Diaspora sahəsində böyük inkişaf yolu keçmişik

Başa vurduğumuz 2012-ci il bütün sahələrdə olduğu kimi diaspora sahəsində də uğurlar, nailiyyətlər ili oldu". Belə bir açıqlama ilə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş bölməsinin müdiri Qafar Əliyev deyib ki, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən, xüsusilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hər ötən il bu sahədə yeni-yeni uğurlara imza atılır, nailiyyətlər əldə olunur. Sektor müdiri hesab edir ki, diaspora sahəsində əldə edilən uğurların da kökündə Azərbaycan dövlətinin diaspora sahəsinə göstərdiyi diqqət və qayğı dayanır: "Bu gün 40 milyondan çox azərbaycanlı dünyanın 60-dan çox ölkəsində yaşayır. Azərbaycanlılar bəlkə də dünyanın müxtəlif ölkələrinə ən çox səpələnmiş xalqlardan biridir. Belə insanlarla işləmək, əlaqə qurmaq, problem və dərdlərini öyrənib ümumiləşdirmək, onları azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək, Azərbaycan dövlətinin və xalqının milli mənafeyinə uyğun istiqamətə yönəltmək çox mühüm əhəmiyyət kəsb edən vəzifədir. Və bu vəzifənin də öhdəsindən Azərbaycan dövləti layiqincə gəlir". Qafar Əliyev deyir ki,  Azərbaycan diaspor quruculuğunun tarixi çox qədimlərə gedib çıxır. Onun sözlərinə görə, diaspor quruculuğu sahəsində önəmli inkişafın təməli isə 2001-ci Dünya Azərbaycanlılarının birinci Qurultayının Bakı şəhərində keçirilməsi ilə qoyulub: "Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra gördüyü böyük işlərdən biri də diaspor quruculuğu işi olub. O, hansı ölkəyə gedirdisə, o ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələrini yığıb onlara tövsiyələrini verirdi. Lakin azərbaycanlılar pərakəndə və təşkilatlanmamış fəaliyyət göstərirdilər.

Dünyada yaşayan, uzun müddət Azərbaycana bağlılığı olmayan və demək olar, dilini və adət-ənənələrini unutmaqda olan insanları Bakıya gətirmək, onları üçrəngli bayrağın altında birləşdirmək çox çətin məsələ idi. Lakin ulu öndər Heydər Əliyev buna nail oldu. Bunun ardınca 5 ildən sonra növbəti, ikinci qurultay, 2012-ci ildə üçüncü qurultay keçirildi. Beləliklə, son 11 ildə dünya azərbaycanlılarının 3 qurultayı keçirilib və onların təşkilatlanması baxımından çox böyük inkişaf yolu keçmişik". Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, ötən illər ərzində Azərbaycan torpaqlarının işğalı, Dağlıq Qarabağ probleminin mahiyyəti, soyqırım və deportasiya məsələləri, eyni zamanda Dağlıq Qarabağ problemi ətrafında baş verən proseslər, Xocalı faicəsi, 1918-ci il mart soyqırımı və xalqımızın başına gətirilən digər məsələlərin mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində aparılan siyasi-ideoloji işin əhatəsi, keyfiyyəti daha da artırılıb: "Hər il fevralın 25-26-da Fransanın Strasburq şəhərində mitinq və konfrans keçirməklə Xocalı faciəsinin ildönümünü qeyd edirik. İldən-ilə bu mitinqin iştirakçılarının sayı artır. Əvvəlki illərdə burada 200 nəfər iştirak edirdisə, sonrakı illərdə 300, son dəfə keçirilən mitinqdə isə 500 nəfərdən çox insan iştirak edib. Nailiyyətlərimizdən biri də budur ki, bu mitinqlərə Fransada və ətraf Avropa ölkələrdə yaşayan azərbaycanlılarla yanaşı, Türk icmasının, hətta başqa müsəlman xalqlarının nümayəndələri də qatılırlar". Qafar Əliyev deyib ki,  ümumilikdə isə diaspor quruculuğu işi getdikcə inkişaf edir, azərbaycanlılar daha da təşkilatlanır, formalaşır: "2012-ci ilin dekabrın 13-15 tarixlərində İsveçin Malmö şəhərində olduq. Orada Dünya Azərbaycanlılarının Milli Birliyi adlı yeni diaspor təşkilatı qeydiyyata alınıb. Bu təşkilatın rəhbəri İsveçdə yaşayan, daima Dünya Azərbaycanlıları Konqresinin(DAK) rəhbəri və idarə heyətinin üzvü olmuş, tanınmış şəxsiyyət Cavad Derəxtidir. Malmö şəhəri Skandinaviya ilə Avropa ölkələri arasında elə bir mərkəzi nöqtədə yerləşir ki, o təşkilat vasitəsilə bütün Avropada tədbirlər keçirmək mümkündür. Bu təşkilatın yaranması onunla əlamətdar ki, yarandığı gündən öz televiziyası, radiosu və saytını da yaradıb. Gələcəkdə isə qəzet və jurnallarını da dərc etməyi planlaşdırır. Demək istəyirəm ki, dünyadakı azərbaycanlılar diaspor quruculuğuna diqqəti getdikcə artırırlar. Azərbaycan xalqı və dövlətinin qarşısında duran problemləri daha dərindən dərk edir və dünyaya da tanıtmaq istiqamətində fəaliyyətlərini gücləndirirlər". Qafar Əliyev onu da vurğulayıb ki, dünya azərbaycanlıları vahid bir mərkəzdən idarə olunmalı, ideoloji cəhətdən istiqamətləndirilməli, Azərbaycan dövlətçiliyinin prinsiplərini rəhbər tutaraq fəaliyyət göstərməlidir: "Dünya azərbaycanlılarının qurultayının Bakıda keçirilməsi, onların dövlət tədbirlərinə qatılması, Azərbaycan dövlətinin xarici və daxili siyasətinə aid məsələlərin dünyada təbliğində onların iştirakı göstərir ki, getdikcə təşkilatlanma, ideoloji cəhətdən səfərbər olunma və azərbaycançılıq ətrafında birləşmə istiqamətində işlər sürətlənir. Ümumi ab-hava onu deməyə əsas verir ki, Azərbaycan dövləti və xalqının milli mənafeyi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların şüuruna hakim kəsilir və onlar eyni fikrin daşıyıcılarına çevrilirlər".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31