« Diasporumuz Azərbaycan dövlətinin və şəxsən Prezident cənab İlham Əliyevin siyasətini birmənalı dəstəkləyir »
Samira Patzer-Ismailova : « Diaspora fəaliyyəti - uzunsürən bir prosesdir və bu gün Azərbaycan diasporu bu prosesdədir »
4 Dekabr 2014 16:04 DiasporaAvropa Azərbaycanlıları Konqresinin prezidenti, Almaniyadakı Azərbaycanlıların Koordinsaiya Mərkəzinin icraçı direktoru, Türk -Azərbaycan Birliyinin sədr müavini, Alman-Azərbaycan Forumunun İdarə Heyətinin üzvü Samira Patzer-İsmailovanın "OLAYLAR"-a müsahibəsi
-Samira xanım, bu gün Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyətini necə qiymətləndirərdiniz? Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarımız arasında sözün həqiqi mənasında birlik, həmrəylik varmı?
-Əminiklə qeyd edim ki, bu istiqamətdə çox böyük irəliləyişlər vardır və həmrəyliyin inkişafı doğurdan da göz qabağındadır. Xüsusilə də bizim üçün ağrılı, milli qürurumuza toxunan məsələlərdə, Dağlıq Qarabağ münaqişəsinə dair, Xocalı soyqırımı ilə əlaqədar fəaliyyətlər bunu nümayiş etdirir. Son nümayiş aksiyalarında, məsələn cari ilin oktyabr ayında Berlində Reyxstaqın önündə yüzlərlə insanın bir yerə toplanması, eyni hədəflərlə çıxış etmələri bunun göstəricisidir. Oncəki illərə nisbətən pərakəndə fəaliyyət daha sahmanlanmış və ortaq vəzifələr daha səlis müəyyən edilmişdir. Bu gün diasporumuz Azərbaycan dövlətinin və şəxsən Prezident cənab İlham Əliyevin siyasətini birmənalı dəstəkləyir və onun arxasındadır. Eyni zamanda səmimi etiraf edim ki, mütləq bir mənada birlik mürəkkəb bir məhfumdur. Birlik anlamını bitirilmiş bir hal kimi bərqərar olmasını necə sübut etmək olar ? Diaspora fəaliyyəti - uzunsürən bir prosesdir və bu gün Azərbaycan diasporu bu prosesdədir. Hətta digər " qədim " diasporlarda da (elə məsələn Almaniyada müşahidə etdikdə də) o ideal birlik yoxdur. Çünki diaspor- canlıdır, müxtəlif yaşlı, müxtəlif statuslu, müxtəlif ixtisaslı insanlardan ibarətdir. Burada hər zaman fikir ayrılığı olacaqdır. Əsas odur ki, olan fikir ayrılığında da, mübahisələrdə də milli hiss hər şeydən üstün olsun, azərbaycanlı azərbaycanlıya başqasından daha çox hörmətlə yanaşsın. Bax buna biz hələ nail olmalıyıq.
-Almaniyadakı Azərbaycanlıların Koordinsaiya Mərkəzinin icraçı direktoru kimi rəhbərlik etdiyiniz qurumun ötən illərdəki fəaliyyətini necə xarakterizə edərdiniz?
Almaniyadakı Azərbaycanlıların Koordinsaiya Mərkəzinin fəliyyəti çoxşahəlikdədir. Yeddi illik fəaliyyətində AAKM 100 -dən çox tədbirin təşkilatçısı olmuşdur. Elə ilk gündən başlayaraq Almaniyadakı Azərbaycanlıların Koordinsaiya Mərkəzi üç sütuna əsaslanaraq işləyir: Koordinasiya-Koomunikasiya-İnformasiya. Diaspor fəaliyyətinin demək olar ki, bütün sahələrində AAKM əlaqələndirir, ünsiyyət yaradır, məlumatlandırır.
-Bu müddət ərzində AAKM-in ən yadda qalan tədbirləri hansılar olub ?
-2014-cü il, noyabrın 19-da AAKM -də "Ukrayna böhranı fonunda Azərbaycan - Avropa münasibətləri " mövzusunda məruzə axşamı keçirildi. Tədbir Almaniyadakı azərbaycanlıların Koordinasiya Mərkəzi və EİCCS - Berlin Avropa Qafqaz və Xəzəryanı ölkələr üzrə tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə baş tutdu. Tədbiri AAKM-nin icraçı direktoru olaraq salamlama sözü ilə mən açdım, hazırkı zamanda dünyada çoxsaylı konflikt ocaqlarının olmasından, bu gün geopolitik və geostrateji şəraitin durumundan, Azərbaycanın yeni şəraitdə Avropadan Dağlıq-Qarabağ məsələsinin həllinə dair gözləntilərinin daha təkidli olmasndan danışdım. Proqramın mərkəzində Berlin Azad Universitetinin mühazirəçisi, siyasətşünas Matthias Dornfeldtin çıxışı durmuşdu. O, Azərbaycanda olan siyasi, iqtisadi və sosial inkişafı çox müsbət qiymətləndirərək, bu inkişaf yolunda Avropada yeni tərəf müqabillərin qazanılmasının aktuallığından, Ukrayna böhranının Azərbaycanın iqtisadi şanslarına və eyni zamanda Azərbaycan tərəfindən qoyulan siyasi tələblərin həllinə təsiri haqqında məruzə etdi. Cənab Dornfeldt Ukraynada son hadisələr baxımından Avropa İttifaqı və Rusiya arasında gərginliyin yüksəlməsi nəticəsində enerji siyasəti baxımından Azərbaycanın artan geostrateji əhəmiyyətini vurğuladı. Daha sonra o, Xəzəryanı ölkələrin enerji siyasətində tərəf müqabili kimi Azərbaycanın Avropa İttifaqı üçün önəmli olduğunu və bu fonda davamli olaraq modernizasiya- və diversifikasiya strategiyasının inkişafına tələbin artdığını qeyd etdi.Tədbirin aparıcısı hüquqşünas, Alman-Azərbaycan Forumunun icraçı direktoru cənab Pərviz Yazdani məruzəçi ilə söhbət apararaq, bir sıra mühüm siyasi-iqtisadi suallar ortaya qoydu. Daha sonra cənab Yazdani tədbirin iştirakçıları ilə olan müzakirələri idarə etdi, cənab Matthias Dornfeldt bütün sualları təfsilatı ilə cavablandırdı. Tədbirdə Azərbaycanın Almaniyadakı Səfirliyinin müşaviri cənab Dr.Rizvan Nəbiyev və Səfirliyin digər əməkdaşları, Bundestaqın üzvləri , Alman ictimaiyyətinin və mediasının, MDB ölkələrinin və Azərbaycan diasporunun nümayəndələri, tələbə və doktorantlar iştirak etdilər. Gördüyünüz kimi, bu daha çox siyasi lobbizm tədbiridir.
Dekabr ayında Almanyadaki Türk Azərbaycan Birliyi (TAVD), Almanyadaki Azərbaycanlıların Koordinasiya Mərkəzi (KAD), Berlin-Brandenburg Atatürkçü Düşüncə Dərnəyinin (ADD) birlikdə təşkil etdikləri Qondarma "Erməni soyqırımı" iddialarının tarixi və arxiv faktlari ilə ifşasına dair seminar və konfransın Berlin və Hamburq şəhərlərində keçirilməsi nəzərdə tutulur. Ənənəvi olaraq 12 dekabr AAKM ulu öndər, mərhum prezident Heydər Əliyevi yad edir. Bu anım gecəsi Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə təşkil edilir və ümummilli liderin həyat və yaradıcılığından bəhs edilir, onun xatirəsi uca tutulur. Dekabr ayında AAKM ilə əməkdaşlıqda Almaniya üzrə Azərbaycan cəmiyyətlərinin sədrləri Azərbaycan Səfirliyinə toplaşaraq illik yekun iclaslarını keçirir, gələcək planlar haqqında danışılır.
Qarşıda iki ay qalmasına baxmayaraq AAKM-nin tədbirləri daha çoxdur. AAKM -nin təşkilati dəstək verdiyi tədbirlər də az deyil. 20 noyabr Berlindəki "Bakılı" klubunun 8 illik ad günündə də AAKM fəal əməkdaşlıqla iştirak etdilət.
-Siz eyni zamanda Avropa Azərbaycanlıları Konqresinin prezidentisiniz. Yaxın perspektivdə AAK-ın görəcəyi işlər nədən ibarətdir?
-Avropa Azərbaycanlıları Konqresinin əhatə çevrəsi çox genişdir və qeyd etməliyəm ki, Avropa ölkələrində fəaliyyətdə olan hər bir cəmiyyətin özü böyük fəaliyyət sahibidir. Müəyyən ölkələrin öz konqresləri də vardır. Ümumrusiya Azərbaycanlıları Konqresi, Benilüks Ölkələri Konqresi, İsveç Konqresi və s. AAK-nin ən ümdə vəzifəsi Azərbaycan Respublikasının Avropa ictimaiyyətinə müstəqil bir dövlət kimi tanıdılması, Azərbaycan həqiqətləri - Dağlıq Qarabağ, Xocalı Soyqırımı, 20 Yanvar, 31 Mart Soyqırımı haqqında məlumatların yayımlanması və Azərbaycana qarşı törədilən haqsızlıqlara ədalət tələb edilməsidir. Amma əlbəttə siyasi-coğrafi amillərin hərəkəti bu vəzifələri hər dəfə yenidən istiqamətləndirir, işimizə yeni üslub verir. Bu mənada araşdırma, tədqiqat prinsipi gündən - günə qüvvət alır. Son zamanlar prioritet məsələlər daha çox intellektual, akademik, elmi-mədəni kontekstdə müzakirəyə qoyulur və mübarizə məhz bu səviyyədə aparılır. Nəzərdə tutulur ki, AAK elmi aspekti qüvvətləndirsin. Bundan əlavə Avropa türk icması ilə də əlaqələrin fəallaşmasında mühüm işlər aparır. Eyni zamanda Azərbaycanın mədəniyyət və incəsənətinin təqdimatı da böyük rol oynayır. Məsələn AAK-nin elə son layihələrindən biri alman və ingilis dillərində Azərbaycan haqqında kitabın Almaniyada nəşrə hazırlanmasıdır. Kitabın müəllifi Almaniyanın məşhur müəllif və fotoqrafı Barbara Lutterbek Azərbaycana maraq göstərib və AAK-a müraciət edib. O, AAK-nin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana səfər edib və bizim ölkəmizə valeh olub. Doğrusu onun Azərbaycan, Bakı haqqında dedikləri sözlər, təəssürratları cox dəyərlidir. AAK-nin adından belə bir layihənin dəstəklədiyi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə çox minnətdaram. Kitab Azərbaycanı müxtəlif aspektlərdən təqdim edəcəkdir. Həm ölkənin təbii gözəlliyini və müasirliyini göstərəcək, həm arxitektura və mədəniyyətindən məlumat verəcək, həm də ləziz mətbəxindən söz açacaqdır. Daha bir mühüm aksiya 10 dekabr - Beynəlxalq insan hüquqları günündə Xocalı soyqırımının qəbul edilməsi və tanıdılması məqsədilə Avropa Parlamentinə sorğu və Avropa siyasi qurumlarına məlumatlandırıcı məktubların göndərilməsidir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir