Xarici ölkələrdəki Azərbaycan icmalarının ictimai-siyasi həyatda rolu
Diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrin cəmiyyətlərinə fəal inteqrasiya edirlər
7 Fevral 2013 15:40 DiasporaDünyanın müxtəlif ölkələrində təşkilatlanmış Azərbaycan cəmiyyətləri fəaliyyət göstərdlikləri dövlətlərin, bölgələrin ictimai-siyasi həyatında fəal iştirak etmələrinin təmin olunması diaspor quruculuğu işinin ən mühüm məsələlərindən biridir. Bu məqsədlə hələ 2004-cü ilin əvvəllərindən başlayaraq Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən soydaşlarımızın yaşadıqları ölkələrdə keçirilən seçkilərə təsiretmə mexanizmlərinin hazırlanmasına nail olmaq üçün müəyyən işlər görülmüş və bəzi uğurlu nəticələr qazanılmışdır. Azərbaycan icma və birliklərinin fəaliyyət göstərdikləri ölkənin iqtisadi, siyasi və mədəni potensialının gücləndirilməsinə xidmət edən sağlam və fəal ictimai qüvvəyə çevrilməsi, ölkənin ictimai həyatına inteqrasiyasının dərinləşməsi, eyni zamanda milli mənliyini, doğma dilini, mədəniyyətini qorumaqla bu ölkənin mənəvi dəyərlərini mənimsəməsi, xalqlarımız arasında əməkdaşlıq tellərinin möhkəmləndirilməsinə öz töhfəsini verib və bu proses yüksələn xətlə inkişaf etməkdədir.
Ümummilli lider Heydər Əliyevin soydaşlarımızla keçirdiyi tarixi görüşlərdə verdiyi tövsiyələr xaricdə məskunlaşmış Azərbaycan ziyalıları tərəfindən proqram vəzifələr kimi qəbul edilmiş, milli özünüdərk hissinin təşəkkülü, milli mədəniyyətimizin təbliği, soydaşlarımızın müstəqil dövlətimiz ətrafında sıx mənəvi birliyinin təmin olunması sahəsində mühüm addımlar atılmışdır. Məhz həmin tövsiyyələrin uğurla həyata keçirilməsi sayəsində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkənin ictimai-siyasi həyatına daha fəal inteqrasiya etmiş, bu ölkələrin qanunvericilik və icra orqanlarında həmvətənlərimizin də təmsil olunması istiqamətində məqsədyönlü iş aparmaqdadırlar. Soydaşlarımızın Türkiyə, Estoniya, Gürcüstan və Moldova Parlamentlərində təmsil olunmaları, Özbəkistanda, Rusiyada keçirilən parlament seçkilərində ilk dəfə olaraq həmyerlilərimizin irəli sürdüyü namizədlərin qeydə alınması, Rusiya, Ukrayna və Qazaxıstanda onlarca soydaşlarımızın yerli qanunvericilik orqanlarına deputat seçilməsi həmvətənələrimizin ictimai-siyasi fəallığının yüksəlməsinin göstəricisidir. Azərbaycan diasporunun təşkilatlanması istiqamətində görülən uğurlu işlər nəticəsində bir sıra dövlətlərin rəsmi strukturlarında həmvətənlərimizin də təmsil edilməsinə şərait yaranmışdır. Belə ki, Birləşmiş Ştatlar, Rusiya, Ukrayna, Litva, Qazaxıstan, Özbəkistan və bəzi Avropa ölkələrinin idarəetmə orqanlarında soydaşlarımızın fəaliyyət göstərməsi ötən dövrdə qazanılmış nailiyyətlərin artıq öz uğurlu nəticələrini verdiyini söyləməyə imkan yaradır.
Sevindrici və qürurverici haldır ki, xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamları da artıq ictimai-siyasi həyatda fəal iştirak edirlər. Tanınmış azərbaycanlı biznesmen, Rusiyanın aparıcı qeyri-dövlət təbii qaz hasilatçısı olan, "Nortqaz" şirkətinin prezidenti Fərhad Əhmədovun zamanında Rusiya Dövlət Duması Federasiya Şurasına üzv seçilməsi buna daha bir əyani sübutdur. Fərhad Əhmədov ilk azərbaycanlıdır ki, Rusiya Dövlət Duması Federasiya Şurasında azərbaycanlı kimi təmsil edilir. Ümumrusiya Azərbaycan Konqresi iqtisadi əməkdaşlığa dair Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının tam hüquqlu üzv olmaqla yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Dövlət Dumasının Federal Məclisinin parlamentlərarası komissiyasında da təmsil olunur. 2003-cü ilin fevral ayında Dövlət Dumasının Milli Məsələlər Komitəsi ilə ÜmumRusiya Azərbaycanlıları Konqresi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. 2004-cü ildə ÜmumRusiya Azərbaycanlıları Konqresi Moskva Meriyasının Regionlararası Əlaqələr və Milli Siyasəi Komitəsi ilə də analoji saziş imzalamışdır. 2004-cü ilin may ayının 8-də Varşavada fəaliyyət göstərən Robert Şuman adına Fondun Polşanın Avropa Birliyinə daxil olması ilə əlaqədar "Zamkovo" meydanında keçirdiyi və Avropa Birliyinə üzv olan ölkələrin nümayəndə heyətlərinin qatıldıqları yürüşdə həmvətənlərimiz də fəal iştirak etmişlər. Polşada fəaliyyət göstərən Azərbaycan İnformasiya-Mədəniyyət Mərkəzi və Polşa-Azərbaycan Mədəniyyət Assosiasiyası bu tədbirə dəstək vermiş və yürüşdə Azərbaycan nümayəndələrinin də iştirakını təmin etmişlər. Yürüşə qatılmış soydaşlarımız əllərində Azərbaycanın Dövlət bayraqları "Avropa Birliyinin qapısı" adlanan yerdən rəmzi olaraq keçmişlər. Elə həmin gün Azərbaycan İnformasiya-Mədəniyyət Mərkəzi və Polşa-Azərbaycan Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə Varşava şəhərində "Xarenda" mehmanxanasında "Azərbaycan: Avropa birliynə gedən yol" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransın başlıca ideyası dünya ictimayyətinin diqqətinin Azərbaycana yönəldilməsi və Avropa birliyinin Şərqə doğru genişləndirilməsi məsələsinin müzakirəsi olmuşdu. Tədbirdə Avropa Komissiyasının Polşadakı səfiri Bruno Dethomas və Robert Şuman adına Fondun prezidenti Roza Tun da iştirak edirdilər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir