Ukraynada Azərbaycan diasporu

Ukrayna Azərbaycan diasporunun fəal olduğu Avropa ölkələrindən biri kimi xarakterizə edilir. Tarixi mənbələrə əsaslansaq belə qənaətə gələ  bilərik ki, bu ölkəyə azərbaycanlıların mühacirəti XIX əsrin sonu-XX əsrin əvvəllərində başlayıb. XX əsrin əvvəllərindən buraya təhsil almağa gələn azərbaycamlı tələbələr ictimai fəallıq göstərməyə başlayıblar. Onların fəallığı sayəsində Ukraynanın paytaxtı Kiyev şəhərində  Azərbaycan Milli Mədəniyyət Mərkəzi yaranıb və zaman-zaman burada yığılan azərbaycanlılar Azərbaycan mədəniyyəti, poeziyası, ədəbiyyatı barəsində müzakirələr aparıblar. Kiyevdən başqa Ukraynanın digər böyük şəhərləri-Xarkov və Lvovda da azərbaycanlı gənclər təhsil aldıqları müəssisələrdə eyni istiqamətdə iş aparırdılar. Ukraynada 1917-1918-ci illərdə tanınmış yazıçı Tağı Şahbazi Simurq Xarkov şəhərində məskunlaşaraq "Cənub səsi" adlı qəzet nəşr etmişdir.

1920-ci ildə Ukrayna bolşevik işğalına məruz qaldıqdan sonra Azərbaycan-Ukrayna münasibətlərində xeyli irəliləyiş baş verdi. Ukrayna-Azərbaycan arasında, eyni zamanda tələbə-mütəxəssis mübadiləsi də aparılırdı. Müxtəlif sahələr üzrə mütəxəssis hesab olunan yüzlərlə azərbaycanlı Ukraynaya köçərək buranı özlərinə daimi yaşayış məskəni seçmişdilər. Bunun nəticəsində Kiyev, Xarkov, Odessa, Lvov, Krım şəhərlərində və Valin, Vinnitso, Dnepropetrovsk, Donetsk, Zakarpatye, Zaparodce, Jitomir, İvano-Frankovsk, Kirovoqrad, Nikolayev, Poltava, Rovina, Ternopol, Suşk, Xerson, Xmelnitski, Çerkask, Çerniqo, Çernovisti vilayətlərində soydaşlarımız məskunlaşmışdılar. Məskunlaşdığı şəhər və vilayətlərin ictimai işində fəallıq göstərən azərbaycanlılar Ukrayna dövlət idarələrində tədricən irəli çəkilirdilər. 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra müstəqillik əldə edən Ukrayna və Azərbaycan arasında ikitərəfli diplomatik münasibətlər quruldu. Artıq beynəlxalq birliyin bərabərhüquqlu üzvü olan Ukrayna və Azərbaycan bütün sahələr üzrə qarşılıqlı münasibətləri inkişaf etdirirdilər.

Rəsmi məlumatlara görə, hazırda Ukraynada 500 min azərbaycanlı yaşayır. Bu şəxslər ötən əsrin əvvəllərindən  bu günə qədər davam edən intensiv mühacirət nəticəsində bu ölkəyə gələnlərdir. 500 min azərbaycanlının bir-biri ilə əlaqə saxlaması və ictimai fəaliyyəti bəzi ölkələrdəki azərbaycanlıların fəaliyyətindən nisbətən daha fəaldır. Ukraynada onlarla Azərbaycan diaspor təşkilatı, mədəniyyət mərkəzi, kütləvi informasiya vasitəsi olmaqla yanaşı ana diliimiz həm Ukraynanın ali təhsil müəssisələrində, həm də Azərbaycan dilli "Həftə sonu" məktəblərində tədris olunur. Azərbaycan folklor ansambllarının yaradılması isə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edir. Günümüzdə Ukraynada çoxsaylı Azərbaycan diaspor təşkilatları və milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Onların ən böyüyü bir çox regional diaspor təşkilatlarını öz ətrafında birləşdirən Ukrayna Azərbaycanlıları Konqresidir. 1999-cu il, mart ayının 21-də təsis edilən Ukrayna Azərbaycanlıları Konqresinin yaranmasında bu ölkədəki Azərbaycan səfirliyi və tanınmış azərbaycanlıların böyük rolu olub. Konqresin ilk təsis yığıncağı ilə Ukraynanın 15 vilayətində filialı olan Ukrayna Azərbaycanlıları Konqresinin zaman keçdikcə filiallarının sayı artmağa başladı.

