Azərbaycan diasporunun inkişafı prosesinə Heydər Əliyev Fondunun töhfələri
Fondun davamlı və ardıcıl dəstəyi Azərbaycan diasporunun təbliğat imkanlarını daha da genişləndirir
22 Yanvar 2013 18:35 DiasporaAzərbaycan diasporunun hazırkı inkişaf mərhələsinə gəlib çatmasında dövlət, bu sahəyə cavabdeh olan müvafiq qurumlarla yanaşı qeyri hökumət təşkilatları da aktiv rol oynayırlar. Bu sahədə xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Belə ki, 2004-cü il, may ayının 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi irsimizin qorunması və təbliği, soydaşlarımız arasında birlik və həmrəylik ideyalarının yayılması istiqamətində çox mühüm tədbirlər həyata keçirib. Fondun təşəbüsü ilə dünyanın bir sıra ölkələrində keçirilmiş tədbirlər, beynəlxalq forum və konfranslar beynəlxalq ictimaiyyətin ölkəmiz və xalqımız haqqında dolğun informasiya əldə etməsində mühüm rol oynayıb. Heydər Əliyev Fondunun yüksək keyfiyyətli, zövlə hazırlanmış nəşrləri bu gün xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları üçün əvəzsuz təbliğat vasitəsi, informasiya mənbəyidir. Heydər Əliyev Fondu ötən müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan xalqının məruz qaldığı terror və soyqırım aktları, o cümlədən Xocalı soyqırımı ilə əlaqədar xarici ölkələrdəki Azərbaycan icma və birliklərini müvafiq məlumatlar və sənədlərlə təmin edib. Fondun məqsədi Almaniya, Fransa, Belçika, İsveçrə, Çexiya, Macarıstan, Rumıniya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdə Xocalı soyqırımının ildönümlərinin yüksək səviyyədə qeyd olunması və faciənin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması olub. Bu gün dünyanın əksər ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən uğurlu layihələr həyata keçirirlər. Xüsusilə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası və bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində təşkil olunan tədbirləri qeyd etmək yerinə düşər.
Heydər Əliyev Fondu xarici ölkələrdə, xüsusilə də Gürcüstandakı azərbaycanlıların cəmiyyətə inteqrasiyası, soydaşlarımızın yaşadığı bölgələrin sosial-iqtisadi inkişafına xidmət edən bir sıra layihələrə də imza atıb. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisi şəhərində Heydər Əliyev Mərkəzi yaradılıb. Həmçinin Fondun dəstəyi ilə Dmanisi şəhərinin mərkəzində Kompüter Tədris Mərkəzi inşa edilib və mərkəz bütün lazımi avadanlıqla təmin olunub. Fondun təşəbbüsü ilə Marneuli rayonunun Alget kəndindəki orta əsrlərdə inşa edilmiş və son illərə qədər acınacaqlı vəziyyətdə olan məscid əsaslı və yüksək səviyyədə təmir olunub, kəndə içməli su xətti çəkilib. Orta və ali məktəblər, ictimai təşkilatlar, mədəniyyət mərkəzlərinin nəzdindəki kitabxanalar yeni kitablarla zənginləşdirilib. Eyni zamanda bir neçə yeni kitabxana açılıb. Qeyd edək ki, Fond tərəfindən Marneuli rayonunun Alget, Təzəkənd və Əzizkənd kəndlərini içməli su ilə təmin edən su kəməri də çəkilib. 6,5 kilometr məsafəni əhatə edəcək bu kəmər hər üç kəndin əhalisinin içməli suya olan tələbatını ödəməyə imkan verir. Bütün bunlarla yanaşı Fond tərəfindən Dmanisi, Bolnisi, Marneuli, Qardabani, Laqodexi rayonlarının uzaq kəndlərinə xeyir və yas mərasimlərində istifadə etmək üçün bütün lazım olan avadanlıqla birlikdə altı dəst çadır verilib. Heydər Əliyev Fondunun qayğısı nəticəsndə Gürcüstandakı Azərbaycan məktəblərinin birinci sinif şagirdləri hər il pulsuz dərsliklər və tədris vəsaitləri ilə təmin olunur. Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun həyata keçirdiyi böyük layihələr xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsinə, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyasına əvəzsiz töhfələr verib. Hazırda da Mehriban Əliyeva daim Azərbaycan diasporunun fəaliyyətinə yaxından dəstək verir. Xarici səfərlər zamanı Mehriban Əliyevanın diaspor nümayəndələri ilə keçirdiyi görüşlər, onun irəli sürdüyü dəyərli təklif və tövsiyyələr Azərbaycan diasporunun daha da güclənməsinə xidmət edir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2005-ci il, avqustun 31-də Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Rəhbərlik etdiyi fondun vəzifələri, əsas məqsədləri haqqında ətraflı məlumat verən Mehtiban Əliyeva bildirib ki, Heydər Əıiyev tərəfindən yaradılmış azərbaycançılıq fəlsəfəsinin, azərbaycançılıq ideyasının təbliği, gələcək nəsillərə çatdırılması, ölkəmizin sosial problemlərinin həlli ilə bağlı məsələlər fondun daim diqqət mərkəzindədir. Fondun təhsil və mədəniyyət sahəsində çox böyük layihələrinin olduğunu vurğulayan Mehriban Əliyeva Azərbaycan muğamının dünyaya daha yaxından tanıdılması üçün buraxılan "Qarabağ xanəndələri" albomunun YUNESKO səviyyəsində də yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. 2006-cı il, fevralın 13-də Mehriban Əliyeva Birləşmiş Ştatların aparıcı yəhudi təşkilatları sədrləri konfransının nümayəndə heyəti ilə görüşüb. Heydər Əliyev Fondunun prezidenti Birləşmiş Ştatlarda yaşayan yəhudiləri birləşdirən təşkilatların təmsilçilərini ölkəmizdə və ümummilli lider Heydər Əliyevin adını daşıyan fondda görməkdən qürur hissi keçirdiyini vurğulayıb. O, Heydər Əliyev Fondu haqqında qısa məlumat verərək bildirib ki, fond nüfuzlu beynəlxalq təşkilatlar, dünyanın müxtəlif ölkələrinin ictimai, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa daha çox əhəmiyyət verir və Birləşmiş Ştatların yəhudi təşkilatları ilə də əlaqələr qurmasına hazırdır. Yəhudi təşkilatlarının təmsilçiləri fondun və onun prezidentinin konkret insanların və ölkənin sosial problemlərinin həlli, uşaq evləri və internat məktəblərində təlim-tərbiyyə alan, diabet xəstəliyindən əziyyət çəkən uşaqlara yardım, talessemiyasız həyat, təhsil, mədəniyyət sahəsində çox böyük layihələr həyata keçirməsinin şahidi olduqlarını vurğulayıblar.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Amerika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın 2006-cı il, dekabrın 4-də Amerikaya başlamış səfəri çərçivəsində Vaşinqtondakı Amerika-Azərbaycan Ticarət Palatası nəzdində fəaliyyət göstərən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində Amerikada yaşayıb fəaliyyət göstərən azərbaycanlı və amerikalı incəsənət xadimləri ilə görüşüb. Görüşdə Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlərin yüksək səviyyədə olmasından danışan Mehriban Əliyeva vurğulayıb ki, zəngin mədəni irsimizin Birləşmiş Ştatlarda tanıdılmasına dair layihələrin həyata keçirilməsinə ehtiyac var. Bu layihələrin sərgilər, konsertlər, Birləşmiş Ştatlarda Azərbaycan günləri kimi keçirilməsini mümkün hesab edən Heydər Əliyev Fondunun prezidenti bu işdə Birləşmiş Ştatlarda yaşayan azərbaycanlı incəsənət xadimlərinin dəstəyinin vacib olduğunu söyləyib. 2007-ci il, mayın 18-də Cenevrəyə səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İsveçrədə işləyən və təhsil alan soydaşlarımızın bir qrupu ilə görüşüb. Görüşdən məmnunluq duyduğunu söyləyən Mehriban Əluyeva xarici ölkələrdə çoxlu sayda azərbaycanlı mütəxəssislərin çalışdığını və gənclərin təhsil aldığını bildirib. Son illlər ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini, əhalinin yaşayış səviyyəsinin xeyli yaxşılaşdığını xatırladan Mehriban Əliyeva Azərbaycan haqqında həqiqətlərin dünyaya, o cümlədən avropalılara çatdırlmasında xaricdəki soydaşlarımızın böyük qüvvə olduğunu xüsusi olaraq qeyd edib. Gənclərin xarici ölkələrdə təhsil almasından danışan Heydər Əliyev Fondunun prezidenti deyib ki, Azərbaycan prezidenti bu məsələyə xüsusi diqqət yetirir. Həmin il, noyabrın 14-də Mehriban Əliyeva görkəmli Azərbaycan rəssamı, Sosialist Əməyi qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Salahovla görüşüb. Görkənmli rəssamı Heydər Əluyev Fondunda qarşılayan Mehriban Əliyeva rəssamı 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edib. Tahir Salahovun parlaq ənənələrə malik müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən olduğunu vurğulayan Mehriban Əliyeva bildirib ki, rəssamın mövzu və janr rəngarəngliyi, bədii forma əlvanlığı və estetik kamilliliyi ilə seçilən əsərləri milli sənət xəzinəmizin qızıl fonduna daxil olub. Yaratdığı tablolardan ibarət sərgilər rəssama ölkəmizin hüdudlarından uzaqlarda da şöhrət qazandırıb. Sənətkarın dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılan əsərlərinin Azərbaycan mədəniyyətinin geniş təbliğində mühüm əhəmiyyət kəsb etdiyini deyən Mehriban Əliyeva vurğulayıb ki, Tahir Salahov öz pedoqoji fəaliyyyəti və təşkilatçılıq bacarığı ilə gənc rəssamlar nəslinin yetişdirilməsinə və milli rəssamlığın inkişafına sanballı töhfələr verib. Bütün bunlar bir daha göstərir ki, Heydər Əliyev Fondunun, eləcə də fondun prezidenti Mehriban Əliyevanın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması , zəngin mədəni irsimizin təbliği işinə verdiyi yüksək önəm Azərbaycanın dünyada daha yaxşı tanıdılmasında mühüm əhəmiyyət kəsb edir. Fondun davamlı və ardıcıl dəstəyi Azərbaycan diasporunun təbliğat imkanlarını daha da genişləndirir, diaspor təşkilatlarının zəngin informasiya bazası ilə təmin olunmasına dəyərli töhfələr verir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir