Növbəti köç karvanı Xocalının Təzəbinə kəndinə çatıb: mənzillərin açarları təqdim olunub

Oktyabrın 23-də Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç prosesi həyata keçirilib. Bu gün 55 nəfərdən ibarət 12 ailə doğma yurduna qayıdıb.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən sakinlərə bərpa olunmuş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Köç mərasimi zamanı çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qeyd edib ki, Təzəbinə kəndində sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün lazımi şərait yaradılıb. Kənddə sosial infrastruktur tam yenilənib, kommunal xidmətlər bərpa olunub və zəruri təminat işləri yekunlaşdırılıb.

S. Qəhrəmanov həmçinin vurğulayıb ki, bölgədə məşğulluq məsələləri də diqqət mərkəzində saxlanılır.

Ehtiyacı olan ailələr üçün dövlət və özəl sektorda iş imkanlarının yaradılması istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bundan əvvəlki mərhələlərdə Təzəbinə kəndinə 84 ailə köçürülüb. Sonuncu mərhələnin yekunlaşması ilə birlikdə kənddə ümumilikdə 96 ailə daimi məskunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31