələrdə yaşayan azərbaycanlılar mədəni irsimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması məsələlərinə hər zaman xüsusi diqqət göstərib, bu istiqamətdə müxtəlif layihələr, tədbirlər keçiriblər. Məhz Azərbaycan diasporunun ölkəmizin mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərin nəticəsində dünyanın əksər dövlətlərində görkəmli elm xadimlərimiz, mədəniyyət nümayəndələrimiz barədə dolğun və ətraflı fikir formalaşıb, onların əsərləri, qələmə aldıqları kitablar geniş təbliğ edilib. Azərbaycanla bağlı həqiqətlərin, mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın Fransada təbliği sahəsində uğurlu fəaliyyət göstərən Strasburqdakı "Azərbaycan Evi" cəmiyyəti ölkənin məşhur Mark Blok Universiteti ilə əlaqələr qurubş Nəticədə universitet Azərbaycanla bağlı bir neçə maraqlı tədbir həyata keçirib. Strasburq şəhərində isə "Nizami Gəncəvi və Dünya Mədəniyyəti" mövzusunda konfrans təşkil olunub. Tədbirin təşkilatçıları Strasburqda fəaliyyət göstərən "Azərbaycan Evi" və Strasburq Türkologiya Departamenti olub. Avstriyanın paytaxtı Vyana şəhərində Avstriya-Azərbaycan Akademik Birliyinin təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə gənclər proqramı həyata keçirilib. Proqramda Portuqaliya, Slovakiya, Almaniya, Türkiyə və Azərbaycan gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Proqram çərçivəsində Avstriya Xarici Siyasət məsələləri üzrə Akademik Forumla birlikdə "Azərbaycan gecəsi" təşkil olunub.
Ötən müddət ərzində xarici ölkələrdəki diaspor təşkilatlarımız tərəfindən "Novruz" bayramı, Respublika Günü, Milli Qurtuluş Günü geniş şəkildə qeyd edilib. Diaspor təşkilatlarımız həmin günləri elmi-praktik konfranslar, konsert proqramları və digər bu kimi tədbirlər keçirməklə qeyd ediblər. Ümumiyyətlə, Azərbaycanın milli bayramları dünyanın bir çox ölkələrində yaşayan soydaşlaramız tərəfindən təntənəli şəkildə qeyd olunub. Berlindəki "Azərbaycan Evi" cəmiyyətinin keçirdiyi "Novruzunuz mübarək" bayram şənliyində Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Tədbirldə Almaniyanın paytaxtında və onun ətrafında yaşayan həmyerlilərimiz, türk diasporunun təmsilçiləri və Berlin ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Almaniyanın Oldenburg şəhərində, Hamburqdakı Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində, Köln Azərbaycan-Türk Dayanışma Dərnəyində, Mannhaym şəhərində hər il Azərbaycan və türk icmalarının nümayəndələri tərəfindən Novruz bayramı ilə əlaqədər tədbirlər təşkil olunur. Ukrayna Azərbaycanlıları Konqresi isə hər il Novruz bayramı münasibətilə konsert təşkil edir. Ukrayna Təhlükəsizlik Xidmətinin Mədəniyyət evində keçirilən konsertdən əvvəl iştirakçılar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin mətni diqqətə çatdırılır
"Beynəlxalq Ana dili Günü" çərçivəsində Ukrayna Müdafiə Nazirliyinin Mərkəzi Mədəniyyət evində "Dil palitrası" mədəni-yaradıcılıq aksiyası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi tədbirdə Azərbaycan, Belarus, gürcü, macar, yəhudi, moldovan, alman, rus və digər diasporların nümayəndələri iştirak ediblər. Ölkəmizi konsertdə Ukrayna Azərbaycanlıları Konqresinin "Azərbaycan" kvarteti uğurla təmsil edib. Azərbayca-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı ilə əlaqədar Xayfa şəhərində Azərbaycan incəsənət ustalarının böyük konsert proqramı təşkil olunub. 800 nəfərdən çox Azərbaycandan köçmüş yəhudinin iştirak etdiyi kosertdə Xayfa şəhərinin meri cənab Yona Lav da iştirak edib. Azərbayca-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı çərçivəsində qurultayının keçirildiyi salonda xalqımızın zəngin mədəni irsini əks etdirən rəsm sərgisi də təşkil olunub. Xarkovdakı "Dostluq" Azərbaycan-Ukrayna cəmiyyətinin təşkilatçılığı ilə Xarkov İncəsənət Muzeyinin sərgi salonlarında istedadlı həmvətənimiz, rəssam Anar Əliyevin fərdi sərgisi keçirilib. Rusiya Federasiyasının Moskva Dövlət Universitetində isə "XX əsrin sonu - XXI əsrin əvvəllərinin ümumi tarixi" beynəlxalq elm müsabiqəsi keçirilib. Soydaşımız Macarıstanda yaşayan Vüqar Seyidov "XX əsrin əvvəllərində Bakı neft qovşağı: problemin arxiv bazasının müasir vəziyyəti", Nəzrin Şakirzadə isə "Azərbaycan Respublikası xarici siyasi və xarici iqtisadi proseslərdə (1991-2006)" adlı tədqiqat işlərinə görə Beynəlxalq elm müsabiqəsinin qalibləri olublar. Kanadanın Toronto şəhərində fəaliyyət göstərən "Həftə sonu" məktəbinin şagird və valideynlərinin iştiraki ilə Azərbaycan Təhsil və Mədəniyyət Mərkəzinin iclası keçirilib. İclasda çıxış edənlər məktəbin fəaliyyəti, eləcə də gələcək nəslin inkişafında ana dilinin öyrənilməsinin əhəmiyyəti barədə danışıblar. Toronto şəhərindəki Yapon Mədəniyyət Mərkəzində isə Türk icmaları ilə birgə təşkil olunmuş ənənəvi "Uşaq bayramı"nda Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin nəzdindəki rəqs dərnəyinin və "Həftə sonu" məktəbinin şagirdləri də fəal iştirak ediblər. Bayram tədbirində milli rəqslərimiz, habelə Azərbaycan haqqında videofilm nümayiş etddirilib. Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərindəki Ayn-Şəms Universitetinin dillər fakültəsində keçirilmiş XXVI Xalqlar günü festivalında azərbaycanlı tələbələrin "Vətən" Cəmiyyəti birinci yeri tutub. Festivalda tələbələrimiz Azərbaycan üçün ayrılmış guşənin girişini Qoşa qala qapısının maketi ilə bəzəmiş, Azərbaycanın tarixini və müasir dövrünü əks etdirən stendlər hazırlamışdılar.
Azərbaycan icmaları müxtəlif ölkələrdə keçirilən beynəlxalq mədəniyyət festivallarında da fəal iştirak edir, xalqımızın zəngin mədəni irsini tanıtmağa çalışırlar. Belə ki, Birləşmiş Ştatların Hyuston şəhərində türkdilli xalqların festivalı keçirilib. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının üzvləri Azərbaycandan gətirilmiş və milli ənənələrə uyğun müxtəlif suvenirlər, əl işləri ilə bəzədilmiş guşə yaratmışlar. İştirakçılara Azərbaycan haqqında sənədli film nümayiş etdirilib. Valideynlərin rahatlığı üçün uşaq guşəsi də yaradılıb. Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Bosniya-Herseqovinanın mədəniyyət və incəsənət nümunələri də nümayiş etdirilib. Ümumilikdə 7 mindən çox yerli əhali türk xalqlarının mədəniyyəti, qonaqpərvərliyi, mətbəxi, milli rəqsləri, musiqisi ilə tanışlıq imkanı əldə edib. Amsterdamda Azərbaycan dilinin tədris ediləcəyi məktəb açılıb. Hər bazar günü 4 saat Azərbaycan dilinin tədris olunduğu məktəbdə bu ölkədə yaşayan azərbaycanlı uşaqlarla yanaşı, İraq türkmənlərinin uşaqları da 2 saat müddətində ana dilimizi öyrənirlər. Digər 2 saat ərzində isə yaşlılara bu dil tədris edilir. Benilüks Azərbaycanlıları Konqresinin xüsusi səyi sayəsində açılmış məktəb ilk vaxtlar qurumda təmsil olunan Türkmən Federasiyasının Amsterdamdakı qərargahında fəaliyyət göstərib. Almaniyanın Maynts şəhərində milli azlıqların beynəlxalq festivalı keçirilib. Maynts şəhər bələdiyyəsinin keçirdiyi festivalda Azərbaycanı Maynts-Azərbaycan Dostluq Cəmiyyəti təmsil edib. Tədbirdə bir sıra ölkələrin Almaniyadakı səfirliklərinin, beynəlxalq qurumların, insan hüquqları üzrə müdafiə təşkilatlarının, Maynts şəhərində fəaliyyət göstərən diaspor cəmiyyətlərinin nümayəndələri, şəhərin bələdiyyə başçısı Yens Boytel və başqaları iştirak ediblər. Tədbirdə ümumilikdə 34 dövlətin tanıtım stendi və 25 ölkənin folklor və rəqs qrupları iştirak edib. Maynts-Azərbaycan Dostluq Cəmiyyətinin rəqs qrupunun ifasında Azərbaycanın milli rəqsləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Birləşmiş Ştatların Kaliforniya ştatının İrvin şəhər rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "İrvine Global Village" festivalında ilk dəfə olaraq soydaşlarımız da iştirak ediblər. Amerika Azərbaycanlıları Şurasının nümayəndələri festival çərçivəsində Azərbaycan guşəsi yaradıblar. Burada Azərbaycanın qədim və zəngin tarixi, ədəbiyyatı, mədəniyyəti, coğrafiyası, həmçinin turizm imkanları barədə qonaqlara ətraflı məlumat verilib. Hollandiyada Avropa Azərbaycan Qadınları İttifaqının ölkəmizin səfirliyi ilə birgə təşkil etdiyi və respublikamızın müstəqillik gününə həsr olunmuş Azərbaycan günü keçirilib. Həmin gün Haaqa sakinləri Niderlanddakı Azərbaycan diasporunun dəstəyi ilə hazırlanan konserti dinləmişlər. Konsertdə Hollandiyada yaşayan bəstəkar-müğənni Elxan Rzayev çıxış edib. Mərkəzi Brüsseldə yerləşən Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq şöbəsi isə bu şəhərdə Azərbaycan gecəsi təşkil edib. Fransanın Stras-Europe təşkilatı ilə birgə keçirilən gecədə Azərbaycanla bağlı təbliğat lövhəsi qurulmuş, mahnılarımız səsləndirilib. Tədbirin əsas məqsədi fransızlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, Strasburqa yeni gəlmiş azərbaycanlı tələbələrlə yaxından tanış olmaq, Fransanın digər şəhərlərində yaşayan azərbaycanlılarla sıx əlaqə yaratmaq və bu ölkədəki azərbaycanlıların fəaliyyətinin əlaqələndirilməsinin səviyyəsini yüksəltməkdən ibarət olub. Tədbirdə Paris, Mulhouse, Metz və s. şəhərlərdən nümayəndələr, Strasburqda yaşayan və təhsil alan azərbaycanlılarla yanaşı, fransız və xarici qonaqlar da iştirak ediblər. Kopenhagen şəhərində Danimarkanın Əcnəbilərlə İş üzrə Mərkəzində Azərbaycanla tanışlıq günü keçirilib. Tədbirdə azərbaycanlı musiqiçilərin ifasında klassik Avropa və milli musiqmizdən parçalar səsləndirilmiş, azərbaycanlı rəssamların sərgisi təşkil olunub.
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Azərbaycanın tarixi şəxsiyyətlərini də unutmur/. onların fəaliyyəti haqqında yaşadıqları ölkələrin ictimaiyyətini məlumatlandırmağa çalışır, xatirələrini ehtiramla yad edirlər. Tallində fəaliyyət göstərən "Aydan" Estoniya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən milli liderin xatirəsinə həsr olunmuş tədbir keçirməklə yanaşı, Heydər Əliyev haqqında hazırlanmış film və fotosərgi nümayiş etdirib. Estoniyadakı Akademik Z.Əliyeva adına Şərq Mədəniyyəti İnstitutu ulu öndərin fəaliyyətinə həsr olunmuş konfrans keçirib. Litva Azərbaycanlıları Cəmiyyətinin və "Günəş" cəmiyyətinin üzvləri dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş anım əmrasimləri təşkil ediblər. Azərbaycan səfirliyinin dəstəyi ilə Latviyada "Azəri-Vəhdət" cəmiyyəti və "Ocaq" Mədəniyyət Mərkəzi ulu öndərin xatirəsinə həsr olunmuş yığıncaqla bərabər, Heydər Əliyevin həyatının və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil edib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir