“Birlik və bərabərliyimiz qoruyub-saxlamaq istiqamətində çalışırıq” - MÜSAHİBƏ

Ayhan Dəmirçi: “Avropaya Azərbaycan həqiqətlərinin çatdırılması, erməni işğalına son verilməsi istiqamətində fəaliyyətlərimizi davam etdirməkdəyik”

"Cəmiyyətimiz son illərdəki aktiv fəaliyyəti ilə Azərbaycanın haqlı davasını Avropanın önəmli qurumlarına və beyin mərkəzlərinə yönəldib"

Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçinin Belçikadakı Azərbaycan diasporunun vəziyyəti, rəhbərlik etdiyi qrumun iki ölkə arasındakı əölaqələrin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyəti, eləcə də cari il il ərzində həyata keçirməyi nəzərdə tuduğu layihələrlə bağlı "OLAYLAR"-a müsahibəsi

-Ayhan bəy, Azərbaycan Belçika Dostluq Cəmiyyəti nə zamandan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətləri hansılardır?

-Azərbaycan Belçika Dostluq Cəmiyəti 2000-2001-ci ildən etibarən aktiv formada fəaliyyət göstərməkdədir. Ancaq Belçikada Azərbaycanla bağlı mədəniyyət və təbliğat sahəsində əsas fəaliyyətlərimiz 1982-1983-cü illərdən davam edir. Əslində Azərbaycan türkçülüyünün Avropadaki tanitimı çox keçmişə gedib çıxır. Ən azı 50 illik bir tarixi qeyd edə bilərik. Çünki Turkiyədən Avropaya işləməyə gələn dost və qardaşlarımız Avropaya gəldiklərindən bəri Azərbaycanın mədəniyyyətinin təıbliği və onun tanıdılması sahəsində çox böyük işlər görüblər. Onların Azərbaycanın təbliğində önəmli rolu olub. Bizlər isə bu fəaliyyəti böyüklərimizdən təslim alaraq davam etdiririk. Fəaliyyət istiqamətlərimiz isə başlıca olaraq Avropadakı topluluğumuzun assimilyasiya olmaması üçün gördüyümüz işlərdən ibarətdir. Eyni zamanda birlik və bərabərliyimiz də qoruyub-saxlamaq istiqamətində çalışırıq. Belçika-Azərbaycan Dostluq Cəmiyyəti olaraq Azərbaycan mədəniyyətini Avropada təbliğ etməklə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin avropalılara, dünya ictimaiyyətinə çatdırılması, zaman-zaman başımıza gətirlən soyqırımların tanıdılması sahəsində də müəyyən fəaliyyətlərimiz mövcuddur. 

-Cəmiyyətinizin 2013-cü il üçün əsas fəaliyyət istiqamətləri nədən ibarətdir və cari il üçün fəaliyyət proqramını müəyyən etmisinizmi?

-Bildiyiniz kimi Azərbaycanın ən böyük problemi ərazilərinin iyirmi faizinə yaxınının işğal altında olmasıdır. Bizlər təşkilat olaraq daim Azərbaycan dövlətinin yanındayıq.  Belçikaya, ümumilikdə Avropaya Azərbaycan həqiqətlərinin çatdırılması, erməni işğalına son verilməsi istiqamətində fəaliyyətlərimizi  davam etdirməkdəyik. Hər il 20 yanvar, Xocalı soyqırımı və 31 mart Azərbaycanlıların soyqırımı Günü ilə ilgili müxtəlif tədbirlər keçiririk. Eyni zamanda mədəniyyət sahəsində də tədbirlər keçirir, Azərbaycanın zəngin tarixi-mədəni irsini təbliğ edirik. Bundan başqa hər il Şəhər bayramı, Novruz bayramı kimi şənliklər və buna bənzər bəzi fəaliyyətlərimiz də mövcuddur. Bütün bu fəaliyyətlərlə bağlı da Belçika və Avropa ictimaiyyətinə məlumatlar verməkdəyik. Bütün  bunlarla yanaşı 2013-cü ildə bir neçə yeni layihələrimiz var ki, onları da gerçəkləşdirmək üçün fəaliyyətlərimiz davam edir. Qeyd etdiyim kimi fəaliyyətlərimiz sadəcə şəhər meydanlarında etiraz aksiyaları, piketlər keçirməklə deyil, Azərbaycanın üzləşdiyi problemləri Avropanın önəmli qurumlarına çatdırmaqdadır. Cəmiyyətimiz son illərdəki aktiv fəaliyyəti ilə Azərbaycanın haqlı davasını Avropanın önəmli qurumlarına və beyin mərkəzlərinə yönəldib. Mərkəzi Brusseldə yerləşən Avropa parlamentində həyata keçirdiyimiz  bir neçə  toplantıda Azərbaycan həqiqətləri dilə gətirilib və böyük önəm qazanmişdir.

-Təşkilatınıza diaspor işində Azərbaycandan hər hansı bir dəstək varmı? Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz necədir? Onlardan dəstək ala bilirsinizmi?

-Əvvəlcə, ilk sualınızı cavablandırım ki, bizim təşkilatımıza Azərbaycandan hər hansısa bir kömək, dəstək olmayıb, indi də yoxdur. İkincisi, Diasporla İş üzrə Dövlət Komitəsi ilə indiyə kimi heç bir mövzu, tədbir ilə bağlı hansısa bir yaxınlığımız, əməkdaşlığımız, dialoqumuz olmayıb. İllərdir ki, bu belədir və bu vəziyyət dəyişmir. Əgər siz məndən bu vəziyyətin səbəbini soruşsanız, inanın ki, mən də bilmirəm. Mənə elə gəlir ki, bunun səbəbini onlardan soruşsanız, daha məqsədəuyğundur. Amma bunu xüsusilə vurğulamaq istəyirəm ki, bizi tanımaqları, bilməkləri o qədər də əhəmiyyət kəsb etmir. Nəticədə biz işimizi görürük. Köməyə, dəstəyə, məsləhətə, əməkdaşlığa ehtiyacımız olduğu bəzi məsələlərdə Azərbaycanın Belçikadakı səfirliyindən lazımı dəstəyi alırıq. Bunun xaricində indiyə kimi heç bir dövlət adamından, dövlət orqanından, Diasporla İş üzrə Dövlət Komitəsi başda olmaqla, heç bir yardım, kömək görməmişik. Əslində, Diasporla İş üzrə Dövlət Komitəsinin ən çox maraq göstərməli, ən çox dəstək verməli olduğu yer məhz Belçikadır. Bir şeyi unutmamalıdırlar ki Belçika dünyanın mərkəzi olan bir ölkədir. Dünyanın ürəyi məhz bu ölkədə atır, dünyanın taleyi, siyasi hadisələrin gedişi burada müəyyənləşir. Hərbi, iqtisadi qərarların qəbulu məhz bu ölkədə gerçəkləşir. Komitəyə nə qədər məktublar yazdıq, müraciətlər etdik, maraqlanın, dəstək verin, vəsaitlə kömək edin, amma illərdir buradakı təşkilatlara münasibət dəyişmir ki, dəyişmir. Bir dəfə maraqlanmırlar ki, bu ölkədə diasporun vəziyyəti necədir. Heç kimin diqqətini çəkmir. Avropada ən fəal təşkilatlar da bəlkə də buradadır. Sadəcə, bir məsləhət verə bilərəm ki, prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Qurultayında söylədiklərinə bir daha qulaq asıb, xatırlasınlar.

-Bəs Azərbaycanla-Belçika arasındakı münasibətləri necə dəyərləndirirsiniz və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansısa layihələr və tədbirlər keçirməyi düşünürsünüzmü?

-Belçika ilə Azərbaycan arasındakı münasibətlər normaldır  və inanıram ki, bundan sonra da ikitərəfli münasibətlər yaxşı olacaq. Amma buna bir az da vaxt lazımdır, Bizlər Azərbaycan Belçika Dostluq Cəmiyyəti olaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə bu günə qədər çoxsaylı mədəniyyət tədbirlərimiz olub. Bura müxtəlif konsert və sərgilər, küçə şənlikləri və mədəniyyət çadırlarının qurulmasını aid etmək olar.  Ən mühüm tədbirlər kimi Azərbaycan qartalları və Bakı ulduzları folklor rəqs qruplarının konsertlərini, Novruz bayramı münasibətilə keçirilən muğam günlərini, Ham şəhərində təşkil etdiyimiz mədəniyyət çadırlarını qeyd edə bilərəm. 2011-ci il mart ayının 17-də Avropa Parlamentində "Azərbaycan-Avropa İttifaqı münasibətləri və mədəniyyətlərarası dialoq" adlı konfransımız isə daha genişmiqyaslı idi.  Konfransa məruzəçi qismində Azərbaycandan qatılmış ekspertlərimiz iştirakçılara Azərbaycanda dini icmaların vəziyyəti, onların qeydə alınması və fəaliyyəti, dini dözümlülük və tolerant mühit,   eyni zamanda işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinin ermənilər tərəfindən dağıdılması barədə geniş məlumat verdilər. Təbii ki, bu tədbirlər hər zaman böyük coşğu ilə qarşılanır, belçikalıların və avropalıların geniş marağına səbəb olur. Cəmiyyətimizin əsas məqsədi Azərbaycan mədəniyyətini tanıtmaq olduğu üçün bu sahəyə xüsusi diqqət ayrılır. İnaniram ki bunun kimi fəaliyyətlərin davam etməsi ikitərəfli əlaqələrin  inkisafında önəmli rol oynayacaq. Yuxarıda qeyd etdiyim kimi bu il belçikalılara yönəlik Novruz bayramı şənlikləri, Novruz haqqında məlumatların bu ölkə ictimaiyyətinə çatdırılması fəaliyyətimiz var. Eyni zamanda aprel ayında qrupumuzda olan belçikalılarla bərabər Azərbaycana səfər  proqramı var. Ümid edirəm ki, hər şey gözəl olacaq. Arzu edirik ki, bu kimi fəaliyyətimizə Azərbaycandan da dəstək olsun.

-Belçikadakı Azərbaycan səfirliyi ilə əlaqələriniz hansı səviyyədədir?

-Söhbət Belçikadan gedirsə, mən Azərbaycanın Brüsseldəki əvvəlki səfirliyi ilə əlaqələrimizdən yalnız məmnunluğumu ifadə edə bilərəm. Eyni zamanda bildirmək istəyirəm ki,  başda səfirimiz olmaqla bərabər səfirliyimizdə calışanların  çoxu dəyişdiyi üçün bu ifadəni işlətdim. Çünki  səfirliyin yeni heyətinin çoxu ilə hələlik tam tanış olmaq  fürsətini qazana bilməmişik. Fəaliyyətlərimiz və həyata keçirdiyimiz layihələrlə bağlı əvvəlki səfirliyimiz tərəfindən hər zaman dəstəklənmişik. İnanıram ki, yeni səfirimizlə də bu kimi  çalışmalarımiz davam edəcək. Bunu mən digər diaspor təşkilatlarımıza da aid edə bilərəm. Diplomatik nümayəndəliyimizin istənilən görüşlərimiz zamanı Azərbaycanın milli maraqlarının qorunması ilə bağlı bütün layihələrə dəstək verdiyini və bundan sonra da verəcəyinə əminəm.

-Qarşıdan Xocalı soyqırmının ildönümü gəlir. Bununla bağlı cəmiyyət olaraq hansı tədbirlər keçirməyi nəzərdə tutursunuz?

-Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı  Mir Əşrəf Fətiyevin rəhbərlik etdiyi  Dünya Azərbaycanlıları Konqresi ilə birlikdə Avropa parlamentində tədbir keçirmək niyyətindəyik və hazırda bu layihə üzərində çalışırıq. Eyni zamanda Xocalı soyqırımından bəhs edən məktublar poçt vasitəsilə Avropa və belçikalı parlamentarilərə göndəriləcək. Həmçinin kütləvi informasiya vasitələri yolu ilə soyqırımla bağlı faktlar xalqa çatdırılacaq. 

-Ümumiyyətlə, Belçika-Azərbaycan Dostluq Cəmiyyəti olaraq bu il ərzində Belçikada Azərbaycanla bağlı hansı tədbirlər keçirməyi düşünürsünüz?

-Əvvəlcədən də qeyd etdiyim kimi ənənə halına gətirdiyimiz onəmli milli günlərimizi hər il olduğu kimi bu il də qeyd edəcəyik. Eyni zamanda  mədəniyyət sahəsində bu və ya digər fəaliyyətlərimiz olacaq. Həmçinin  bu il fəaliyyət göstərdiyimiz Ham şəhəri bələdiyyəsində Novruz bayramını geniş şəkildə qeyd etməyi düşünürük və bu istiqamətdə hazırlıqlarımızı davam etməkdədir. Ümumiyyətlə, Novruz bayramının tarixi və onun əsas anlamının belçikalılara və bu ölkədə yaşayan xarici ölkələrin vətəndaşlarına çatdırmağa çalışırıq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31