Azərbaycan diasporu Litvada

Azərbaycanla Litva arasında əlaqələrin kökü XV əsrə gedib çıxır. Ağqoyunlu və Səfəvi dövlətləri XV əsrin II yarısı və XVII əsrin əvvəllərində bir çox Avropa ölkələri ilə, o cümlədən Böyük Litva Knyazlığı ilə geniş əlaqələr yaratmışdılar. Bu əlaqələr hər iki tərəf üçün qarşılıqlı siyasi və iqtisadi əhəmiyyətə malik idi. Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423-1478) taxtının yanında Osmanlı İmperiyası Venesiya Respublikası, Böyük Moskva Kyazlığı, Qızıl Orda, Roma Papalığı, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr, Misir, Hindistan, Qaraman bəyliyi səfriləri ilə bərabər böyük Litva Knyazlığının (1236-1569) nümayəndəsi də  diplomatik fəaliyyət göstərib. Tarix elmləri doktoru, professor Yaqub Mahmudovun bu sahədə apardığı elmi araşdırmalar və ümumiləşdirmələr müəllifin Bakıda çapdan çıxmış əsərlərində öz yerini tapıb. Görkəmli şərqşünas alim, tarix elmləri doktoru Sara xanım Aşurbəyli isə orta əsrlər Qərb-Şərq iqtisadi və mədəni əlaqələrindən yazarkən Böyük Litva Knyazlığı torpaqlarında, həmçinin Böyük Litva Knyazlığı ilə Polşa Krallığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış Reç Pospolita (1569-1795) federativ dövləti ərazilərində təsis edilmiş Yezuitlər ordeninin (İsus Cəmiyyəti) Azərbaycanda fəaliyyətinə toxunmuşdur. Türk xalqları arasında Cizvitlər, İsa Peyğəmbər təriqətçiləri və yaxud "İnsanın əsgərləri" adı ilə tanınan Roma Katolik Kiləssinin ruhani ordeninin Litva-Polşa müvəkilliyi  XVIII əsrin 80-ci illərində Gəncədə özünün ikinci dərəcəli diplomatik nümayəndəliyini açmışdı. Bir çox ölkələrdə nmayəndəliklər təsis etmiş Yezuitlər "Allahın şərəfinə" devizi altında çalışırdılar. Odur ki, Lutva dini nümayəndələri rəsmi əlaqələr çərçivəsində Gəıncə ilə yanaşı Şamaxı, Bakı və Naxçıvanda da elm, təhsil və missioner fəaliyyəti ilə məşğul olublar.

Rəsmi statistik məlumnatlara görə, hazırda Litvada 1500 nəfərdən çox azərbaycanlı yaşayır. Soydaşlarımızın bu ölkəyə miqrasiyası II dünya müharibəsindən sonra başlayıb. Litvanın Kaunas,  Vilnüs başda olmaqla, müxtəlif şəhər və rayonlarında məskunlaşan azərbaycanlılar əsasən ticarət sahəsində çalışırlar. Buna baxmayaraq Litvanın dövlət orqanlarında azərbaycanlılara rast gəlmək mümkündür. Litva azərbaycanlıları bu ölkədə Azərbaycanın təbliği, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə həqiqətlərin bu ölkənin ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş aparmaqdadırlar.

Litvadakı Azərbaycan diasporu bu ölkədə fəaliyyət göstərən Azərbaycan səfirliyi ilə də yaxından əməkdaşlıq edir. Həmçinin Azərbaycandan olan parlamentarilər də bu ölkəyə səfərləri çərçivəsində Azərbaycan diasporu ilə yaxından maraqlanır və onlarla görüşlər keçirirlər.  Bu ölkədə keçirilən "Sosial Media və Gənclik" adlı IV Avrasiya Gənclik Forumunda iştirak edən millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı bu ölkədəki səfirliyimizdə Azərbaycanın Litvadakı fövqaladə və səlahiyyətli səfiri Həsən Məmmədzadənin də iştirakı ilə Litvada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb. "Litva Azərbaycanlıları " cəmiyyətinin sədri Mahir Həmzəyev, "Günəş" assosiasiyasının sədri Sadıq Nurullayev, "Azəri" cəmiyyətinin sədri Kamal Zülfiyevlə görüşdə millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı bildiriblər ki, Azərbaycanla Litva arasında bütün sahələrdə əməkdaşlıq getdikcə daha da sürətlənir və bu ölkədə yaşayan azərbaycanlıların Azərbaycan həqiqətlərinin, tarixinin, mədəniyyətinin Litva cəmiyyətinə daha da geniş şəkildə çatdırılmasında səylərini artırması çox vacib və önəmlidir. Torpaqlarımızın 20 faizinin hələ də Ermənistanın işğalı altında olmasının, Xocalı, Qaradağlı, Bağanıs Ayrım soyqırımını törədənlərin hələ də cəzasiz gəzməsindən hər bir azərbaycanlının ciddi narahat olduğunu vurğulayan millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycan diaspora təşkilatlarının üzərinə düşən vəzifələrə toxunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Litvanın qondarma erməni soyqırımı iddialarını tanıyan ölkələrdən biri olmasından narahatlıqlarını bildirən millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının, Azərbaycan diaspora təşkilatlarının Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalarını sürətləndirmələrinin vacibliyini vurğulayıb. Millət vəkilləri azərbaycanlı gənclərin Litvanın ictimai-siyasi həyatında aktivliyinin artmasının vacibliyini xüsusi vurğulayıblar və bu istiqamətdə geniş fikir mübadiləsi aparılıb. "Litva Azərbaycanlıları " cəmiyyətinin sədri Mahir Həmzəyev, "Günəş" assosiasiyasının sədri Sadıq Nurullayev, "Azəri" cəmiyyətinin sədri Kamal Zülfiyev millət vəkillərinə Litvada gördükləri işlər, həyata keçirməyi planlaşdırdıqları layihələr barədə ətraflı məlumatlar verib və geniş fikir mübadiləsi aparılıb. Diaspor təşkilatları da Azərbaycan həqiqətlərinin və mədəniyyətinin Litva cəmiyyətində daha da geniş şəkildə çatdırılmasının vacibliyi ilə bağlı millət vəkillərinin fikirlərinin doğru olduğunu bildirərək getdikcə fəaliyyətlərini daha da genişləndirəcəklərini bildiriblər. Onlar Azərbaycanın Litvadakı səfirliyinin bu istiqamətdə fəaliyyətinin genişlənməsinin onların fəaliyyətinə müsbət stimul verdiklərini də vurğulayib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31