Gələn il Füzuli rayonunda yaşayanların sayı 22 mindən çox olacaq- ÖZƏL
10:57 Daxili siyasət"17 Oktyabr - Füzuli şəhər günümüz mübarək olsun! Bu bayramın əhəmiyyətini bilməkdən ötrü tarixə qısa müqayisəli bir nəzər yetirmək lazımdır. Qədim tarixi olan Füzuli təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il avqustun 23-də işğal edildikdən sonra daş üstə daş qoymadı. Hər şey dağıdıldı, viran qoyuldu. Sakinlər məcburi köçkünə çevrildi. Dövlətimiz böyük çətinliklə onların problemlərini həll etdi. İşğalla qətiyyən barışmayan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatı nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunun 22 yaşayış məntəqəsi düşmən tapdağından xilas edildi. Bununla Azərbaycan dövləti dünyaya göstərdi ki, necə olursa-olsun ərazilərini işğaldan azad edəcəkdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsinin gedişində Silahlı Qüvvələrimizin 2020-ci il oktyabrın 17-də şəhəri və bir sıra kəndləri işğalçılardan təmizləməsi ilə düşmənin müdafiə xəttini yarması nəticəsində strateji üstünlük qazanıldı. Bir addım geri çəkilməyən şanlı Ordumuz daim irəli getdi...
Cənab Prezidentimiz İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Həmin sənədə əsasən 17 oktyabr Füzuli şəhər günü kimi müəyyən olundu.
Dövlət başçımızın Füzuliyə hər bir səfəri yeni təməlqoyma mərasimləri və açılışlarla əlamətdar olur. Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi bütün baxımlardan əhəmiyyət daşıyır. İşğaldan azad edilməsindən beş il keçməsinə baxmayaraq, təməli ölkə rəhbərimiz tərəfindən qoyulmuş müasir infrastrukturu olan şəhər və kəndlər, müasir yollar dövlət büdcəsi hesabına tikilir, dədə-baba torpaqlarına qayıdan keçmiş məcburi köçkün qardaş-bacılarımızın üzü gülür. Dövlət başçımız onlara sevinc bəxş edir. Gələn il Füzuli rayonunda yaşayanların sayı 22 mindən çox olacaqdır. Millətimizin gözləri daim gülsün! Millətimizə sevinc bəxş edənləri isə Allah həmişə sevinc içində yaşatsın!"