“Planlı, proqramlı şəkildə çalışmalıyıq”
Ufuk Kamal: “Dərnəyin indiki fəaliyyət istiqaməti keçmişdə olduğu kimi, türk cəmiyyətləri ilə birgə Azərbaycan həqiqətlərini tanıtmaq və Azərbaycana qarşı olacaq hər hansı neqativ hərəkətlərin qarşısını almaqdır”
7 Noyabr 2014 15:16 DiasporaBu gün uğurlu fəaliyyət göstərən diaspor təşkilatlarından biri də Köln Azərbaycan -Türk Kültür və Dayanışma Cəmiyyətidir. Cəmiyyət fəaliyyətə başladığı ilk gündən Azərbaycan və Türkiyənin, ümumilikdə türk dünyasının problemlərinin dünya ictimaiyyətinə çatdırilması istiqamətində yorulmaz fəaliyyət göstərir. Köln Azərbaycan -Türk Kültür və Dayanışma Cəmiyyətinin sədri Ufuk Kamal rəhbərlik etdiyi qurumun fəaliyyəti, gələcək planları və diasporumuzun mövcud durumu barədə danışıb. Məlumat üçün qeyd edək ki, Ufuk Kamalİqdırda doğulub. Atatürk Universitetinin məzunudur. 1993-cü ildən Almaniyada yaşayır.
-Ufuk bəy, Azərbaycan diaspor qurumları ilə əlaqələriniz hansı formadadır?
- Azərbaycan diaspor qurumları ilə əlaqələrimiz şəxsi olaraq yüksək səviyyədədir. Amma ümumi olaraq çox zəifdir. İldə bir-iki dəfə toplanmaq bu işlər üçün bəs etmir. Hələ Avropada bir mərkəzimiz yoxdur. Amma şəxsi olaraq bütün diaspor qurumlarındakı dostlar və Avropadakı cəmiyyətlər bir-birini tanıyır.
- Köln Azərbaycan-Türk Kültür və Dayanışma Cəmiyyəti nə vaxt yaradılıb və əsas fəaliyyət istiqamətləri hansılardır?
- Cəmiyyətimiz 1990-cı ildə 20 Yanvar hadisələrindən sonra mart ayında yaradılıb. 1990-cı ildə Avropanın əksər şəhərlərində Azərbaycan dərnəkləri quruldu. İlk mitinqlər 1990-cı ilin mart ayında Köln və Brüsseldə keçirildi. Bu tarixlərdə Almaniya, Belçika, Hollandiya və Fransadakı milli diaspor cəmiyyətlərimiz həqiqətən çox aktiv olaraq çalışdılar. Amma o zamankı siyasət işin içinə girdi, fəaliyyətlərdə durğunluqlar yaşandı. Bu cəmiyyətlər Azərbaycanın haqq səsini Avropada yaymaq üçün mitinqlər, seminarlar, toplantılar və yeri gəlincə də konsertlər etdilər. O zaman Kölndə türk dərnəkləri ilə birgə 20 min insanın qatıldığı Qarabağ mitinqi təşkil olundu. Hörmətli bəstəkar Ramiz Mirişlinin təşkilatçılığı ilə Almaniyaya çox dəyərli musiqiçilər, şairlər və s. gəldilər. O çətin dönəmdə diaspor təşkilatı sədrləri İbrahim Alev və Halis Tezel bəyin yardımları ilə Azərbaycana dərman, qida və geyim yardımları göstərildi. Bizim dərnəyin indiki fəaliyyət istiqaməti keçmişdə olduğu kimi, türk cəmiyyətləri ilə birgə Azərbaycan həqiqətlərini tanıtmaq və Azərbaycana qarşı olacaq hər hansı neqativ hərəkətlərin qarşısını almaqdır.
- Türkiyə ermənilərin "soyqırımı" məsələsində yalan olduqlarına dünyanı nə dərəcədə inandıra bilib?
- Ermənilərin bu andakı ən böyük məqsədi 2015-ci ildə qondarma soyqırımın 100 illiyini çox böyük təbliğatla qeyd etməkdir. Onlar öz işlərini gizli və orqanizə edilmiş şəkildə həyata keçirirlər. Bu problem də həm Türkiyənin, həm də Azərbaycanın problemidir. Bu mövzuda dünyanı inandıra bilmək o qədər də asan bir iş deyil. Çünki dünya bu məsələyə gerçək və yalan olaraq deyil, bir xristian gözlüyü ilə baxır. Türkiyə nə qədər sənəd ortaya qoysa da, heç kimsə dönüb bu sənəd doğrudurmu, saxtadırmı deyə baxmır. Dəfələrlə Türkiyə tarixçiləri və bu istiqamətdə çalışanlar "biz hər zaman arxivləri açmağa razıyıq" desə də kimsə dönüb baxmayıb.
-Qondarma erməni soyqırımına qarşı mübarizə aparmaq üçün azəri-türk diasporu birgə hansı addımlar atmalıdır?
-Bu gün dünyada yəhudi və erməni diasporu necə çalışırsa, biz də elə çalışmalıyıq. Planlı, proqramlı şəkildə yeri və zamanına görə gizlilik içərisində çalışmalıyıq. Xüsusən də bizim mədəniyyətimizi, ədəbiyyatımızı, tariximizi ön plana çıxarmalıyıq. Türk təşkilatları da planlı olaraq parçalandı, amma yenə də lobbiçilik olaraq türk dərnəkləri çox böyük potensiala sahibdir və biz də bu cəmiyyətlərlə orqanizə bir şəkildə hələ çalışırıq.
-Bu gün özümüzü dünyaya azəri-türk birliyi olaraq tanıda bilmişikmi?
- Özümüzü dünyaya tanıtmaq üçün planlı fəaliyyətlər lazımdır. Bu da bizdə hələ tam formalaşmayıb. Bizdə görülən işlərin heç biri Azərbaycanı dünyaya tanıtmaq üçün yetərli deyil. Biz sadəcə Avropada deyil, Türkiyədə belə, Azərbaycan siyasətini, tarixini, Azərbaycan mədəniyyətini lazımi qədər tanıtmamışıq. Bizim fəaliyyətlərin hamısı öz-özümüzədir. Toplantılar edib problemlərimizi öz-özümüzə anladır, sonra da evlərimizə gedirik.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir