Azərbaycan və Türk diasporu erməni yalanlarının ifşasına həsr olunmuş tədbirlər keçirib
18 Dekabr 2014 11:45 DiasporaAlmaniyadakı Türk-Azərbaycan Birliyi qondarma erməni soyqırım iddialarının tarixi və arxiv faktları ilə ifşasına həsr olunmuş seminar və konfranslar keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, silsilə tədbirlər Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Berlin-Brandenburq Atatürk Düşüncə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində, Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatı dəstəyi ilə baş tutub. Layihə çərçivəsində Berlin, Dortmund, Bielefeld, Hamburq şəhərlərində keçirilmiş seminar və konfranslarda Azərbaycan və Türk icmalarının nümayəndələri, gənclərin, tələbələrin, media təmsilçilərinin, eləcə də Türkiyə və Azərbaycan səfirliklərinin əməkdaşları iştirak edib. Türk-Azərbaycan Birliyinin sədri Hakkı Kəskin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova və Berlin-Brandenburq Atatürkcü Düşüncə Mərkəzinin sədri Olcaz Başeğmez çıxış edərək layihənin məqsədi haqqında məlumat veriblər. Daha sonra Azərbaycan Milli Məclisinin deputatı, tarix elmləri doktoru Musa Qasımlı konfransın həsr olunduğu mövzu ilə bağlı iştirakçılara geniş və ətraflı məlumat verib, araşdırmalar zamanı gəldiyi nəticələri bölüşüb, işlədiyi arxivlərdən əldə etdiyi dəyərli məlumatları açıqlayıb, yeni faktlarla tarixi həqiqətləri diqqətə çatdırıb, Konfransda 2015-ci ildə ermənilərin qondarma soyqırımın yüz illiyinə dair təbliğatla mübarizənin Azərbaycan və Türk diasporunun qarşısında duran prioritet vəzifə olduğu vurğulanıb.