Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları 20 Yanvar faciəsini qeyd ediblər

20 Yanvar faciəsinin 23-cü ildönümü Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrində də qeyd edilib. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları  və səfirliklərimizin təşkilatçılığı ilə keçirilən tədbirlərdə şəhidlərin əziz xatirəsi yad edilib.  Şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlərdən biri Belçikada təşkil olunub.   Belçika Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə "20 Yanvar Qanlı və Şanlı tariximiz" mövzusunda keçirilən konfrans Brussel şəhərindəki Hotel Bloomun konfrans salonunda baş tutub.  Tədbirə 100 yaxın Belçikada yaşayan soydaşlarımız qatılmaqla yanaşı bir neçə yeli qeyri hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikasının Belçikadakı səfiri Fuad İsgəndərov, Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim , EU Reporter İnformasiya Agentliyinin nümayəndəsi, almaniyalı siyasi ekspert, "Belçika Haber" qəzetinin əməkdaşı Gəlil Gündoğdu , Belçika Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirci, Dayaq Cəmiyyətinin sədri Asəf Bağırov, Benelüks Azərbaycanlıları konqresinin nümayəndəsi Musa Pünhan və digər qonaqlar iştirak edib. Konfransı açıq elan edən Belçika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Rəşad Xasayoğlu tədbir iştirakçılarını 20 yanvar hadisələrində şəhid olmuş soydaşlarımızı bir dəqiqəlik sükutla anmağa dəvət edib və daha sonra tədbir Azərbaycan himninin oxunmasından sonra açıq elan edilib.  Azərbaycan Respublikasının Belçikadakı səfiri Fuad İsgəndərov həmin günləri xatırlamaq baxımından tədbirin keçirilməsinin zəruri olduğunu bildirib . O Belçikada fəaliyyətinə başladığı müddətdə bu qədər soydaşımızın qarşısında ilk dəfə çıxış etdiyini bildirərək soydaşlarımızla bir araya gəlməkdən məmnun olduğunu vurğulayıb .Bildirib ki, vətənimiz Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün hər kəsin fəal olması vacibdir: "20 yanvar xalqımızın qəhrəmanlıq tarixinin bir hissəsidir, xalqımız tarix boyu çox böyük qəhrəmanlıq və şücaət göüstərib və 20 yanvar günü də xalqımızın fəxr olunası tarixidir. Mən inanıram ki, biz işğal olunmuş Qarabağı da işğaldan azad edib, faciə günlərimizi xatırlamaqla yanaşı qələbə günümüzü də qeyd edəcəyik. Bugün bizim həmrəyliyə ehtiyacımız var. Ona görə ki biz həmrəy olub Qarabağ yaramızı , problemimizi gələcək nəsillərə ötürməməliyik". Diasporamızın güclənməsinə ehtiyac olduğunu vurğulayan Fuad İsgəndərov bu sahədə Belçika Azərbaycanlıları Cəmiyyətinin üzərinə böyük yük və məsuliyyət düşdüyünü bildirib. Daha sonra çıxış edən NATO-dakı nümayəndəliyimizin rəhbəri Xəzər İbrahim deyib ki, Azərbaycan xalqı heç bir zaman o günləri unuda bilməz və gələcək nəsillərin də bu günləri unutmaması üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Sonra 20 yanvar günü baş vermiş hadisələri əks etdirən film nümayiş etdirilib. Belçika Azərbaycanlıları Cəmiyyətinın sədri Rəşad Xasayoğlu tədbiri təşkil etməkdə məqsəd bu şanlı və qanlı yariximizi yad etmək və xalqımızın qəhrəmanlığını dünyaya daim təbliğ etməkdir: "Biz bundan sonra da bu cür kampaniyalarımızı davam etdirəcəyik, millətimizin başına gətirilmiş bu bəlaları dünyaya təbliğ etməkdə davam edəcəyik. Bundan sonra qarşıdan digər faciə tarixlərimiz Xocalı, 31 mart sorqırım günlərimiz gəlir. Xalqımıza qarşı törədilmiş bu cinayəti törədənlərin öz hüquqi qiymətinin alması üçün durmadan fəaliyyətimizi artıracağıq. Bizim Avropada güclənməyimizə ehtiyacımız var. Bu işdə hər kəsin üzərində bir yük var. Hər kəsi birliyə və həmrəyliyə çağırıram". Tədbirin rəsmi hissəsinin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş ingilis dilinə tərcümə olunmuş film nümayiş etdirilib.

20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Sidney şəhərində də tədbir keçirilib. Müxtəlif türkdilli xalqların və yerli müsəlman icmasının nümayəndələrinin iştirak etdiyi tədbirdə qurumun prezidenti İmamməddin Qasımov 20 yanvar hadisələri barədə ətraflı məlumat verib. Bundan başqa, Sidneydə fəaliyyət göstərən "Azərbaycanın səsi" radio proqramının rəhbəri Gülzar Qasımovanın təqdimatında 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi veriliş yayımlanıb. Verilişdə keçmiş Sovet İttifaqının dağılmasının son illərində Azərbaycanda cərəyan edən proseslər, milli azadlıq hərəkatı, xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsinin dayandırılması üçün törədilmiş 20 Yanvar faciəsi barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.. Bildirilib ki,  o zaman azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulub və günahsız insanlar qətlə yetirilib. Bu da totalitar sovet rejimimin cinayətkar niyyətini bir daha dünyaya nümayiş etdirib.

Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə "20 Yanvar" şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi, Azərbaycan diaspor təşkilatları, o cümlədən bir sıra Ukrayna gənclər təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Mərasimi  giriş sözü ilə açan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın keçdiyi mübarizə tarixindən danışıb, anım mərasiminin  "Ülviləşən Mübariz" şüarı altında keçirilməsində əsas məqsədin 1990-cı ilin 20 yanvar gecəsində şəhid olan 20 yaşlı şair Ülvi Bünyadzadə ilə bu faciədən düz 20 il sonra vətənimizin bütövlüyü naminə qəhrəmanlıq zirvəsinə ucalmış Mübariz İbrahimovun indiki gənc nəslə örnək  qoyub getdikləri ülviləşən mübarizə yolunu davam etdirməkdən ibarət olduğunu qeyd edib. Anım mərasimində iştirak edən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin konsulluq məsələləri üzrə 2-ci katibi Asim Osmanov öz çıxışında totalitar sovet rejiminin Azərbaycanda törətdiyi qanlı cinayətlərin beynəlxalq arenaya çatdırılmasında və bu faciəyə hüquqi-siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. "20 Yanvar" faciəsinin qurbanı Anotoli Federenko çıxış edərək bildirib ki, müasir silahlarla silahlanmış sovet ordusunun dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxan Azərbaycan xalqına qarşı həyata keçirdiyi bəşəri cinayətin canlı şahidi olub. Həmin gecə ayağından yaralandığını xatırlayan Federenko əli Azərbaycan xalqının qanına batan Mixail Qarbaçovu və o zamankı sovet rəhbərliyini qəddar cani adlandırıb. Mərasimdə çıxış edən digər gənclər aradan 23 il ötməsinə baxmayaraq faciəni törədənlərin hələ də cəzalandırılmamasını tarixi ədalətsizlik kimi qiymətləndirdiklərini bildirib, öz qanları ilə Azərbaycanın dövlət müstəqilliyinin  şərəf və şan tarixinə əbədi imza atmış qəhrəman oğul və qızlarımızın xatirəsinin heç zaman unudulmayacağını vurğulayıb. Anım mərasimində Ukraynada Azərbaycan həqiqətlərinin ölkə ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən gənclərə Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Gənc Mübariz" fəxri diplomları təqdim olunub. Sonda isə mərasim iştirakçıları "Qanlı Yanvar" gecəsini özündə əks etdirən sərgi ilə tanış olublar.

Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Marneuli şəhərində 20 Yanvar faciəsinin 23-cü ildönümü keçirilib. Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov faciə haqqında məlumat verib. O, Gürcüstan azərbaycanlılarının və Gürcüstan dövlətinin hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib. Azərbaycanın Gürcüstandakı səfirin müşaviri İsrafil Əhmədov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə, Gürcüstan Parlamentinin deputatı Əli Məmmədov, "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərov, Gürcüstan Azərbaycanlılarının Gənclər İttifaqının idarə heyətinin sədri Leyla Məmmədova, Gürcüstanın bir çox regionlarını təmsil edən ziyalılar, gənclər, ictimaiyyət və KİV nümayəndələri çıxışlarında 20 Yanvar da daxil olmaqla Azərbaycanda törədilən faciələrdən söz açıb, bu qanlı hadisələr haqqında dünya ictimaiyyətinə çatdırılması üçün birgə səyin göstərilməsinin vacibliyini vurğulayıb. Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil edilib və sənədli film nümayiş olunub.  

Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğu Manqistau vilayətində yaşayan azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyəti ilə birgə 20 Yanvar şəhidlərinin anım mərasimi keçirib. Mərasimdə, Manqistau vilayətində yaşayan çox saylı soydaşlarımızla yanaşı, vilayətin tanınmış ziyalıları, müharibə və əmək veteranları, vilayətdə fəaliyyət göstərən digər diasporaların üzvləri, qəzet və televiziya nümayəndələri iştirak ediblər. Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı foto stend və kitabların sərgisi təşkil olunub. Sonra Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki baş konsulluğun konsulu Elxan Zeynalov çıxış edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin baş vermə səbəbləri haqqında məlumat verib. 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi nəticəsində Azərbaycanda misli görünməmiş faciənin baş verdiyini bildirərək, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların ruhunun anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd edib.
Manqistau vilayətindəki azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin sədri, professor Yusif Quliyev və cəmiyyətin müavini Vaqif Əliyev, cəmiyyətin üzvləri istefada olan mayor Bəxtiyar Məsimov, Rövşən Həsənov, Udin cəmiyyətinin sədri Voroşil Makarov və digər diaspora üzvləri çıxışlar edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu qeyd ediblər. Mərasimin sonunda 20 Yanvar şəhidlərinin ruhuna dualar oxundu və Azərbaycan disaporunun fəal üzvlərindən olan iş adamı Məmmədov Mikayıl tərəfindən şəhidlərin ruhuna ehsan verilib. 20 Yanvar faciəsi ilə bağlı 19-20 yanvar 2013-cü il tarixlərində baş konsulluğun konsul dairəsinə daxil olan Atırau, Aktyubinsk və Qərbi-Qazaxıstan vilayətlərində fəaliyyət göstərən azərbaycanlıların diaspora təşkilatları da tədbirlər keçiriblər. Baş konsulluq tərəfindən vilayətlərdəki diaspor təşkilatlarımız lazım olan təbliğat materialları və filmlərlə təmin olunublar.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31