Ukrayna Azərbaycanlıları Konqresi Avropada ən fəal Azərbaycan diaspor təşkilatlarından biri kimi də xarakterizə edilir. Ukrayna Azərbaycanlıları Konqresi bu ölkə ərazisində yaşayan azərbaycanlıların milli-mədəni ənənələrinin qorunmasında, sosial-iqtisadi və ictimai-siyasi problemlərin həllində mühüm rol oynayır. Hazırda Ukraynanın 27 inzibati mərkəzində-Vinnitsa, Dnepropetrovsk, Donetsk, Jitomir, Lvov, Odessa, Poltava, Sevastopol, Ternopol, Xarkov, Xerson, Çerkassk, Çerniqov və digər şəhər və vilayətlərdə  Ukrayna Azərbaycanlıları Konqresinın regional şöbələri fəaliyyət göstərir. Konqres fəaliyyət göstərdiyi ölkənin ictimai-mədəni həyatında fəal iştirak edir, müxtəlif ictimai-mədəni və xeyriyyə aksiyaları həyata keçirir, Ukrayna Azərbaycanlıları Konqresi bu ölkədəki  digər diaspor mərkəzləri, ictimai və dövlət təşkilatları, xeyriyyə fondları ilə normal əməkdaşlıq əlaqələri qurur. Ukrayna Azərbaycanlıları Konqresinin xətti ilə çernobılçılara, Zakarpatyedə təbii fəlakətlərdən, Donbass şaxtalarında baş vermiş qəzalardan ziyan çəkmişlərə, həmçinin uşaq evlərinə, internatlara, müharibə veteranlarına maddi yardım göstərilir. Konqresin nəzdində həmçinin "Azərbaycan" ansamblı fəaliyyət göstərir. Eyni zamanda Ukrayna Azərbaycanlıları Konqresinin bir sıra regional şöbələri nəzdində bazar günü məktəbləri işləyir. Ötən müddət ərzində Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Azərbaycan və Ukrayna arasında tələbə mübadilələri, elmi müəssisələrin əməkdaşlığı haqqında müqavilələr imzalanmışdır. Konqres Azərbaycan və Ukraynanın dövlət və milli bayramlarının, tarixi günlərinin qeyd olunmasında, Ukraynanın ictimai-siyasi, iqtisadi, mədəni tədbirlərində fəal iştirak edir. Ölkənin ictimai-siyasi, itisadi-mədəni həyatında mühüm rol oynayan Ukrayna Azərbaycanlıları Konqresinin 27 inzibati ərazi bölgüsünün demək olar ki, hamısında vilayət təşkilatları fəaliyyət göstərir. Ukrayna Azərbaycanlıları Konqresinin əsas fəaliyyət istiqamətləıri isə aşağıdakılardır.

1-Azərbaycan mədəniyyətini təbliğ etmək,

2-Azərbaycan dilini təbliğ və tədris etmək,

3-Kütləvi-mədəni tədbirlərin keçirilməsi,

4-Ölkənin ictimai-siyasi,  iqtisadi-mədəni həyatında iştirak etmək,

5-Ukrayna-Azərbaycan ikitərəfli münasibətlərin inkişafına töhfə vermək,

6-İnformasiya-tədqiqat işi ilə məşğul olamaq,

7-Azərbaycan namzinə lobbiçilik etmək.

Ukraynada Azərbaycan diasporuna məxsus kütləvi informasiya vasitələri də fəaliyyət göstərir. Bunlardan "Azərbaycanın səsi" və "Savalan" paytaxt Kiyevdə işıq üzü görür. Bundan başqa müxtəlif şəhər və vilayətlərdə də nəşr edilən qəzet və jurnallar mövcuddur. Həmin kütləvi informasiya vasitələrinə "Qobustan", "Millət" və digər bu kimi qəzet və jurnalları göstərmək olar. Ukraynadakı Azərbaycan diasporu, eləcə də Ukrayna Azərbaycanlıları Konqresi Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması prosesində də aktiv fəaliyyət göstərir. Təsadüfi deyil ki, "Xocalıya ədalət" kampaniyası çərçivəsində hər il silsilə tədbirlərin keçirildiyi ölkələr sırasında Ukrayna ön sıralarda durur. Hətta keçən il fevral ayı Ukraynada Xocalı ayı elan edilib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31