Müstəqillik illərindən sonra Azərbaycan və türk diaspora arasında münasibətlər
4 Fevral 2013 15:56 DiasporaAzərbaycan diasporunun geniş əlaqələr qurduğu diaspor təşkilatlarından biri də türk diasporudur. Dünyanın müxtəlif ölkələrində eyni mövqedən çıxış edən Azərbaycan və türk diasporu arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində real addımlar Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra atılmağa başladı. Əgər Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə bütün sahələrdə olduğu kimi diaspora sahəsində müəyyən addımlar ataraq onun inkişaf etdirilməsinə çalışırdısa, sonrakı illərdə diasporlararası əlaqələrin qurulması başlıca prioritet seçilmişdi. Xüsusilə, 2000-ci ildən başlayaraq bu sahədə konkret addımlar atıldı.
2004-cü il, may ayının 28-də Türkiyənin İsgəndərun şəhərində bu ölkədə fəaliyyət göstərən 18 Azərbaycan icma və birliklərini özündə birləşdirən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis konfransı keçirildi. Konfransın işində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, mədəniyyət naziri Polad Bülbüloğlu, ölkəmizin Türkiyədki fövqəladə və səlahiyyətli səfiri Məmməd Əliyev, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Bahəddin Kaya, Türkiyə Cümhuriyyəti tərəfindən Hatay vilayətinin valisi Abdul Kadır Sarı, İsgəndərun şəhər bələdiyyəsinin başqanı Mete Aslan, Ceyhan, Dördyol və Payas bələdiyə başqanları Hüseyn Sözlü, Bilgəhan Aksoy, Bəkir Altan, Ceyhan şəhər kaymakamı Selmi Yurdaer və eyni zamanda Rusiya və Almaniyada fəaliyyət göstərən diaspor təşkilatları nümayəndələri də iştirak etmişdi. Konfransın əvvəlində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubu oxunub. Bundan sonra müxtəlif mövzularla bağlı məruzələr dinlənilib. Aparılan müzakirələrin yekunu olaraq qətnamə qəbul edilib. Qətnamədə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası qardaş Türkiyədə fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan dərnəkləri, müxtəlif qurumları və onların timsalında burada yaşayan bütün həmvətənlərimizi öz ətrafında sıx birləşdirməyi qarşısına məqsəd qoyduğu vurğulanıb. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) təsis olunması ilə bağlı rəsmi razılıq protokulunu qardaş ölkənin 18 şəhərində-Ankara, Adana, Antalya, Aydın, Balıkəsir, Bursa, Canaqqala, İstanbul, İzmir, İzmit, İqdır, Manisa, Mula, Tre, İsgəndərun və Dördyol Azərbaycan Kültür və Dayanışma Mərkəzlərinin rəhbərləri imzalayıb və Türkiyədə fəaliyyət göstərən digər Azərbaycan dərnək və qurumlarını da federasiya ətrafında sıx birləşməyə çağırıblar. Tədbirin sonunda Azərbaycan prezidentinə ünvanlamış olduğu müraciətdə TADF-in ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və onun siyasi varisi kimi cənab İlham Əliyevin müvəffəqiyyətlə davam etdirməkdə olduğu azərbaycançılıq ideyalarının gerçəkləşdirilmıəsi işinə öz töhfəsini verməyə çalışacağı bəyan edildi.
Zaman keçdikcə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətini tənizmləyəcək, bu fəaliyyəti koordinasiya edəcək hansısa bir sənəd və ya strategiyaya zərurət hissi edilirdi. Məhz bu zərurətdən irəli gələrək 2006-cı il, iyun ayının 7-də Türkiyə Cümhuriyyətinin Antalya şəhərində Azərbaycan və türk icmalarının birgə fəaliyyət strategiyasına həsr olunmuş konfrans keçirildi. Konfransda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları rəhbərləri, Azərbaycanın aparıcı qəzetlərinin, televiziya kanallarının rəhbərləri, eləcə də nümayəndələri iştirak edirdi. Bundan başqa, konfransa xaricdə yaşayan tanınmış azərbaycanlı ziyalılar, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan və Türkiyənin hökumət və dövlət nümayəndələri, parlament təmsilçiləri, hər iki ölkədə fəaliyyət göstərən ictimai birliklər, qeyri-hökumət təşkilatlarının rəhbərləri dəvət edilmişdi. Azərbaycan və türk icmalarının rəhbərləri "Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası"nın hazırlanmasına dair Razılıq Protokolunu imzaladılar. Protokola hər iki tərəfdən 34 icma rəhbəri imza atdı.
2007-ci il, mart ayının 9-da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I forumu bütün türkdilli zalqların həyatında mühüm əhəmiyyətə malik hadisə oldu. Forum Azərbaycan Respublikası prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşdü. Forumda Azərbaycan Respublikasından cənab prezident İlham Əliyev, Türkiyə Cümhuriyyətindən baş nazir Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Respublikasının prezidenti Məhəmməd Əli Tələt iştirak edirdi. Bu isə tədbirin əhəmiyyətini daha da artırdı, onun bütün türk xalqları üçün mühüm önəmə malik olduğunu təsdiqləyən amilə çevrildi. Foruma Azərbaycan və Türkiyə Respublikasının dövlət və hökumət rəısmiləri, digər türkdilli ölkələrin bilavasitə diaspor quruculuğu sahəsində dövlət siyasətini həyata keçirən dövlət və hökumət orqanlarının nümayəndələri, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan və türk icmnalarının rəhbərləri, türkdilli xalqların (İraq türkmənləri, Axıska türkləri, Şimali Kipr türkləri) və onların diaspor təşkilatlarının təmsilçiləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynamış tanınmış ictimai xadimlər, siyasətçilər dəvət edilmişdi. Tədbirə ümumilikdə 48 ölkədən 513 nəfər qatılmışdı. Türkiyə, Almaniya, Birləşmiş Ştatlar, Rusiya Federasiyası, Ukrayna, İsveç, Niderland, Rumınıya, Norveç, Litva forumda ən çox nümayəndə heyəti ilə təmsil olunmuşdu. Forumda Azərbaycan və Türkiyə ilə yanaşı, Latviya, Estoniya, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət və hökumət nümayəndələri, parlament üzvləri iştirak edirdi. Forumda türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, sosial mədəni, ictimai-siyasi əlaqələrin dərinləşdirilməsi, mədəniyyət, iqtsadiyyat və digər sahələrlə bağlı ortaq layihələrin həyata keçirilməsi prosesinin intensivləşdirilməsi ilə bağlı bir sıra məsələlər, o cümlədən "Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası" müzakirə edildi. Sənəddə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətini şərtləndirən tarixi, siyasi, iqtisadi, sosial-psixoloji amillər, əməkdaşlığın prinsip və istiqamətləri, həmçinin əhatə edəcəyi sahələr öz əksini tapdı.
Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, diaspor quruculuğu sahəsində əməkdaşlığın dərinləşdirilməsi, türkdilli xalqların tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması, diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması, habelə bütün türk xalqları arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malik hadisə oldu. Forumda aparılan müzakirələrin nəticəsi olaraq "Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası", "Bakı bəyannaməsi", "Türkdilli xalqlara müraciət", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət nümayəndələrinə müraciət", "1915-ci il hadisələri ilə əlaqədar erməni iddiaları ilə bağlı qərar qəbul edən ölkələrə etiraz bəyanatı" qəbul olundu.
Azərbaycan Respublikası prezidentinin təşəbbüsü ilə, 2007-ci il, noyabrın 17-19-u tarixlərində Bakı şəhərində Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirildi. Qurultaya müstəqili türkdilli dövlətlərin dövlət və hökumət rəsmiləri, muxtar və federal türkdilli dövlətlərin, muxtar türkdilli vilayətlərin nümayəndələri, millət vəkilləri, ictimai birlik və qeyri-hökumət təşkilatlarının, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan və türk icmalarının rəhbərləri dəvət edilmişdi. Qurultayın işində Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Monqolustan, Şimali Kipr Türk Respublikası, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Altay, Çuvaşiya, Saha-Hakas mustar respublikaları, Krım, Qaqauz və Axıska türkləri, İran, İraq və Əfqanıstan türklərinin nümayəndələri, Almaniya, Birləşmiş Ştatlar, Belçika, Avstraliya, İsveçrə və digər ölkələrdəki türkdilli xalqların diaspor təşkilatlarının təmsilçiləri iştirak edirdilər. Qurultay çərçivəsində türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, türk dünyasının mədəni irsinin təbliği, türk gəncliyinin qarşısında duran vəzifələr, onların milli ruhda tərbiyə olunması problemləri, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı məsələlər müzakirə olundu. Qurultayda türk dünyasını narahat edən bir sıra digər problemlər-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Şimali Kipr Türk Respublikasının beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, Axıska türklərinin öz tarixi torpaqlarına qayıdışı sahəsində mövcud olan çətinliklərlə də bağlı fikir mübadiləsi aparılıb, bir sıra mühüm sənədlər qəbul edildi. 30 ölkədən 550 nəfər nümayəndə və qonağın dəvət olunduğu qurultayın işində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Respublikasının prezidenti Məhəmməd Əli Tələt, Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl, eləcə də türkdilli dövlətlərin yüksək dövlət və hökumət nümayəndələri iştirak edirdi.
Ardı növbəti sayımızda
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir