Belçika Azərbaycanlıları Cəmiyyəti Azərbaycan diasporunun yeni siması
8 Yanvar 2013 16:57 DiasporaAzərbaycan diasporunun Avropa qitəsində geniş yayıldığı ölkələrdən biri də Belçika Krallığıdır. Təqribən 15 minə yaxın soydaşımızın məskunlaşdığı Belçikadakı azərbaycanlıların böyük əksəriyyətini Cənubi Azərbaycandan olan həmyerlilərimiz təşkil edir. 1979-cu il İran İslam İnqilabından sonra Avropaya axını sürətlənən Cənubi azərbaycanlıların üz tutduğu ölkələrdən biri də məhz Belçika idi. Zaman keçdikcə bu ölkənin ictimai-siyasi mühitinə uyğunlaşan soydaşlarımız Belçika cəmiyyətində öz layiqli yerlərini tuta biliblər. Hazırda Belçikada onlarla Azərbaycan diaspor təşkilatı, müxtəlif cəmiyyət və təşkilatlar fəaliyyət göstərir. Bu sıraya Belçika Azərbaycan Evi, Avropa Azərbaycan Cəmiyyətinin Belçika ofisi, Belçika Azərbaycan Cəmiyyəti və digər bu kimi təşkilatları aid etmək olar. Adları qeyd edilən hər bir diaspor təşkilatı Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının Belçika, eləcə də dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir, ölkəmizi layiqincə təmsil edirlər. Həmin təşkilatlar eyni zamanda Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği, mədəniyyətimizin tanıdılması sahəsində də mütəmadi olaraq tədbirlər, layihələr həyata keçirirlər. Sözügedən ölkədə Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatlardan biri də Belçika Qarabağ Kültür və Dayanışma Dərnəyidir. Bu təşkilat da yeni fəaliyyətə başlamasına baxmayaraq artıq bir sıra uğurlara imza atıb. Belçika Qarabağ Kültür və Dayanışma Dərnəyinin sədri İqdır kökənli Abbas Uçardı.
Bu gün Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri də Belçika Azərbaycanlıları Cəmiyyətidir. Keçən il bu ölkədə yaşayan bir qrup soydaşımız tərəfindən təsis edilən Belçika Azərbaycanlıları Cəmiyyəti də digər təşkilatlar kimi Azərbaycanın haqq səsinin dünya ictimaiyyyətinə çatdırılması istiqamətində aktiv fəaliyyət göstərir. Belçika Azərbaycanlıları Cəmiyyətinin sədri bu ölkədə yaşayan soydaşımız Rəşad Quliyevdir.
Belçika Azərbaycanlıları Cəmiyyəti o qədər də uzun zamanlıq tarixi olan bir təşkilat deyil. Hətta Belçika Azərbaycanlıları Cəmiyyəti haqqında məlumatlar Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında da yoxdur. Ümumiyyətlə, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi saytına əsaslansaq görərik ki, Belçikada 5 cəmiyyətin adı və hüquqi ünvanları var. Amma Dövlət Komitəsinin saytındakı informasiya köhnə olduğundan saytda məlumatların yenilənməsinə ehtiyac var. Məsələn saytda qeyd olunmuş Avropa Azərbaycanlılar Mərkəzi son 4 ildə heç bir fəaliyyət göstərməyib. Hətta bu təşkilatın sədrinin də ümümiyyətlə Belçikada yaşamadığı bildirilir.
Belçika Azərbaycanlıları Cəmiyyətinin adı və hüquqi ünvanları barədə çox az adam məlumatlı olsa da, lakin cəmiyyətin qısa zaman ərzində gördüyü işlər, həyata keçirdiyi tədbirlər və layihələr barədə geniş spektr məlumatlıdır. Təkcə Belçikada deyil, eləcə də digər Avropa ölkələrində Belçika Azərbaycanlıları Cəmiyyətinin fəaliyyəti böyük maraqla izlənilir, bu fəaliyyət təqdir olunur. Belçika Azərbaycanlıları Cəmiyyətinin ötən aylar ərzindəki fəaliyyətinə də nəzər yetirdikdə görürük ki, təşkilat bu müddət ərzində bir sıra işlər görüb. Belçika Azərbaycanlıları Cəmiyyətinin qısamüddətli fəaliyyəti ərzində ətrafına 100-ə yaxın üzvlər cəm edib. Müsbət tendensiyalardan biri ondan ibarətdir ki, Belçika Azərbaycanlıları Cəmiyyətinə üzv olanlar, onunla sıx əməkdaşlıq edənlər yalnız bu ölkədə yaşayan azərbaycanlilar deyil. Eyni zamanda Belçika cəmiyyətində kifayət qədər tanınan ictimai-siyasi cəhətdən fəal insanlar da Belçika Azərbaycanlıları Cəmiyyətinə qoşulur, onunla sıx əməkdaşlıq edirlər. Bu isə öz-özlüyündə Belçika Azərbaycanlıları Cəmiyyətinin lobbiçilik istiqamətində də müəyyən addımlar atdığını göstərir. Belə ki, Belçikanın ictimai siyasi sferasında tanınan şəxslərdən biri olan Henrik Kroner Belçika Azərbaycanlıları Cəmiyyətinin baş katibi seçilmişdir. Onu da qeyd etmək yerinə düşər ki, Henrik Kroner 11 il Avropa Ticarət Palatasının baş katibi olmuşdur. Eyni zamanda Henrik Kroner 9 il Beynəlxalq Avropa Hərəkatının baş katibi vəzifəsində çalışıb. Cənab Kroner həmçinin siyasi analitik və beynəlxalq əlaqələr üzrə ekspertdir. Eyni zamanda Filiz Özdəmir adlı turk kökənli olan Belçika vətəndaşı da Belçika Azərbaycanlıları Cəmiyyətinin vitse prezidentidir. Bu xanim isə Belçikada sığorta və bank işləri ilə məşğuldur. Bundan başqa onlarla fəal azərbaycanlılar təşkilatın fəaliyyətinə öz töhfələrini verirlər.
Belçika Azərbaycanlıları Cəmiyyəti fəaliyyət göstərdiyi qısa müddət ərzində Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği, Azərbaycanın tanıdılması sahəsində məqsədyönlü addımlar atıb. Həmçinin cəmiyyət Azərbaycanın milli bayramlarını da yüksək səviyyədə qeyd edərək ölkəmiz barədə Belçika ictimaiyyətində obyektiv rəy formalaşdırır. Buna misal olaraq Belçika Azərbaycanlıları Cəmiyyətinin 28 may-Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin ildönümü və 18 oktyabr müstəqillik haqqında konstitusiya aktının qəbul edilməsi tarixini qeyd etməsini göstərmək olar. Belə ki, hər iki bayram tədbiri Belçika Azərbaycanlıları Cəmiyəti tərəfindən yüksək səviyyədə qeyd edilib. Belçika Azərbaycanlıları Cəmiyyəti Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının həm Belçika, həm də dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktiv fəaliyyət göstərir. Cəmiyyət xüsusilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, bu soyqırımın tanıdılması, Xocalıda insan qətliamı həyata keçirən şəxslərin cinayətə cəlb olunması istiqamətində aktiv fəaliyyət nümayiş etdirir. Belə ki, Belçika Azərbaycanlıları Cəmiyyəti cinəyatkar, uşaq qatili, Serj Sarkisyanın Fransaya səfəri zamanı bu ölkədəki Ermənistan səfirliyi qarşısında etiraz aksiyasının təşkilatçılarından biri olub. Cəmiyyət həmin aksiyada Belçikada yaşayan yüzlərlə azərbaycanlının iştirakını təmin edib. Belçika Azərbaycanlıları Cəmiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi də fərqlidir. Cəmiyyət hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli 3 prinsipial məsələdə ciddi dönüş etdikən sonra mümükündür. Birincisi, Azərbaycanın iqtisadiyyatı daha da güclənməlidir. İkicisi, diplomatiyamızın, üçüncüsü isə ordumuz döyüş hazırlğı artırılmalıdır. Belçika Azərbaycanlıları Cəmiyyətinin qənaətincə Ermənistan əgər doğrudan da hiss etsə ki, qeyd edilən prinsiplərdə müqayisə olunmuyacaq dərəcəd Azərbaycanın üstünlüyü var, o zaman geri çəkilməyə məcbur olacaq. Bu baş verməsə o zaman Azərbaycan dövləti beynləlxalq hüqüqun bizə verdiyi üstünlüklərdən istifadə edərək, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şuras, NATO və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrini əsas tutaraq torpaqlarımızın işqaldan azad olunması üçün güc tətbiq etməlidir.
Belçika Azərbaycanlıları Cəmiyyəti diaspora fəaliyyətinə də fərqli prizmadan yanaşır və hesab edir ki, diaspor sahəsində görülən işlər daha da sürətli xarakter almalıdır. Cəmiyyətin qənaətincə diaspora deyiləndə yalnız bayram günlərini qeyd etmək yada düşməməlidi. Belçika Azərbaycanlıları Cəmiyyəti, eləcə də digər diaspor təşkilatları müxtəlif səbəblərdən Avropaya mühacirət etmiş insanlarımızın müxtəlif problemlərinin həll edilməsində yardımçı olmalıdır. Yaxın zamanlarda Belçika Azərbaycanlıları Cəmiyyətinin saytı, rəqs qrupu və "Az Qarabağ" adında futbol komandasının yaranması nəzərdə tutulub ki, bununla da cəmiyyət diaspora fəaliyyətinə öz töhfəsini verməyi düşünür. Bundan başqa cəmiyyət Belçikadakı azərbaycanlılar arasında kontakt və xəbərləşməni sürətləndirmək üçün yaradacağı saytda forum yaradılmasına qərar verib. Qarşıdakı aylarda isə Belçika Azərbaycanlıları Cəmiyəti ilk mərhələdə özünün təqdimat mərasimini keçirməyi düşünü. Bundan başqa Belçika Azərbaycanlıları Cəmiyyəti 20 yanvar , Xocalı soyqırımı, 31 mart Azərbaycanlıların soyqrımı günü kimi mühüm tarixlərin qeyd edilməsi, bununla başımıza gətirilən faciələrin dünya ictimaiyyətinə çatdırılması və həmin cinayətlərin öz hüquqi qiymətini alması üçün kampaniya, aksiyalar, tədbirlər, konfranslar keçirməyi, eyni zamanda Novruz Bayramını milli bayramınız kimi möhtəşəm qeyd etməyi planlaşdırır. Ümumimiyyətlə, Belçika Azərbaycanlıları Cəmiyyətinin 3 əsas hədəfi var. Birincisi təşkilatlanmaq, ikincisi xalqımız, tariximiz, ölkəmiz haqqında avropalılarda müsbət imic formalaşdırmaq, Qarabağ həqiqətlərini, Azərabycanım tarixi haqsızlığa məruz qalmasını dünya ictimaiyyətinə çatdırmaq, üçüncüsü, soydaşlarımızın üzləşdikləri probləmlərinin həll edilməsində yardımçı olmaq, onların şikayətlərinin araşdırılmasına dəstək vermək. Ümumiyyətlə, Belçika Azərbaycanlıları Cəmiyyəti hesab edir ki, diasporaya yeni insanlar, xüsusilə saf düşüncəli vətənpərvər gənclər cəlb olunmalı və bu zaman dövlət də öz dəstəyini onlardan əsirgəməməlidir.
Sonda onu da qeyd edək ki, Belçika Azərbaycanlıları Cəmiyyəti rəsmi qeydiyyata alınmaq üçün müvafiq sənədlərini Belçikanın aidiyyatı qurumlarına təqdim edib. Yaxın günlərdə Belçika Azərbaycanlıları Cəmiyyətinin rəsmən qeydiyyatdan keçəcəyi gözlənilir. Cəmiyyət rəsmi dövlət qeydiyyatına alındıqdan sonra daha geniş və əhatəli şəkildə fəaliyyət göstərməyi qarşıya məqsəd qoyub.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
m